14 Mart 2025

Cümə, 20:57

SAĞLAM YANAŞMA

Rusiya-Azərbaycan tərəfdaşlığını erməni iddialarının girovuna çevirmək mümkün olmayacaq

Müəllif:

15.09.2010

Sentyabrın 2-3-də Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana səfər etdi. Bu, Medvedevin prezident seçildikdən sonra, Bakıya artıq 3-cü səfəri olsa da, bəzi məqamlarla əlaqədar olaraq, o, dünya KİV-i və analitiklərinin diqqətini özünə daha çox cəlb etmişdi.

Bu, daha çox Medvedevin avqustun sonlarında Ermənistana dövlət səfəri etməsi və orada Gümrüdəki hərbi bazanın fəaliyyət müddətinin uzadılmasına dair razılaşma imzalaması ilə əlaqədar idi. Erməni siyasətçilər və analitikləri bunu Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası halında Rusiyanın Ermənistanın təhzlükəsizliyinə zəmanəti genişləndirməsi kimi təqdim edirlər. Onlar bu razılaşma əsasında Rusiyanın Ermənistan ordusunu pulsuz silah və texnika ilə təchiz edəcəyini də bildirir.

Nəzərə alsaq ki, erməni tərəfi Madrid prinsiplərinin yenilənmiş variantındakı kompromis təklifləri rədd edib, onda Rusiyanın Ermənistandakı hərbi bazasının fəaliyyət müddətinin uzadılması Serj Sarkisyan hakimiyyətinin qeyri-konstruktivliyə, güzəştsizliyə şirnikləndirilməsi təsiri bağışlayır. Ona görə də təbii ki, Azərbaycan rəhbərliyi və ictimaiyyəti Rusiya prezidentindən Bakı səfəri çərçivəsində bu mövzu ilə bağlı müəyyən izahat gözləyirdi.

İzahat açıq və birbaşa oldu. D. Medvedev jurnalistlər qarşısında verdiyi açıqlamada bildirdi ki, Qafqazda sabitliyin qorunması Rusiya üçün çox vacibdir.

"Biz burada sülh və əminamanlıq olmasında maraqlıyıq. Mənim Ermənistana səfərimin yekunlarına da məhz bu cür yanaşmaq lazımdır. Burada heç bir gizli məqam yoxdur", - deyə Rusiya prezidenti qeyd etdi. 

O vurğuladı ki, erməni tərəfi ilə hərbi bazaya dair imzalanmış yeni sənəd tərəflər arasında mövcud olan razılaşmanın heç bir prinsipial şərtini dəyişmir: "Söhbət yalnız bir şeydən gedir - bazanın icarə müddəti bir neçə illiyə uzadılır".

Medvedevin Azərbaycana səfər proqramına gəlincə, o, xeyli zəngin olub. Proqrama ikitərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizlik və əməkdaşlıq üzrə müzakirələrin aparılması da daxil idi. Rusiya prezidentini Bakıda baş nazirin müavini, prezidentin Şimali Qafqazdakı səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, "Qazprom"un prezidenti Aleksey Miller müşayiət edirdilər. Azərbaycanın Rusiyanın bir çox regionu ilə sıx əlaqələrini nəzərə alaraq, nümayəndə heyətinin tərkibinə Dağıstan və İnquşetiya rəhbərləri də daxil edilmişdi.

Səfərin ilk günündə "Gülüstan" sarayında Rusiya prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi qəbul keçirildi. İkinci gün rəsmi danışıqlar oldu. Əvvəlcə prezidentlər qapalı görüş keçirdi, daha sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi. 

Müzakirələrin sonunda razılaşdırılmış sənədlərin imzalanması və mətbuat konfransı oldu.

Medvedev Fəxri Xiyabana baş çəkib, Heydər Əliyevin xatirəsini yad etdi, onun məzarı qarşısına əklil qoydu. Digər protokol tədbirlərindən Rusiya prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsini də göstərmək olar. Bu titul ona universitetin professor-müəllim və tələbə kollektivinin qarşısında təqdim olundu.

Rəsmi danışıqların bitməsindən sonra Rusiya və Azərbaycan prezidentləri xanımları ilə birlikdə Bakının dini-tarixi yerlərini gəzib, Qız Qalası, Karvansaraya baxıb, İncəsənət Mərkəzində olublar. Daha sonra onlar avtokarda bulvarı gəzib, köhnə və yeni Bakıya, dənizin panoramına tamaşa ediblər.

Medvedevin Bakı səfəri, ilk baxışdan, o qədər də məhsuldar təsir bağışlamaya bilər. Bakıda iki ölkə arasında sərhədləri möhkəmləndirən, sərhədyanı Samur çayının suyundan birgə istifadəni tənzimləyən müqavilələr, həmçinin qaz təchizatına dair imzalanmış razılaşma ikitərəfli münasibətlərin inkişafı baxımdan vacib olsa da, onu keyfiyyətcə yeni mərhələyə çıxarmır. Amma İlham Əliyev ilə Dmitri Medvedevin şəxsi dostluq münasibətlərinə malik olduqlarını açıq şəkildə nümayiş etdirmələri, iki dövlət arasındakı tərəfdaşlığın strateji xarakterini dəfələrlə vurğulamaları çox şeydən xəbər verir.

Şübhəsiz ki, Moskva  nə indi, nə də perspektivdə Azərbaycandan Rusiyanın hərbi-siyasi orbitasına daxil olmağa yönəlmiş addımlar gözləmir. Bakı öz xarici siyasətində çoxistiqamətliliyi qoruyub saxlayır. Prezident İlham Əliyev də danışıqların yekununda keçirilmiş birgə mətbuat konfransında qeyd edib ki, Rusiyaya qaz ixracının artırılmasına siyasi don geyindirilməsinə ehtiyac yoxdur. O, Azərbaycanın Rusiyanın "Cənub axını" layihəsinə rəqibi sayılan "Nabucco" da daxil olmaqla, digər istiqamətlərdə qaz ixrac etməsi üçün kifayət qədər ehtiyata malikliyini bildirib.

Medvedevin səfəri zamanı Azərbaycana C-300 "Favorit" hava hücumundan müdafiə komplekslərinin verilməsi, hərbi-texniki əməkdaşlıq, icarə müddəti 2012-ci ildə bitəcək Qəbələ RLS-in sonrakı taleyi haqda konkret heç bir bəyanat səsləndirilməyib. Xəbər agentliklərinin məlumatına görə isə bu məsələlər ətrafında işlər intensiv şəkildə davam etdirilir.

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli, İran ətrafında vəziyyət, Xəzər dənizinin statusu kimi məsələləri də müzakirə ediblər. Sonuncu məsələyə dair, deyəsən, hansısa konkret işlərin görülməsi də nəzərdə tutulur. Hər halda, prezidentlər bu ilin sonunadək Bakıda Xəzəryanı dövlət başçıları sammitinin keçirilə biləcəyini bildiriblər.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, gözlənildiyi kimi, bu problemlə bağlı hər hansı inqilabi dəyişiklik baş verməyib.

Bəzi analitiklər iddia edir ki, Rusiya rəhbərliyi son vaxtlar konstruktivliyi imitasiya edərək, Azərbaycanda belə təsəvvür yaratmağa çalışırdı ki, guya erməniləri kompromisə məcbur etmək üçün, Moskva öz imkanları və nüfuzundan istifadə edəcək.  Əslində isə, Rusiya hazırkı vəziyyəti uzatmaq üçün diplomatik oyun aparır. 

Etiraf edək ki, söylənənlər, müəyyən qədər, inandırıcı səslənsə də, hər halda, bu, yeganə versiya deyil. Moskvanı Dağlıq Qarabağ münaqişəsinin həllində pauza götürməsi, İranın nüvə proqramı ilə bağlı məsələnin qeyri-müəyyən qalması ilə bağlı da ola bilər. Bu proses təhlükəli - hərbi müdaxilə ssenarisi ilə gedərsə, regional geosiyasətin  kökündən dəyişmə ehtimalı var. Bu halda,  söhbət olduqca böyük risklərdən gedir. Həm də, unutmayaq ki, ABŞ və NATO-nun uğuru və ya uğursuzluğu, Rusiya üçün müəyyən imkanlar da aça bilər.

Medvedevin Bakıda Azərbaycan rəhbərliyini bir qədər səbr nümayiş etdirməyə razı salmağa çalışdığını da guman etmək olar. Ola bilsin ki, Kreml bunu Serj Sarkisyanın çətin durumda olması ilə izah edib və Bakının nəzərinə çatdırıb ki, ermənilərin hazırkı əhval-ruhiyyəsi fonunda Sarkisyanın Madrid prinsiplərinə razılaşması, onun üçün hakimiyyəti itirmək riski yaradacaq.

Qeyd edək ki, Rusiya prezidenti Moskva ilə Yerevan arasında imzalanmış son hərbi razılaşma ilə, Ermənistanın Qarabağ probleminin həllində inadkarlıq nümayiş etdirməsi arasında heç bir əlaqə görmür. Azərbaycan və Ermənistan prezidentlərinin özünün də iştirakı ilə keçirilən görüşlərinin müntəzəm xarakter aldığını xatırladan Medvedev bildirib ki, "bu əlaqələrin intensivliyi azalmamalıdır". 

Prezident ölkəsinin Minsk qrupu çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu da söyləyib.

İlham Əliyev isə vasitəçi missiyasına görə, həmkarına təşəkkürünü bildirib. "Əminəm ki, Rusiya prezidentinin şəxsən iştirak etməsi prosesdə müsbət rol oynayır və onun iştirakı ilə aparılan danışıqlar daha effektivdir", - deyə İ.Əliyev qeyd edib.

Bununla yanaşı, İlham Əliyevin əvvəlki bəyanatını da yaddan çıxarmaq olmaz. Söhbət dövlət başçısının bizim daha çox öz gücümüzə arxalanmağımızın vacibliyi haqq?nda bəyanatından gedir.

Azərbaycanın iqtisadi, diplomatk, hərbi imkanları artır, və biz həm münaqişənin törətdiyi çətinliklərin öhdəsindən gəlmək, həm də qarşı tərəfə bütün istiqamətlərdə təzyiqləri artırmaq iqtidarındayıq. Bakıya müqavimət göstərmək Yerevan üçün çox çətindir və o, getdikcə xarici dəstəklərə daha çox bel bağlamalı olur.

Azərbaycan torpaqlarının Rusiyanın "forpostu" adlandırılan Ermənistan tərəfindən işğalının davam etməsi, istər-istəməz, bu və ya digər formada Azərbaycan-Rusiya münasibətlərinə də öz təsirini göstərir. Amma buna baxmayaraq, Rusiya-Azərbaycan tərəfdaşlığını Qarabağ münaqişəsi və erməni iddialarının girovuna çevirmək olmaz. Rusiya dünyada Azərbaycanla həmsərhəd olan yeganə fövqəldövlətdir. 2009-cu ildə yaşanmış dərin qlobal iqtisadi böhrana baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Enerji sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq getdikcə güclənir. Cənubi Qafqazın digər dövlətlərilə müqayisədə Azərbaycanda rus dili və mədəniyyəti daha yaxşı qorunub saxlanıb. Hazırda Azərbaycanda, təxminən, 200 min rus yaşayır. İqtisadi, təhsil və ya digər səbəblərdən 100 minlərlə azərbaycanlı müvəqqəti və ya daimi əsaslarla Rusiyada məskunlaşıb. Odur ki, Bakı qardaş Türkiyə ilə strateji tərəfdaşlığı möhkəmləndirmək, ABŞ, NATO və Avropa İttifaqı ilə əlaqələri  inkişaf etdirməklə yanaşı, Rusiya ilə  münasibətlərin zəifləməsinə də imkan vermir. Azərbaycanda hesab edirlər ki, Rusiyanın müəyyən dairələrindəki ermənipərəst mövqeyə qarşı Bakı ilə tərəfdaşlığın konkret səmərəsini qoymaq lazımdır. Bu, xüsusilə Qarabağ probleminin həllinə dair danışıqların iflasa uğrayacağı və işğal altındakı torpaqların güc yolu ilə boşaldılması zərurəti yaranacağı təqdirdə vacibdir.

Ermənistanın "168 Jam" qəzeti yazır ki, Ermənistan-Rusiya ittifaqından fərqli olaraq, Azərbaycan-Rusiya strateji müttəfiqliyində konkret qarşılıqlı iqtisadi səmərə var. Qəzet Azərbaycandan Rusiyaya qaz ixracının artırılmasına dair razılaşmanın imzalandığı bir vaxtda "Qazprom"un Ermənistana satdığı "mavi yanacağ"a görə qiymətləri artıracağını bəyan etməsini Yerevan üçün açıq təhqir sayır.

Digər qəzetlər yazır ki, Ermənistan sadəcə Gümrüdəki hərbi bazanın mövcudluğunu daha 24 il uzadan adi kağız parçası əldə edibsə, Azərbaycan Rusiya ilə C-300 "Favorit" kimi vacib müdafiə sisteminin alınması məsələsini çözüb.

Yekunda qeyd edək ki, siyasətdə simpatiya, liderlər və xalqlar arasında yaxşı münasibət əlbəttə ki, vacibdir. Və təbii ki, Azərbaycan-Rusiya münasibətləri kontekstində bunun olması da çox yaxşı haldır. Amma uzunmüddətli planda dövlətlərin siyasətini maraqlar müəyyənləşdirir. Bunun üçün isə iqtisadi, resurs və geosiyasi üstünlüklərdən, həmçinin iki ölkənin imkanlarından mümkün qədər çox istifadə olunması vacibdir.



MƏSLƏHƏT GÖR:

565