5 Dekabr 2025

Cümə, 23:59

ÜMİDLƏR DOĞRULACAQMI?

Polşada Bronislav Komorovskinin hakimiyyətə gəlişi ilə Avropanın geosiyasi düzənində ciddi dəyişikliklər baş verə bilər

Müəllif:

01.08.2010

Polşada keçirilmiş növbədənkənar seçki bu ölkənin Avropanın geosiyasi durumundakı rolu mövzusunu yenidən aktuallaşdırıb. Demək olar ki, butun Qərb ekspertləri Komorovskinin qələbəsindən daha çox Avropanın udduğuna əmindir. "Frankfurter Allgemeine Zeitung" yazır ki, Aİ-yə üzv olan postsovet ölkələrinin hamısının birlikdə ərazisindən böyük əraziyə malik olan Polşada sabitlik Avropanın Şərqə doğru genişlənməsi kimi riskli layihənin reallaşmasına kömək edər. Analitik Qabriele Lesser isə "Der Standard" səhifələrindəki yazısında Polşanın dəhşəti cəsarətlə aşdığını qeyd edir. O hesab edir ki, Avropa üçün bu, həlledici əhəmiyyət daşıyır. Çünki Polşa bundan sonra nəinki Aİ-nin fəaliyyətini ləngitməyəcək, əksinə, qurumdakı fəaliyyətini daha da fəallaşdıracaq və konstruktivləşdirəcək. Komorovskinin gəlişi ilə Lex Kaçinskinin prezidentliyi dönəmi üçün ənənəvi olan Avropa, Almaniya və Rusiya qarşısındakı qorxu dövrü bitəcək.

B.Komorovski Avropadaxili dialoqda yeni keyfiyyətlərin təşəbbüskarına çevrilə, bununla da, qorxu və inamsızlıq yerini əməkdaşlıq və tərəfdaşlığa verə bilər. Daha güclü Aİ-nin yaranmasının açarı Varşavanın əlindədir. Almaniya, Fransa və Rusiyanın yaratdığı "Veymar üçbucağı" Aİ-nin lokomotivinə çevrilə bilər. Məsələ ondadır ki, Almaniya ilə Fransa son iqtisadi böhrandan sonra Aİ-yə təkbaşına həlledici impulslar vermək iqtidarında deyil. Polşa öz növbəsində Aİ-nin şərq siyasətində həlledici sözə malik ola bilər. Lesser hesab edir ki, Rusiya ilə açıq dialoq buna imkan yaradır.

Əksər analitiklərin fikrincə, Aİ ilə danışıqlar məsələsində Rusiyaya qarşı sərt mövqe nümayiş etdirən L.Kaçinskinin Polşası B.Komorovskinin prezidentliyi dönəmində ritorikasını yumşalda bilər. Bunda nəinki Moskva, Berlinlə Paris də çox maraqlıdır. Beləliklə, Polşada mərkəzçi Komorovskinin hakimiyyətə gəlişi ilə Avropanın geosiyasi düzənində ciddi dəyişikliklər baş verə bilər.

Aİ-nin aparıcı üzvləri olan Almaniya ilə Fransa zaman-zaman ABŞ-ın Avropa məsələlərində əsas diqqəti Aİ-nin əvvəllər sosialist düşərgəsinə aid olmuş yeni üzvlərinə yönəltməsindən siyasətindən narazılıqlarını açıq şəkildə ifadə edir. Avropadakı geosiyasi nüfuzunu bərpa etmək məqsədi güdən Moskva da Vaşinqtonun bu siyasətindən narazıdır. Rusiya ABŞ-ın məhz Varşava müqaviləsinin dağılmasından sonra Aİ və NATO-ya üzv ölkələrin ərazisində HHM sistemi yerləşdirmək planını bəyənmir. Aİ-nin köhnə üzvləri ilə ABŞ arasındakı bəzi fikir ayrılıqlarından ustalıqla istifadə edən Kreml Almaniya və Fransanın köməkliyi ilə Avropadakı itirilmiş mövqelərini qismən də olsa geri qaytarmağa çalışır. Hər şeyin uğurlu alınacağı təqdirdə dünya Berlin-Paris-Moskva geosiyasi xəttinin necə yarandığının şahidi ola bilər. Bu isə Vaşinqtonu və onun keçmiş sovet respublikalarının timsalındakı müttəfiqlərini o qədər də məmnun etməyəcək.

ABŞ-ın dövlət katibi Hillari Klintonun Polşada prezident seçkisinin ikinci turuna bir neçə gün qalmış bu ölkəyə səfər etməsi də deyilənlərə sübutdur. Varşavada o, HHM sistemi haqda yenilənmiş razılaşmanı imzalayıb, vətəndaş cəmiyyətinin vacibliyi haqda çıxış edib. Bunu Vaşinqtonun Polşada HHM sistemi yerləşdirmək niyyətindən imtina haqda düşünmədiyinin göstəricisi kimi qiymətləndirmək olar. Görünən odur ki, Amerika, hətta Rusiya ilə münasibətlərdəki "yenilənmə"yə baxmayaraq, bu niyyətindən əl çəkməyi düşünmür.

Amma bütün bunlarla yanaşı, Moskvanın özündə də Kaçinskinin prezidentliyi dönəmində Kremlin xeyli güc və əsəbini korlayan Varşava ilə qarşılıqlı münasibətlərin sabitləşəcəyinə ümid edirlər. Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri M.Marqelov hesab edir ki, B.Komorovskinin prezidentliyi dövründə Moskva ilə Varşavanın münasibətləri müsbət tərəfə dəyişəcək və möhkəmlənəcək. Marqelovun fikrincə, bu, Polşanın da xeyrinədir. İki ölkə arasında konstruktiv dialoq Polşanın Avropa strukturlarına inteqrasiyasını dərinləşdirəcək. Güman ki, bununla da Varşava belə qərara gələcək ki, Polşaya ABŞ siyasətinin təsirilə hərəkət etmək yox, "Veymar üçbucağı" ölkələrinə tərəf istiqamətlənmək daha məqsədəuyğundur.

Rusiya öz növbəsində həm də Almaniya ilə Polşa arasındakı tarixi köklərə malik "ehtiyatlı" münasibətlərin (bu haqda bir qədər sonra) normallaşdırılmasına tövhə verməyə hazırdır. Amma Berlin, Paris və Moskvanın Polşanın yeni hakimiyyətilə bağlı ümidləri doğrulacaqmı? Məsələ heç də yalnız L.Kaçinskinin dövründə Rusiya-Polşa münasibətlərinin ən ağır dövrünü yaşamasında deyil. İki ölkə arasında elə A.Kvasnevskinin dövründəki münasibətləri xatırlamaq kifayətdir. Bu, Moskva ilə Varşava arasında bir çox məsələlərdə ziddiyyətlərin dərin kökləri olduğunu açıq şəkildə göstərir. Baxmayaraq ki, bu gün Polşa Rusiya ilə konstruktiv dialoq və sıx əməkdaşlıq haqda danışır.

1995-ci ildə A.Kvasnevski növbəti prezident seçkisində ölkənin birmənalı şəkildə Qərbpərəst olan başçısı Lex Valensa üzərində qələbə qazanmışdı. Baxmayaraq ki, onun siyasətində əsas istiqamətlər bazar iqtisadiyyatı, NATO və Aİ-yə inteqrasiya idi, amma o, qısa müddətdə olsa belə, Rusiyada özünə qarşı müsbət münasibət formalaşdıra bilmişdi. Onun prezidentliyi dönəmində Polşa NATO üzvü oldu (1997) və Avropa İttifaqına qəbul edildi (2004). Aİ-nin genişləndirilməsi məsələsində Kvasnevski "Açıq qapı" siyasətinə tərəfdar idi. O, NATO-nun Yuqoslaviyadakı əməliyyatlarını, ABŞ-ın Əfqanıstan və İraqa hücumunu da açıq şəkildə dəstəkləyirdi.

Varşava ilə Moskvanın qarşılıqlı münasibətlərində həyəcan siqnalı 2000-ci ilin yanvarında casusluqda ittiham edilən rusiyalı diplomatların Polşadan qovulması oldu. Bu hadisədən bir neçə həftə sonra "Azad Qafqaz" təşkilatının fəalları Poznandakı Rusiya konsulluğuna hücum çəkərək Rusiya bayrağını təhqir etdilər. Buna cavab olaraq, Moskvada Polşa əleyhinə nümayişlər keçirildi, Polşanı "Qərbə satılmış fahişə" adlandırmağa başladılar.

Buna baxmayaraq Rusiyada V.Putinin hakimiyyətə gəlişi ilə Moskva ilə Varşava arasında münasibətlər müəyyən dərəcədə istiləşmişdi. Burada iki liderin şəxsi münasibətlərinin rolu da az olmamışdı. 2003-cü ilin yayında Kvasnevski, hətta, iki ölkə arasında viza rejiminin ləğvinin mümkünlüyü haqda da danışmağa başlamışdı. 

Amma növbəti siyasi fikir ayrılığı bu ideyanın gerçəkləşdirilməsinə imkan vermədi: 2004-cü ilin sonunda Kvasnevski Ukraynanın o zamankı müxalifət lideri Viktor Yuşşenkoya beynəlxalq dəstəyin verilməsində böyük rol oynadı. Məhz bundan sonra Ukraynada keçirilmiş prezident seçkisinin rusiyapərəst siyastəçi Viktor Yanukoviçin xeyrinə olan rəsmi nəticələri ləğv olundu. Bundan başqa, A.Kvasnevski "Politika" həftəliyinə müsahibəsində bildirdi ki,Ukraynasız Rusiya Ukraynalı Rusiyadan daha yaxşı olardı. Bu, Zbiqnev Bjezinskinin "Rusiya Ukrayna ilə birlikdə imperiyadır. Ukraynasız Rusiya isə imperiya ola bilməz" postulatına söykənən fikir idi və bu, Kremli qıcıqlandırmaya bilməzdi. Belə çıxırdı ki, nəinki Polşa özü Qərb siyasətinin yayıcısına çevrilib, həm də var qüvvəsi ilə Ukarynanın Qərbin geosiyasi maraqlarına xidmət etməsinə çalışır. Polşa KİV-in məlumatına görə, V.Putin Polşanın "narıncı inqilab"ın gedişinə müdaxiləsinin Moskaya çox pis təsir etdiyini gizlətməmişdi. Artıq 2004-cü ilin dekabrında keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Kiyev hadisələrindəki roluna görə polşalıları və şəxsən Kvasnevskini məzəmmət etdi.

Gürcüstan məsələsində də analoji vəziyyət müşahidə olundu. Polşa bu ölkədə hakimiyyətə gəlişi Moskva üçün pis sürpriz olan Mixail Saakaşviliyə fəal dəstək verdi. Bundan sonra Varşava Ukrayna və Gürcüstanın NATO-nun İnteqrasiya fəaliyyəti planına tezliklə qoşulmasının əsas tərəfdarlarından biri kimi çıxış etdi.

A.Kvasnevski isə Putinin Kiyev hadisələri ilə bağlı ona ünvanladığı ittihamları ədalətsizlik adlandırmışdı: "Prezident Putinin sözləri ədalətsizlikdir. Bu, Polşanın və şəxsən mənim Ukraynadakı siyasi böhran zamanı tutduğumuz siyasi mövqenin, bu böyük ölkədə, bizim ümumi qonşumuzda demokratiyanın inkişafı üçün göstərdiyimiz fəaliyyətin dəyəridir. Polşa Rusiya ilə yaxşı münasibətlərin olmasında son dərəcə maraqlıdır və ona qarşı heç bir addım atmayıb. Biz Ukraynada vəziyyətin inkişaf etməsi kontekstində fəaliyyət göstərmişik".

Moskvanın Polşadan narazılığı həm də Varşavanın Baltikyanı ölkələrin NATO və Aİ-yə qəbulu istiqamətindəki səyləri ilə bağlı olub. Bu ölkələrin NATO-ya qəbulundan sonra Polşa alyansda onların maraqlarının ən fəal, ən parlaq müdafiəçisinə çevrilib. Varşava NATO-nun Şərqə doğru genişləndirilməsi məsələsində də "Açıq qapı" prinsipinə üstünlük verib. Bu isə Rusiyanın geosiyasi maraqlarına ziddir. Üstəlik, bütün postsosialist ölkələrilə müqayisədə Polşa ərazisində NATO hərbi bazasının yerləşdirilməsinə daha israrla çalışıb. Ölkəyə kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu məsələdə Polşanın öxünəməxsus məntiqi var. Varşava bu yolla Şərqi Avropada Moskvanın təsirinə qarşı duruş gətirmək üçün NATO-nun yeni üzvlərindən ibarət kiçik ittifaq yaratmağa çalışır. Amma bu ittifaqda aparıcı rol məhz Varşavaya məxsus olmalıdır.

Bundan başqa, Ukrayna və Moldovanın Aİ ilə sıx əməkdaşlığına tərəfdar olan A.Kvasnevski Rusiyanı yada belə salmırdı və bu, Moskvanın narazılığına səbəb olurdu. Bunun da Polşanı qətiyyən qane etməyən səbəbləri var idi. Kvasnevskinin sözlərinə görə, Rusiya Aİ-ni parçalamaq istəyir: "Rusiya Avropa İttifaqının Almaniya, Fransa və ya Böyük Britaniya kimi "köhnə" üzvləri ilə yaxşı münasibətlərə çalışır, nəinki yenilərlə. Biz tələb edirik ki, Rusiya Avropa İttifaqının bütün üzvlərinə eyni cür yanaşsın, bəzilərinə üstünlük verib, dirəglərinə etinasızlıq göstərməsin. Yəni, Moskva sanki Avropa İttifaqını parçalamağa çalışır. Yenidən köhnə antipatiyalar meydana çıxır. Bizə isə bu, lazım deyil. Hazırda belə fikir yaranır ki, Aİ-nin 4-5 dövlət və hökumət başçılarının Putinlə yaxşı münasibəti birliyin Rusiya siyasətində aparıcı qüvvəyə çevrilir".

İqtisadi potensialına görə, Aİ-də 6-cı dövlət olan Polşanı Moskvanın etinasız münasibəti də qane etmirdi.

2004-cü ilin yayında Varşava Rusiyanın "Lukoyl" şirkətinin Polşanın neft sənayesi obyektlərini özəlləşdirməsinə dair razılaşmanı pozdu. Səbəb kimi şirkətin lobbiçiliyini həyata keçirən Vladimir Alqanovun yalnız Varşavadakı sovet səfirliyini yox, həm də Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olması göstərilirdi. Rusiya ilə Estoniya arasında sərhədlərlə bağlı mübahisəli məqam yaranan zaman isə Polşa prezidenti A.Kvasnevski Tallinə dəstək verdi, Avropa İttifaqını Moskva ilə danışıqlar apararaq, vahid mövqe ortaya qoymağa çağırdı: "Estoniya sərhəd məsələsilə bağlı bütün məqamlarda bizim dəstəyimizə arxalana bilər. Çünki bu, təkcə Estoniyanın sərhədi deyil. O, həm də Avropa İttifaqının şərq sərhəddidir".

Rusiya-Polşa münasibətlərində problem yaradan məqamlardan biri də Baltik dənizinin dibi ilə "Şimal axını" qaz kəmərinin tikintisi olub. Xatırladaq ki, bu layihənin reallaşdırılmasına dair razılaşma Rusiya ilə Almaniya arasında 2005-ci ilin sentyabrında imzalanıb. Polşanın xarici işlər naziri Radek Sikorski həmin vaxt bildirmişdi ki, bu layihə Polşanın Avropaya Rusiya qazının nəqlinə təsir imkanlarını əlindən alacaq. O, layihəni "Putin-Şroder paktı" və ya "Ribbentrop-Molotov paktı"nın "yeni nəşri" adlandırmışdı. Bu qiymətləndirmə ilə prezident Kvasnevski də razı idi. Halbuki, bir müddət əvvəl o, gözlənilmədən "Şimal axını" layihəsinə dəstək vermişdi.

Amma layihə razılaşdırıldığı dönəmdə Polşa "Enerji NATO"sunun yaradılması təşəbbüsü ilə çıxış etdi. Varşava hesab edirdi ki, bu qurum üzv dövlətlərə qaz nəqlinə nəzarəti öz üzərinə götürməli, qaz kəmərlərinin inşasını koordinasiya etməli və maliyyələşdirməli, enerjidaşıyıcılarının təchizatını diversifikasiya etməlidir. Polşa yeni birliyə Ukrayna və Gürcüstanın da qəbulunu təklif edirdi. Əsas təchizatçı kimi isə Azərbaycan və Mərkəzi Asiya ölkələri nəzərdə tutulurdu. Məhz həmin vaxtdan Polşa Azərbaycanın ənənəvi enerji resurslarına ciddi maraq göstərməyə başlamışdı.

Bütün bu "əsəb döyüşü"nə Moskva da öz "pay"ını verib. 2005-ci ilin mayında Qələbənin 60 illiyi ilə əlaqədar Qırmızı meydanda keçirilən paraddakı çıxışında Vladimir Putin faşizmin darmadağın ediilməsində payı olmuş müttəfiqlər arasında Polşanın adını çəkməyi "unutmuşdu" və bu, Varşavada ciddi narazılığa səbəb olmuşdu. Varşava "antihitler koalisiyasında Polşa ordusunun sayına görə, 4-cü yerdə olduğunu" xatırlatmağı lazım bilmişdi.

2005-ci ilin avqustunda Polşada rusiyalı diplomatların övladları olan 3 yeniyetmənin 19 nəfərlik skinhed qrupu tərəfindən döyülməsi də tərəflər arasında daha bir narazılığa səbəb olmuşdu. Bundan bir qədər sonra Moskvada naməlum şəxslər 3 Polşa vətəndaşını döymüşdü - 2 diplomatı və 1 jurnalisti. Bundan hiddətlənən Varşava Moskvadan Polşa vətəndaşlarının təhlükəsizliyinin təmini üçün tədbirlərin gücləndirilməsini tələb etmişdi. 

2005-ci il noyabrın 4-nün Rusiyanın milli bayramı - 1612-ci ildə Moskvanın Polşa ordusundan azad olunması günü elan edilməsi də iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət etməyən addım olub. Moskva ekspertləri isə Dumanın bu qərarına Polşa əleyhinə addım kimi baxılmamasını məsləhət görür: guya, sadəcə, Rusiya kommunistlərinin özlərinin mövcudluğunu xatırlatmaq üçün istifadə etdikləri 7 noyabr gününü nə iləsə əvəz etmək lazım idi.

2005-ci ilin noyabrında "Rosselxoznadzor" Polşadan Rusiyaya bəzi kənd təsərrüfatı məhsullarının gətirilməsinə qadağa qoydu. Bu, həmin məhsulların "yerli standartlara cavab verməməsi" ilə əsaslandırılmışdı. 2006-cı ilin noyabrından isə Rusiya ilə Aİ arasında yeni baza razılaşmasına dair danışıqlara start verilməsini əngəlləməyə başlayıb. Bu, artıq L.Kaçinskinin Polşaya rəhbərlik etməyə başladığı dövr idi. O vaxtdan Varşava-Moskva münasibətlərindəki böhran daha da dərinləşməyə başlamışdı. Burada Polşa prezidentinin Katın faciəsilə bağlı prinsipial mövqeyi də ciddi rol oynayırdı.

Sadalanan faktlar göstərir ki, Rusiya ilə Polşa arasında asan olmayan münasibət şəxsi yox, siyasi-iqtisadi, geosiyasi xarakter daşıyır. Rusiyanın Almaniya ilə son dərəcə yaxınlaşması Varşavada ciddi narahatlıq yaradır. Polşada çətin ki, bir vaxtlar Reç Pospolita ilə sərhədyanı dövlətlər olan Rusiya, Avstriya və Prussiya tərəfindən ölkənin ərazisinin 3 dəfə (1772, 1793 və 1795-ci illər) unudublar. Digər tərəfdən,qalib ölkələrin təşkil etdiyi Postdam konfransının qərarı ilə, müharibəyədək  7 milyonadək almanın yaşadığı 120 min kv.km ərazinin Polşaya verildiyini də unutmayaq. Bu əraziyə  Dansiq şəhəri və "Dəhliz" (Almaniyadan Dansiqə gedən şosse) daxildirlər. Bir neçə ay sonra Polşa hökumətinin dekretinə əsasən, "almanlar tərəfindən atılmış" ərazilərə polyakların yerləşdirilməsinə başlanıb. Doğrudur, onları bu torpaq sahələri və daşınmaz əmlakı mülkiyyət kimi yox, 99 il müddətinə "əbədi istifadə" adı ilə alımışdılar.  Lakin tezliklə Almaniya Federativ Respublikasında yaradılmış və sıralarında Mərkəzi və Şərqi Avropadan köçürülmüş almanların, habelə onların davamçılarının olduğu "Qovulmuşlar İttifaqı" onlardan alınmış torpaqların qaytarılması və maddi və mənəvi dəyərin ödənilməsi tələbi çıxış etmişdi. Hələ XIX-XX əsrlərdə bəzi alman geosiyasətçiləri (F.Ratsel, F.Naumann, K.Haushofer) Almaniya-Ruvsiya, Almaniya-Fransa müttəfiqlik münasibətlərini nəzərdə tutan konsepsiyalar irəli sürürdülər. Bu zaman Avropada aparıcı rol Almaniyada, Şərqdə isə Rusiyada olmalı idi. Yəni, söhbət digər kiçik dövlətlərin rəqabət apara bilməyəcəyi 2 mərkəzi qüvvənin yaradılmasından gedirdi. Amma ingilis-amerikan geosiyasi düşüncəsinə malik olan şəxslər (X.Makkinder, N.Spaykmen və digərləri) Almaniya ilə Rusiya arasında geosiyasi ittifaq ideyasına hər zaman ehtiyatla yanaşıblar. Bu baxımdan Varşavanın mövqeyi daha çox ingilis-amerikan geosiyasi məktəbinin postulatları ilə üst-üstə düşür. Bu üzdən Rusiya və Almaniyanın Polşanın yeni mərkəzçi prezidenti B.Komorovskiyə olan ümidlərinin tam fiaskoya uğrayacağı da istisna deyil. Çünki liderlər gəlirlər və gedirlər, geosiyai maraqları isə əbədidir.



MƏSLƏHƏT GÖR:

564