5 Dekabr 2025

Cümə, 23:58

EFFEKTLİ DEKORASİYALAR FONUNDA

Tehranın nüvə proqramı Ətrafında diplomatik oyun tam gücü ilə davam edir

Müəllif:

01.09.2010

Buşəhr Atom-Elekrik Stansiyasının işə düşməsi Rusiya, İsrail, ABŞ, Avropa və Türkiyənin  - birlikdə və ya təklikdə - İranın nüvə proqramı ətrafında böhranın həllində oynadığı rola bir qədər fərqli rakursdan baxmağa imkan yaradır. Demək olar ki, indiki mərhələdə Buşəhr AES Tehran ətrafında gər-ginliyin hansı mərhələyədək artacağını  və bu prosesə cəlb olunmuş "oyunçular"ın bir-biri ilə hansı həddə qədər əməkdaşlıq edə biləcəyini göstərən, bir növ, lakmus kağızıdır. 

Avqustun 21-də Buşəhrdəki Atom-Elektrik Stansiyasının reaktorunun işə salınması mərasimi keçirilib. Qeyd edək ki, bu AES-in tikintisinə hələ 1974-cü ildə Almaniyanın "Kraftwerk Union AG" şirkəti başlamışdı, amma 1980-ci ildə almanlar ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqoya qoşularaq, Tehranla müqaviləni dayandırdılar. 

Uzun müddət sonra - artıq 1990-cı illərdə stansiyanın tikintisi ilə rusiyalı mütəxəssislər məşğul olmağa başladılar və bunun üçün birgə - Rusiya-İran müəssisəsi yaradıldı. 

İranın vitse-prezidenti, ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehinin bildirdiyinə görə, AES-in işə düşməsi "Qərb dövlətlərinin təzyiqləri, sanksiyaları və yaratdığı çətinliklərə rəğmən", İran millətinin "dinc nüvə proqramı"nı davam etdirmək yolundakı qətiyyətinin simvolu oldu. Salehi onu da əlavə edib ki, Tehran uranı 20%-dən artıq zənginləşdirmək niyyətində deyil. 

Amma problem ondadır ki, İran rəsmilərinin bu cür bəyanatlarına artıq çoxdandır ki, heç kəs inanmır - dünya birliyi əvvəlkitək hesab edir ki, İran İslam Respublikasının əsas məqsədi atom bombası əldə etməkdir. Və Buşəhr AES bu şübhələri bir qədər də artırdı. Məsələn, "The Christian Science Monitor"un yazdığına görə, əksər ekspertlər əmindir ki, reaktor tam gücü ilə işləməyə başlayandan sonra, bir il-ilyarıma İran nüvə silahı əldə etmək üçün tələb olunan həcmdə yanacaq toplaya bilər.  Bunu iddia edən ekspertlərin fikrincə, Rusiyada nüvə materiallarına lazımi səviyyədə nəzarətin olmaması da prosesi sürətləndirəcək. 

Bundan başqa, məqalədə vurğulanır ki, əgər Tehran lazımi həcmdə yanacaq toplaya bilməsə belə, reaktorun istsmarı zamanı İran gələcəkdə hərbi məqsədlər üçün istifadə  oluna bilən nou-hau əldə edəcək. 

Amma maraqlısı odur ki, digər ekspertlər bunun tam əksini bəyan edərək bildirirlər ki, Buşəhrdəki reaktor tipindən silah istehsalı üçün istifadə etmək mümkün deyil.

Qəribə mənzərə yaranır. Bu sahədə çalışan ekspertlərin Buşəhrdəki AES-in kütləvi qırğın silahının istehsalı üçün potensial imkanlarına dair şərhləri bir-birindən o qədər fərqlənir ki, sanki, söhbət, alimlərin yaratdığı obyektdən yox, hansısa ədəbiyyat və ya kinomatoqrafiya əsərindən gedir. Və təbii ki, bu zaman ortaya sual çıxır: bu söz-söhbətlər kimə və nəyə lazımdır? 

Gözlənildiyi kimi, Buşəhrdəki AES-in işə salınmasına ən sərt reaksiya İsraildən gəldi: Təl-Əviv bunu "tamamilə yolverilməz" hadisə adlandıraraq, dünya birliyini rəsmi Tehrana təzyiqləri artırmağa çağırdı. "BMT Təhlükəsizlik Şurasının qətnamələrini, MAQATE-nin qərarlarını qulaqardına vuran  və Nüvə Silahının Yayılmamasına dair Müqaviləyə əsasən, öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozan ölkələrin nüvə enerjisinin bəhrəsindən yararlanması tamamilə yolverilməzdir", - deyə İsrail XİN nümayəndəsi Essi Pevi bəyan edib. 

Bir sıra Qərb siyasətçiləri də Buşəhr AES-ə dair narahatlığını gizlətməyib. Xüsusilə, ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton sərt çıxışı ilə seçilib. "Fox Business Network"a müsahibəsində Bolton bəyan edib ki, İsrail bu AES-in fiziki baxımdan işə salınmasını və oraya yanacağın doldurulmasını gözləmədən, obyekti bombalamalıdır. Çünki sonradan ona zərbə endirmək qeyri-mümkün olacaq - axı, reaktorun partlaması, avtomatik olaraq, havaya radiasiyanın atılması deməkdir. Boltonun sözlərinə görə, bunun qarşısı alınmasa, "İran İsrail və ABŞ-ın Yaxın Şərqdəki düşmənlərinin əldə edə bilmədiyinə - fəaliyyətdə olan nüvə reaktoruna sahib olacaq", Əhmədinejad isə "Səddam Hüseyn və Bəşər Əsədin nail olmadığını əldə etmək  üzrədir və nüvə silahının bir addımlığındadır". 

Qeyd edək ki, Qərbin çaşqınlığına əsas səbəblərdən biri, Moskvanın baş verənlərdə tutduğu mövqedir. Qərb mətbuatının yazdığına görə, Rusiya, bir tərəfdən, "Tehrana qarşı sanksiyaları dəstəkləyir", digər tərəfdən, "İran üçün AES tikir". Məsələn, Bolton hesab edir ki, "Amerikaya problem yaratmaq" eşqi ilə alışıb-yanan Rusiya, əvvəllər olduğu kimi, bu dəfə də münaqişənin hər iki iştirakçısına qarşı çıxaraq, destruktiv rolundan əl çəkmir. 

Öz növbəsində, "Le Monde" yazır ki, Buşəhr AES Moskvaya özünü Tehrana  sadiq müttəfiq qismində təqdim etmək üçün əla imkan yaratdı.  Yəni, bir tərəfdən, İrana qarşı beynəlxalq sanksiyalara səs verən Rusiya, digər yandan, İİR ilə yaxşı münasibətlərini qoruyub-saxlamağı bacardı. Və bununla da, danışıqlarda iştirak edən "altılıq"ın digər üzvlərindən daha üstün vəziyyət qazanaraq, danışıqlar prosesinin əsas iştirakçısına çevrildi. 

Bundan əlavə, Rusiya əmindir ki, bununla o, İrana təsir imkanlarını və ümumilikdə, Yaxın Şərqdəki mövqelərini nümayiş etdirərək, özünün beynəlxalq arenadakı mövqelərini bir qədər də gücləndirdi.  

Qeyd edək ki, İran rəhbərliyinin Rusiyanın ünvanına səsləndirdiyi minnətdarlıqlar və alqışlar da, Qərbdə Moskvaya qarşı tənqidləri gücləndirən amilə çevrilib.  Məsələn, İran XİN-in mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpənrəst bildirib ki, " artıq Rusiya öz adını İran tarixinə qızıl hərflərlə yazdı". 

İİR Parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədr müavini Hüseyn İbrahimi isə qeyd edib ki, Rusiyanın Buşəhr AES-in işləməsi üçün lazım olan nüvə yanacağını verməsi göstərdi ki, Moskva, əslində, İrana qarşı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyalara qarşıdır. İbrahiminin fikrincə, bu addımı ilə Rusiya İrana qarşı qəbul edilmiş bütün qətnamə və sanksiyaları, faktik olaraq, "ləğv etdi". 

Həqiqətən də, bir sıra Qərb ekspertləri Moskvanın son addımlarını, BMT-nin İrana qarşı sanksiyalarını, faktik olaraq, pozması kimi dəyərləndirirlər. Amma Rusiya XİN bu ittihamları qəbul etmir və dünya birliyini inandırmağa çalışır ki, Buşəhr AES heç bir halda nüvə silahının yayılmaması rejiminin pozulmasına gətirib çıxara bilməz. "Rosatom"un rəhbəri Sergey Kiriyenkonun bildirdiyinə görə, İran AES-dən qeyri-dinc məqsədlər üçün istifadə etmək mümkün deyil. "Dünyada heç bir peşəkarda Buşəhr AES-dən qeyri-dinc məqsədlər üçün istifadəyə dair şübhələr yoxdur. Çünki hamı anlayır ki, bu, mümkün deyil", -  deyən Kiriyenko onu da əlavə edib ki, Buşəhrdəki AES-ə heç zaman heç bir məhdudiyyət tətbiq olunmayıb və BMT Təhlükəsizlik Şurası bu obyekti beynəlxalq sanksiyalardan azad edib.  Nəhayət, Moskva bildirir ki, stansiya beynəlxalq qanunvericiliyə uyğun şəkildə və MAQATE müfəttişlərinin nəzarəti altında inşa olunub.  Rusiya xüsusi olaraq vurğulayır ki, rəsmi Moskva AES-ə nüvə yanacağının çatdırılması və işlənmiş nüvə yanacağının yenidən Rusiyaya qaytarılacağına dair təminat verib. 

Bundan başqa, Rusiya XİN-in bəyanatında qeyd olunur ki, Buşəhr AES layihəsi, Tehrana nümayiş etdirdi ki, o, öz nüvə proqramının dinc xarakterini təsdiqləyəcəyi təqdirdə, beynəlxalq aləmlə əməkdaşıqdan necə böyük divident əldə edə bilər. 

Maraqlıdır ki, ABŞ Buşəhrdəki AES-in işə salınmasına olduqca sakit və  təmkinli reaksiya verib. Almaniyanın "Handelsblatt" nəşri yazır ki, "Dövlət katibi Hillari Klinton son anadək Moskvanı İrana uran verməkdən imtina etməyə razı salmağa çalışdı". Amma hər halda, Dövlət Departamentinin rəsmi mövqeyi belədir ki, "Buşəhrdə AES-in işə salınması İranın nüvə silahı yayması təhlükəsinin artması demək deyil". Bu azmış kimi, Dövlət Departamentinin nümayəndəsi Mark Toner bəyan edib ki, "Rusiyanın Buşəhr AES-in layihəsinə dəstək verməsi bir daha göstərdi ki, İran doğrudan da yalnız dinc məqsədlər güdürsə, onda onun zənginləşdirmə üçün öz imkanlarını artırmasına ehtiyac yoxdur". 

Toner onu da əlavə edib ki, Rusiya ilə İranın Buşəhr AES-ə dair razılaşması Qərbin də mövqeyinə uyğundur, çünki Qərb Tehranın nüvə yanacağı müqabilində, özünün uranın zənginləşdirilməsi proqramından imtina etməsini dəstəkləyər. 

Qəzetin yazdığına görə, bir sıra alman siyasətçilər də bu fikirdədir ki, Rusiyanın İrana nüvə yanacağı verməsi, əslində, ən yaxşı çıxış yolu sayıla bilər. Çünki İranı bu məsələdə tamamilə nəzarətsiz buraxmaq təhlükəli olardı. Üstəlik, Rusiyanın yanacaq verməsindən sonra, artıq İranda uranın öz imkanları hesabına zənginləşdirilməsinə tərəfdar olan qüvvələr öz aruqmentlərindən məhrum olurlar. 

Buşəhr AES-in işə salınmasına cəmi bir neçə gün qalmış "The New York Times"da dərc olunan məqalədə bildirilir ki, Barak Obama administrasiyası İsraili inandıra bilib ki, Tehranın nüvə silahı əldə etməsi üçün, hələ, azı, bir il lazımdır (İsrail kəşfiyyatı isə bunun üçün cəmi bir neçə ayın kifayət edəcəyidən ehtiyatlanır).  İddia olunur ki, amerikalılar bu qiymətləndirmə zamanı son bir il ərzində öz kəşfiyyatlarının əldə etdiyi materiallara, həmçinin, beynəlxalq müfəttişlərin rəylərinə əsaslanıblar. Administrasiya nümayəndələrinin sözlərinə görə, Vaşinqtonun bu məlumatından sonra, İsrailin yaxın vaxtlarda İrana zərbəvurma ehtimalı xeyli azalıb.  Guya, amerikalılar əmindirlər ki, İran nüvə silahı əldə etməyə çox yaxınlaşsa, beynəxalq müfəttişlər, ən azı, bir neçə həftə əvvəl bu  haqda məlumat əldə edəcəklər və deməli, ABŞ və İsrailin hərbi zərbə üçün düşünməyə hələ vaxtları qalacaq. 

Amma istənilən halda, İranın nüvə proqramı ətrafındakı böhranın hərbi yolla aradan qaldırılması ehtimalına dair söz-söhbətlərin səngiməməsi narahatlıq doğurmaya bilməz.  Və hətta bəzi ekspertlər hesab edirlər ki, hərbi zərbə ehtimalı getdikcə daha da artır. Məsələn, avqustun əvvəlində ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin katibi, admiral Maykl Mallen bəyan edib ki, Amerika administrasiyası İrana qarşı güc tətbiqi variantından hələ də əl çəkməyib. 

Öz növbəsində İran isə, bu hədə-qorxuların fonunda öz hərbi qüdrətini nümayiş etdirir - yeni pilotsuz qırıcıları, "yer-dəniz", "yer-yer" tipli raketləri, Fars körfəzindəki dayazlıqlarda üzməyi bacaran sualtı qayıqları "uğurla sınaqdan çıxarır". Üstəlik, İranın hansısa məxfi hərbi-kosmik proqramına dair şayiələr də yayılmaqdadır: bəzi ekspertlərin fikrincə, bu proqram Tehranın nüvə başlıqlı raket texnologiyalarına yiyələnməsi demək olardı.  

İş artıq o həddə çatıb ki, Əhmədinejat açıq şəkildə bildirir ki, İran onu hədələyən dövlətlərə qabaqlayıcı zərbə vurmağa hazır olmalıdır. 

Amma bir çox hərbi ekspertlər bu fikirdədir ki, İran sadəcə, hərbi piar və fırıldaqla məşğuldur. Əslində, İranın hərbi-sənaye kompleksi yeni heç nə istehsal etmək iqtidarında deyil, yeni silah kimi təqdim olunan raketlər isə, sadəcə, köhnə "Shahab-2"nin yeniləşmiş versiyalarıdır. 

İstənilən halda, İran rəsmiləri İİR-ə hər hansı hücumun intihara bərabər olacağını bildirirlər. Və bu sözdə müəyyən həqiqət var. Söhbət İranın hərbi sahədə hansısa qeyri-adi qüdrətə malik olmasından getmir. Sadəcə, məsələ ondadır ki, İrana zərbə çox böyük fəsadlara yol aça bilər. Çünki indi Yaxın Şərqdə gərginlik o həddə çatıb ki, o, barıt çəlləyi kimi, adi  qığılcımdan belə partlaya bilər. 

Odur ki, İran məsələsinə ayrılıqda götürülmüş bir problem kimi yanaşmaq düzgün deyil - ona, ümumilikdə regionda baş verən proseslər prizmasından baxmaq lazımdır. Məsələn, hazırda ərəb-İsrail münaqişəsinin də bu prosesə birbaşa təsiri var. 

Bundan başqa, Türkiyənin Yaxın Şərqdə getdikcə artan ambisiyalarını, Ankara ilə Təl-Əvivin münasibətlərindəki gərginliyi, ABŞ-ın Türkiyənin son vaxtlar İrana və İsrailə qarşı yürütdüyü siyasətdən narazı qaldığını da nəzərə almaq lazımdır. 

Üstəlik, amerikalılar artıq özlərinin İraqdakı hərbi hissələrinin bir qismini buradan çıxarıblar, bu isə İranın İraq şiələrinə təsirini bir az da artırıb. Bu baxımdan, İsrail-Livan sərhədində baş vermiş və "Hizbullah"ın kifayət qədər gücləndiyini nümayiş etdirmiş son insident, həmçinin, İran, Suriya və Livanın mövqelərindəki yaxınlaşma da təsadüfi görünmür. Çünki İrana hərbi zərbə endiriləcəyi təqdirdə, Tehran, təbii ki, bunu cavabsız qoymayacaq. Bu zaman isə "Hizbullah" və HƏMAS kimi təşkilatların da İrana dəstək verəcəyi şübhə doğurmur.

Amma İranın hərbi imkanlarını şərh edərkən, bu ölkədə keçirilmiş son prezident seçkilərinin nə ilə nəticələndiyini də unutmaq lazım deyil.  Ölkəni bürümüş iğtişaşlar sübut etdi ki, İran daxilində Əhmədinejadın əleyhdarlarının sayı az deyil. Üstəlik, Əhmədinejadla ölkənin ali lideri Əli Xamnei arasında münasibətlər də ideal görünmür: təsadüfi deyil ki, Əhmədinejadın Qərblə (və şəxsən B.Obama ilə) birbaşa danışıqlara hazır olduğunu bəyan etməsindən dərhal sonra, Xamnei bunu rədd edərək, sanksiyalar aradan qalxmayınca, Qərblə dialoqun mümkün olmadığını bildirdi.

Digər tərəfdən, Tehran özünü təmkinli və qayğısız göstərməyə çalışsa da, şübhə yoxdur ki, BMT Təhlükəsizlik Şurası, ABŞ və bir sıra Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalar ölkənin iqtisadi durumuna və əhalinin yaşayış səviyyəsinə təsirsiz ötüşə bilməz. 

Odur ki, belə bir şəraitdə Əhmədinejada və onun tərəfdarlarına Qərbin timsalında vahid xarici düşmən lazımdır ki, əhalinin diqqəti iqtisadi problemlərdən, xaricdən gələn təhlükəyə yönəlsin.

Bir sözlə, tam əminliklə söyləmək olar ki, başda ABŞ olmaqla, Qərbin Tehrana qaşı taktikasının əsasını bütün sahələrdə İrana təzyiqlərin artırılması təşkil edir. Və çox güman ki, ABŞ-ın, guya, az qala, İsrailin İrana hücumundan bir neçə saat əvvəl Təl-?vivi fikrindən daşındırmasına dair yayılan şayiələr də bu strategiyanın bir hissəsidir.  Axı Təl-Əvivin ABŞ-ın razılığı və dəstəyi olmadan İrana zərbə endirmək qərarını verməsi gülməli olardı. 

Ağ ev İrandakı daxili vəziyyəti də diqqətlə izləyir. Və Əhmədinejadın mövqeyi zəiflədikcə, Tehranın dünyaya nümayiş etdirdiyi "raket və qırıcıların uğurlu sınaqları"nın sayı da artır. Bu, hamıya yaxşı məlum olan bir ssenaridir.

Əlbəttə ki, Rusiyanın Buşəhr AES-i açmaqla, sanki, Tehranın yanında olduğunu nümayiş etdirməsi Qərbi məyus etməyə bilməzdi. Amma digər tərəfdən, ola bilsin, Vaşinqtonun bu hadisəyə sakit reaksiyası, Ağ evlə Kremlin bu məsələyə dair əvvəlcədən razılığa gəlməsinin göstəricisidir.  Bu isə o deməkdir ki, İranın nüvə proqramı ətrafında diplomatik oyun davam edir və hərbi ssenarilər haqqında artan söz-söhbətlər, sadəcə, effektli dekorasiyalardır/.



MƏSLƏHƏT GÖR:

487