13 Mart 2025

Cümə axşamı, 03:28

TİLSİMLƏNMİŞ DAİRƏ

Leonid Radzixovski: "Rusiyanın Ermənistanı Azərbaycan torpaqlarını boşaltmağa razı sala biləcəyi variantlar var…"

Müəllif:

01.08.2010

Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Məşhur rusiyalı jurnalist, analitik Leonid Radzixovski bu fikirdədir. Onun qənaətincə, Qarabağ problemi ətrafında tilsimlənmiş dairə əmələ gəlib və Moskva bu tilsimi qırmaqla, əlavə geosiyasi dividendlər əldə edə bilər. L. Radzixovski bu dairədən çıxmağın yolları, Dağlıq Qarabağ münaqişəsinin həll perspektivini necə gördüyü haqda jurnalımıza müsahibəsində danışıb.

- Salam, Leonid. Yəqin ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün nəticəsiz başa çatdığını bilirsiniz. Bu, danışıqlar prosesində böhranı və hərbi əməliyyatların bərpası ehtimalını nə qədər artırır?

- Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında müharibənin bərpası tərəflərdən heç birinin marağına uyğun deyil. Bunu bir sıra faktorlarla izah etmək olar. Xüsusilə, Ermənistan, çətin ki, Azərbaycana hücum etmək qərarı versin. Yerevan tərəfdən bu, ağılsızlıq olardı. Ermənistan beynəlxalq hüquqa əsasən, Azərbaycana məxsus əraziləri işğal edib. Onun yenidən hücuma keçməsi açıq təcavüz olardı.

Əgər Azərbaycan hərbi əməliyyatları bərpa edərsə, bu, başqa  məsələdir. Azərbaycanın torpaqları işğal altında olduğundan, beynəlxalq hüquq baxımından bu, daha az aqressiya sayılar. Amma faktik olaraq, hələ ki, Azərbaycan üçün böyük məsrəflərə və ictimai gərginliyə səbəb olacaq müharibəyə başlamağın mənası yoxdur.

- Elə vəziyyət yarana bilərmi ki, vasitəçilik edən ATƏT-in Minsk qrupu sadəcə kənara çəkilmək qərarına gəlsin?

- Vasitəçilər, diplomatlar heç vaxt geri çəkilməyəcək. Sonadək getmək, danışıqlar aparmaq onların işidir. Danışıqlar nə qədər uzanarsa, onlar üçün o qədər yaxşıdır. Vasitəçilər gəzir, ezamiyyət pulu alır. Onlara qalsa, min il danışıqlar apararlar.

- Azərbaycanda və Ermənistanda belə fikir var ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Amma bəziləri hesab edir ki, Moskva problemin həllində maraqlı deyil. Çünki bu halda o, Bakı və Yerevana təzyiq rçaqlarını itirəcək?

- Bu, həm doğrudur, həm də yox. Doğrudur o mənada ki, "nə qədər ki yara açıqdır - həkim lazımdır". O, gələcək, nəsə edəcək, yara sağalan kimi daha onu çağırmayacaqlar. Nə qədər ki, münaqişə çözülməyib, Rusiyaya ehtiyac var. 

Amma digər tərəfdən, bu, tam şəkildə belə deyil. Bütün bunlardan  diplomatların sonsuz danışıqlar aparmaqdan aldığı zövqdən, özlərini vacib şəxsiyyət kimi göstərməsindən başqa Rusiya nə əldə edir? Rusiyalı diplomatlar üçün bu, xoşdur. Amma bunu Rusiya üçün hansısa real qazanc kimi təqdim etmək yanlışdır. Məsələn, hesab edək ki, Rusiya Ermənistandan hansısa imtiyazlar almaq istəyir. Amma məlum deyil ki, Moskva Yerevandan nə ala bilər.

Hesab edək ki, Ermənistan deyir: "Oldu! Biz Moskvanın təkliflərini qəbul edirik, amma bizə zəmanət verin ki, Azərbaycana heç bir torpaq qaytarılması söhbəti olmayacaq". Rusiya heç vaxt buna getməz.

Yaxud digər variant - Rusiyanın Azərbaycandan imtiyazlar almaq istəyi haqda düşünək. Azərbaycanda Rusiyanı maraqlandıracaq sahələr var, məsələn, enerji resursları.  Doğrudur, Azərbaycan heç zaman buna getməz, amma sayaq ki, o, iş-ğal altındakı torpaqların qaytarılması müqabilində bütün enerji resurslarına nəzarəti Rusiyaya verməyə razılaşır. Moskva buna da heç zaman razılaşmaz. Çünki bu, Moskvanın regiona təsirini aradan qaldıracaq. Rusiya Qarabağ problemini qeyri-müəyyən, havadan asılmış vəziyyətdə saxlamaqda maraqlıdırsa, o, heç bir qazanc əldə edə bilməyəcək. Xeyir götürümləsi qeyri-müəyyənliyin aradan qaldırılması deməkdir ki, bu da Rusiyanı bu ölkələrə təsirdən məhrum edəcək. Bax, belə bir tilsimlənmiş dairə yaranır. Qeyri-müəyyənlik vasitəsilə təsir rçaqları əldə etmək istəyirsinizsə, bu vəziyyəti özünüzə sərf edən həll variantına konversiya etməyə hazır olmalısınız. Amma bu, mümkün olan iş deyil. Rusiya diplomatları üçün onların korporativ maraqları baxımından bu, sərfəlidir. Onlar gəzir, hər dəfə bir vəd verirlər. Rusiyanın dövlət maraqları baxımından isə bu, heç bir xeyri olmayan mənasız oyundur.

Rusiyanın yaranmış bu durumu real siyasi qazanca çevirmək üçün bir yolu var və bu, Azərbaycan və ya Ermənistanla yox, ABŞ-la bağlı məsələdir. İranın nüvə proqramı ətrafında vəziyyət son dərəcə gərginləşdiyindən, ABŞ üçün Azərbaycan və Ermənistanın geosiyasi əhəmimyyəti artıb. Amerikanın İraqda xeyli sayda hərbi bazası olsa da, onlar Azərbaycanda, yəni İranın şimalında da baza yaratmaq istəyərdilər. Amerikalılar üçün bu, vacibdir.  Amma onlar regiona elə-belə girə bilməzlər. Çünki Vaşinqtonun Cənubi Qafqaza ciddi təsir rçaqları yoxdur. Odur ki, bir variant var: Rusiya Ermənistanı Azərbaycanın torpaqlarını azad etməyə razı salır, Azərbaycan isə Amerikanın hərbi bazasını ərazisinə buraxır. Bax belə bir çoxgedişli vəziyyət/.

Bu halda Rusiya ABŞ üçün çox böyük iş görər və Vaşinqtonla münasibətlərini xeyli möhkəmləndirər. Son zamanlar hökumət də Vaşinqtonla münasibətləri genişləndirməyə çalışdığını tez-tez bəyan edir. Prezident Dmitri Medvedev Rusiya XİN-dəki çıxışında Moskva üçün prioritet istiqamətin MDB yox, ABŞ və Aİ olduğunu bəyan edib. Əgər əsas strateji istiqamət müasirləşmədirsə, MDB vasitəsilə müasirləşmə mümkün deyil. Bunu yalnız irəlidə gedən dövlətlər vaistəsilə reallaşdırmaq olar. Odur ki, belə bir vəziyyət yaranır: Rusiya üçün ABŞ vacibdir, Amerikaya Azərbaycan ərazisində hərbi baza yaratmaq sərf edir, Bakı işğaldakı torpaqlarını azad etməlidir, Rusiyanın isə Ermənistana təsir imkanları var. Bu, uzun siyasi zəncirdir. Təəssüf ki, uzun zəngirlər işə yaramır. Amma Rusiya üçün başqa çıxış yolu yoxdur.

- Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir göstərə bilər?

- Rusiya-Türkiyə münasibətlərinin Qarabağ probleminin həllinə təsir göstərəcəyinə inanmıram. Dağlıq Qarabağ münaqişəsinin həlli nə deməkdir? Bu, Ermənistan tərəfindən işğal edilmiş torpaqların qaytarılmasıdır, vəssalam. Tutaq ki, Rusiyanın Türkiyə ilə əla münasibətləri yaranacaq. Bu, işğaldakı torpaqların boşaldılmasına aparıb çıxarmayacaq axı. Ermənistan torpaqları iki halda qaytara bilər: ya Azərbaycan onu güc yolu ilə boşaldacaq, ya da buna diplomatik yollarla nail olacaq.

Ermənistan Rusiya ilə münasibətlərdə son dərəcə maraqlıdır. Bu, qazdır, elektrik enerjisidir və ümumiyyətlə, Rusiya olmadan Ermənistan yaşaya bilməz. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin açarı nə Tehranda, nə Ankaradadır. O, Moskvadadır. Ermənistan Rusiyanın yaxın müttəfiqidir. Yerevanın İranla yaxşı münasibətləri var, amma bu ölkə ilə müttəfiq olmaq bütün dünyaya qarşı çıxmaqdır. İran Ermənistanın təhlükəsizliyinin qarantı kimi də çıxış edə bilməz. Bu ölkəyə yalnız Rusiya təsir göstərə bilər.


MƏSLƏHƏT GÖR:

559