5 Dekabr 2025

Cümə, 23:10

XƏYALLARI GERÇƏKLİYƏ ÇEVİRMƏK

Çağdaş memarlıq həlləri qeyri-adi gözəlliyi ilə yanaşı, həm də iqtisadi baxımdan əlverişlidir…

Müəllif:

01.08.2010

Artıq 10 ildən çoxdur ki, şahidi olduğumuz "tikinti bumu" elə ilk addımlarından ən təzadlı rəylər doğurub. Lakin artıq analitik məqalələrdə tez-tez rast gəlinən bədbin proqnozları ürəkaçan əhval-ruhiyyə əvəzləməyə başlayıb. Ədalət naminə qeyd etmək gərəkdir ki, bütün bu məqalələr yalnız sadə vətəndaşların deyil, həm də Bakının görkəmində baş verən toplam dəyişikliklərdən gerçəkdən narahat olmuş mütəxəssislərin əhval-ruhiyyəsini əks etdirir. 

Maraqlıdır ki, memarlar, inşaatçılar və dizaynerlər arasında bu gün də diametral əks fikirlər müşahidə olunur: kimlərsə hər şeyi tənqid edir, başqaları şəhərin memarlıq görkəmindəki yenilikləri dəstəkləməklə yanaşı "bir sıra səhv-lər"ə diqqət çəkir, üçüncülər isə sadəcə, müsbət dəyişikliklər üzərində işləyirlər. 

Bizim müsahibimiz, memar, Dizaynerlər İttifaqının üzvü Nizami Qasımzadə öz müsahibələrində dəfələrlə paytaxtdakı indiki tikinti işlərini tənqid etməyin əsassız olduğunu vurğulayıb. Bütövlükdə həyata, o cümlədən memarlığa, indi dəbdə olan bir ifadə ilə desək, kreativ yanaşan bu insan öz işinə lap əvvəldən müdrik yanaşma sər-giləyir: o sadəcə işləyir, diqqətini gerçəkliyin mənfi anlaşılmasına deyil, yaradıcılığa yönəldir, yaradıcılığa isə Vətən sevgisi və milli ənənələrə bağlılıq prizmasından baxır. Təbii ki, çağdaş memarlığın təcrübəsinə hörmətlə yanaşmaq şərtilə. 

Görünür, məhz işə bu cür yanaşma hələ 15 il qabaq, "tikinti bumu" ərəfəsində Bakı buxtasının üzərindən keçən körpünü layihələşdirməyə və ya "AF-holding"in yalnız kosmosdan görünə bilən loqotipini işləməyə imkan verib. 

- Layihələrdən görünür ki, sizin tikinti və memarlıq sahəsində iş təcrübəniz böyükdür...

- Şəxsi həyat təcrübəm bir daha məşhur gerçəyi təsdiq etdi ki, hə-yatda təsadüflər olmur: həmişə istənilən hadisəni şans işi saymaq olar. Mən Ə. Əzimzadə adına İncəsənət Məktəbini bitirmişəm və İncəsənət Akademiyasına daxil olmuşam. Onda özüm üçün də gözlənilməz halda dizaynla maraqlanmağa başladım. O vaxt Bakıda belə peşə yox idi, amma dizaynerlərə ehtiyac artıq duyulurdu. Necə deyərlər, lazımi vaxtda lazımi yerdə oldum. 

İnteryer dizaynı layihələrindən başladım və gördüm ki, bu iş mənim ürəyimcədir və ən başlıcası,  mənim işlərim sifarişçilərə xoş gəlirdi. Beləliklə, təcrübəylə paralel olaraq dizayn və memarlıq nəzəriyyələrini öyrənməyə başladım və anladım ki, özümü məhz bu işdə tapmışam. Ancaq onda zaman öz prioritetlərini diqtə etməyə başladı: 90-cı illərin əvvəlləri bizim ölkə üçün heç də yüngül çağlar deyildi və yaşamaq üçün mən beş il tamamilə başqa sahədə bizneslə məşğul olmağa məcbur oldum. 

Amma sevimli işimi də kənara qoymadım: boş vaxtlarımda fantaziyamın nəqş etdiyi layihələr üzərində işləməyə davam etdim. Sadəcə, ona görə ki, bunsuz yaşaya bilmirdim. Nəticədə, 1998-ci ildə "tikinti bumu" yenicə sürət götürməyə başlayanda, mənim əlimdə tikinti şirkətləri üçün təklif etməyə çox şey var idi.  Ədalət naminə deməliyəm ki, mənim üçün həm də ona görə asan oldu ki, o vaxt ciddi rəqabət yox idi. Zaman xeyrimə işləyrdi, amma mən də yerimdə saymaq istəmirdim, daim üzərimdə işləyib peşəkarlığımı artırırdım. Bütün bu müddət ərzində mənim bir sıra şirkətlərlə birgə layihələrim oldu. Amma mən ən çox "AF-holding" şirkəti ilə işləyirəm; bəllidir ki, bu illər ərzində şirkət 20-yə yaxın iri tikinti layihəsi gerçəkləşdirib. 

 - Belə çıxır ki, bu qədər təzadlı reaksiyalar doğurmuş Bakı buxtası üzərindən körpü layihəsini də siz hələ "tikinti bumu" başlamamışdan qabaq işləmisiniz?

- Körpünün ideyasını hələ 1993-cü ildə vermişəm, onda mənim layihəmə ciddi yanaşmadılar, çoxları bunu mənası  olmayan açıq fantaziya saydı. Bu gün isə etiraf edirlər ki, körpü iqtisadi baxımdan əlverişli obyektdir, çünki Neftçilər prospektində avtomobil sıxlığının 50%-dən çoxunu azalda bilər və faktik olaraq Bakının çevrə yolunu qapayar. 

Şübhəsiz ki bu, Azərbaycanda turizmin inkişafına da təyan verəcək. Bu körpü həm də genişləndirilərək bütün sahil zonasını əhatə edəcək Milli Parkın - bulvarın hər iki ucunu birləşdirəcək. Doğrudur, Koreya şirkətinin gerçəkləşdirdiyi layihə ilkin layihədən bir qədər fərqlənir, çünki zaman öz düzəlişlərini edir, amma bütövlükdə, mənim ideyam həyata vəsiqə aldı. Və bu məni çox sevindirir. 

- Bəs siz layihədə məhz nəyi dəyişdiniz?

- Magistralın ümumi uzunluğu 13 kilometrdir. Amma konstruksiyanın özünün, yəni məhz körpünün uzunluğu 5 km təşkil edir. Layihənin ilkin variantında qranitdən tökmə torpaq zolağı nəzərdə tutulmurdu, bu ideya məndə bu yaxınlarda yaranıb. 

Birincisi, layihə bununla sırf görüntü baxımından uğur qazanır: tökmə zolaq körpünün uclarında kiçik körfəzciklər yaradaraq, Bakı buxtasının "rəsmi"ni xatırladacaq. İkincisi, tökmə zolağın uzunluğu (təxminən 2 km) körpünün hər iki tərəfində otellər, yaxt-klublar və turizmin inkişafı üçün lazım olan başqa obyektlərin yerləşdirilməsinə imkan verəcək. 

Bundan başqa, mənim layihəmdə bütün körpü boyunca sutəmizləyici süzgəclərin quraşdırılması ilə bağlı təklif var, bu, müəyyən zaman kəsiyində Bakı buxtasının suyunu tam təmizləməyə imkan verər. Mənim fikrimcə, Milli Parkın genişlənməsi məhz buxtanın təmizlənməsindən başlamalıdır. 

- Amma belə bir fikir var ki, körpü Nargin adasından keçməlidir?

- Belə təkliflər var, amma mən dəfələrlə demişəm ki, bu təkliflər məntiqsiz olduğu kimi, həm də uzaqgörən deyil. Axı Nargin sirr adası kimi düşünülüb, turistləri öz əlçatmazlığı və sirliliyi, təmiz havası və gözəlliyi ilə cəzb etməlidir. Orada bir avtomobildən belə söhbət gedə bilməz! Razılaşın ki, bu baxımdan adadan avtomobil yolunun keçməsi ideyası Xəzərin sirli adası ideyasını kökündən məhv edə bilər. 

- Razılaşırıq. Belə çıxır ki, siz romantiksiniz. Bunu sizin başqa bir layihəniz - milli naxışımız buta şəklində olan stadion layihəsi də sübut edir. Axı bizim memarlığın tarixində belə şey olmayıb... 

- Bizim memarlıq tarixində olmayıb, amma ümumiyyətlə, dünyada bu cür qeyri -adi layihələr var. Yaradıcı adam üçün ideyaların necə gəlməsi barədə danışmaq həmişə bir qədər mürəkkəb olur; çox vaxt bu, tamamilə qəflətən olur.  Hansısa assosiasiyalar, fantaziyalar yaranır ki, sən onu gerçəkliyə çevirirsən, çox vaxt layihə üzərində işləyəndə onun görkəmini dəyişirsən. 

"Buta" stadionunun yaradılma ideyasın?  oğlum Fikrət ilə Tofiq Bəhramov adına stadiona futbol matçına baxmağa gedəndə yaranıb. Hamıya bəllidir ki, bu obyekt hələ sovet illərində, Stalinin şəxsiyyətinə pərəstiş çağlarında tikilib və yüksəklikdən rusca "C" hərfini xatırladır. Evə dönən kimi mən yeni stadion layihəsini cızmağa başladım; mənim fikrimcə, bu obyekt idman obyektinə xas olan bütün tələbləri özündə əks etdirməklə yanaşı, bizim milli koloriti də daşımalıdır. Özüm də gözləmədən, birdən aydın oldu ki, mən kağızda bizim milli naxış olan butanı çəkirəm. Bu isə özündə stadionu və bir neçə infrastruktur obyektini birləşdirən, həmçinin, milli naxış formalı bütöv idman kompleksi yaradılması ideyasına çevrildi. Maraqlı alındı. Bundan başqa, layihə həm də texnoloji baxımdan qeyri-standartdır: açıq stadionda tamaşaçıların küləkdən, yağışdan və günəş şüalarından qorunması nəzərdə tutulur.

- Layihənin gerçəkləşdirilməsini nə vaxt görə biləcəyik və siz onun harada tikiləcəyini düşünürsünüz?

- Hazırda bizim layihə təsdiqlənmə mərhələsindədir. Amma onu bir neçə yerdə gerçəkləşdirmək mümkündür. Bu həm indiyə kimi də istifadə edilməyən yerlərin olduğu hava limanı yaxınlığında, həm də "20-ci Sahə" kimi tanınan ərazidəki Ağ Şəhərdə də inşa edilə bilər. Layihənin özəlliyi ondadır ki, naxışı yalnız yuxarıdan görmək mümkün olacaq, amma binanın özü yetərincə müasirdir, buna görə də kompleks ətrafdakı memarlıqla uyğun gələcək. Böyük ehtimalla, onun Bakı şəhərinin Baş Planında nəzərdə tutulmuş yeni çağdaş şəhərciklərdə yerləşməsi daha əlverişli olacaq. 

Mən əminəm ki, belə stadionun tikilməsi ölkə rəhbərliyinin Azərbaycanda turizmin inkişaf etdirilməsi ilə bağlı planlarına da uyğun gələcək, çünki o, turistlərin diqqətini özünə cəlb edəcək. 

- Siz artıq birinci dəfə deyil ki, öz layihələrinizə quş uçuşu yüksəkliyindən görünən vurğuları daxil edirsiniz. Sizdə bu uzaqgönəlik hardandır, axı bu gün çox populyar olan internet "axtarış" proqramları bir neçə il qabaq elə də çox istifadə edilmirdi?

- Mən artıq dedim, memarın və dizaynerin təcrübəsi həm də onun görə bilməsi hesabına yaranır. Mən çox səyahət etmişəm və hər səfərimdən sonra xatirələrlə birgə ideyalar da gətirməyə çalışmışam. Bir neçə il qabaq "AF-holding" Novxanıda ilk iri layihəsini - "Akvapark"ı gerçəkləşdirdi, bizim ümumi məqsədimiz ölkədə ailəvi istirahət ideyasını dirçəltmək idi.  

Mən fəxr edirəm ki, birgə əməyimiz nəticəsində vətəndaşlarımızın çoxu üçün bu qədər vacib olan layihəni gerçəkləşdirə bildik. Mən istəyirdim ki, haqqımızda bütün dünya bilsin və buna görə də "AF-holding"in internet vasitəsilə kosmosdan hər bir kəsin görə bildiyi emblemini işlədim. Əgər bir neçə il qabaq bu, qəribə görünürdüsə, hazırda mənim ideyam tamamilə məntiqli görünür.  Eyni şeyi "Buta" kompleksi barədə də demək olar, axı kosmosdan bizim milli naxışımızın görünməsi çox gözəldir!



MƏSLƏHƏT GÖR:

683