"YELLƏNÇƏK" SİYASƏTİ
Rusiyanın Ermənistandakı hərbi bazasına dair yeni razılaşma regionda qüvvələr balansını dəyişməyəcək
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Rusiyanın Azərbaycan və Ermənistanla hərbi-texniki və hərbi-siyasi xarakterli münasibətlərinə dair 2 xəbər KİV-də geniş müzakirələrə səbəb olub. Onlardan biri Rusiya ilə Azərbaycan arasında guya nəhəng hərbi razılaşma - Moskvanın Bakıya 2 ədəd (ZRK) C-300 PMU-2 "Favorit" zenit-raket kompleksi verməsi haqqındadır. Məlumatlara görə, tərəflər arasındakı razılaşmanın dəyəri 300 milyon dollardır.
"Nezavisimaya qazeta" Rusiyanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir ki, guya bu ölkənin Tverdəki Kosmik-Hava Müdafiəsi Hərbi Akademiyasında artıq bir neçə ildir ki, azərbaycanlı kursantlara təlim keçilir. Burada kursantlara ZRK C-300 komplekslərindən istifadə də öyrədilir.
"Rosoboroneksport" rəsmisi Bakıya sözügedən qurğuların satılacağına dair məlumatları təkzib etsə də, bəzi ekspertlər bildirir ki, əslində bu, tərəflər arasında tam razılaşma əldə edilənə qədər, silah satan tərəfin nümayiş etdirdiyi ənənəvi mövqedir. Üstəlik, Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamenti "C-300 zenit-raket komplekslərinin müdafiə xarakterli silah olduğunu və bu üzdən onun regionda qüvvələr nisbətinin dəyişməsinə aparıb-çıxarmasının mümkünsüzlüyünü" bəyan edib. Daim diqqətli və səliqəli şərhləri ilə tanınan Rusiya XİN-in belə şərhi dolayısı ilə göstərir ki, Azərbaycana C-300 komplekstlərinin satışı ilə bağlı siyasi problem yoxdur.
Yayılmış məlumatlar Ermənistan KİV-də böyük səs-küyə səbəb olub. Erməni mətbuatı Moskvanı satqınlıqda günahlandırır, onunla müttəfiqliyin etibarlı olmadığını bəyan edir. Azərbaycanlılara qarşı heyvani nifrəti ilə tanınmış şəxs, Dağlıq Qarabağ münaqişəsinin əsas "qızışdırıcılarından" olan İqor Muradyan Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib. Lragir.am internet qəzetinə müsahibəsində o bildirib ki, "Rusiya Ermənistanı Azərbaycanla barışığa sürükləmək, nəticədə, onun Qarabağı qismən və ya tam itirməsinə nail olmaq istəyir. Məqsəd isə bu yolla Azərbaycanı Rusiyanın siyasi nüfuz dairəsinə salmaqdır".
"Biz rusların özlərini aldatmaları və varlı dövlətlərin simasında yeni müttəfiq və tərəfdaş tapmaq cəhdlərinin şahidi oluruq. Ermənistanı isə Rusiyanın dinməz əlaltısına çevirmək isəyirlər və bu, Türkiyə ilə Azərbaycana da sərf edir", - deyə Muradyan bildirib.
Daha sonra Muradyan qəzəbli və anlaşılmaz fikirlər səsləndirib: "Ruslar çox tezliklə nəcisə batacaq, axmaqlıqları və alverçi əməlləri nəticəsində boğulacaqlar. Əlbəttə ki, Ermənistan hakimiyyəti və erməni diaspor təşkilatları bu qədər məzmunsuz, kapitulyasiyaya əsaslanan siyasət yürütməsəydi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəni öhdəliklərə sürükləməsəydi, Rusiya ilə münasibətdə sərt mövqe tutsaydı, belə məyusedici nəticədən də qaçmaq olardı".
Muradyanın sonrakı fikirləri isə Rusiya prokurorluğu və FTX-nin diqqətini cəlb etməlidir: "Vətənin təhlükəsizlikdə olması üçün bəziləri həyatını qurban verməlidir. ZRK C-300 ya istehsal vaxtı, ya daşınan zaman, ya da Azərbaycan ərazisində məhv edilməlidir. Bununla çoxdan, ən azı, 4 il əvvəl məşğul olmaq lazım idi. Məgər çeçen müqavimətindən nəticə çıxarılmayıb?.. Gələcəkdə nə baş verməsindən asılı olmayaraq, Rusiya əclaflığına görə şillə yeməsə, onda Ermənistan özünü dövlət saymasın!".
Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Yerevanın proqnozlaşdırılan mənfi reaksiyası Rusiyanı Azərbaycanla hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə paralel olaraq, Ermənistanla da təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri bildirir ki, tərəflər arasında Rusiyanın Gümridəki hərbi bazası haqqında razılaşma - yenilikləri nəzərdə tutan sənəd kimi müzakirə edilir. Sənəd bazanın Rusiyanın maraqlarının müdafiə etməsi ilə yanaşı, bundan sonra Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ölkənin təhlükəsizliyi ilə də məşğul olmasını nəzərdə tutur. Bu məqsədlə Rusiyanın Ermənistanı müasir və uyğun silahlarla, hərbi (xüsusi) texnikalarla təmin etməsi də nəzərdə tutulub. Müqavilənin müddəti 49 ildir. Lakin onun qüvvədən düşməsinə 6 ay qalmış tərəflərdən hər hansısı əməkdaşlığı dayandırmaq istədiyini yazılı şəkildə bildirməsə, sənədin müddəti daha 5 il uzanacaq.
Reallıqda bu sənəd regiondakı qüvvələr balansını dəyişmir və Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırmır. Moskvanın Yerevanı silah-sursatla təmin etməsinə gəlincə, Rusiya bu müqaviləyədək də Ermənistana ya pulsuz, ya da rəmzi qiymətə silah-sursat verib. 102 saylı bazanın şəxsi heyətinin, az qala, yarısı etnik ermənilərdən ibarətdir. Yerevan onlara həmişə lazım gələn anda dərhal ölkənin təhlükəsizliyinin qorunmasına cəlb olunacaq qüvvə kimi baxıb. Bu səbəbdən də hərbi bazanın müddətinin artırılacağına dair məlumatın Ermənistanda nəinki dəstək almaması, hətta çoxsaylı tənqidlərə yol açması heç də təsadüfi deyil.
Məsələn, Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan açıq şəkildə bildirib ki, ermənilər bu müqavilə ilə "faktiki olaraq, Ermənistanın suverenliyinin son işartılarını da itirib".
Razılaşma rusiyapərəst daşnaklar tərəfindən də tənqidlə qarşılanıb. Yerevanda heç də əsassız olmayaraq düşünürlər ki, Moskva erməniləri sakitləşdirməkdən daha çox özünün bu ölkədəki mövqelərini uzun müddətə möhkəmləndirməyə, onun geosiyasi xəttinin dəyişməsinə işarənin belə mümkünsüz olduğunu göstərməyə çalışır.
Rusiyadan indiyədək aldıqları birmənalı dəstəyin sona çatmaqda olduğunu anlayan erməni liderlər son zamanlar NATO-ya tərəf gedə biləcəklərini göstərən mənasız imitasiyalara start verib. Şübhəsiz ki, bu, heç kim tərəfindən ciddi qəbul edilmir. Üstəlik, Rusiya kimi, ABŞ, Avropa İttifaqı və NATO da Yerevandan Azərbaycanın işğal altındakı torpaqlarının mümkün qədər tez boşaldılmasını daha israrla tələb etməkdədir. Yazda Avropa İttifaqının qəbul etdiyi qətnamə, NATO Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə hazırlaşması, İtaliya Senatının bəyanatı və s. bunu sübut edir.
Suda boğulan adam saman çöpünə əl atdığı kimi, ermənilər də son zamanlar müəyyən dəstək əldə etmək ümidi ilə tez-tez İrana tərəf boylanır. Ermənistanın yüksəkrütbəli nümayəndələri bu ölkəyə səfər edir. Bu ilin əvvəlindən Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan, müdafiə naziri Seyran Ohanyan İrana baş çəkiblər. İndi isə xarici işlər naziri Edvard Nalbandyan Tehrana səfərə hazırlaşır. Onların İranda nə axtardıqları məlum deyil. Onların həqiqətən də hərbi və maddi xarakterli şübhəli, eləcə də gizli vədlərindən başqa, bir-birlərinə verə biləcəkləri heç nələri yoxdur. Ola bilsin, BMT-nin sanksiyaları ilə dünyadan təcrid vəziyyətinə düşmüş İran üçün Ermənistan və erməni diasporunun belə xidməti arzuolunandır. Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Madrid prinsipləri əsasında aparılan danışıqların iflasa uğrayacağı, Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi məsələsinin gündəmə gələcəyi təqdirdə Tehrandan dəstək almağa ümid edir. Amma ermənilərin istəyinin elə istək olaraq qalacağı şübhə doğurmur, çünki Moskva Ermənistana tam nəzarət edir.
İlk baxışdan belə görünə bilər ki, Rusiyanın regiondakı əməllərində ardıcıllıq yoxdur və o, Ermənistanla Azərbaycan arasında oyun oynayır. Həqiqətən də o, hər iki ölkəni öz hərbi-siyasi nüfuz dairəsində saxlamağa çalışır və bu məqsədlə "yellənçək" siyasəti yürüdür. Amma Moskvanın bu siyasəti sonsuzluğadək uzatması, ağrılı Dağlıq Qarabağ münaqişəsini hazırki dalana dirənmiş durumda saxlaması getdikcə çətinləşir.
Rusiya prezidentinin avqust-sentyabr aylarında Ermənistan və Azərbaycana səfərləri zamanı Qarabağ probleminin həlli prosesində irəliləyişə nail olmaq üçün həlledici cəhd göstəriləcəyi də gözlənilir. Bəzi məqamlara əsasən, düşünmək olar ki, Rusiyanın məsələyə dair mövqeyi və təklifləri ermənilərin o qədər də ürəyincə deyil. Axı o, hətta Bakı və Yerevana qarşı balanslaşdırılmış siyasət yürütsə belə, tərəflərin potensialına bələddir. Rusiya kimin qazanc mənbəyi olduğunu, kimin əbədi təmənnaçı olaraq qalacağını da yaxşı anlayır. Odur ki, Moskvada müttəfiqi, amma eyni zamanda əlaltısı olan Ermənistanla, müstəqil, qarşılıqlı səmərəli tərəfdaşlığı bacaran Azərbaycana münasibət fərqlidir.
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin avqustun əvvəlində Bakıya etdiyi səfər də bunun göstəricisidir. Onun səfərinin əsas məqsədi ictimaiyyətə genəş şəkildə açıqlanmayıb. Amma onun sentyabrın əvvəlində Dmitri Medvedevin Bakıya səfərinə hazırlıq xarakteri daşıdığı şübhə doğurmur. İqtisadi əməkdaşlığın miqyası, birgə layihələrin əhəmiyyəti çox böyükdür. İki ölkə arasında xarici siyasi gündəm isə o qədər zəngindir ki, Rusiya prezidentinin Azərbaycana səfərinə məhz belə yüksək səviyyədə hazırlıq labüddür.
Sankt-Peterburq görüşündən sonra tərəflər arasında müəyyən sərinləşmənin olmasına dair deyilənlərə baxmayaraq, Rusiya-Azərbaycan münasibətləri müsbət potensialını qoruyub saxlayır. "Ölkələrimizin beynəlxalq aləmdəki mövqeləri çox oxşardır. Beynəlxalq həyatda baş verən əksər məsələlərdə isə mövqelərimiz üst-üstə düşür", - deyə S.Narışkin jurnalistlərə açıqlamasında bildirib. O, Bakı ilə Moskvanın müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinin də yaxşı olduğunu söyləyib və bu zaman xüsusilə enerji və qaz sahələrinə diqqət çəkib.
Bir sözlə, Rusiya-Azərbaycan danışıqları yalnız Dağlıq Qarabağ münaqişəsilə məhdudlaşmır.
Amma Bakı üçün əlbəttə ki, ən vacibi məhz bu problemin həllidir.
Yerevanla bağlı vəziyyət tam fərqlidir. Orada Medvedevin Qarabağ münaqişəsindən başqa müzakirə edəcəyi heç nə yoxdur. Bir məqamı da qeyd edək ki, Rusiya prezidentinin Yerevana səfəri müstəqil xarakter daşımır və onun KTMT-yə üzv dövlət başçılarının sammitində iştirakı ilə bağlıdır. Qeyd edək ki, toplantı avqustun 20-22-nə nəzərdə tutulub.
Ermənistanın diplomatik dairələrində bildirirlər ki, Medvedevin Yerevana səfəri baş tutmasa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı bütün məsələlərin həll edilmədiyi anlamına gələcək.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş vaxtı nəinki yetişib, hətta onun vaxtı keçib də. Hazırkı status-kvonun saxlanması Rusiya və digər regional fövqəldövlətlərin maraqlarına ziddir. ATƏT-in bu ilin sonunda Qazaxıstanda ali səviyyədə keçiriləcək sammitinədək dünya ictimaiyyəti Qarabağ probleminin həlli prinsiplərini müəyyənləşdirməli və iradəsini ortaya qoymalıdır.
Əks halda, Minsk qrupunun vasitəçiliyinə inam tam məhv olacaq. Bu halda hadisələrin mənfi, sülh və sabitliyə xələl gətirəcək ssenari üzrə inkişafı ehtimalı güclənəcək.
MƏSLƏHƏT GÖR:



610

