5 Dekabr 2025

Cümə, 22:24

VASSALLA TƏRƏFDAŞIN FƏRQİ

Yerevan regional qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişməsinin qarşısını almaqda acizdir

Müəllif:

01.09.2010

Avqustun ikinci yarısında yerli və xarici analitiklərin diqqəti Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana, Rusiya prezidenti Dmitrii Medvedevin isə Ermənistana səfərlərinə yönəlmişdi. Hesab etmirik ki, bu səfərlər bilərəkdən bu cür sinxronlaşdırılmışdı, amma hər halda, belə alındı ki, bir-biri ilə münaqişə vəziyyətində olan Ermənistan da, Azərbaycan da, faktik olaraq, eyni vaxtda regionun ən nüfuzlu güc mərkəzləri ilə "saatlarını tutuşdurmaq" imkanı qazandılar. 

Dmitri Medvedevin Yerevana səfəri burada keçirilən KMTK-nin qeyri-formal sammiti ilə əlaqələndirilsə də, ona ən ali status - dövlət səfəri statusu verilmişdi. Bu isə qəbulun xüsusi təmtəraqla və çoxsaylı protokol tədbirləri ilə keçirilməsini nəzərdə tutur. Görünür, bununla Rusiya-Ermənistan münasibətlərinin inkişafı və genişləndirilməsi üçün, əslində, heç bir perspektivin olmaması faktı ört-basdır edilməli idi. Axı, qonşu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları və düşmənçi mövqeyi ucbatından Ermənistan özünü geosiyasi və nəqliyyat dalanına dirəyib. Onun iqtisadiyyatının həcmi çox cüzi və əhəmiyyətsizdir. Yalnız bir faktı söyləmək kifayətdir ki, bu ölkənin büdcəsinin gəlirləri və bütün ixracatın həcmi 1 milyard dollara bərabərdir. Müqayisə üçün deyək ki, Azərbaycanda bu rəqəmlər, müvafiq olaraq, 15 və 30 dəfə çoxdur.  Ermənistan iqtisadiyyatında az-çox diqqətə layiq olan nə var idisə, çoxdan borclar müqabilində Rusiyaya verilib. Ermənistanın siyasəti və hərbi sahəsi də tam olaraq Moskva tərəfindən idarə edilir. Yerevanda imzalanmışş sənədlər, görüntü olaraq, ciddi təsir bağışlasa da, əslində, onların ermənilərə bilavasitə hansısa fayda verəcəyi şübhəli görünür.

Odur ki, D. Medvedevin səfərinin guya Ermənistana böyük dəstək nümayişi kimi təqdim edilməsi, əslində, şəxsən Serj Sarkisyan üçün vacib idi və onun ölkə daxilində laxlayan mövqelərini möhkəmləndirmək məqsədi daşıyırdı. 

Bu iki səfəri televiziya ekranlarından izləməklə də Rusiya-Ermənistan və Azərbaycan-Türüiyə münasibətləri arasındakı prinsipial fərqi açıq-aydın görmək olardı. Serj Sarkisyanın yaltaqlığı və quyruq bulamağı onun hər jestində, hər sözündə açıq şəkildə sezilirdi. Öz çıxışları zamanı o, daim təşəkkür və minnətdarlıq edir, həyacandan səsi titrəyirdi, üzündən isə süni təbəssüm əskik olmurdu. Belə təsəvvür yaranırdı ki, izlədiyimiz bu mənzərə bir suveren dövlət liderinin digər suveren dövlələtə səfəri yox, sədaqətli vassal və "forpost"un öz süzereni, müdafiəçisi və "ailə başçısını" qarşılama mərasimidir. 

Bütün bunların fonunda Türkiyə prezidenti Abdullah Gülün Bakıya səfəri tam fərqli təsəvvür yaradırdı. Ali qonaqla Azərbaycan lideri İlham Əliyevin davranışında "patron-yetirmə" münasibətinə, qardaş dövlətlərdən hansınınsa böyük, hansınınsa kiçikliyinə eyham belə yox idi. Azərbaycanla Türkiyə arasındakı münasibətlər çoxdan bərabərhüquqlu tərəfdaşlıq xarakteri alıb. Və bu tərəfdaşlıq etnik, dini və mədəni  birliyə əsaslansa da, qarşılıqlı şəkildə tərəflərdən hər birinin siyasi və iqtisadi maraqları nəzərə alınır. 

D.Medvedevin Yerevana, A.Gülün isə Bakıya səfərləri zamanı müzakirə olunan və imzalanan sənədlər arasında hərbi-siyasi və enerji məsələləri prioritet təşkil edirdi, amma burada da Ermənistanla Azərbaycanın potensialları və imkanları arasındakı prinsipial fərq açıq sezilirdi.

İlk baxışdan belə təsəvvür yarana bilər ki, Yerevanda imzalanan Gümrədiki 102 saylı  hərbi bazanın müddətinin uzadılmasına dair müqavilə çox böyük önəm daşıyır. Amma əslində, bu sənəd nə Rusiyanın regiondakı hərbi iştirakını artırır, nə də mövcud qüvvələr nisbətini dəyişir. Yeni müqavilə yalnız Ermənistanın Moskvadan vassallıq asılılığını 2044-cü ilədək uzadır. Sənəddəki müddəalar - həm RF, həm Ermənistanın maraqlarının qorunması, Rusiyanın təhlükəsizlik təminatları (özü də yalnız erməni sərhədi boyunca yox), erməni ordusunun silah-sursat və xüsusi texnika ilə təchizatı və s. reallıqda heç nəyi dəyişmir.  Çünki nə buradakı rusiyalı hərbçilərin, nə də 102 saylı bazadakı hərbi texnikanın sayı artırılmır. Ümumiyyətlə, bu sayı artırmaq elə də asan deyil. Çünki 2008-ci ilin avqust müharibəsindən sonra Gürcgüstan Rusiya ilə sərhədlərini bağlayıb, Türkiyə ilə Azərbaycan isə öz ərazisindən Ermənistana heç bir yük buraxmır. Belə bir vəziyyətdə, rus-erməni hərbi tranziti üçün yalnız bir yol qalır, amma o da çox uzun və çətindir - Xəzər vasitəsilə, sanksiyalar altında olan İran ərazisindən.

Bir məsələyə də diqqət yetirin: ermənilərin Rusiyanın köməyi ilə öz Hərbi Sənaye Kompleksini inkişaf etdirəcəkləri haqda boşboğazlıqlarına rəğmən, Yerevanda imzalanmış müqavilədə bu haqda bir kəlmə də yoxdur və söhbət yalnız hərbi texnikanın təmiri mərkəzinin inşasından gedir. 

Daha bir maraqlı məqam isə odur ki, indiyədək ermənilər yalnız Türkiyədən gələn təhlükə qarşısında Rusiyadan kömək istəyirdilər. Yəni, "bizi Türkiyədən qoruyun, Azərbaycanla isə özümüz də bacararıq". Erməni siyasətçiləri və hərbçiləri səhər-axşam bar-bar bağırırdılar ki, hərbi əməliyyatlar bərpa olunsa erməni ordusu Bərdəni tutacaq, Gəncəni ələ keçirəcək və az qala, qələbə marşı ilə Bakıya qədər gəlib çıxacaq. Amma indi ermənilər anlamağa başlayıblar ki, təkbaşına Azərbaycanın qarşısında tab gətirə bilməyəcəklər. Prezidentlərin Yerevandakı mətbuat konfransında da bu açıq-aydın hiss olunurdu: jurnalistlər, Qarabağda müharibənin başlanacağı təqdirdə, Rusiyanın ermənilərə kömək əlini uzadacağı barədə fikirləri D.Medvedevdən, az qala, kəlbətinlə çəkməyə çalışırdılar. D.Medvedev isə açıq şəkildə qoyulan "müharibə başlasa, Rusiya nə edəcək" tipli suallara diplomatikcəsinə cavab verərək vurğuladı ki, Moskva yeni müharibəyə imkan verməməyə çalışacaq. Ermənistana veriləcək dəstək haqda isə o, hipotetik şəkildə, yalnız KMTK üzrə müttəfiq qismində cavab verdi. Yəni, Medvedev Rusiyanın Yerevan qarşısında ikitərəfli müttəfiqlik öhdəlikləri və Gümrüdəki baza ilə bağlı müqavilə kontekstində ermənilərə yardım vəd etməyib. Amma nəzərə alsaq ki, KMTK üzvlərinin əksəriyyəti etnik münaqişələrə qarışmaq istəmirlər, onda bu təşkilata da ümid etməyə dəyməz. Ələlxüsus da yaranmış vəziyyətdə: bu gün söhbət KMTK üzvü olan Ermənistanın qonşu Azərbaycana təcavüzündən gedir. Və bu təşkilatın yalnız mərkəzi asiyalı üzvləri deyil, Belarus da Ermənistanın ərazi iddiaları ilə razı deyil. Xatırladaq ki, 2008-ci ildə BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamənin müzakirəsi zamanı, Rusiyadan başqa heç bir KMTK üzvü Ermənistanla  həmrəylik nümayiş etdirmədi, Özbəkistan isə, hətta, Azərbaycana dəstək verdi. Yeri gəlmişkən, bu ölkənin prezidenti İslam Kərimov KTMT-nin Yerevan sammitində iştirak etməyi də lazım bilmədi.

Təəccüblü deyil ki, Rusiya hərbi bazasının müddətinin uzadılması haqda sənəd Ermənistanın özündə də çoxları tərəfindən etirazlar qarşılanıb. Bir çox erməni siyasətçiləri və analitikləri, xüsusilə də müxalifətçilər, bu razılaşmanı faydasız, yersiz adlandırır, onun bərabərhüquqlu əsasda imzalanmadığını, "müstəmləkəçilik" ab-havasını xatırlatdığını etiraf edirlər. Xülasə kimi, Milli və Beynəlxalq Təhqaqatlar üzrə erməni Mərkəzinin direktoru Riçard Kirakosyanın sözlərini xatırlatmaq olar: "Yerevan Moskvanın hörmətini qazana bilmədi və Rusiya onunla bərabər hüquqlu tərəfdaş kimi yox, vassal kimi davrandı". "Jamanak" qəzetinə müsahibəsində isə R.Kirakosyan bunları deyib: "Bu, Rusiyadan kənarda yerləşən yeganə rus bazasıdır ki, onun mövcudluğu ilə bağlı bütün xərcləri qəbul edən tərəf ödəyir. Məsələn, hətta Qırğızıstan da öz ərazisində Rusiya hərbi bazasını saxladığına görə, Moskvadan milyonlarla dollar alır. Ermənistanın könlünü almaq üçün isə Rusiya müstəmləkəçilik yanaşmasından istifadə edir: burada hərbi bazalarının saxlanması müqabilində, o, Ermənistana kömək və yardım haqda hansısa qeyri-konkret, aydın olmayan vədlər verməklə kifayətlənir".

Gümrüdəki 102 saylı hərbi bazanın müddət və funksiyalarının genişləndirilməsinə dair razılaşmaya beynəlxalq reaksiyanı isə, qısa olaraq, belə xarakterizə etmək olar: laqeyd-neqativ. Məsələn, Moskva ilə münasibətləri gərgin olan Gürcüstan bu müqavilədə özü üçün təhlükə görür. Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert İrakli Sesiaşvili bildirib. Onun sözlərinə ögrə, "Ermənistandakı Rusiya hərbi bazalarının müddətinin 2044-cü ilədək uzadılması regionda yeni geosiyasi reallığı möhkəmləndirir, bu reallıq isə Gürcüstan üçün təhlükələr gətirir". 

Vaşinqtonla Brüssel isə rəsmi olaraq bu hadisəni diqqətdənkənar qoysalar da, nüfuzlu "Washington Times" qəzetində postsovet məkanı üzrə ekspert Ariel Koenin olduqcca sərt məqaləsi çıxıb: o, Moskvanın addımlarını ABŞ-ın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması kimi dəyərləndirib. 

Populyar rusdilli telekanal olan RTVI-də (bu kanal əsasən, Rusiyadan kənarda yayımlanır) keçirilmiş interaktiv sorğuda iştirak edən tamaşaçıların 70%-i də Moskvanın postsovet respublikalarının ərazilərində yerləşdirdiyi hərbi bazaları ABŞ-ın maraqlarına təhlükə kimi qiymətləndiriblər. 

Azərbaycanın baş verənlərə reaksiyası isə çox təmkinli olub. "Rusiya tərəfi Axalkalaki və Batumidə (Gürcüstan) yerləşən hərbi bazalarını çıxararkən, Gümrüdəki 102 saylı hərbi bazaya verilən silahlardan heç bir şəaitdə Azərbaycana qarşı istifadə olunmayacağı ilə bağlı üzərinə öhdəlik götürüb. Biz ümid edirik ki, Rusiya bundan sonra da  Ermənistandakı hərbi bazasındakı resursların və silahların Azərbaycana qarşı işlənməyəcəyi ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiq qalacaq", - deyə Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Elxan Poluxov bəyan edib. 

Amma görünür, Yerevanda imzalanmış razılaşma Serj Sarkisyanı bir qədər ürəkləndirib. Və o, Rusiya prezidentinə minnətdarlıq çıxışı zamanı, əslində, hələ bir il əvvəl ATƏT-in XİN başçılarının Afinada tərəflərə təqdim etdikləri və Yerevan tərəfindən indiyədək sabotaj olunan Madrid prinsiplərinin hazırkı formasını rədd edib. Ermənistan prezidenti bunları deyib: "Mən bir daha Rusiyaya və şəxsən Dmitri Anatolyeviç Medvedevə bu münaqişənin nizamlanmasında oynadığı pozitiv rola görə minnətdarlığımı bildirmək istəyirəm. Məhz sizin səyləriniz sayəsində Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin bir sıra vacib görüşləri baş tutub. Bir daha vurğulamaq istəyirəm ki, biz sizin Sankt-Peterburqdakı üçtərəfli görüş zamanı irəli sürdüyünüz təkliflər əsasında problemdən konstruktiv çıxış yolunu axtarmağa hazırıq".

Yerevanda imzalanmış digər razılaşmaya əsasən, rusiyalı atomçular Ermənistanda yeni AES tikməyə hazırlaşırlar. Amma əslində, bu, müqavilədən çox, niyyət protokolunu xatırladır. Düzdür, Moskva bu stansiyanın inşası üçün tələb olunan maliyyənin 20%-ni öz üzərinə götürməyə hazırdır. Amma yerdə qalan vəsaitin haradan alınacağı sualına cavab tapılmayınca, yeni AES-in tikilməsi haqda danışmaq tezdir. Məlumdur ki, layihənin ümumi dəyəri 5 milyard dollar təşkil edir. Bu isə Ermənistanın müstəqillik qazanmasından sonra indiyədək bu ölkəyə yatırılan ümumi xarici sərmayənin həcminə bərabərdir. Öz ərazilərində analoji layihələri maliyyələşdirməkdən imtina edən Rusiya başklarının, Ermənistanda AES tikmək üçün pul verəcəyi də inandırıcı görünmür. Bundan başqa, stansiyanı "Rosatom"un tikəcəyini, üstəlik, Ermənistanın olduqca aşağı kredit reytinqini nəzərə alsaq, bu layihəyə Qərb maliyyə insttutlarının cəlb olunması da mümkün səslənmir. 

Bir vaxtlar bu layihəyə Gürcüstanın da cəlb olunacağı planlaşdırılsa da, Moskva ilə Tbilisi arasındakı hazırkı gərginlik fonunda bu da istisna edilir. 

Üstəlik, Rusiya-Gürcüstan sərhədinin bağlı olduğu bir şəraitdə, AES-in inşası üçün tələb olunan iri qabaritli avadanlığın Ermənistana hansı yolla gətiriləcəyi də aydın deyil. 

Beləliklə, Gümrüdəki hərbi bazanın müddətinin uzadılması haqda müqavilədə olduğu kimi, bu məsələdə də Moskva, sadəcə, Ermənistanda AES-i yalnız özünün inşa edə biləcəyini nümayiş etdirdi. Və bununla da, Fransa və Almaniya atomçularının Ermənistana olan marağını kökündən kəsdi. 

Ermənistan-Rusiya razalışmalarından fərqli olaraq, Türkiyə prezidenti Abdullah Gülün Bakıya səfəri zamanı imzalanan sənədlər geniş işıqlandırılmayıb. Bu dolayısı ilə göstərir ki, Azərbaycan-Türkiyə razılaşmaları xarici təbliağat vasitəsi üçün nəzərdə tulumayıb və özündə konkret öhdəlikləri əks etdirir. 

Bakıda imzalanmış "Starteji tərəfdaşlıq və qarşılıqlı yardım haqda Müqavilə" özündə bir sıra hərbi bəndləri də əks etdirir: bu, silah-sursatla təchizat, zabitlərin təlimi, müasir hərbi-sənaye kompleksinin birgə inkişafı və s. nəzərdə tutur. Hərbi xərclərin həcmi, son illər Bakının öz hərbi-sənaye kompleksinə əsaslı sərmayə qoyması, Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığı qarşılıqlı faydalı edir. 

Türkiyənin parlament respublikası olduğunu və iqtisadi xarakterli məsələlərin hökumətin səlahiyyətinə aid edildiyini nəzərə alaraq, tərəflər bu sahəyə dair yalnız fikir mübadiləsi aparıblar. Xüsusən ona görə ki, prezident İlham Əliyevin Türkiyəyə son səfəri zamanı Azərbaycan qazının Türkiyəyə nəqli, onun qiyməti,  karbohidrogen ehtiyatlarının Avropa bazarlarına tranziti üçün tariflərə dair razılıq əldə olunub. Prezident Abdulla Gülün onun şərəfinə verilən qəbul zamadı bildirdiyi kimi, iki ölkə birlikdə nəhəng layihələr reallaşdırır: "Vaxtilə bunu mif adlandıranlar, onların həyata keçirilməsini qeyri-mümkün sayanlar indi görürlər ki, bu layihələr iki ölkəni birləşdirir. Enerji sahəsində neft və qaz kəmərləri, nəqliyyat sahəsində dəmir yolu - biz artıq Naxçıvanı İqdırla birləşdiririk - bütün bunlar çox nəhəng layihələrdir. Bakı-Tbilisi-Qars dəmiryolu yalnız bu üç ölkəni deyil, hətta, Orta Asiya və Çini İngiltərə ilə birləşdirəcək". 

Düzdür, Türkiyə prezidentinin NATO-nun Ermənistandakı təlimləri zamanı müvəqqəti olaraq erməni-türk sərhədinin açılma ehtimalına dair suala cavabı Bakıda bir qədər narahatlıq yaratdı. Lakin məsələyə diqqətlə baxsaq, buna Azərbaycanda yox, Rusiyanın forpostu olan Ermənistanda əsəbi reaksiya verməlidirlər. Axı, söhbət NATO-nun bayrağı altında Ermənistana qərb hərbçilərinin, o cümlədən, Türkiyə hərbçilərinin gəlişindən gedir. Və sərhədin cəmi bir neçə günlüyə açılması, onun, Türkiyə liderlərinin indiyədək dəfələrlə verdiyi vədlərə zidd olaraq, daim açıq qalacağı demək deyil. Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bildirdiyinə görə, Türkiyənin təcavüzkar Ermənistanla sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab vermir. Bu, yalnız işğalçı rejimin əl-qolunu aça bilər. "Biz bu mövqeni Türkiyə rəsmi şəxslərinin diqqətinə çatdırmışıq. Baş nazir Rəcəb Tayyib Ərdoğan da, prezident Abdullah Gül də dəfələrlə bəyan ediblər ki, Ermənistan Dağlıq Qarabağ probleminin həlli məsələsində konstruktiv mövqe nümayiş etdirməyincə, iki ölkə arasında sərhədlər açılmayacaq. Biz Türkiyənin rəsmi şəxslərnə inanırıq və hesab edirik ki, irəli sürülən bütün tələblər təmin olunmayınca, Ermənistanla Türkiyə arasında sərhəd açılmayacaq", - deyə Ə.Həsənov vurğulayıb. 

Sonda onu da qeyd edək ki, ermənilərin dəridən-qabıqdan çıxmasına rəğmən, Yerevanla Moskva arasında münasibətlərin möhkəmlənməsi regional qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişməsinin qarşısını ala bilməyəcək. Düzdür, Rusiya ilə Türkiyənin regiondakı rolu çox böyükdür, amma Ermənistan-Azərbaycan münaqişəsini tərəflərin özləri həll etməli olacaqlar, onların strateji müttəfiqləri yox... 



MƏSLƏHƏT GÖR:

505