14 Mart 2025

Cümə, 21:45

"BAZA" İLİ,

Yaxud geosiyasi nüfuz uğrunda mübarizənin fəal mərhələsi

Müəllif:

15.09.2010

Sentyabrın gəlişi ilə Dağlıq Qarabağ və Cənubi Qafqaz ətrafında proseslər intensivləşib. ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa İttifaqının xüsusi nümayəndəsi Piter Semnebi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik, ABŞ dövlət katibi müavininin köməkçisi Tina Keydenau regiona, demək olar ki, eyni vaxtda səfər ediblər. Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki vasitəçilərin yenidən təşəbbüsü bir-birinin əlindən almağa çalışdıqlarına şübhə yeri qoymur. Amma bu dəfə qovan tərəf Qərbdir. O, Moskvanın avqustun sonlarında və sentyabrın əvvəlindəki gedişlərini neytrallaşdırmaq istəyir. Səfərin nəticələrinə dair əsas açıqlamaların Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin dilindən səsləndirilməsi də bununla əlaqədardır. Onun həmsədrlərin Dağlıq Qarabağa Azərbaycan ərazisindən, sərhədi yox, münaqişə tərəflərinin təmas xəttini keçməklə getmək kimi çoxdankı arzusunun gerçəkləşməsinə dair bəyanatında, müəyyən, intriqa da var.

Amma bu, yeganə intriqalı mövzu deyil.

Sentyabrın sonundan oktyabrın ortalarınadək olan dövrdə vasitəçilər regiona daha bir dəfə səfər edəcək. Məqsəd Dağlıq Qarabağa bitişik olan işğal altındakı ərazidə humanitar vəziyyətin qiymətləndirilməsidir. Səfər zamanı həmsədrləri yüksək səviyyəli məsləhətçilər və ekspertlər, həmçinin BMT-nin qaçqınlar üzrə ali komissarlığının mütəxəssisləri müşayiət edəcək. Bu, 2005-ci ildə faktaraşdırıcı missiyanın səfərindən sonra bu ərazidə atılacaq ilk belə addımdır. Səfərin sonunda onun detalları Vyanada Minsk qrupuna üzv olan bütün ölkələrə təqdim ediləcək.

Bakıda qeyd olunub ki, vasitəçilərin bu görüş proqramı dekabradək olan aylar üçün nəzərdə tutulub. Bundan sonra vasitəçilər ATƏT-in Daimi Şurasının üzvlərinə fəaliyyətlərilə bağlı illik hesabat verəcəklər. Daha sonra isə ATƏT-in Astanada keçiriləcək sammiti ərəfəsində tərəflərlə fəal iş aparılacaq.

Bakıda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşən həmsədrlərə işğal altındakı Zəngilan, Qubadlı və Şuşada ermənilərin qanunsuz tikinti işləri aparması haqda faktlar təqdim edilib. Vasitəçilər adıçəkilən rayonlara səfər zamanı bu məsələyə diqqət yetirəcəklərinə söz veriblər. Bundan başqa, A.Kaspirşik Dağlıq Qarabağa bitişik ərazilərdə humanitar vəziyyətin öyrənilməsilə məşğul olacaq qrupa azərbaycanlı icmasının üzvlərinin də daxil edilməsinə çalışacağını bildirib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi P.Semnebi isə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərilə görüşdə bildirib ki, münaqişənin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması məsələsi də nəzərə alınmalıdır. O, atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini bildirib, çoxlu sayda beynəlxalq müşahidəçilərin münaqişə zonasına yerləşdirilməsini mümkün variant kimi göstərib.

Qeyd olunanlar deməyə əsas verir ki, regionda maraqlı olan qüvvələr getdikcə münaqişənin ədalətli həllinə daha çox meyl göstərir. Bakının BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasının gündəliyinə daxil edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərində insan haqları və beynəlxalq hüquqa əməl olunması" adlı qətnamə layihəsinin müzakirəsini təxirə salması da, ola bilsin ki, bununla bağlıdır. Bundan başqa, "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı sənədin 18 maddəsinin müzakirəsi isə BMT BA-nın 65-ci sessiyasına keçirilib.

Azərbaycan bu addımları ilə həmsədrlərə münaqişənin həllində sağlam düşüncə ortaya qoymaq imkanı verib. Amma təəssüf ki, hələlik Ermənistanın destruktiv mövqeyi bu yolda əsas maneədir. Gözlənildiyi kimi, bu vəziyyətlə üzləşmiş erməni tərəfi vasitəçilərin ünvanına sərt tənqidlər səsləndirməyə başlayıb. Fransanın ənənəvi olaraq ermənipərəst ölkə sayılmasına baxmayaraq, bu tənqidlərdən əsas pay B.Fasyeyə düşüb.

Bütün bunlarla yanaşı, qeyri-regional oyunçuların artan fəallığından danışan zaman 2 əlamətdar məqamı da nəzərdən qaçırmaq olmaz. Söhbət Moskvanın Cənubi Qafqazla bağlı son ayda atdığı addımlardan gedir. Bu, ilk növbədə Rusiyanın Ermənistandakı hərbi bazasının müddətini 2044-cü ilədək uzatması, ikincisi, Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəridir. Səfər çərçivəsində Bakıda bir sıra vacib ikitərəfli sənədlər imzalanıb. Onların sırasında 2 qonşu arasında dövlət sərhədi haqda müqaviləni və Azərbaycan qazının Rusiyaya gündəlik ixracının 4 dəfə artırılmasına dair razılaşmanı xüsusi qeyd etmək olar.

Bunların fonunda Avropanın Strateji Araşdırılması Mərkəzinin (Senter for European policy study) əməkdaşı Maykl Emersonun mövqeyi diqqəti  çəkir. O, hesab edir ki, Rusiyanın Ermənistandakı hərbi bazası haqda yeni müqavilə Bakının hərbi ritorikasının nəticəsidir. Ekspertin fikrincə, məhz bu, Yerevanı Rusiyanın hərbi zəmanətini gücləndirməyə vadar edib. Belə çıxır ki, Moskva regionun bir dövləti ilə strateji əməkdaşlığı genişləndirməklə digər dövlətinə qarşı hərbi razılaşma əldə edir?

Belə görünür ki, Qərb analitikləri hələ də anlaya bilməyiblər ki, Rusiyanın Ermənistandakı hərbi bazasının müddətinin uzadılması Azərbaycanın hərbi ritorikası yox, Moskvanın Yerevanı Qərbin geosiyasi təsirindən çıxarmaq istəyi ilə bağlıdır.

Yeri gəlmişkən, əksər rusiyalı ekspertlər də bu fikirdədir. Hələ 2007-ci ildə "Cənubi Qafqaz XXI əsrdə - problemlər və perspektivlər" adlı konfransda çıxış edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons demişdi: "Əgər Ermənistan hökuməti daha ərazisində Rusiya hərbi bazasının olmasını arzulamırsa, alyans bu məsələdə Ermənistana kömək etməyə hazırdır". Yerevana səfər edən Qərb diplomatları daim Ermənistanın NATO-nun Kosovo və İraqdakı əməliyyatlarda iştirakını vurğulayır, IPAP çərçivəisndə NATO proqramlarını inkişaf etdirir. Bu isə o anlama gəlir ki, gələcəkdə Ermənistan üçün NATO perspektivi bağlı deyil.

Rusiyanın belə bəyanatlara sakit yanaşması, imkan düşən kimi Ermənistanı özünə daha möhkəm bağlamağa çalışmaması sadəlöhvlük olardı. Prinsipcə, Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddətinin uzadılacağı gözlənilən idi. Kreml, sadəcə, dəmiri isti-isti döymək qərarına gəlib. Əlverişli vəziyyətdən niyə də istifadə olunmasın? Qəribə olanı odur ki, Gürcüstandandan çıxarılan Rusiya qüvvələrinin böyük hissəsi Ermənistanda yerləşdirilən zaman belə bəyanatlar səsləndirilmirdi.

Rusiyanın Gümrüdəki hərbi bazasının fəaliyyət müddətinin vaxtından əvvəl uzadılmasında Qərbin istənilən yolla Türkiyə-Ermənistan sərhədini açmaq cəhdlərinin də rolu var. Guya Moskva Qərbin bu niyyətinin arxasındakı strateji məqsədləri başa düşmür? Kreml isə taktiki planda Gümrüdəki hərbi bazanın müddətini daha 25 il uzatmaqla, Serj Sarkisyanın ikinci müddətə prezident olması üçün kart-blanş verib. Bununla da Ermənistanda hakimiyyətə qərbpərəst siyasi qüvvənin gəlməsi şansını xeyli dərəcədə azaldıb.

Ermənistanla bağlı vəziyyət aydındır. Bəs bu il Rusiyanın Ukrayna ilə Qara dəniz donanmasının fəaliyyət müddətinin uzadılmasına dair imzaladığı razılaşmanı nə ilə izah etmək olar? Düşünürəm ki, bunun çox sadə izahı var. Bütün bunların arxasında Rusiya ilə ABŞ-ın postsovet məkanında geosiyasi nüfuz uğrunda apardıqları mübarizə dayanır. Bir müddət əvvəl Rusiya prezidenti və baş nazirinin Qərbi vədinə xilaf çıxmaqda təqsirləndirmələri də təsadüf deyil: "Biz hesab edirdik ki, Berlin divarının uçulması ilə Rusiyanın Avropadakı yeri fərqli olacaq. Bəs Rusiya nə əldə etdi? Bizə verilmiş vədlərdən heç nə. Xüsusilə NATO-nun Şərqə doğru sonsuzluğa qədər genişləndirilməyəcəyi, bizim maraqlarımızın nəzərə alınacağına dair vədlər elə  vəd olaraq da qalıb".

Məhz bu səbəbdən bu gün Moskva ərazisində hərbi bazalarını yerləşdirdiyi yaxın qonşuları ilə müqavilələri vaxtından əvvəl uzadır. Bu baxımdan Qərbin ABŞ Dövlət Departamentinin rəsmisi Mark Tonerin dilindən aşağıdakı bəyanatı səsləndirməkdən başqa yolu qalmayıb: "Rusiyanın Ermənistandakı hərbi bazasının fəaliyyət müddətinin uzadılması Moskva ilə Yerevanın ikitərəfli münasibətinə aid məsələdir". Yaxud M.Emersonun etdiyi kimi, məsuliyyət başqasının üzərinə qoyulur.

Bununla yanaşı, Qərbin Cənubi Qafqaza, xüsusilə Azərbaycana münasibətdə buraxdığı səhvlər ABŞ-da da diqqətindən kənar qalmayıb. Amerika Yəhudi Komitəsinin beynəlxalq əlaqələr üzrə direktoru Qay Billaer narahatlığını bu cür ifadə edib: "Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı gərginlik təhlükəli həddə çatıb. Dağlıq Qarabağ Azərbaycan ərazisindəki anklavdır və Ermənistan 1992-ci ildən oranı işğalda saxlayır. Xəzər regionunda yeni müharibənin başlaması perspektivi realdır. Bu istiqamətdə ritorika gərginləşsə də, Vaşinqton susmağa üstünlk verir. Azərbaycan ABŞ-ın regiondakı yaxın müttəfiqidir və o, Barak Obama tərəfindən daha konkret yardıma layiqdir. Azərbaycan İranla Rusiya arasında - Avropa ilə Asiyanı birləşdirən qədim İpək yolunun üzərində yerləşən keçmiş sovet respublikasıdır. O, ABŞ-ın strateji müttəfiqidir. Lakin nə Barak Obama, nə də onun yüksək rütbəli məsləhətçiləri Ermənistanla Dağlıq Qarabağa dair danışıqlara başlamaq haqda ciddi plan düşünüb hazırlayıb. Administrasiyanın Azərbaycana kimi səfir göndərməyi müəyyənləşdirməsi üçün 1 ildən artıq vaxt lazım gəlib, Barak Obama isə hələ də Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyib. Bundan başqa, Yaxın Şərqdən fərqli olaraq, Minsk qrupunun fəaliyyətinə kömək edəcək, bəlkə də fəaliyyətsiz bu qrupu əvəzləyəcək xüsusi nümayəndə təyin olunmayıb. ABŞ-ın Qafqazdakı ehtiyatlılığı və passivliyi yalnız daha da aqressivləşən Rusiyanı ruhlandırır. Barak Obama nə qədər ki gec deyil, potensial zərərli bu beynəlxalq münaqişəni həll etməlidir".

Qərbin ləngidiyi vaxtda isə Moskva regiondakı proseslərin əsas moderatoru olmaq üçün bütün gücünü sərf edir. Üstəlik o, kənar qüvvələrin müdaxiləsi olmayacağı təqdirdə ədalətli hakimlik edə biləcəyinə işarə vurur. 

Geosiyasi oyunun digər nəhəng oyunçusu buna nə ilə cavab verəcək? 



MƏSLƏHƏT GÖR:

560