6 Dekabr 2025

Şənbə, 00:03

KİMİN AĞRIYIR CANI, QOY ÇAY İÇSİN MƏRCANI

Azərbaycanda çayı niyə dişləmə qəndlə içirlər və ya ritual içkinin şəfaverici xüsusiyyətləri barədə

Müəllif:

01.08.2010

Hər bir xalqın öz  ritual içkisi var. Azərbaycanlıların mərasim içkisi isə çaydır. Azərbaycanlılar xeyirdə də, şərdə də çay içirlər. Heç bir hadisə çaysız başa gəlmir.  Azərbaycanda armudu stəkanlarda samovar çayı içirlər. Ona görə ki, armudu stəkanı əldə tutmaq  rahat olur, çay stəkanın ağız hissəsindəkinə nisbətən dib hissəsində  gec soyuduğuna görə  çay həmişə isti qalır.

Yeri gəlmişkən deyək ki, indiyədək samovarın ruslar tərəfəindən ixtira olunduğu güman edilirdi. Rus dilində samovar özüqaynadan deməkdir. Ancaq tarixi məxəzlərdən göründüyü kimi, samovar sumavar adı ilə qədim türklər- hunlar tərəfindən meydana gətirilmişdir. Eramızın 5-ci əsrində hunlar içərisində soba qoyulmuş taxta evlər, daş hamamlar və s. tikə bilirdilr. Qərbi avropalıları  hunların  hərbi səfərlər zamanı üstüörtülü arabalarda  yemək hazırladıqları və su qaynatdıqları sumavar (qədim türk dilində su qabı)      qərbi avropalıları çox təəccübləndirirdi. Ona görə ki, hunlar bir çox Avropa xalqlarına nisbətən daha yüksək inkişaf pilləsinə qalxmışdılar.

Azərbaycanın bütün yaşayış məntəqələrində pürrəngi samovar çayı hazırlanan çayxanalar fəaliyyət göstərir. Bu çayxanalara adamlar anjaq çay içmək və söhbət etmək üçün gəlirlər. Çayxanalar bir növ kişilərin yığınjaq yeridir. Müştərilər çay içə-içə  ötənlərdən və keçənlərdən söhbət salır, saktcə oturub öz problemlərinin həllinə çalışır və yaranmış vəziyyətdən çıxış yolu arayıb-axtarırlar. 

Hər bir Azərbaycan ailəsində gələn qonağa ilk növbədə  çay gətirirlər. Qonaqlıq çay ilə başlayır, çay ilə də qurtarır. Evə ev sahibi ilə bir neçə dəqiqəliyə görüşmək üçün gələnə də çay gətirirlər. Azərbaycanda çayı dişləmə qənd ilə içirlər. İlk qurtumdan qabaq qəndi çaya batırıraraq ağızlarına salırlar. Bu, çox qədimdən qalan adətdir. Azərbaycan hökmdarları onların çay qablarına zəhər tökülüb-tökülməməsini bilməkdən ötrü qəndi əvvəlcə çaya batırırdılar. Qədimlərdə zəhər üzvi mənşəli olduğundan dərhal qəndlə reaksiyaya girir və nəticədə çayın suyu bulanır ya da ki, "qaynayırdı". Çaya zəhər qatan sui-qəsdçini tutub edam edirdilər.

Çay həm də elçilik rəmzi idi. Azərbaycanda qız almağa gələn elçilər ordan-burdan söhbət salır, eyhamla danışırdılar. Daha birbaşa  demirdilər ki, "gəlmişik qızınızı oğlumuza alaq". Qız evinə elçi gələcəyi barədə  əvvəlcədən xəbər göndərilirdi. Qız evinin başçısı verilən təklifə razılığını şirin çay gətirilməsi ilə bildirirdi. Rədd cavabı vermək istəyəndə  süfrəyə ayrı-ayrılıqda dişləmə qənd və çay qoyurdular. Həmin ritual hər iki tərəfin adamlarının münasibətlərini poz-mur, heç kim, heç kimdən incimirdi. Elə çıxırdı ki, qız atasının yanına gələnlər, çay içmək və söhbət etmək üçün gəliblərmiş.

Azərbaycan çayı ətirli və ləzzətli olduğundan onu heç bir səbəb olmadan da həmişə içirlər. Çayın ətirli alınmasıdan ötrü onun dəmlənməsi qaydasını bilməkdən də çox şey asılıdır. Dəmləmə sirrini isə qocaman  çayxanaçı usta ölümündən qabaq belə açıqlamışdı: "Çayı dəmləyəndə quru çaya qənaət etməyin".

Dünyada çay içməyi   bu və ya digər dərəcədə hamı xoşlayır. Çay sudan sonra ikinci yerdə durur. Çayın vətəni Cənub-Qərbi Çin və ona qonşu olan Yuxarı Birma və Şimali Vyetnamdır. Maraqlıdır ki, "çay" sözü qədim türk dillərindən alınma sözdür.

Bir əfsanəyə görə, Cənubi Çinin imperatoru Çen Nunq (eramızdan əvvəl 3-cü minillikdə) saray həyətində oturub dağ su içirmiş. Təsadüfən dağ suya düşən yarpaqların imperator içkisinə verdiyi ətir və dad  onun xoşuna gəldiyi üçün  yarpaqları yığıb-saxlamaq əmri veribmiş. İmperator həmin yarpaqlardan bütün ölkədə istifadə  edilməsi barədə fərman da imzalayıbmış. Tarixi abidələr göstərir ki,  çay 220-280-ci illərdə  məlum olsa da o, 350-ci ildə becərilməyə başlanıb. 

Çin filosofları deyirdilər ki, çay şərabdan yaxşıdır. Ona görə ki, adamı sərxoş etmək əvəzinə onu daha da qıvraq edir və orqanizmini möhkəmləndirir. Onlar çayı infeksiya daşıyıjısı olmadığı üçün sudan da üstün tuturdular. İlk zamanlar hökmdarlar və din xadimləri  çaydan yorğunluğu aradan qaldıran, insanın görmə qabiliyyətini  və güjünü artıran  müalicəvi içki kimi istifadə edirdilər. Çində çaydan bir içki kimi 5-ci əsrin əvvəllərində geniş istifadə etməyə başlamışdılar. Çay yüksək dəyərləndirilirdi. İmperatorlar mükafatlandırmaq istədikləri  əyanlarına çay bağışlayırdılar. 5-cı əsrdə çay içmək şərəfi yüksək mənsəb sahiblərinə nəsib olurdu. 10-cu əsrdən başlayaraq çay Çində milli içki sayılırdı. Çay alveri geniş vüsət almağa başlamışdı. 

Avropaya çayı 16-18-ci  əsrlərdə portuqaliyalılar və hollandiyalılar gətirmişdilər. Niderland əhalisi nahardan sonra  çay içməyi ənənəyə çevirmişdi. Az sonra çay Atlantik okeanı vasitəsilə Qayananın Nyu-Amsterdam şəhərinədək gedib çıxmışdı.

1664-cü ildə İngiltərənin Ost-Hind şirkətinin tacirləri  ölkənin kralına iki funt çay hədiyyə gətirmişdilər. Kral çay içkisini layiqincə qiymətləndirdikdən sonra o, ilk vaxtlarda zəngin adamların əli çatan içki sayılırdı. Çox sonralar çay geniş kütlələrin sevimli içkisinə çevrilmişdi. Çaya qoyulmuş vergi yüksək olduğuna görə onu  anjaq imkanlılar içə bilirdi. Çayı kafelərdə içirdilər, pulun qalanını qaytarmaq üçün  xırda pul olmayanda  müştərilərə çay talonları verirdilər. Çay talonları mağazalarda adi ödəniş vasitəsi kimi qəbul olunurdu.  1793-cü ildə Çin çayının toxumları Hindistana gətiriləndən sonra  çay istehsalına başlandı. Yavada, Sumatrada, Vyetnamda 19-cu əsrin birinci yarısında, Afrikada və Cənubi Amerikada  əsrin ikinci yarısında çay  istehsalı vüsət almağa başladı. Hazırda Avstraliyada da çay becərilir. 

1896-cı ildə seleksiyaçı M.O. Novoselov ilk dəfə olaraq Azərbaycanın Lənkəran rayonunda çay kolları əkib bejərmişdi. Çay plantasiyaları  Oktyabr  inqilabı adlanana çevirilişdən sonra  məhv olduğuna görə, 1928-1929-cu illərdə çayçılığa yenidən başlandı, 1932-1934-cü illərdə sənaye miqyasında plantasiyalar salındı. İlk Azərbaycan çayı 1937-ci ildə buraxıldı. Ta qədimlərdən indiyədək bəşəriyyət çayın orqanizmə xeyirli təsirindən faydalanır. Şərqin böyük alimləri çayı orqanizmin qüvvəsini artıran, əhvalını yaxşılaşdıran vasitə kimi qiymətləndirirdilər. 

Qədim çinlilər çayı həyat alovu adlandırırdılar. 17-ci əsrin əvvəllərində yapon imperator sarayının loğmanları  qeyd edirdilər ki, içilən çay qanı təmizləyir, gözün selikli qişasını paklaşdırır, qaraciyərin və dalağın işini tənzimləyir, əzginliyi aradan qaldırır, bədənin əzələlərini canlandırır. 

Böyük rus yazıçısı Lev Tolstoy  çay haqqında belə deyirdi: "Mən çox çay içirəm, ona görə ki, çaysız işləyə bilmirəm. Çay mənim qəlbimin dərinliklərində mürgüləyən düşünjələrimi dilə gətirməyimə yardımçı olu".

Çay insan orqanizminin tonusunu yüksəldir, həyat funksiyalarını gücləndirir, susuzluğu yaxşı yatızdırır. Çay insanın qidalanma imkanlarının olmadığı  müddətdə aclığa dözməsinə kömək etdiyi üçün səyyahların, geoloqların, dənizçilər səfərə çıxarkən özləri ilə çay götürürlər. Bir çox ordularda çay  zəruri ərzaq məhsulu hesab edilir. 

Hər bir çayda 130-dan artıq  xeyirli maddə vardır. Dəmə qoyulmuş çaya tünd, bəzən də qırmızı-qəhvəyi rəngi  və  ağız büzüş-dürücülüyünü aşı maddəsi tanin  verir. Quru çayda 16 faizədək tanin maddəsi olur. Çay yarpağında miqdarı 0,007 faizə çatan efir yağları dəmlənmiş çaya bənzərsiz spesifik  ətir verir. Çayın tərkibindəki aşı maddələrinə katexinlər də aiddir. Bu maddələr qan damarlarının divarlarının elastikliyini artırır ki, bu da aterosklerozun profilaktikasında və hətta müalijəsində böyük əhəmiyyət kəsb edir.  Çay ürək-damar sisteminin xəstəliyi olan adamlara sakitləşdirici təsir göstərir, damarları genəldir, spazmaları aradan qaldırır və beləliklə qan dövranını yaxşılaşdırır, qan təzyiqini normallaşdırır. Hipertoniya xəstəliyi  hallarında çay katexinləri  qan təzyiqini  salır  və bütün hallarda baş ağrısını və qulaqlardakı gurultunu aradan qaldırır. 

Dəmlənmiş çayın tərkibindəki  alkaloidlər-kofein və teobromin orqanizmin  tonusunu yüksəldir. Ən yaxşı çay sortlarında alkaloidlərin miqdarı  4 faizədək olur.  Çaydakı kofein qəhvə dənələrindəki kofeindən yaxşıdır. Çaydakı kofein ürək əzələlərinin yıığılmasını təsirləndirir, beləliklə də arteriyaların qan dövranını gücləndirir. Kofein beyin damarlarına da müsbət təsir göstərir. Buna görə də yaxşı dəmlənmiş bir stəkan çay içəndən sonra adamın  əhvalı  yaxşılaşır. Çayı qıvraqlıq eleksiri (iksiri) adlandırırlar.  Çay böyrəklərin də funksiyasına  müsbət təsir göstərir. Böyrəkləri xəstə (böyrək çatışmazlığı, kəskin və xroniki nefrit) olan adamlar  üçün də çay xeyirlidir. Çay belə xəstələrin ümumi zəifliyini, iştah yoxluğunu aradan qaldırır. 

Çay soyuqlamış adamların tənəffüs yollarında hüceyrə mübadiləsinin intensiv getməsinə  yardımçı olduğundan xəstəliklə mübarizə asanlaşır. Çay soyuqdəymə hallarında  tərlədici  və stimullaşdırıcı  vasitə hesab olunur. 

Çay vitaminlərlə zəngindir. Çayda olan B2 vitamini  dərinin elastikliyini artıraraq, onu gözəl görünüşlü edir. 

Çayda ftor çox olduğuna görə o, dişlərdə kariesin baş verməsinə əngəl törədir. Adamların əksəriyyəti çayı şirniyyatla içməyi xoşladıqlarından onun müsbət təsirini xeyli azaldırlar.

Çay bir çox xəstəliklərin inkişafına əngəl törədir. Ona görə ki, müntəzəm olaraq çay içənlərin orqanizmlərində amin turşularının və vitaminlərin səviyyəsi sabit qalır. Çay mis, ftor, dəmir, manqan, sink, kalsium ilə zəngindir. 

Çay insanın sinir sisteminə də təsir göstərir. Çay içən adamın  beyin hüceyrələrinə oksigen axını gücləndiyindən onun beyin fəaliyyəti güclənir, tənəffüsü yaxşılaşır, qaz mübadiləsi artır. 

Çay orqanizmdən zərərli maddələri, o cümlədən ağır metalları çıxarmaq, mədəni, böyrəkləri və qismən də qaraciyəri sağlamlaşdırmaq  qabiliyyətinə malikdir.

Çaylar fermentləşdirilməmiş (yaşıl çaylar), yarıfermentləşdirilmiş (ağ çaylar. sarı çaylar U-Lun- Qara əjdaha çayları), fermentləşdirilmiş (qırmızı çay), olduqca çox fermentləşdirilmiş ( qara çay) olur.

Yaşıl çay (ona orta Asiya dövlətlərində kok çay, yəni göy çay deirlər)  fermentləşdirmə prosesinə məruz qalmayan çaydır. Son tədqiqatlar göstərilmişdir ki, göy, yaxud yaşıl çay xərçəngə qarşı təsir gücünə malikdir, eyni zamanda insanı ürək xəstəliyindən və Parkinson xəstəliyindən qoruyur. Yaşıl çay içənlərin qanında xolestrenin miqdarı azalır. Müayinələr nəticəsində məlum olmuşdur ki, hər gün yaşıl çay içən adamlarda  miokard infarktının baş verməsi imkanı 40 faiz azalır. Birləşmiş Ştatların kənd təsərrüfatının distoloci tədqiqatlar Mərkəzinin əməkdaşları müəyyənləşdirmişlər ki, yaşıl çay  arteriyaların sklerozlaşmasının qarşısını alır. Müntəzəm qaydada yaşıl  çay içən çinlilərin orqanizmlərində xərçəngə qarşı profilaktik vasitə olan  polifenolun konsentrasiyası son dərəcə yüksəkdir. Polifenol isə çay yarpağında yetərinjədir. Müntəzəm surətdə yaşıl çay içən adamların prostat xərçəngi xəstəliyinə tutulması riski xeyli aşağıdır. Eksperimentlər göstərmişdir ki, yaşıl çayda antioksidantlar  digər çaylardakına nisbətən bir qədər çoxdur. Yaşıl çayın müalicəvi xassəsini artırmaq üçün onu qəndsiz, südsüz içmək məsləhətdir. Yaşıl çay adamı gümrah saxlamaqla yanaşı, onun orqanizminin qidanı həzmetmə  qabiliyyətini normallaşdırır,  qan təzyiqini qaydasında saxlayır və qanda şəkərin miqdarının artmasını  əngəlləyir. 

Arizona universitetinin alimləri müəyyənləşdirmişlər ki, hamımıza yaxşı tanış olan qara çaya limon dilimləri salıb içəndə o, dəri xər-çənginin inkişafının qarşısını 70 faiz alır. 

Çay ömrü uzadan, orqanizmdən radioaktiv elementləri çıxaran  bir çox  maddələrlə zəngindir. Çay yarpağında təqribən üç yüz inqrediyent (o cümlədən zülal, yağ, 10-dan artıq vitamin növü, habelə çay fenolu, tein və lipid şəkər var. Buna görə də orqanizmi qidalandırır, fizioloci prosesləri tənzimləyir  və bədən sağlamlaşdırıcı təsir göstərir. Çay orta və ahıl yaşlı adamlara  xüsusilə faydalıdır. Çayda olan C, E, D vitaminləri, nikotin turşusu  və yod ömürü uzadır. Çay  yarpaqlarında olan fenollar radioaktiv maddələri udur və orqanizmdən kənar edir. Buna görə də çay indiki ağır ekoloci  şəraitdə  əvəzolunmaz içkidir.  Çay həm də qan əmələgətirmə funksiyasını  yaxşılaşdırır, əzələləri və sümükləri bərkidir, qalxanvarı  vəzin fəaliyyətini  güjləndirir.

Çayın tərkibində hamilə qadınlar üçün vacib sayılan sink vardır. Çay qan damarlarının daxili səthində  piy təbəqəsinin əmələ gəlməsini yavaşıtmaqla sklerozun, hipertoniyanın və beyin tromblarının baş verməsi ehtimalını  azaldır.

Çay mərkəzi sinir sistemini stimullaşdırır və əzələlərin mütəhərrikliyini  yüksəldir. Çay çəkini azaldır və dərinin vəziyyətini yaxşılaşdırır. Çayın tərkibindəki tanin bir çox zərərveriji bakteriyaları qırır və buna görə də stomatitin, anqinanın, enteritlərin və digər bağırsaq infeksiyalarının qarşısını alır. 

Çay orqanizmin qan əmələgətirmə funksiyasına kömək edir. Çayda zərərli şüalanmanı neytrallaşdıran maddələr  vardır. Buna görə də işləyən televizorun qabağında əyləşib çay içən adam şüalanmadan qorunur və görmə qabiliyyətini qoruyub-saxlayır. 

Çayın tərkibində kofein, teofillin, teobromin kimi alkaloidlərin olması qanın turşu-qələvi balansının pozulmasına imkan vermir. Çay orqanizmdə tez həzm olunur. Buna görə də qana düşən turşu tullantılarını  vaxtında neytrallaşdırmaq  üçün kifayət edən  konsentrasiyada  maddələr  əmələ gəlir. 

Çay sərinlik gətirən vasitədir. Bir fincan isti çaydan az sonra  dərinin temperaturu  1-2 C endiyindən adamda sərinlik duyğusu yaranır. 

Hər bir xalqın, hər bir regionun, hətta hər bir ailənin çay hazırlayıb içmək ənənələri mövcuddur. Şərqdə çay kultu yaponlara, Qərbdə isə ingilislərə mənsubdur. Yaponların çayiçmə ritualı son dərəjə mürəkkəb və təkmildir. O, xüsusi ssenari əsasında və xüsusi qab-qacaqların vasitəsilə həyata keçirilir. Çox zaman  çayiçmə mərasimi  çay evlərində ijra olunur. 

İngilislər  üçün ev şəraitində çayiçmə adi vərdişdən daha çox ünsiyyət formasıdır. Onlar çayı birinci səhər yeməyindən sonra  saat 7-9  arasında, lençdən (ikinci səhər yeməyindən)  sonra saat 13-də və hökmən saat 17-18 arasında içirlər. Ailələrin bir çoxunda axşam çayiçmə mərasimi (buna böyük çayiçmə deyilir) naharı əvəz edir. Bu  zaman çayın  yanında məzə də qoyulur. "Böyük çayiçmə" mərasimi Şotlandiya ailələrinin ənənəsidir. 

Çayın dadına və ətrinə   onun sortundan və keyfiyyətindən savayı daha nə   təsir göstərir?    Əlbəttə ki, SU! Çinlilər deyirlər ki, dağ bulaqlarının suyu çox əladır, çayların suyu orta, quyu suyu isə aşağı keyfiyyətlidir. 

Çay dəmləmək üçün suyun nejə qaynadılmasının da əhəmiyyəti az deyildir. Çin müdrikləri min il bundan qabaq suyun on altı qaynama mərhələsi olduğunu deyirdilər. Çayiçməyə önəm verən xalqlarda suyun üç qaynama mərhələsi  mövcuddur. Birinci mərhələdə  su qaynamağa başlayan kimi qabın divarlarında əmələ gələn hava qabarcıqları yuxarı qalxır. İkinci mərhələdə sürətlə artan qabarcıqlar suyun səthində toplaşır və bu, çox az müddət davam edir. Məhz həmin su çayı dəmləmək üçün optimal sayılır. Üçüncü mərhələdə su paqqıltı ilə qaynayır. Bu su çay dəmləmək üçün yararlı olmur və hətta zərərli sayılır. Yaşıl çayı dəmləmək üçün  50-60o C qızdırılmış sudan istifadə olunur. Çayı bir neçə dəfə qaynadılmış, yaxud qaynanmamış su əlavə edilmiş suda dəmləməyinə dəyməz. 

Çox qalmış dəm çayı ətrini  və   rəngini  dəyişir, vitaminlər  öz aktivliyini itirir. Kofeinin miqdarı xeyli artdığından çay insanın sinir sistemini   coşdurur və ürək-damar sisteminə  pis təsir göstərir.

Ümumiyyətlə götürüldükdə isə çay barədə  şair yaxşı demişdir: "Kimin ağrayır canı, qoy çay içsin mərcanı, min bir dərdin dərmanı çay, çay, çay!


MƏSLƏHƏT GÖR:

718