5 Dekabr 2025

Cümə, 23:59

DÜNYA BAŞINI SINDIRIR, YEREVAN ÖZ İŞİNDƏ

Ermənistan Qarabağ münaqişəsinin həllini dalana dirəmək üçün əlindən gələni edir

Müəllif:

01.08.2010

İyulun 17-də Qazaxıstanın keçmiş paytaxtı Almatıda ATƏT XİNŞ-in qeyri-formal sammiti çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçirilib. Görüş ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin XİN başçıları Sergey Lavrov (Rusiya), Bernar Kuşner (Fransa), həmçinin ABŞ dövlət katibinin müavini Ceyms Steynberqin iştirakı ilə baş tutub: danışıqlarda onlar da iştirak edib.

Gözlənildiyi kimi, görüşdə heç bir irəliləyiş əldə edilməyib. Onun nəticələrini şərh edən E.Məmmədyarov jurnalistlərə bildirib ki, "Ermənistanın xarici işlər naziri bəzi məqamlarla bağlı narazılıq edib və bununla da birgə bəyanatın qəbuluna imkan verməyib. Nəticədə bəyanat həmsədr ölkələrin xarici işlər nazirləri adından qəbul olunub".

Ümumilikdə isə E.Məmmədyarov Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışdığına şübhə ilə yanaşır: "Şəxsən məndə belə bir fikir formalaşıb ki, Ermənistan sülh və sabitliyi təmin edəcək hər hansı razılaşmanın əldə olunmasını istəmir. Danışıqların gedişində hansısa məsələyə dair razılığa gəlirsən və düşünürsən ki, həmin məsələ qapandı və digər məqama keçmək olar. Amma məsələn, iki görüşdən sonra başqa məsələnin müzakirəsi zamanı görürsən ki, erməni tərəfi yenidən razılaşdırılmış məqamın üzərinə qayıdır. Bu səbəbdən də danışıqlar çətin keçir".

Minsk qrupu həmsədrlərinin Almatı görüşü ilə bağlı yaydıqları birgə bəyanatda isə tərəflərə xatırladılıb ki, onların münaqişənin Helsinki aktında yer almış prinsiplər əsasında sülh yolu ilə həllinə dair razılığa gəlmək öhdəlikləri var. Helsinki aktında isə xüsusilə güc tətbiqi hədəsindən və tətbiqindən imtina, ölkələrin ərazi bütövlüyü və bərabərhüquqluluq, xalqların müqəddəratını təyinetmə prinsiplərindən danışılır. Həmsədrlər bildiriblər ki, Rusiya, Fransa və ABŞ prezidentlərinin 2009-cu il iyunun 10-da İtaliyanın Akvill şəhərində səsləndirdikləri, sonradan 2010-cu il iyunun 26-da Maskokda təkrarladıqları bəyanatda yer alan fikirlər münaqişənin istənilən ədalətli və möhkəm həlli üçün əsas olmalıdır. Bəyanatda yer alan məqamlar bütövlük təşkil edir və hansısa elementin oradan ayrılması balanslaşdırılmış razılaşmanı mümkünsüz edir.

Belə düşünmək olar ki, artıq bu halda uydurmalara imkan yoxdur. Amma ermənilər Almatı görüşündən dərhal sonra növbəti belə uydurmanı tapa bilib. Bu dəfə söz oyunu ilə şəxsən Ermənistnın xarici işlər naziri Edvard Nalbandyan məşğul olmağa başlayıb və MQ-yə həmsədr ölkələrin sülh və sabitliyin təminatı, ərazi bütövlüyü və bununla bərabərhüquqlu müqəddəratın təyinedilməsi haqda birgə bəyanatına özünəməxsus şərh verməyə çalışıb.  Amma Nalbandyan üçün "müqəddəratı təyinetmə"dən başqa digər prinsiplər əhəmiyyətsizdir. O, "bərabərhüquqluluq" kimi vacib prinsipi asanlıqla unudur. Qeyd edək ki, bu prinsip Madrid sənədinə məhz Bakının israrı nəticəsində daxil edilib. O, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində erməni icması ilə yanaşı, oradan qovulmuş azərbaycanlıların da iradəsinin nəzərə alınmasını nəzərdə tutur.

Nalbandyan Minsk qrupu həmsədrlərinin bəyanatını saxtalaşdıraraq iddia edir ki, guya onlar Bakının Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinədək ətrafdakı 7 rayonun işğaldan azad olunması tələbini qeyri-konstruktivlik sayır. Guya bütün bu prinsiplərin birlikdə həlli nəzərdə tutulur. Amma məntiqsiz olaraq özü tələb edir ki, Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyünün bərpasından öncə müəyyənləşdirilsin.

Bir məqama diqqət yetirmək lazımdır ki, həmsədrlər hər dəfə münaqişənin sülh yolu ilə həllinin Helsinki aktındakı prinsiplər əsasında mümkün olduğunu bəyan edir. Bu, çətin ki, hər dəfə bu prinsiplərə zidd olan presedentlərə (Kosovo, Cənubi Osetiya və Abxaziya) əsaslanmağa çalışan Yerevanda nikbinlik yaratsın. Ermənilər fövqəldövlətlərə və ümumilikdə beynəlxalq ictimaiyyətə qarşı çıxmağa cəsarət tapmır və yalnız danışıqlar prosesini uzatmağa cəhd edir. Onlar bununla indi olmasa da, gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını və Ermənistana birləşdirilməsini leqallaşdıra biləcəklərinə ümid edirlər. Hələliksə Yerevanın siyasətçiləri və ideoloqları özlərinə və əhaliyə ürək-dirək verməklə məşğuldur: onlar danışıqlar prosesinin dalana dirənəcəyi təqdirdə hərbi əməliyyatların başlana bişləcəyindən tam haqlı olaraq narahatlıq keçirənləri guya fövqəldövlətlərin buna imkan verməyəcəyi iddiası ilə ürəkləndirməyə çalışırlar.

Məsələn, son dövrlər Ermənistan hakimiyyətinin "danışan başı"na çevrilmiş Respublika Partiyası fraksiyasının katibi Eduard Şarmazanov Minsk qrupunun həmsədrləri olan ölkələrin XİN başçılarının iyunun 18-19-da baş vermiş hərbi insidentdən təəssüfünü və belə hallardan narahatlığını Azərbaycana göstərilmiş "sarı fərəqə" kimi xarakterizə edib. Əslində isə bu, danışıqlar prosesinə mane olan Ermənistana xəbərdarlıqdır ki, belə davam edəcəyi təqdirdə o, himayədarlarının dəstəyindən məhrum ola və Bakı ilə üz-üzə qala bilər. Axı Ermənistan məhtud demoqrafik və iqtisadi potensialı ilə təkbaşına Azərbaycana qarşı dayana və uzunmüddətli planda uğura ümid edə bilməz.

Bunu Ermənistanın özündəki uzaqgörən siyasətçilər də yaxşı anlayır. Məsələn, Almatı görüşündən dərhal sonra Erməni Ümumxalq Hərəkatının (EÜH) 16-cı qurultayında çıxış edən sabiq prezident Levon Ter-Petrosyan deyib: "Hansısa siyasət faktlara əsaslanmırsa, ondan siyasətdən başqa hər şey gözləmək olar". Ter-Petrosyanın fikrincə, bu gün Ermənistan hakimiyyəti özünün son diplomatik imkanlarından istifadə edir, amma nizamlanma prosesinin uzanacağı təqdirdə vəziyyətin nəzarətdən çıxacağı istisna deyil: "Ermənistan olmasa da, Azərbaycan problemin hərbi yolla həlli variantını nəzərdən keçirməyə bilməz". Sabiq prezident bildirib ki, ərazisini itirmiş tərəf Ermənistan olsaydı, o da belə düşünərdi: "Mən status-kvonun saxlanmasının əleyhinə deyiləm. Amma o, bir suala cavab verməlidir: hakimiyyət Ermənistanın əhalisizləşdirilməsinə aparan emiqrasiyanın qarşısını necə almaq fikrindədir?".

Faktlar həqiqətən də Azərbaycanın Ermənistan üzərindəki demoqrafik, geosiyasi, maddi-iqtisadi, son zamanlar isə hərbi üstünlüyünün ildən-ilə artdığını göstərir. Amma Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ klanı Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının leqallaşdırılacağına ümid edərək, hələ də inadkarlıq edir, hazırki vəziyyəti maksimum uzatmağa çalışır. Guman ki, son Sankt-Peterburq görüşündə də onlar bu məsələdə Rusiyadan müəyyən dəstək alıblar.

Serj Sarkisyanın bir müddət əvvəl erməni diasporunun gənc nümayəndələri ilə görüşdə Sankt-Peterburqdakı görüşdə yeni təkliflərin irəli sürüldüyünü deməsi, daha sonra isə ultimativ tonda bu cür davam etməsi təsadüf deyil: "Nə vaxt ki, Azərbaycan "bəli, Minsk qrupunun təkliflərini qəbul edirəm" desə, danışıqlar davam etdiriləcək. Yox, əksinə olarsa, başqa yol seçiləcək".

"Başqa yol"un nədən ibarət olduğunu anlamaq çətindir. Amma yəqin ki, söhbət erməni ictimaiyyətində çoxdan müzakirə olunan məsələdən - "DQR"in "tanınmasından" gedir. Amma ermənilər bu məsələdə Kosovo variantını ortaya atmaqla nə qədər spekluyasiyalara yol versələr də, Yerevanın tərəfdaşlarının, ilk növbədə BMT Beynəlxalq Məhkəməsinin Kosovoya dair qərarını pisləmiş Rusiyanın icazəsi olmadan bu addımı atmağa cəsarəti çatmaz. "Tanınma" kimi təxribatçı qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarını pozacaq və prosesə hərbi müdaxiləyə aparıb çıxaracaq. Nəticədə BMT Təhlükəsizlik Şurası da böyük ehtimalla ermənilərin birtərəfli qaydada atdığı bu addımı rədd edəcək. Necə ki, vaxtilə Şimali Kipr və Cənubi Rodeziyaya qarşı etmişdi.

Madrid prinsiplərinə istinad edən və eyni zamanda onları qəbul etməyən ermənilərin məntiqini anlamaq çətindir. Azərbaycan isə onları hələ 1 il əvvəl ATƏT XİNŞ-nin Afinada keçirilən toplantısı zamanı təqdim edilən formada qəbul edib. Odur ki, vaxtı uzadan elə ermənilərdir. Bakının Madrid prinsiplərini "bəzi istisnalarla qəbul edirik" fikri isə bir məqsədə hesablanıb: vasitəçilər təklifləri yenidən ermənilərə xeyir edən formaya çevirməyə çalışarsa, Azərbaycan tərəfi mövqeyini sərtləşdirəcək. 

Üstəlik, prinsiplər birbaşa reallaşdırılmanı da nəzərdə tutmur. Bakı prinsiplərin müzakirəsi üzərində işin tamamlanmasını və növbəti mərhələyə keçilməsini təklif edir. Növbəti mərhələ isə sülh razılaşmasının mətni üzərində işdir.

Ermənilərə gəlincə, onlar nəticəsiz danışıqlar aparmaq istəyir və əl-qollarını hansısa razılaşma ilə bağlamaq istəmirlər.

"Dağlıq Qarabağ münaqiqşəsi ətrafında yaşanan bütün son proseslər göstərir ki, Ermənistan problemin həlli prosesini 2015-ci ilədək uzatmaq üçün prosesi pozmağa çalışır. Məsələ ondadır ki, 2015-ci ildə ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etməyi düşünür. O vaxtadək isə ermənilər həm Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, həm də Qarabağ  probleminin həlli proseslərindən qazancla çıxmaq istəyir. Onların bütün strategiyası məhz buna hesablanıb", - deyə Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Analiz Mərkəzinin (TURKSAM) direktoru Sinan Oğan 1news.az saytına açıqlamasında bildirib.

Türkiyəli analitikin qiymətləndirməsi həqiqətdən heç də uzaq deyil. Amma görəsən, borc içində itib-batan və hələ də 2008-ci ilin böhranından əvvəlki duruma qayıda bilməyən Ermənistanı bu illər ərzində nələr gözləyir? Ələlxüsus da nəzərə alsaq ki, Yerevan öz hərbi potensialını artırmaqda davam edən Azərbaycanla ayaqlaşmağa cəhd göstərmək üçün vəsait tapmalıdır. Digər tərəfdənsə, ermənilərin qondarma "soyqırım"ın 100 illiyi fonunda dünya birliyinin gözündə "yazıq" imici alan Ermənistanın Türkiyə və Azərbaycana qarşı ambisiyalarını reallaşdıra biləcəyinə dair iddialar da inandırıcı görünmür. Kimlərinsə qarşısında "yazıq" donu geymək olar, amma dünyanın fövqəldövlətlərinin maraqları, planları, təklifləri Türkiyə və Azərbaycana yönəlib. Və tarix göstərir ki, həm keçmişdə, həm də indi öz maraqlarını ermənilərin mifik iddialarına qurban vermək istəyənlərin sayı o qədər də çox deyil. 

Bu baxımdan, ermənilər və onların himayədarları Azərbaycan prezidenti İlham Əliyevin açıq xəbərdarlığına ciddi yanaşsalar yaxşı olardı. İ.Əliyev Minsk qrupunun vasitəçilik dönəmində ən uzun danışıqlar prosesi olan Praqa prosesinin münaqişənin sülh yolu ilə həlli üçün son şans olduğunu bəyan edib. Dövlət başçısı deyib ki, əgər onun nəticəsi olmasa, proses mənfi istiqamətdə və çoxlarının gözləmədiyi dərəcədə sürətlə inkişaf edə bilər. Amma hələ ki, ən pisi baş verməyib və münaqişənin həllində irəliləyişə nail olunması şansları qalır. Avqustda Ermənistana, sentyabrda isə Azərbaycana səfər edəcək Rusiya prezidenti Dmitri Medvedevin münaqişə tərəflərinin mövqelərində yaxınlaşmaya nail olmaq üçün daha bir cəhd göstərəcəyini gözləmək olar. Axı Ermənistanın ərazi iddialarının dəstəklənməsi Rusiyaya heç nə vermir, üstəlik Moskvanın Bakı qarşısında israrla irəli sürdüyü təkliflərin reallaşdırılmasına mane olur.

ABŞ prezidenti Barak Obama administrasiyası isə öz növbəsində Azərbaycanın əhəmiyyətini anlamağa başlayıb. Pentaqon rəhbəri Robert Qeyts və dövlət katibi Hillari Klintonun Bakıya səfərləri, həmçinin Metyu Brayzanın Bakıya səfir göndərilməsi prosesinin sürətləndirilməsi də bunun göstəricisidir.

Prezidentlər Obama, Sarkozi və Medvedevin Kanadada Dağlıq Qarabağ münaqişəsinə dair verdikləri birgə bəyanatın ingilis dilindəki (əsas) variantı ilə rus dilindəki variantı arasındakı fərq də simptomatik təsir bağışlayır. Xatırladaq ki, əsas variant bizim, rus dilindəki mətn isə ermənilər üçün daha qəbuledilən idi.

Əgər Minsk qrupu həmsədrləri arasında fikir ayrılığı dərinləşərsə, vasitəçilərin fəaliyyətindən müsbət nəticə gözləmək də çətin olacaq. Bu mərhələdə Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpası isə bütün regional fövqəldövlətlərin (İran istisna olmaqla) maraqlarına ziddir. Bu, vasitəçilər və beynəlxalq ictimaiyyəti Madrid prinsiplərinə əsaslanan danışıqlar prosesini ermənilərin saldığı dalandan çıxarmaq üçün son həlledici cəhd göstərməyə sövq edə bilər. Bunun üçün şans hələ ki var.



MƏSLƏHƏT GÖR:

614