SƏHRADAN ƏSƏN İSTİ KÜLƏKLƏR
Cənubi Qafqaz və Orta Asiya getdikcə qlobal proseslərə daha çox cəlb olunurlar, özü də yeni səviyyədə
Müəllif: Azər XUDİYEV, politoloq Bakı
Müdriklərdən biri deyib: "Ağıl və biliyin həll edə bilmədiyini, məkan və zaman həll edir". Bu gün dünyada çoxlu sayda "qaynar nöqtə"lər (Yaxın Şərq, Qafqaz və s.) var və geosiyasi toqquşmalar nəticəsində, vaxtaşırı bu nöqtələrdəki münaqişələr daha kəskin xarakter almağa başlayır. Bu nöqteyi-nəzərdən yanaşsaq, son aylar Yaxın və Orta Şərqdən tutmuş, Mərkəzi Asiyaya qədər əhatə edən geniş geosiyasi məkanda olduqca həyəcanlı hadisələr yaşanmaqdadır. Bu regionların şərq və cənubi-şərqdən Cənubi Qafqazla həmsərhəd olduğunu da nəzərə alsaq, tam əminliklə söyləmək olar ki, orada cərəyan edən proseslər bizim regiondakı geosiyasi vəziyyətə də ciddi təsir göstərə bilər. Təsadüfi deyil ki, geosiyasi proseslərin qlobal xarakterini qabardan müxtəlif siyasətçilər və analitiklər, hadisələrin mərkəzinin getdikcə Şərqə doğru istiqamətləndiyinə diqqət çəkirlər.
Bu baxımdan, toxunduğumuz mövzuya bir müddət əvvəl Qırğızıstanda baş verən toqquşmalar və İsrail-Türkiyə münasibətlərindəki gərginliklər fonunda baxmaq daha doğru olardı.
"Region+" jurnalı hələ ötən ilin oktyabr sayında (2009, №87) Mərkəzi Asiya dövlətlərinə Sovet hakimiyyətindən qalmış hüquqi "miras" (anklavlar, süni yaradılmış və etnik mozaikanı xatırladan bölgələr, sərhədyanı problemlər və s.), həmçinin mümkün dövlətlərarası münaqişələrə dair proqnoz dərc etmişdi. Həmin məqalədə Mərkəzi Asiyada geosiyasi vəziyyətin gərginləşə biləcəyi istiqamətlərə toxunulmuş və ən aktual problem kimi, özbək-qırğız münasibətləri göstərilmişdi. Bu proqnozu hazırlayarkən, biz sovet dönəmindən qalmış süni etnik problemlərin mövcudluğuna əsaslanmışdıq. Və bu, Qırğızıstanda reallaşdı. Hakimiyyət uğrunda gedən mübarizə zamanı bu ölkənin və bəlkə də, ümumilikdə, Mərkəzi Asiyanın ən həssas bölgəsi hədəf götürüldü. Amma təəssüf ki, bu proseslər yalnız adıçəkilən regionun sərhədləri ilə məhdudlaşmır. Qırğızıstan hadisələri fonunda dünyanın fövqəldövlətləri terrorizmlə mübarizə və hərbi əməkdaşlıq çərçiəvəsində, enerji problemlərinə dair məsləhətləşmələrə başladılar. Bir daha təsdiqləndi ki, bu geosiyasi məkan ən xırda sarsılmalara belə son dərəcə həssas reaksiya verir. İndi Qırğızıstana kömək əli uzadan ölələr az deyil (məsələn, ABŞ bunun üçün 48 milyon dollar ayırıb, Türkiyə də müvafiq addımlar atır və s.), amma mövcud ziddyyətlərin tam aradan qaldırılması üçün heç kəsdə konkret plan yoxdur. Qırğızıstandakı hadisələrlə əlaqədar, bu il iyulun 16-17-də Almatıda (Qazaxıstan) ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti keçirildi və burada donor konfransının təşkilinə dair qərar qəbul olundu. Konfransın əsas məqsədi - Qırğızıstana yardım üçün antiböhran fonduna vəsaitin toplanmasıdır.
Bundan başqa, avqustun 4-7-də Bodrumda keçirilmiş türkdilli dövlətlərin XİN başçılarının qeyri-rəsmi sammitini də xatırlamaq olar. Çünki bu dövlətlər arasıdakı əməkdaşlıq Qafqaz-Mərkəzi Asiya bölgəsində təhlükəsizliyin təmin olunması baxımından son dərəcə vacib amildir.
Amma eyni zamanda, unutmaq lazım deyil ki, dünyanın supergücləri arasında regionda nüfuz uğrunda gedən mübarizə bizi hələ çoxlu sayda yeni sürprizərlə üz-üzə qoya bilər. Bu mənada, Türkiyə-İsrail münasibətləri ətrafında gedən proseslər xüsusilə maraq doğurur.
Enerji siyasəti: üç regionun bir xilaskarı
Qəzza bölgəsinə istiqamət almış humanitar karvana qarşı zor tətbiq edərkən İsrail çox qətiyyətli görünürdü. Ölkə rəhbərliyi tutduğu mövqedən dönməyəcəyini dəfələrlə bəyan edir, bu məsələdə qətiyyət nümayiş etdirirdi. Öz növbəsində, İsrail hərbçilərinin humanitar missiyaya hücumu nəticəsidə vətədaşlarını itirmiş Türkiyə insidentin obyektiv araşdırılması üçün beynəlxalq istintaq qrupunun yaradılması tələbilə çıxış edirdi.
Birləşmiş Ştatlar əvvəlcə olduqca sakit mövqe nümayiş etdirərək, İsrailin tərəfini tutdu. İslam Konfransı Təşkilatı isə əksinə, Türkiyənin tələblərini dəstəkləyərək, humanitar yardımın qarşısının alınmasını yolverilməz adlandırdı.
Amma günlər keçdikcə, həm İsrailin, həm də ABŞ-ın mövqeyində dəyişikliklər sezilməyə başlandı. İndi artıq İsrail BMT-nin hmayəsi altında beynəlxalq istintaq qrupunun yaradılmasına razıdır.
Maraqlıdır, görəsən, niyə? Belə görünür ki, Təl-Əvivin mövqeyindki bu yumşalma bir sıra geosiyasi faktorlarla əlaqəlidir.
Birincisi, yalnız ABŞ üçün deyil, Avropa üçün də Türkiyənin Yaxın və Orta Şərqdəki geosiyasi əhəmiyyəti getdikcə artır. Elə təkcə Qərbin maraqlarından irəli gələn transmilli layihələrin, o cümlədən, "Nabucco"nun reallaşmasında Türkiyənin önəmini qeyd etmək kifayətdir. Hazırda bu layihənin sürətləndirilməsi istiqamətində addımlar atılır və prosesdə Ankara xüsusi aktivlik nümayiş etdirir. Yaxın gələcəkdə Türkiyə, Bolqarıstan, Macarıstan, Avstriya və Rumıniya layihənin iqtsadi və maliyyə məsələlərinə dair yeni saziş imzalamağa hazırlaşırlar. Məsələ ondadır ki, Türkiyə-Yunanıstan-İtaliya (TGI) və Transadriatik kəmər kimi layihələr də "Şahdəniz-2" çərçivəsində Azərbaycan qazına iddia edir.
Getdikcə artan rəqabət dünyanın əksər güc mərkəzlərini də aktivləşməyə vadar edir. Avropa Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji resurslarını öz nəzarətinə götürməyə can atır. "Kommersant" qəzetinin yazdığına görə, Avropa Komissiyası Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsi təklifi ilə çıxış edib. Özü də Avropa bu layihəni, Xəzərin hüquqi statusu müəyyən olunmadan belə, reallaşdırmaq niyyətindədir. Bu isə o deməkdir ki, enerji məsələsi iqtisadi əhəmiyyətdən daha çox, ciddi geosiyasi önəm daşıyır. Təsadüfi deyil ki, Rusiya ilə İran dərhal bu layihəyə qarşı çıxaraq, Xəzərin statusu müəyyən olunanadək, hər hansı müqavilənin imzalanmasını istisna ediblər.
Deməli, artıq Avropa ilə digər ölkələr arasında yeni qarşıdurmanın əsası qoyulur.
Bununla paralel olaraq, Rusiyanın İrana birdən-birə 4 "S-300" raket kompleksi sata biləcəyi haqq?nda məlumatlar da dolaşır. Sanki regionda yeni silahlanmaya start verilir.
Təbii ki, belə bir şəraitdə Türkiyənin Qərb üçün regional əhəmiyyəti daha da artır. Və Türkiyə-İsrail qarşıdurmasında ABŞ ilə Avropa İsrailin müsəlman dövlətləri, xüsusilə də Ankaraya qarşı sərt mövqeyini dəstəkləməyərək, balanslaşdırılmış siyasət yürütməyə məcburdurlar.
İkincisi, Qərbin enerji layihələrində İraq, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanın birgə iştirakı ideyası da mövcuddur. Hələlik Türkmənistan "Nabucco" ilə bağlı yekun qərarını açıqlmayıb. Buna baxmayaraq, Şərq-Qafqaz-Mərkəzi Asiya zəncirində ümumi geosiyasi mövqeyin formalaşdırılmasına ehtiyac yaranır.
Azərbaycanın enerji siyasəti bir sıra rasional addımlar atmağa imkan verir. İlk növbədə, bu, rəsmi Bakının öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün marşrutların uğurlu diversifikasiyası ilə bağlıdır. Hazırda bu resurslar dünya bazarlarına ən müxtəlif istiqamətlərdən çatdırıla bilir. Son vaxtlar isə bu yolların sırasına Azərbaycan, Gürcüstan və Rumıniyanın birgə reallaşdırdığı "Azerbaijan - Georgia - Romania Interconnection" marşrutu da əlavə olunub. Layihənin əsası bu il aprelin 13-də bu üç dövlətin birgə bəyanatı ilə qoyulub, mayın 12-də isə müvafiq saziş imzalanıb. Azərbaycanın Enerji və Sənaye Nazirliyinin məlumatına əsasən, sentyabrın 14-də Bakıda üç dövlətin prezidentinin görüşü planlaşdırılır. Özü də bu görüşdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozanın və enerji məsələləri üzrə avrokomissar Günter Ottingerin də iştirakı nəzərdə tutulub. Bu isə o deməkdir ki, növbəti enerji layihəsi Avropa İttifaqının da maraqlarına uyğun gəlir.
İkinci aspekt Azərbaycan qazı uğrunda rəqabətin artması ilə bağlıdır.
Hazırda dünyanın nəhəng şirkətləri "Şahdəniz" yatağından hasil olunan qazı satmaq hüququ əldə etmək üçün əməlli-başlı "davaya" başlayıblar. "Wall Street Journal"ın yazdığına görə, "Statoil" şirkəti, hətta, artıq, potensial alıcılarla aktiv danışıqlar aparır. Jurnal Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyətini xüsusi vurğulayır.
Almaniyanın "RWE AG" şirkəti də "Nabucco" layihəsinin iştirakçısı qismində, "Şahdəniz" qazını almaq niyyətini açıqlayıb.
"Bloomberg" agentliyinin məlumatına əsasən, avqustun 2-də ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Aşğabadda olarkən, Türkmənistanın Transxəzər layihəsi çərçivəsində, qaz nəqlinə başlayacağını bəyan edib.
Üçüncüsü, belə təsəvvür yaranır ki, Mərkəzi Asiyadakı etnik problemlərin həlli cəhdləri onların, sadəcə, konservasiyasına gətirib çıxarıb. Və geosiyasi maraqların ağırlığının getdikcə daha çox bu regiona doğru yönəldiyini nəzərə alsaq, burada situasiyanın nə qədər həssas olduğunu bir daha görərik. Amma Yaxın Şərq və Qafqazdakı enerji maraqları Mərkəzi Asiyada sabitliyin bərqərar olması üçün stimullaşdırıcı faktora çevrilə bilər. Bu sabitlik isə gələcəkdə Dağlıq Qarabağ münaqişəsi kimi problemlərə də müsbət təsir göstərər.
Bununla belə, istisna etmək olmaz ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda, regionda sabitliyin yaradılması strategiyası Azərbaycanı tələsik addımlara vadar edə bilər. Digər tərəfdənsə, Rusiyanın Transxəzər enerji layihəsinə neqativ münasibətini nəzərə alsaq, Moskvanın regiondakı proseslərin, minimum, ləngiməsinə yönəlmiş addımlar atacağı da istisna deyil, Bu iki tendensiyanın toqquşması isə, belə demək mümkünsə, "zaman paradoks"una gətirib çıxara bilər. Yəni, istərsə həddindən artıq aktivlik, istərsə də, həddindən artıq passivlik eyni dərəcədə neqativ nəticələrə səbəb olar. Belə bir şəraitdə, təbii ki, tendensiyaların tarazlaşdırılması üçün incə diplomatiyanın yeridilməsi daha rasional addım sayıla bilər.
Beləliklə, Cənubi Qafqaz və Orta Asiya getdikcə daha aktiv şəkildə və yeni səviyyədə qlobal proseslərə cəlb olunur. Belə bir şəraitdə, Qərbin Türkiyə-İsrail münasibətlərini nizamlamaq istəyinin səbəbi də aydınlaşır. Qərb İsrailin vəziyyəti gərginləşdirməsi ilə razılaşa bilməz. "Azadlıq flotiliyası"na hücumdan sonra yaranmış böhran, dolayısı ilə, Qərbin beynəlxalq enerji layihələrinin ləngidilməsinə yönəlir. Çünki bu böhran vacib enerji dəhlizlərinin keçdiyi marşrutlarda gərginliyə yol açır.
Odur ki, indi nəyin bahasına olursa-olsun, Dünya okeanında sakitliyə nail olmaq lazımdır. Bunu üçün Yaxın Şərqin siyasi ziddiyyətləri ilə qlobal enerji siyasəti arasında harmoniya əldə edilməlidir. Bu harmoniyaya aparan yol isə Qafqazdan keçir.
Etiraf etmək lazımdır ki, belə nəhəng geosiyasi məkanda məqsədlərə nail olmaq çox çətindir. Amma başqa çıxış yolu da yoxdur.
MƏSLƏHƏT GÖR:



524

