YAXIN ŞƏRQ KONFİQURASİYASININ YENİLİKLƏRİ
İsrail siyasətində əhəmiyyətli yeniliklər olduğunu sübuta yetirməlidir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Yaxın Şərq qaynamaqda davam edir. Planetin ən ağrılı problemi olan bu münaqişənin həllinə zaman-zaman ümidlər yaransa da, regionda qarşıdurma yeni forma almaqdadır. Xüsusilə Türkiyə-İsrail münasibətlərinin getdikcə daha da gərginləşməsi bu fikri söyləməyə əsas verir.
Gizli danışıqlar və açıq qarşıdurma
İsrail xüsusitəyinatlılarının blokadada olan Qəzzaya doğru üzən Türkiyə gəmilərinə hücumu son vaxtlaradək müttəfiq olan 2 dövlət arasında münasibətlərin pozulması ilə nəticələndi. Türkiyə prezidenti Abdullah Gül bildirdi ki, onun ölkəsi Türkiyə vətəndaşlarını qətlə yetirmiş İsraili heç zaman bağışlamayacaq. O demişdi ki, İsrail "tarixinin ən kobud səhvlərindən birinə yol verib və buna görə, hələ çox peşman olacaq".
Aralıq dənizindəki faciəvi hadisədən dərhal sonra, Türkiyə İsraildəki səfirini geri çağırdı, bu ölkə ilə siyasi və iqtisadi əməkdaşlığa son qoyduğunu açıqladı. Ankara Təl-Əvivlə hərbi sahədə əməkdaşlığa dair də bütün proqramları dondurdu, yəhudi dövlətinin hərbi aviasiyası üçün hava məkanını bağlı elan etdi. Yeri gəlmişkən, son qərar İsrail Hərbi Hava Qüvvələrini çətin vəziyyətə salacaq. Çünki onun hərbi pilotları öz hava məkanının kiçikliyi ucbatından illərdir ki, məhz Türkiyə səmasında məşq edirdi.
Odur ki, indi İsrail ətrafında hərbi pilotların məşq etməsi üçün hava məkanını ona verəcək dövlət yoxdur.
Türkiyə isə Təl-Əvivlə əlaqələri tam kəsə biləcəyini bildirir. Ankara bəyan edib ki, İsrail "Sülh flotiliyası"na basqın nəticəsində türklərin ölümünə görə rəsmən üzr istəməsə, insidentin beynəlxalq komissiya tərəfindən araşdırılması ilə razılaşmasa, bu iki ölkə arasında əlaqələr tam kəsiləcək. Bundan başqa, Türkiyə Aralıq dənizində baş verənlərlə bağlı İsrailin özü tərəfindən aparılan araşdırmanın nəticələrini də qəbul etmək fikrində deyil.
İsrail isə Türkiyənin tələblərini yerinə yetirmək niyyətindən uzaqdır. İsrail baş nazirinin katibliyindən bildiriblər ki, onlar "öz vətəndaşlarını müdafiə etdikləri üçün üzr istəmək fikrində deyillər".
Bütün bunlarla yanaşı, hər iki ölkənin rəhbərliyi hələ də barışıq imkanının olduğunu düşünür və bu istiqamətdə müəyyən addımlar atılır, razılaşmaya cəhdlər olur. Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə İsrailin ticarət naziri Benyamin Ben-Eliezer arasında "gizli görüş"ün keçirildiyi məlum olub. Bu görüş haqda fikirlərini bölüşən yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu deyib: "Heç bir uğur əldə etməsək də, bu görüşü vacib hadisə sayıram. Biz münasibətlərin bərpası şanslarını qaçırmamalıyıq".
Görüşün İsrailin hakim koalisiyasında mübahisə ilə nəticələndiyi üzə çıxıb. Buna səbəb xarici işlər naziri Aviqdor Libermanın görüşün keçiriləcəyi haqda məlumatlandırılmamasıdır. Liberman bildirib ki, bu, "hansı nöqteyi-nəzərdən yanaşılsa da, yenə səhvdir". Bununla yanaşı, "gizli görüş"ün təşkilində ABŞ "əli"nin olduğu şübhə doğurmur. Vaşinqton Yaxın Şərqdəki iki yaxın müttəfiqi arasındakı problemdən son dərəcə narahatdır.
İsrailin maraqlarını sonadək müdafiə etmək niyyətini göstərən, eyni zamanda, Ankaranın Təl-Əvivə qarşı son dərəcə tələbkar tonunu aşağı salmağa çalışan ABŞ israilli xüsusitəyinatlıların "Sülh flotiliyası"na qarşı əməliyyatından da məmnun olmadığını göstərir. İndi ABŞ üçün vacib olanı Türkiyə-İsrail qarşıdurmasının böyüməsinə imkan verməməkdir. Çünki bu halda amerikalıların tərəflərdən hansınasa üstünlük verməsi mütləq onun bu vacib regiondakı strateji mövqelərinə mənfi təsir göstərəcək. Bu baxımdan, bir məqam kifayət qədər maraqlı görünür. Netyanyahu bu günlərdə ABŞ-a səfəri zamanı bildirib ki, onlar "Türkiyə ilə münasibətlərin normallaşması üçün bəhanə axtarır".
Səfərdən dərhal sonra isə İsrailin Baş Qərargahı Türkiyə ilə hərbi sahədə qarşılıqlı münasibətlərin əvvəlki səviyyədə saxlanılmasının mümkün olduğunu bəyan edib. İsrail parlamentinin qapalı toplantısında Baş Qərargah rəisi Qabi Aşkenazi parlamentariləri Türkiyənin "Mavi Mərmərə" gəmisi ilə bağlı insidentdən sonra türkiyəli həmkarı İlkər Başbuğla şəxsən əlaqə saxladığı haqda da məlumatlandırıb.
"Sarsılmaz əlaqələr"
İsrailin baş naziri Netanyahunun ABŞ-a səfəri Vaşinqtonla Təl-Əviv arasındakı hazırkı münasibətlər kontekstində də maraqlıdır. Hər halda, Barak Obamanın prezidentliyi dönəmində bu iki ölkə arasındakı münasibətlər heç də özünün ən yaxşı dövrünü yaşamır. İsrailin ABŞ-ın vitse-prezidenti Cozef Baydenə verilmiş vədə baxmayaraq, Şərqi Qüdsdə yeni yaşayış məntəqələrinin tikilməsinə "hə" deməsi ilə müttəfiqlərin münasibəti daha da korlanıb. Üstəlik bu, Vaşinqtonun İsrail-Fələstin danışıqlarını tam şəkildə öz nəzarətinə götürməyə hazırlıq gördüyü vaxta təsadüf edib.
İsrailin özünü belə aparması şübhəsiz ki, Ağ ev rəhbərinin xoşuna gəlməyib. Netanyahunun münasibətləri qaydaya salmaq üçün Vaşinqtona səfəri zamanı Obama, hətta, telereportyorları onların görüşünü işıqlandırmağa dəvət etməyib.
Netanyahunun Ağ evdə budəfəki qəbulu isə tam başqa atmosferdə baş tutub. Obama Amerika ilə İsrailin "sarsılmaz əlaqələr"lə bir-birinə bağladığını, bu əlaqələrin hər iki dövlətin strateji maraqlarına xidmət etdiyini söyləyib. Obamanın belə mehribanlığının səbəbi isə aydındır: Netanyahu artıq bu yay fələstinlilərlə birbaşa danışıqlara başlamağa razılıq verib.
İsrail siyasi isteblişmentində "qırğı" kimi tanınmış Netanyahunun belə sülhsevərlik göstərməsinə cavab olaraq, Obama, hətta nüvə sahəsində Təl-Əvivi dəstəkləməyə hazır olduqlarını bəyan edib. ABŞ prezidentinin sözlərinə görə, İsrailin nüvə proqramını açıqlamasına yönəlmiş istənilən tələb Yaxın Şərqdə nüvə təhlükəsizliyinə dair beynəlxalq sammitin baş tutmasına maneə yarada bilər.
Qeyd edək ki, sammitin 2012-ci ildə keçirilməsi planlaşdırılır. Obama bu məsələdə, hətta MAQATE-nin İsrailə irad tutacağı təqdirdə belə, yenə də Təl-Əvivi dəstəkləyəcəyini bildirib. "Geosiyasi vəziyyəti nəzərə alsaq, İsrailin öz təhlükəsizliyinin qeydinə qalmaq haqqı var. Biz əvvəlkitək yəhudi dövlətinin təhlükəsizli yi ilə bağlı narahatlıq keçiririk və onun təhlükəsiz şəraitdə yaşadığına əmin olmaq istəyirik", - deyə Obama qeyd edib.
Ağ evin İsrailə bu qədər nümayişkaranə şəkildə dəstək verməsi belə təsəvvür yaradır ki, bunun səbəbi heç də Təl-Əvivin Fələstinlə bağlı son sülhməramlı təşəbbüsü deyil. Unutmaq olmaz ki, noyabrda ABŞ Konqresinə seçkilərdir. Görünür, Birləşmiş Ştatların demokratlardan qurulmuş administrasiyası Netanyahu hökumətinə qarşı ikimənalı siyasətin davam etdirilməsini məqsədəuyğun saymayıb, çünki bu, yəhudi lobbisini çox narahat edir.
Hər halda, Obama administrasiyası Netanyahudan Yaxın Şərq münaqişəsinin həllindəki mövqeyini bir qədər yumşaltmasına nail olmaqla, İsraillə "daimi ittifaq" vədinə sadiqliyini təsdiqləmək qərarına gəlib. Üstəlik, Birləşmiş Ştatlarla islam dünyası arasında inamın yaranmasına ən böyük maneə də elə Fələstin-İsrail münaqişəsidir. Məhz bu üzdən Obama ciddi cəhdlə bu problemin həllinə, həmçinin, İraq və Əfqanıstanda vəziyyətin normallaşdırılmasına çalışır.
Birbaşa və dolayı dialoq haqda
Təl-Əviv həqiqətən də Fələstinə qarşı kompromissiz mövqeyində dəyişiklik edib. İndi o, bütün dünyanı inandırmağa çalışır ki, bu münaqişənin sülh yolu ilə həllində yeni səhifə açmağa hazırdır. Amma İsrailin mövqeyindəki bu yumşalma yalnız ABŞ-ın təzyiqi ilə bağlı deyil. Bu məsələdə Qəzzaya humanitar yardım aparan gəmilərə hücumundan sonra, İsrailin xarici siyasi mövqelərinin zəifləməsi də rol oynayıb. Hər halda, indi İsrail Qəzzanın blokadasını yumşaltdığını, oraya buraxılan məhsulların çeşidinin artırıldığını bildirir, Qəzza sakinlərinin İsrailə giriş-çıxış rejimini də sadələşdirməyə hazır olduğunu bəyan edir.
Bundan başqa, İsrail Avropa İttifaqı ölkələrinə Qəzza zolağında elektrik stansiyası və suyun təmizlənməsi üçün qurğu tikməyi təklif edib. Bu təklifi şərh edən İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib: "Mən avropalılara sadəcə təklif edirəm ki, "uşaqlar, gəlin mehriban yaşayaq" deməklə kifayətlənməsinlər. Layihələr reallaşdırmağa başlansın, məsuliyyəti üzərlərinə götürsünlər, Qəzzada elektrik stansiyası, sutəmizləyici qurğu tiksinlər. Biz Fələstinə əbədi olaraq su və elektrik vermək istəmirik".
Nəzərəçarpan məqam ondan ibarətdir ki, əvvəllər İsrail nəinki belə layihələrin təşəbbüskarı kimi çıxış etmirdi, əksinə, hətta Avropa siyasətçilərinin anklava buraxılmalarına dair müraciətlərinə də rədd cavabı verirdi.
Bütün bunlarla yanaşı, İsrailin siyasətində əsas yenilik baş nazir Netanyahunun Fələstin Muxtariyy?tinin lideri Mahmud Abbasla birbaşa danışıqlara razılıq verməsi olub. Üstəlik, Netanyahu Fələstinlə sülh razılaşmasının 1 ilə imzalana biləcəyini də istisna etməyib.
Amma İsraillə Fələstin arasında birbaşa dialoqun başlaması məsələsi hələ də problemli görünür. "Fələstin və İsrail vasitəçi olmadan dialoqa başlamazdan əvvəl, birbaşa olmayan dialoqun aparılmasında irəliləyişə nail olmalıdır. Birləşmiş Ştatlar hər iki tərəfi birbaşa dialoqa başlamağa çağırır", - deyə Mahmud Abbas bildirib. Abbasın bu fikri dolayı dialoq nəticəsində hələ də heç bir uğurun əldə olunmaması ilə bağlıdır. İsrail təmsilçiləri gələcək Fələstin dövlətinin sərhədləri, Şərqi Qüdsün taleyi kimi məsələlərin müzakirəsindən imtina edir. Beynəlxalq hüquq sənədlərində isə məhz Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması nəzərdə tutulur. Odur ki, İsrailin bundan imtinası, faktik olaraq, Yaxın Şərq münaqişəsinin mahiyyətini əks etdirir və sülh prosesinin uğurla başa çatması şansını xeyli azaldır.
Beləliklə, indi İsrail sübut etməlidir ki, onun siyasətindəki müəyyən yeniliklər kosmetik addımlar vasitəsilə özünün xarici siyasi konyukturasını yaxşılaşdırmağa cəhd deyil və köklü xarakter daşıyır. Şübhəsiz, Fələstin-İsrail münaqişəsinin həllində irəliləyiş əldə edilərsə, Yaxın Şərqdəki digər problemli düyünləri də açmaq mümkün olacaq. Hər halda, bu zaman Türkiyə-İsrail dialoqunun bərpası imkanları da yaranacaq.
MƏSLƏHƏT GÖR:



519

