SANKSİYALAR BASQISI ALTINDA
İranın nüvə proqramı ilə bağlı böhran getdikcə daha qeyri-müəyyən xarakter alır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
İranın nüvə proqramı ətrafında vəziyyət, belə demək mümkünsə, sanksiyalaşdırılmış xarakter alır. Bununla dünya ictimaiyyəti Tehranı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayətə məcbur etməyə çalışır. Qətnamələr isə İrandan uranın zənginləşdirilməsi prosesini dayandırmasını tələb edir.
Ümumi və birtərəfli sanksiyalar haqqında
İran ətrafında yeni böhran BMT Təhlükəsizlik Şurasının iyunun əvvəllərində Tehrana qarşı yeni və daha sərt sanksiyalar qəbul etməsi ilə başlayıb. Onlar İranın iqtisadiyyatını və hərbi-sənaye kompleksini əhatə edirdi. İrana satılması qadağan olunan silahlar sırasına tanklar, zirehli texnika, hərbi təyyarələr, hücum vertolyotları, raket və raket kompleksləri daxil olundu.
Amma bütün bunlara cavab olaraq, İran rəhbərliyi uranın zənginləşdirilməsi prosesini dayandırmayacağını bəyan etdi.
Bundan bir qədər sonra ABŞ prezidenti Barak Obama İrana qarşı yeni birtərəfli sanksiyaların tətbiqinə dair müvafiq sənəd imzaladı. Onun imzaladığı qanuna əsasən, Amerikanın bank strukturlarına İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi ortaya çıxmış xarici maliyyə qurumları ilə əməkdaşlıq qadağan olunur.
Bundan başqa, Amerikanın sanksiyaları İrana neft məhsullarının ixracını, bu qadağanı pozan şirkətlərin cəzalandırılmasını da nəzərdə tutur. Obama bunları "Konqresin Tehrana qarşı indiyədək tətbiq etdiyi ən sərt sanksiyalar" adlandırıb. Obamanın sözlərinə görə, o, əvvəlcə hadisələrin bu cür inkişafına mane olmağa çalışsa da, Tehranın kompromisə getməkdən imtinası Vaşinqton üçün başqa yol qoymayıb.
Artıq Avropa İttifaqı da İrana qarşı birtərəfli sanksiyalar paketini təsdiqləyib. Onlar İslam Respublikasının enerji sektoru, xarici ticarət, nəqliyyat və maliyyə sahələrinə aiddir. Söhbət xüsusilə bu ölkənin neft-qaz sektoruna xarici investisiyaların qoyulmasına, nüvə materiallarının istehsalı üçün lazım olan məhsulların, silah-sursatın satışına qadağadan gedir. Bundan başqa, Aİ İrana benzin ixracının azaldılmasına da qərar verib və bu, Tehran üçün kifayət qədər təsirli sanksiya olar bilər. Məsələ ondadır ki, İranda emal sahəsində ciddi problemlər var və ölkənin benzinə olan daxili tələbatının 40%-i məhz idxal hesabına ödənir.
Aİ sankisyalarının maliyyə bölməsi İranın bir sıra bankları və digər biznes strukturlarının hesablarının dondurulmasını nəzərdə tutur. Bu, həmin hesablardan "hərbi istehsalın maliyyələşdirilməsi üçün istifadə oluna biləcəyi" ilə əsaslandırılır.
Nəqliyyat sahəsində ölkənin nəhəng qurumu olan "İran İslam Respublikası Gəmiçilik Şirkəti" və ölkənin avasiya daşımaları ilə məşğul olan şirkətləri sanksiyalarla üzləşib.
İranın Vaşinqton və Brüssellə münasibətlərində qeyri-adi heç nəyin olmadığı halda, onunla Rusiyanın münasibətləri son dərəcə gözlənilməz xarakter alır. İran ətrafındakı vəziyyətdə qüvvələr nisbətinin müəyyənləşdirilməsində Moskvanın da böyük rolunun olduğu bəllidir. Rusiyanın BMT TŞ-də İrana qarşı yeni sanksiyaların tətbiqini dəstəkləməsi Moskvanın Tehran siyasətinin sərtləşdiyini düşünməyə əsas verib. Bir məqam da diqqətdən qaçmır ki, Rusiyanın İranın nüvə proqramına daha sərt yanaşması onunla Vaşinqton arasında müəyyən yaxınlaşmanın müşahidə edildiyi dövrlə üst-üstə düşüb. Elə Amerikada da son zamanlar dəfələrlə Rusiyanın İran məsələsində ona Vaşinqtona dəstəyindən ağızdolusu danışırlar.
Rusiya prezidenti Dmitri Medvedevin İranın nüvə silahı istehsalına imkan verəcək potensial əldə etməyə yaxınlaşdığını bəyan etməsi də deyilənlərə sübutdur. Medvedev Tehranı nüvə proqramına dair bütün informasiyaları açıqlamağa, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyə çağırıb.
Buna cavab olaraq, İran prezidenti Mahmud Əhmədinejad Medvedevi "İran düşmənlərinin ruporu" adlandırıb. O, bildirib ki, Kreml sahibinin bəyanatı "ABŞ-ın İrana qarşı təbliğat tamaşasına start verib".
Qeyd edək ki, bu, İran prezidentinin Rusiya ilə bağlı ilk belə sərt çıxışı deyil. Mayın sonunda Moskva İrana qarşı sanksiyaların qəbuluna razılıq verən zaman Əhmədinejad Rusiyanın əməllərini "qəbuledilməz" adlandırmışdı.
Kreml isə öz növbəsində İran prezidentinin bəyanatlarına sərt reaksiyası ilə belə münasibətlə barışmayacağını göstərib. Baxmayaraq ki, Tehran ənənəvi olaraq, Rusiyanın Yaxın və Orta Şərqdəki tərəfdaşı kimi çıxış edib.
Yeri gəlmişkən, məhz hazırda enerji və hərbi sahədə əməkdaşlığa keçmiş bu tərəfdaşlığa görə, Rusiya İranı "birdəfəlik satmır" və Qərblə qarşıdurmada özü üçün manevr imkanları saxlamağa çalışır.
Fransanın "Le Figaro" qəzeti Rusiya-İran münasibətlərini "şizofreniya" adlandırıb. Qəzet bildirir ki, Rusiya bir tərəfdən, ilk dəfə olaraq, "İrandan gələn təhlükəni" etiraf edir, amma digər tərəfdən, yenə də özünün "Qərb, həmçinin Çin və Hindistanla qarşıdurmasında potensial müttəfiqi olan Tehranı atmaq fikrində deyil".
Rusiyanın İran siyasətindəki bu xüsusiyyətə ABŞ-ın müdafiə naziri Robert Qeyts də diqqət çəkib. O, bildirib ki, Rusiya bir tərəfdən İranı təhlükəsizliyə problem sayır, digər yandan Tehranla silahlanma və nüvə texnologiyası sahəsində ticari tərəfdaşlığı gücləndirməyə çalışır.
ABŞ və Aİ-nin İrana tətbiq etdiyi birtərəfli sanksiyaların Moskva tərəfindən tənqidi də bu ikili yanaşmanın daha bir sübutudur. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva "BMT TŞ formatında və "altılıq" vasitəsilə aparılan işlərin prinsiplərinə zidd addımları qəbul edilməz hesab edir". Rusiya tərəfi sayır ki, birtərəfli tədbirlər Tehrana qarşı vahid sanksiyalar sistemini dağıdır, bu səbəbdən də Moskva bu işdə ABŞ və Aİ-nin Rusiya ilə tərəfdaşlıq etməsinə lüzum görür.
Xəbərdarlıq siqnalları, yoxsa üfüqdə görünən dialoq
İran problemi ilə məşğul olan "altılıq" (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) üzvlərinin qarşılıqlı münasibətlərindəki bütün bu nüanslar İranın mövqeyinə heç bir təsir göstərmir. O, mütəmadi olaraq, nüvə proqramının icrasında əldə etdiyi yeni nailiyyətlər haqda dünya ictimaiyyətini məlumatlandırır. İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi də bu yaxınlarda bildirib ki, Tehran gələn il avqustun sonu, sentyabrın əvvəllərinə təkbaşına nüvə yanacağı istehsalına başlamaq haqda düşünür. İran parlamenti öz növbəsində nüvə proqramına dair qətnamə qəbul edib. Sənədə əsasən, hökumət ölkəni dinc xarakterli nüvə texnologiyası sahəsində özünü tam təmin edən dövlətə çevirməlidir. Burada söhbət xüsusilə sənaye miqyasında uran yanacağının istehsalına nail olmaq (3,5%-lik zənginləşdirmə) və nüvə laboratoriyası üçün (20%-lik zənginləşdirmə) uranın zənginləşdirilməsi prosesinin davam etdirilməsindən gedir.
İranın mövqeyində israrlı olduğunu göstərən daha bir fakt onun MAQATE-nin 2 müfəttişini ölkəyə buraxmaqdan imtina etməsidir. İran XİN-nin bəyanatında bildirilir ki, persona non-qrata elan olunmuş müfəttişlər ölkənin nüvə proqramına dair düzgün olmayan məlumatlar yayıb və "rəsmi informasiyanı vaxtından əvvəl açıqlayıblar".
Bu bəyanata cavab olaraq, MAQATE müfəttişlərinin peşəkar və qərəzsiz olduqlarını bildirib. "MAQATE-nin 2 müfəttişinin İrana buraxılmasından imtina Tehranın bizi nüvə obyektlərinə buraxmaq istəməməsinin göstəricisidir. Bununla da İran dünya ictimaiyyətinin onun nüvə proqramının dinc xarakterli olub-olmamasına dair narahatlığını daha da artırır", - deyə Fransanın MAQATE-dəki daimi nümayəndəsi Florans Manjan bildirib. Onun sözlərinə görə, "bir tərəfdən İranın bütün nüvə obyektləri agentliyin nəzarətindədir və oradakı materialların heç biri hərbi xarakterli nüvə proqramının icrası üçün deyil. Digər yandan, MAQATE İranda gizli nüvə obyektləri və materiallarının olduğunu istisna edə bilməz".
Manjan hesab edir ki, belə inamsızlıq İranın uzun illər, konkret desək, 20 il ərzində nüvə sahəsindəki fəaliyyətini gizli saxlamasından yaranır.
Tehranın son siyasi aksiyalarının fonunda Birləşmiş Ştatlar İranın nüvə proqramını bu və ya digər formada dayandırmaqda israrlı olduğunu göstərir. Obama administrasiyası İrana mümkün hərbi müdaxilələr haqda danışmağı xoşlamasa da, mütəmadi şəkildə Tehrana xəbərdarlıq siqnalları göndərilir. Bununla da onun danışıqlar prosesində güzəştlərə getməsinə nail olunmağa çalışılır. Hər halda, Vaşinqton açıq şəkildə göstərir ki, o, İranın nüvə dövləti olması ilə barışmayacaq və həlledici məqamda istənilən addım atmağa hazırdır. "Nüvə silahına malik İran Birləşmiş Ştatlar üçün qəbuledilməzdir", - deyə Pentaqon rəhbəri Robert Qeyts bildirib və bu bəyanat çox şeydən xəbər verir.
Qarşı-qarşıya olan tərəflərdən heç birinin geri çəkilmədiyi və məmnuniyyətlə hədə, xəbərdarlıq dilində danışdığı şəraitdə Braziliya və Türkiyənin problemin həlli istiqamətindəki təşəbbüsünü iflasa uğramış saymaq olar. Xatırladaq ki, bu iki dövlət bu ilin mayında İranla razılaşma imzalamışdı. Razılaşmaya əsasən, İrana 1,2 ton az zənginləşdirilmiş uran əvəzinə 120 kiloqram zənginləşdirilmiş nüvə yanacağı verilməli idi. İran probleminin tezliklə həllinə yönəlmiş bu təşəbbüsün uğursuzluğa düçar olduğunu anlayan və Tehrana qarşı yeni sanksiyların qəbulunun mümkünsüzlüyünü görən Türkiyə ilə Braziliya "altılıq" üzvlərini tezliklə danışıqların bərpasına çağırıb. Bu çağırış İstanbulda Türkiyə, Braziliya və İranın XİN başçıları arasında keçirilmiş görüşdən sonra səsləndirilib. Braziliyalı nazir Selsu Amorim deyib: "Biz İranın dinc xarakterli nüvə proqramı hüququnu tanıyırıq. Amma eyni zamanda dünya ictimaiyyəti bu proqramın hərbi xarakterli olmağına zəmanət almalıdır".
İstanbul görüşünün sonunda məlum olub ki, İran Aİ ilə nüvə proqramına dair danışıqlara başlamağa hazırdır. Bu, güman ki, Brüsselin addımına cavabdır. Məsələ ondadır ki, Aİ Tehrana qarşı birtərəfli sanksiyaların tətbiqi ilə yanaşı bu ölkə ilə dialoqu bərpa etmək niyyətini də ortaya qoyub.
Ümid etmək istərdik ki, bu danışıqlar həqiqətən də baş tutacaq və İran probleminin birmənalı olaraq dinc yolla həllinə yol açacaq.
MƏSLƏHƏT GÖR:




541

