ASTARI ÜZÜNDƏN BAHA...
və ya Moskva ilə Minsk arasında informasiya müharibəsi kimin təxribatıdır?
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Müasir dövrdə informasiya texnologiyaları elə inkişaf səviyyəsinə çatıb ki, geosiyasi oyunlarda onlar artıq əsas vasitələrdən birinə çevrilib. Və dünyanın fövqəldövlətləri öz geostrateji maraqlarının təmin olunmasında bu imkandan maksimum istifadə edirlər. Son vaxtlar yerli telekanallarda Rusiya ilə Belarus arasında baş qaldıran informasiya müharibəsi buna bariz nümunədir.
Qısa vaxt ərzində Rusiyanın NTV kanalının efirində "Xaç atası" adlı qalmaqallı sənədli filmin 3 seriyası nümayiş etdirilib. Bu filmdə Belarus prezidenti Aleksandr Lukaşenkonun bir sıra "çirkin əməlləri" (adam oğurluğu, yaxınlarının korrupsiyaya qurşanmaları) ifşa edilir. "Xaç atası-3" seriyasında isə ilk dəfə olaraq, Rusiya telekanalında açıq-aşkar Belarus liderinin psixi sağlamlığı mövzusuna toxunulur (bu zaman əsas kimi, 10 il əvvəl A. Lukaşenkonun davranışını analiz edən və bununla əlaqədar belaruslara videomüraciət yayan, hazırda isə Amerikada sığınacaq tapmış psixiatr Şigelskinin araşdırmaları götürülür).
Yaxın vaxtlarda film müəlliflərinin daha bir neçə seriya hazırlayacağı istisna deyil.
Rəsmi Minsk də baş verənləri cavabsız qoymur. Belarus televiziyası ölkə prezidentinin "Braslav gölləri" milli parkında istirahət edən moskvalılarla görüşündən geniş reportaj hazırlayıb. Amma Rusiya telekanallarından fərqli olaraq, A.Lukaşenkonun ritorikası o qədər də sərt olmayıb: "Rusiyada kimlərsə çox arzulayır ki, biz sizinlə dalaşaq. Amma mən deyirəm - heç vaxt buna nail olmaacaqlar! Nə cür filmlər çəkirsiniz-çəkin, nə istəyirsiniz yazın, heç nə alınmayacaq!".
Bu bəyanatı müxtəlif cür yozmaq olar. Belə nəticə də çıxarmaq mümkündür ki, Lukaşenko başlanmış informasiya müharibəsinə görə, Rusiyada hakimiyyətə yaxın qüvvələri günahlandırır.
Öz növbəsində, Belarus televiziyası da Rusiyada həyatın "ağır", "korrupsiyaya qurşanmış", hakimiyyətin isə "zəif" olması haqda danışmağı sevir. Bu "müharibə"nin qəribəliyi ondadır ki, NTV-nin nümayiş etdirdiyi seriala Belarus tamaşaçısı, Minskdə televiziyanın hazırladığı reportajlara isə Rusiya tamaşaçısı baxa bilmir. Belə çıxır ki, hər iki tərəf məhsulunu, belə demək mümkünsə, yerli istehlakçı üçün nəzərdə tutur. "Sensasiyalı" material sevənlər isə onu yalnız İnternetdə tapa bilirlər.
Hələ ki tərəflərin bu qarşıdurmadan əldə etdiyi dividendləri proqnozlaşdırmaq çətindir. Amma ilkin təsəvvür belədir ki, Belarus liderinin mövqeləri daha üstün görünür. O, kvartalda, heç olmasa, bir dəfə Rusiyadan gəlmiş böyük bir jurnalist qrupunu qəbul edir; onlarla söhbəti zamanı özünün Rusiyaya məhəbbətindən, ona vahid dövlət qurmağa mane olan düşmənlərdən ağızdolusu danışır. Son vaxtlar isə Lukaşenko Rusiya hakimiyyətindəki tərəfdaşlarından Rusiya KİV-nə, siyasətçilər və oliqarxlara şikayət məktubları da yazır.
Bir sıra analitiklərin fikrincə, Rusiyada tarixən sıxışdırılan insana xüsusi simpatiya ilə yanaşıblar və ehtimal etmək olar ki, "Xaç atası" serialı əks-effekt verərək, onun təşəbbüskarlarına qarşı yönələcək. Belə analitiklərdən biri - Viktor Yaduxa əmindir ki, "A.Lukaşenkonu çirkaba batırmaqla, Kreml, özü-özünü də çirkləndirir" və belə davam edərsə, qurduğu öz tələsinə düşə bilər.
V. Yaduxa bildirir ki, bunlar vulqar, yolverilməz və açıq-aşkar "sarı mətbuat"a xas fəndlərdir. Və heç Lukaşenkoya qarşı daha çox iradı olan Qərb də belə metodlardan istifadə etmir. Onun fikrincə, Belarusda keçiriləcək növbəti prezident seçkilərində Moskva bu posta rusiyapərəst namizədin seçilməsi üçün əlindən gələni edəcək. Amma demək olar ki, bütün ekspertlər hesab edirlər ki, Lukaşenkonun opponentləri nə təkbaşına, nə də birlikdə onu üstələyə biləcəklər. Çünki orta və yuxarıyaşlı belaruslar əvvəlkitək Lukaşenkoya etibar edirlər; ölkənin demoqrafik əsasını isə məhz bu yaş təbəqələri təşkil edir.
Bundan başqa, moskvayönlü namizədi yalnız A. Lukaşenko deyil, belarus müxalifəti də qəbul etməz. Təsadüfi deyil ki, hətta iki il əvvəl Lukaşenko tərəfindən dövlət telekanalının sədrliyindən uzaqlaşdırılmış Yuri Azarenok kimi opponent də Moskva ilə informasiya müharibəsində Belarus prezidentini dəstəkləyir.
Moskva ilə Minsk müharibəsinə tənqidi yanaşanlar sırasında "Rossiyskiye vesti" federal həftəliyinin baş redaktoru Dmitri Yermolayev də var. Onun fikrincə, Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun, lazım gələrsə, A.Lukaşenkonun Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazır olması haqqında KMTK-nin iclasında səsləndirdiyi bəyanatın stenoqramının çap olunacağı ilə hədə-qorxusu, Rusiya diplomatiyasının nüfuzdan salınmasıdır. O qeyd edib ki, S.Prixodkonun Rusiya diplomatiyası tarixində görünməmiş addım atmaq - xarici tərəfdaşla konfedensial danışıqların mətnini açıqlamaq niyyəti siyasi fərasətsizlikdən başqa bir şey deyil: "Belə bir addımın atılması və ya hədənin səslənməsi belə, Rusiya diplomatiyasına etimadı sarsıdır. Əgər bu gün Kreml ən yaxın strateji tərəfdaşı olan Belarusla danışıqların məzmununu açıqlamağa hazırdırsa, bundan sonra kim Rusiya ilə konfidensial danışıqlara gedər?!".
Yermolayevin iddiasına görə, bu gün vahid ittifaqda olan iki ölkə arasında informasiya müharibəsinin kökünü S.Prixodkonun A.Lukaşenkoya olan nifrətində axtarmaq lazımdır.
Doğrudur, müasir siyasətdə şəxsi simpatiya və ya antipatiya olduqca mühüm rol oynayır. Amma Rusiya-Belarus münasibətlərindəki hazırkı gərginliyi yalnız yüksəkrütbəli məmurların antipatiyası ilə bağlamaq, problemi bəsitləşdirmək olardı. Ələlxüsus, Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Aleksey Qromovun, guya, prezident D.Medvedevin S.Prixodkonun sözügedən bəyanatından narazı qalması haqda KİV-də yayılmış məlumatını rəsmən təkzib etməsindən sonra! A.Qromov açıq şəkildə bəyan edib ki, KMTK iclasının stenoqramının dərcinin mümkünlüyü barədə bəyanat, D.Medvedevin birbaşa göstərişi ilə yayılıb.
Təbii ki, elə bu açıqlamanın özünü də A.Qromov prezidentin razılığı olmadan verməzdi.
Aydındır ki, Moskva özünün postsovet məkanındakı geosiyasi mövqelərini möhkəmləndirməyə başlayıb. Ukrayna ilə uğurlu kombinasiya Kremli, sanki, Qərb istiqamətində analoji addımları davam etdirməyə sövq edir. Xüsusilə də nəzərə alsaq ki, Kiyevin Rusiyaya meyillənməsindən sonra, artıq Moskva rahatlıqla A.Lukaşenkoya təzyiqləri artıra bilər; çünki Rusiya üçün Qərb istiqamətindəki gərginlik cinahlarından biri neytrallaşdırılıb.
Bununla belə etiraf etmək lazımdır ki, Rusiya-Belarus İttifaqı yaranandan bəri, Moskva ilə Minskin münasibətlərində bu cür gərginliklərə tez-tez rast gəlinib. Elə A.Lukaşenkonun Qırğızıstandakı son hadisələrlə bağlı Moskvanın ünvanına səsləndirdiyi ittihamları və K.Bakiyevin ekstradisiyasından imtinanı xatırlamaq kifayətdir; bu addımı ilə Minsk Kremlin siyasi nüfuzuna kifayət qədər təsirli zərbi endirdi.
Bundan başqa, Belarus liderinin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə sıx təmas qurması da Rusiya rəhbərliyini qıcıqlandırmaya bilməz.
Publisist, Ukraynada nəşr olunan "Qazeta 24" gündəlik qəzetinin şef-redaktoru Vitali Portnikov Moskva ilə Minsk arasında gərginliyi çox maraqlı tərzdə şərh edir: "Kremldə heç cür başa düşmək istəmirlər ki, Lukaşenko ilə Saakaşvilinin görüşməsi onların Rusiyanın düşməni və ya xəyanətkarı, konyukturaçı olmalarından irəli gəlmir. Onlar siyasətçi olduqları üçün görüşürlər. Lukaşenkosuz Belarus və ya Saakaşvilisiz Gürcüstan daha yaxşı olardımı? Şübhəsiz. Amma anlamaq lazımdır ki, nə Belarusun yeni prezidenti, nə də Gürcüstanın yeni lideri rusiyapərəst olmayacaqlar. Ukraynanın yeni prezidenti kimi. Bəli, Gürcüstanda antirusiya (və ya antiKreml) mövqeli prezident ola bilər - Saakaşvili kimi. Ukraynada da antiRusiya mövqeli (antiKreml) prezidentin olması mümkündür - Yuş?enko kimi. Amma rusiyapərəst prezidentlər ola bilməz. Çünki Moskvaya prezidentlər yox, qubernatorlar lazımdır. Qubernator olmağa isə heç kəs razılaşmaz. Nə Lukaşenko, nə anti-Lukaşenko, nə Saakaşvili, nə anti-Saakaşvili, nə Yuşşenko, nə anti-Yuşşenko, yəni Yanukoviç bununla razılaşmaz!".
Rusiya Elmlər Akademiyasının Rusiya tarixi İnstitutunun əməkdaşı Andrey Marçukov da eyni fikirdədir. Onun sözlərinə görə, bu gün Ukraynanın yürütdüyü siyasət vaxtilə L.Kuçmanın siyasətini xatırladır. Yəni, "çoxşaxəli" xarici siyasət kursu seçilib ki, bu da Rusiya ilə dostluq və qardaşlığı nəzərdə tutsa da, paralel olaraq, Qərbə strateji oriyentasiyanı da əsas götürür. Beləliklə, Rusiya-Ukrayna "dostluğu"nun bugünkü taktiki uğuru, strateji məğlubiyyətlə əvəz oluna bilər. Rusiya Ukrayna ilə milli və siyasi sahədə irəli sürülmüş oyun qaydalarında özü üçün əlverişsiz məqamlara yenidən baxmaq üçün yaranmış şansı əldən verə bilər. Çünki hələlik Kreml postsovet respublikalarında, hətta, Moskvanın dəstəyi ilə hakiməyyətə gəlmiş qüvvələrin də rusiyapərəst oriyentasiya tutmasına nail ola bilmir; məsələn: Qırğızıstanda olduğu kimi. Bu ölkənin Müvəqqəti Hökuməti Moskvanın tələbləri qarşısında o qədər də üzüyolalıq nümayiş etdirmir və Qərblə sıx əməkdaşlıqdan imtina etməyə hazırlaşmır. Bəlkə də məhz buna görə bəzi ekspertlər bu fikirdədirlər ki, Rusiya Lukaşenkonu məğlub etməyi bacarsa, bundan Qərb və ilk növbədə ABŞ faydalana bilər. Rusiyalı politoloq P.Svyatenkov əmindir ki, Belarusda keçiriləcək prezident seçkilərində xaricdən güclü təzyiq olmayacağı təqdirdə, Lukaşenko birmənalı şəkildə qalib gələcək. Çünki Qərb son vaxtlar Moskva ilə münasibətlərdəki gərginliklərə baxmayaraq, Moskvanın dəstəyinə və Kreml ilə sistemli münasibətlərə arxalanan Lukaşenko rejimini təkbaşına laxlada bilməyəcək. Belarus müxalifəti zəif və nüfuzsuzdur. Bundan başqa, Qərb, çox g?man ki, Belarusda sabitliyin pozula biləcəyindən də çəkinir, çünki indi ona burada qırğız ssenarisinin təkrarlanması lazım deyil. Odur ki, indiki şəraitdə Qərb Belarusda birdən və sərt dəyişikliyin baş verməsində maraqlı ola bilməz.
Lukaşenko ilə münaqişəyə gedən Moskvanın yanaşması isə fərqlidir. Əlbəttə ki, Rusiya Belarus prezidentini devirmək haqqında düşünə bilər. Amma bu zaman ötən əsrin 80-ci illərinin sonlarında Şərqi Avropada - keçmiş sosialist düşərgəsinin bütün ölkələrində yaşanmış ssenarinin təkrarlanması təhlükəsi yarana bilər. O zaman da əvvəlcə Kremlə yaxın elita və xalqın bir hissəsi köhnə hökumətləri devirirdi və onların yerinə yenidənqurma dövrünün hökumətləri gəlirdi; amma tezliklə kütlə onları da kürüyüb-atır və ölkə Qərbə doğru istiqamət götürürdü.
Odur ki, belə bir ehtimal var ki, Moskva Qərb üçün qəbuledilməz şəxs olan Lukaşenkonu devirsə, sonradan qərbyönlü q?vvələr mövqelərini möhkəmlədərək, yeni rusiyapərəst hökumətin özünü də hakimiyyətdən sala bilər. Rusiyalı ekspertlərin fikrincə, Lukaşenko ilə münasibətləri gərginləşdirməklə, Moskva ciddi riskə gedir. Necə deyərlər, astarı üzündən baha baha gələr.
Ona görə də belə ehtimal etmək olar ki, vahid ittifaqda birləşmiş bu iki dövlətin rəhbərliyi ortaq məxrəcə gələrək, yaranmış ağır situasiyadan çıxış yolu tapa biləcəklər. Çünki "Köhnə dost, iki yeni dostdan yaxşıdır" kəlamı indi onlar üçün çox aktual səslənir.
MƏSLƏHƏT GÖR:



573

