5 Dekabr 2025

Cümə, 23:58

MÜHAKİMƏ OLUNAN MƏHKƏMƏ

BMT hakimləri Kosovo ətrafındakı mübahisəyə son qoya bilmədilər

Müəllif:

01.08.2010

Beləliklə, BMT Beynəlxalq Məhkəməsi Kosovonun 2008-ci il fevralın 17-də birtərəfli qaydada elan etdiyi müstəqilliyin beynəlxalq qanunlara zidd olmadığını bəyan etdi. Qurumun rəyinə görə, bu, heç bir beynəlxalq akta, həmçinin, BMT Təhlükəsizlik Şurasının hər hansı qətnaməsinə, o cümlədən, 1244 saylı qətnamənin tələblərinə zidd deyil. Əksinə, məhkəmə hesab edir ki, BMT TŞ-nin qətnaməsi Kosovonun yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini göstərən sənəd idi və bu addımın atılmasına imkan verirdi.

BMT Baş Assambleyası məsələ ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət qərarını 2008-ci il oktyabrın 8-də Serbiyanın təşəbbüsü ilə qəbul etmişdi. Belqrad özünə sərf edən qərar çıxarılacağı təqdirdə, Kosovonun statusu məsələsini yenidən BMT Baş Assambleyasının müzakirəsinə çıxarmağı və danışıqları bərpa etməyi düşünürdü. Lakin indi onun buna imkanları kifayət qədər azalıb. Bununla yanaşı, Beynəlxalq Məhkəmənin BMT-nin yeganə məhkəmə orqanı olmasına baxmayaraq, onun çıxardığı qərarlar yalnız tövsiyə xarakteri daşıyır və onlara mütləq əməl edilməsi vacib deyil. Beləliklə, istənilən halda, Kosovo ətrafındakı mübahisəyə nöqtə qoyulduğunu söyləmək olmaz.

Hazırda Kosovonun müstəqilliyini BMT üzvü olan 192 dövlətdən 69-u tanıyıb. Serbiya ilə yanaşı, Rusiya, Çin, Hindistan, Azərbaycan, İspaniya, Rumıniya, Braziliya, Belarus və bir sıra digər ölkələr hesab edir ki, Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarının pozulmasıdır. Bu dövlətlər beynəlxalq hüquq normalarına əsasən, Kosovonun müqəddəratını təyinetmə hüququnun olmadığı qənaətindədir. Çünki o, daim Serbiyanın ərazisi olub və heç zaman ayrıca respublika və ya müstəmləkə kimi yaşamayıb.

Kosovo vilayəti 1999-cu ilin yayından BMT TŞ-nin 1244 saylı qətnaməsinə əsasən, BMT administrasiyası və NATO-nun rəhbərlik etdiyi beynəlxalq qüvvələrin nəzarətində olub. Qeyd edək ki, BMT TŞ-nin 1244 saylı qətnaməsi Yuqoslaviya İttifaq Respublikasının (indiki Serbiya) ərazi bütövlüyünü dəstəkləyir və Kosovonun yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini özündə əks etdirir.

Lakin Kosovonun alban rəhbərliyi 2008-ci il fevralın 17-də ABŞ və Avropa İttifaqının bir sıra üzvlərinin dəstəyi ilə birtərəfli şəkildə müstəqilliyini elan edib.

Bununla yanaşı, bəzi ekspert və siyasətçilərin bildirdiyi kimi, Beynəlxalq məhkəmənin Kosovo ilə bağlı qərarı xüsusilə bir məqamına görə maraq doğurur: bu, faktik olaraq, BMT üzvü olan ölkənin bir əyalətinin ondan ayrılmasının tanınmasına dair ilk haldır. Amma axı separatçılıq problemi dünyanın bir sıra ölkələrində, həmçinin elə Avropanın özündə də aktuallığını qoruyur. Bir müddət əvvəl Serbiyanın xarici işlər naziri Vuk Yeremiçin dediyi kimi, "BMT məhkəməsi Kosovonu dəstəkləyərsə, regionda və dünyada heç bir sərhəd təhlükəsiz olmayacaq". Çünki "dünyanın istənilən demokratik hökuməti üçün ilk və vacib prinsip suverenliyin və ərazi bütövlüyünün qorunmasıdır".

Ermənistanda isə gözlənildiyi kimi, Beynəlxalq Məhkəmənin qərarı canlanma yaradıb. Məsələn, bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan bu qərarı "presedenti olmayan hadisə" adlandırıb. Ermənistan İctimai Televiziyasının efirindən verdiyi açıqlamada o, gur səslə bəyan edib ki, "söhbət müqəddəratı təyinetmədən gedirsə, burada ərazi bütövlüyü prinsipi ikinci plana keçir. İlk növbədə vacib olanı xalqların müqəddəratını təyinetmə prinsipidir və Haaqa Məhkəməsinin qərarı da məhz bu haqdadır".

Əlbəttə ki, erməni siyasətçilər Kosovo nümunəsindən bu qədər cuşa gəlibsə, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda da bu məqama istinadən edəcklər. Bu isə onsuz da asan olmayan prosesi bir qədər də çətinləşdirəcək. Bu səbəbdən də hazırda ATƏT-in Minsk qrupundan çox şey asılıdır. O, Yerevanın Qarabağla Kosovonun müqayisəsi kimi düzgün olmayan bu cəhdlərinin qarşısını dərhal almalıdır.

Bu, yalnız Dağlıq Qarabağa yox, həm də məsələn, Kataloniyaya və Basklar ölkəsinə aiddir. Burada da separatçı partiyalar Haaqa Məhkəməsinin qərarını alqışlarla qarşılayıb.

Erməni separatçılarının şadyanalığına cavab olaraq, rəsmi Bakı baş verənlərə səbrlə və konstruktiv reaksiya verib. "BMT Beynəlxalq Məhkəməsinin məsləhətçi qərarı yalnız Kosovo məsələsinə aiddir. Kosovo da bütün digər münaqişələr kimi unikaldır və onların həllərinin vahid üsulu yoxdur", - deyə Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov bildirib. Poluxov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ATƏT-in mandatı ilə Minsk qrupu çərçivəsində aparılır və Azərbaycan həmin formatda danışıqları davam etdirir.

Bununla yanaşı, XİN rəsmisi xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyün tanıyıb və tanıyır, gələcəkdə də bu mövqeyinə sadiq qalacaq.

AB Dövlət Departamentinin rəsmisi, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordon da Kosovo probleminin "unikal xüsusiyyətlərinin olduğunu", onun həllinin "digər regionlar və dövlətlər üçün presedent yaratmadığını" bəyan edib.

Xatırladaq ki, NATO Parlament Assambleyasının Yereevanda keçirilmiş Rose Rote seminarında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye də Dağlıq Qarabağ və Kosovo problemləri arasında "paralelliyin olmadığını" deyib, "Kosovodan fərqli olaraq, Dağlıq Qarabağın müstəqilliyini heç bir ölkənin tanımadığını və bu səbəbdən Kosovonun digər problemin həlli üçün presedent ola bilməyəcəyini" bildirib.

Fasye Kosovo və Dağlıq Qarabağ münaqişələri arasındakı digər fərqlərdən də danışıb: "Kosovo bir dövlətin daxili problemdir. Qarabağ münaqişəsi isə 2 dövlət - Ermənistan və Azərbaycan arasında yaşanır. Kosovoda uzun illər beynəlxalq qüvvələr olub, Dağlıq Qarabağda isə belə qüvvələr yerləşdirilməyib".

Maraqlıdır ki, Lragir.am saytının xəbər verdiyi kimi, Dağlıq Qarabağ separatçıları Beynəlxalq Məhkəmənin Kosovoya dair qərarına dəstək məqsədi ilə vəd olunmuş "çoxminlik" mitinqi təxirə salıb. Bu qərar müxtəlif səbəblərlə izah olunur - birincisi, Qarabağın "baş naziri" ilə "prezidenti" arasındakı fikir ayrılığından danışılır. İkinci versiya kimi mitinqdə Madrid prinsipləri əleyhinə şüarlar səsləndirilə biləcəyindən ehtiyatlanılması göstərilir. Hər halda Yerevan danışıqları məhz bu prinsiplər əsasında davam etdirməyə məcburdur.

Bütün bunlarla yanaşı, Rusiyanın Kosovo məsələsinə münasibəti son dərəcə maraqlı təsir bağışlayır. "Prinsipial məqam ondan ibarətdir ki, məhkəmə yalnız bəyannaməyə münasibət bildirib. Qurum xüsusi olaraq qeyd edib ki, o, Kosovonun Serbiyadan birtərəfli şəkildə ayrılması hüququna geniş planda baxmayıb. Məhkəmə çıxartdığı qərarda bu sənədin qəbulunun mümkün nəticələri haqda da heç nə demir, Kosovonun dövlət olub-olmadığına, onun bir sıra dövlətlər tərəfindən tanınmasının nə qədər düzgün olduğuna dair heç bir fikir işlətmir. Bizim Kosovonun müstəqilliyini tanımamaq barədə qərarımız qüvvədə qalır", - deyə Rusiya XİN-nin rəsmi açıqlamasında bildirilir.

Moskva əmindir ki, Kosovo probleminin həlli BMT TŞ-nin 1244 saylı qətnaməsi əsasında danışıqların davam etdirilməsilə mümkündür. Beynəlxalq məhkəmə də həmin sənədin nizamlanma üçün hamı tərəfindən qəbul edilmiş beynəlxalq-hüquqi baza olduğunu etiraf edir. Beynəlxalq hüquqla ümumiyyətlə müstəqillik haqda bəyannamələrin tənzimlənmədiyini deyən Rusiya XİN-in rəsmisi xatırladıb ki, BMT TŞ Şimal Kipr və Rodeziyanın müstəqilliyini qeyri-qanuni sayıb. Çünki öz müqəddəratını təyinetmə hüququ yalnız keçmiş müstəmləkələrə və ya digər dövlətin işğalı altında yaşayan xalqlara aiddir.

Rusiya Federasiya Şurasının birinci vitse-spikeri Aleksandr Torşin öz növbəsində hesab edir ki, BMT Beynəlxalq Məhkəməsinin Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsini leqallaşdırması təhlükəli presedent yaradır. O bildirib ki, "BMT məhkəməsinin belə məsələlərlə məşğul olmaq üçün heç bir mənəvi hüququ yoxdur".

Torşin BMT Beynəlxalq Məhkəməsinin "hüquqi həyasızlığına" da diqqət çəkib. O, məhkəmənin əsasən Kosovonun müstəqilliyini tanımış dövlətlərdən qurulduğunu xatırladıb.

Bununla yanaşı, Moskva Haaqa Məhkəməsinin Kosovo ilə bağlı qərarının dünya ictimaiyyətinə Abxaziya və Cənubi Osetiya problemlərinə fərqli baxmaq imkanı yaratdığını da bildirilir. Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Ozerov bildirib ki, "bu məhkəmə qərarı Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliklərini elan etmələrinin xeyrinə olan daha bir məqamdır": "Çünki onların Gürcüstandan ayrılmaq üçün əsasları heç də Kosovonun Serbiyadan ayrılması üçün mövcud olan əsaslardan az deyil".

"Əgər Kosovo xarici ordu hissələrilə doldurulubsa, Abxaziya və Cənubi Osetiyada öz hərbçilərini yerləşdirmiş Rusiyanı heç nədə qınamaq olmaz", - deyə Torşin bildirib.

Qərb KİV-nin Haaqa Məhkəməsinin qərarına reaksiyasına gəlincə, məsələn, "El Pais" yazır ki, Madrid məhkəmədən "daha ölçülüb-biçilmiş qərar gözləyirdi". Qəzetin yazdığına görə, məhkəmənin Kosovonun müstəqilliyini elan etməsinin qanunsuz sayması, amma de-fakto müstəqilliyə yol açan qərar qəbul etməsi daha gözlənilən idi.

"Priştinanın 2 il əvvəl elan etdiyi müstəqillik qanunsuz deyil. Çünki o, BMT TŞ-nin 1244 saylı qətnaməsinə "zidd deyil". Amma həmin qətnamə eyni vaxtda Serbiyanın cənub əyaləti üzərindəki suverenliyini də tanıyır. Bu ona bənzəyir ki, əgər sən mənim evimin bir hissəsiniə sahibsənsə, onu özündə saxlaya bilərsən. Çünki bu, kondominat qaydalarına "zidd deyil", - deyə "La Stampa" yazır.

"The Independent" məsələni belə şərh edib: "BMT Beynəlxalq Məhkəməsi qərarında əsas məsələyə - Kosovonun müstəqilliyinin digər dövlətlər tərəfindən tanınmasına toxunmayıb. Hüquqi üsul sınaqdan çıxarılıb. Amma problemi birdəfəlik həll edəcək sərt siyasi qərarın çıxarılması vacibdir".

"The Guardian": "Kim güclüdürsə, o da haqlıdır. Əgər sizin dövlətinizdən ayrılmaq istəyən hissə ABŞ və ya Rusiya tərəfindən dəstəklənirsə, onun müstəqilliyi tanınır".

Bəs bundan sonrası necə olacaq? Bu sualın cavabı sadədir: ümumilikdə hər şey olduğu kimi qalacaq. Serbiyadan ayrılmış böl-gənin müstəqilliyini dəstəkləyən dövlətlər və burada beynəlxalq qanun pozuntularını görənlər çətin ki, mövqelərini dəyişələr. 

Beləliklə, artıq yuxarıda qeyd olunduğu kimi, Kosovo ətrafında yaşananlara hələ nöqtə qoyulmayıb. Balkanlar əvvəlkitək potensial qeyri-sabit region olaraq qalır.

Serbiya prezidenti Boris Tadiç hələ qətnamə qəbul edilməzdən əvvəl bildirmişdi ki, onun ölkəsi hadisələrin istənilən istiqamətdə inkişafına hazırdır, Belqrad "heç bir halda Kosovonun müstəqilliyini nə birbaşa, nə də dolayısı ilə tanımayacaq". 

Beləliklə, indi Serbiya siyasətçiləri və ictimai xadimləri bundan sonrakı addımlar haqda düşünməlidir. Onların əksəriyyəti əmindir ki, hazırda qarşıda duran əsas məsələ Kosovo problemilə bağlı mövqelərdə parçalanmaya yol verməməkdir.

Bütün bunların fonunda bəzi müşahidəçilər bundan sonra Serbiyaya təzyiqlərin arta biləcəyini düşünür. Xüsusilə, onun Aİ-yə üzv olmağa çalışması belə təzyiqlərin artması üçün şərait yaradır. Artıq ABŞ-ın vitse-prezidenti Co Bayden Boris Tadiçə zəng edib. Bayden Tadiçdən "Kosovo ilə praktiv məsələlərin həlli, Kosovoda, Serbiyada və regionda yaşayış səviyyəsinin yüksəldilməsi üçün konstruktiv işə başlamağı" məsləhət görüb.

Avropa İttifaqının nümayəndələri də bildirirlər ki, Brüssel bloka üzvlüklə bağlı danışıqlar prosesində Serbiya və Kosovoya dəstək verməyə hazırdır.

Haaqa Məhkəməsinin qərarını "böyük qələbə" adlandıran Kosovo hakimiyyəti isə bundan mənəvi məmnunluqdan başqa, çətin ki nəsə alsın. Kosovonun əsasən serblərin məskunlaşdığı və Priştinaya tabe olmayan Mitrovise, həmçinin digər şimal rayonlarında zorakılıq hallarının yaşanması ehtimalı isə kifayət qədər yüksəkdir. Məhkəmənin qərarının açıqlanmasından sonra BMT-nin Baş katibi Pan Gi Munun maraqlı tərəfləri təxribatdan çəkinməyə çağırması da təsadüf deyil.

Kosovonun "baş naziri" Haşim Taçi bildirib ki, "Kosovo rəhbərliyi" "regionun bütün dövlətləri, həmçinin Serbiya ilə mehriban qonşuluq münasibətlərinin qurulmasına açıqdır". O, Priştinanın "Kosovonun konstitusion düzəni və ərazi bütövlüyünün şübhə altına alınmasına imkan verməyəcəyini" də söyləyib. Söhbət yenə də şimal raynlarından gedir. Orada fəaliyyət göstərən hakimiyyət orqanları Serbiya qanunvericiliyi əsasında və Belqradın maliyyəsi ilə seçilib. Kosovo rəhbərliyi Qərb mütəxəssislərinin köməyilə həmin rayonların inteqrasiyası üçün xüsusi proqram hazırlamağa çalışsa da, bu, heç bir effekt verməyib.

Kosovonun ABŞ-dan böyük dəstək aldığı isə hər kəsə məlumdur. Bir müddət əvvəl Vaşinqtona səfər edən Haşim Taçi oradan "Kosovonun müstəqilliyinin dönməzliyi"nə inam alıb. ABŞ Kosovonun Avropa İttifaqı və NATO-ya qəbulu məsələsinə dəstək verəcəyini də bildirib. İndi Kosovo rəhbərliyi özünə o dərəcədə əmindir ki, artıq gələn il BMT-yə üzv olmaq üçün ərizə verməyi planlaşdırır. Kosovonun "xarici işlər naziri" Skenderp Xiseninin sözlərinə görə, Priştina 121 ölkəyə müstəqilliklərinin rəsmən tanınması üçün sorğu göndərəcək.



MƏSLƏHƏT GÖR:

656