5 Dekabr 2025

Cümə, 23:58

"HAMIYA BİR GÖZLƏ BAXMAQ" STRATEGİYASI

ABŞ-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti daha cəsarətli olmalıdır

Müəllif:

15.07.2010

İyunun əsas siyasi hadisəsi ABŞ-ın dövlət katibi Hillari Klintonun Polşa və 4 postsovet ölkəsi - Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstana səfəridir. 18 il əvvəl - 1992-ci ildə Birləşmiş Ştatların ozamankı dövlət katibi C. Beyker də analoji səfər etmişdi. Ozamankı səfərin məqsədi ABŞ-ın SSRİ-nin dağılması və keçmiş sovet respublikalarının müstəqilliyinin elan edilməsi ilə bağlı mövqeyinin müəyyənləşdirilməsi idi.

İndi isə vəziyyət tam fərqlidir. Hər halda, Hillari Klintonun səfəri həm regionun, həm də bütünlükdə dünyanın diqqət mərkəzində idi.

Məsələ ondadır ki, Ağ ev administrasiyasının dəyişməsindən sonra, ABŞ-da xarici siyasi prioritetlərin yenidən qiymətləndirilməsi xeyli ləngidi. Aydındır ki, qlobal iqtisadi böhran, İraq və Əfqanıstandakı durum, İranın nüvə proqramı Barak Obama və onun məsləhətçilərinin diqqətini özünə cəlb edən əsas məsələlərdən idi. Bu səbəbdən də Vaşinqton Moskva ilə münasibətlərin "yenilənməsi" haqda danışan zaman Şərqi Avropa və Cənubi Qafqaz ölkələri özlərini "unudulmuş" sayır və bundan məyusluqlarını  gizlətmirdilər. Hillari Klintonun səfəri bu mənfi əhvalın aradan qaldırılması, ABŞ-ın bu dövlətlərlə bağlı marağının dəyişməzliyini nümayiş etdirmək məqsədi daşıyırdı. Məşhur amerikalı ekspert Ariel Koenin bildirdiyi kimi, "Obama administrasiyasının ABŞ-ın postsovet məkanındakı dostlarını unutmasından ilyarım sonra Ağ ev, nəhayət, əvvəlcə müdafiə naziri Robert Geytsi Azərbaycana göndərdi, ardınca isə Hillari Klinton Ukrayna və Qafqaza baş çəkdi".

Klintonun Azərbaycana səfəri də turne çərçivəsində baş çəkdiyi digər ölkələrə olduğu kimi, qısamüddətli, lakin dolğun oldu. Bakıda Klinton Prezident İlham Əliyev tərəfindən qəbul edildi, həmkarı Elmar Məmmədyarovla görüşdü, "Şəhidlər xiyabanı"nı ziyarət etdi, gənc liderlərlə bir araya gəldi və qısa mətbuat konfransı keçirdi.

Aydındır ki, Klintonun səfərinin əsas məğzi gizli danışıqlar fonunda elə gizli olaraq da  qaldı. Səfərin aşkar məqamlarına gəlincə, tərəflər Azərbaycan-Amerika dialoqunun bərpasından məmnunluqlarını gizlətməyiblər.

"Biz sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcək. İkitərəfli münasibətlərimizin gündəliyi çox genişdir. Bizim müxtəlif sahələrdə uğurlu əməkdaşlığımızın böyük tarixi var. Bir daha qeyd etmək istəyirəm ki, sizin səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcək və bu, region ü?ün çox önəmlidir. Biz müstəqilliyi əldə etdikdən sonra, ABŞ-la Azərbaycan arasında əlaqələr çox uğurla inkişaf edir. İqtisadi sahədə sıx əməkdaşlığımız var. Sülhməramlı əməliyyatlarda, terrorla mübarizə sahəsində də əməkdaşlıq edirik. Enerji təhlükəsizliyi məsələsi daim gündəmimizdədir. Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində də  bizimlə və digər ölkələrlə yaxından çalışır. Bu münaqişə bizim üçün ən böyük problem, regional təhlükəsizliyə də əsas maneədir. Sizə məlum olduğu kimi, bizim torpaqlarımız artıq uzun müddətdir işğal altındadır. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi təşkilatlar bu vəziyyəti özündə əks etdirən müxtəlif qətnamələr qəbul edib. Bu sənədlərdə mövcud vəziyyət əks olunur, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərindən çıxarılmasını tələb edir. Biz bu münaqişənin beynəlxalq hüquqa əsasən həllini, problemin mümkün qədər tez zamanda çözülməsini istəyirik. Çünki insanlarımız bu münaqişədən əziyyət çəkir", - deyə İlham Əliyev bildirib.

Hillari Klinton isə öz növbəsində deyib: "Mən buranı (Bakını) müşahidələrimdən sonra əldə etdiyim böyük təəssüratla tərk edirəm. Bu, Avrasiyanın kəsişməsində yerləşən dinamik şəhərdir. Birləşmiş Ştatlarla Azərbaycan arasında dərin əlaqələr var və bu olduqca vacib və möhkəm əlaqələrdir".

Klinton xüsusilə Amerika və Azərbaycan əsgərlərinin Kosovo, İraq və Əfqanıstanda çiyin-çiyinə xidmət apardıqlarını vurğulayıb: "Biz Azərbaycan hökumətinin bu aktual məsələlərə sadiqliyinə və Azərbaycan  xalqının verdiyi  qurbanlara  çox böyük dəyər veririk.  Bu gün prezident və mən bu tərəfdaşlığı necə dərinləşdirə biləcəyimizi müzakirə etdik. Biz regionda ölkələrin suverenliyi, təhlükəsizliyi və çiçəklənməsi maraqlarını bölüşürük. Zorakı ekstremizm, enerji resurslarının ekologiyaya zərər vurmadan nəqlinin təmini kimi qlobal problemlərin həllində birgə işləyirik".

Azərbaycan üçün daha ağrılı və vacib mövzu olan Dağlıq Qarabağ münaqişəsi haqda da danışan Klinton Minsk qrupunun bu problemin həlli üzərində işlədiyini xatırladıb: "Birləşmiş Ştatlar münaqişənin Helsinki sənədində əks olunmuş güc tətbiq olunmaması, ərazi bütövlüyü və bərabərhüquqluluq, xalqların müqəddəratını təyinetmə prinsipləri əsasında həlli yoluna sadiqdir. Prezident Obama Rusiya və Fransanın dövlət başçıları ilə birlikdə "G8" sammiti zamanı səsləndirdiyi bəyanatda da bu mövqeyə sadiqliyi bir daha nümayiş etdirib. Mən də bugünkü diskussiyamız zamanı eyni fikri təkrarlamışam. Biz möhkəm sülh razılaşmasının əldə olunması və həyata keçirilməsində həm Azərbaycan, həm də Ermənistana kömək etməyə hazırıq". 

Bununla yanaşı, ABŞ-ın dövlət katibi bildirib ki, sülhə aparan yolda ən çətin olanı yekun addımlardır. "Biz inanırıq ki, sülh mümkün və vacibdir. O, hər iki ölkənin təhlükəsiz, çiçəklənən gələcəyinin qurulması üçün lazımdır. Azərbaycan xalqı və bütünlükdə region sülh, təhlükəsizlik şəraitində yaşamağa layiqdir. Bu, onlara Allah tərəfindən verilmiş potensialın reallışdırılması imkanı qazanmaq üçün vacibdir. Birləşmiş Ştatlar regiondakı münaqişələri həll edə bilməz. Amma biz tərəfdaş və belə həll qərarlarının müdafiəçisi ola bilərik", - deyə Klinton bildirib.

Səfərin yekununda keçirilən mətbuat konfransında dövlət katibi deyib ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində böyük fəallıq nümayiş etdirilib və irəliləyişə nail olunub. Klinton artıq Qarabağ probleminin həlli vaxtının çatdığını da vurğulayıb.

Jurnalistlərin suallarını cavablandıran dövlət katibi demokratiya məsələsinin də daim gündəmdə olduğunu söyləyib. Bununla yanaşı, o bildirib ki, demokratiya ənənə və tarixdir: ABŞ-da bu ənənənin 230 ildən artıq yaşı varsa, Azərbaycan gənc dövlətdir. "Buna baxmayaraq, ölkədə demokratiya sahəsində böyük işlər görülüb, biznesin inkişafı üçün yaxşı şərait yaradılıb, ölkə iqtisadi inkişaf sahəsində yaxşı nəticələrə nail olub", - deyə Klinton qeyd edib.

Konqresin 907-ci düzəlişi haqda suala isə dövlət katibinin cavabı belə olub: "Bildiyiniz kimi, prezidentlər daim onun ləğvinə çalışıblar. Şəxsən mən bu düzəlişin ləğvini istərdim. Amma bu, Konqresin səlahiyyətində olan məsələdir. Nə qədər ki, Konqres onu tam şəkildə ləğv etməyəcək, biz onun Azərbaycana təsirini bacardığımız qədər azaltmağa çalışacağıq".

Klintonun Bakı səfəri yalnız Qarabağ münaqişəsinə həsr edilməyib. Şübhəsiz, danışıqlarda İraq və Əfqanıstan problemləri də diqqət mərkəzində olub. Bilavasitə Azərbaycana gəlincə, gənclərlə görüşdə Hillari Klinton 3 prioritet sahə haqda danışıb. Bu barədə "1news.az" saytına görüşdə iştirak etmiş "İrəli" gənclər hərəkatının rəhbəri Ceyhun Osmanlı məlumat verib. Dağlıq Qarabağ münaqişəsini xatırladan Klinton bununla yanaşı, Azərbaycanın təhlükəsizliyinə diqqət çəkib. Bu isə özündə iqtisadi, enerji və siyasi təhlükəsizlikləri birləşdirir. "Dünyada hələ də Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən dövlətlər var. Odur ki, biz təhlükəsizlik məsələlərində Azərbaycanı dəstəkləməliyik", - deyə dövlət katibi qeyd edib.

Klinton üçüncü prioritet kimi insan kapitalının inkişafı məsələsini göstərib: "Biz insan potensialının inkişafını təkamül yolu ilə görürük. İnsanlar demokratik dəyərləri daşımaq üçün inkişaf etməlidir".

Beləliklə, bu qənaətə gəlmək olar ki, ABŞ regiondakı rolunu, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəallığını artırmaq niyyətindədir. Amma bununla belə, Klintonun səfəri və sözləri, həddindən artıq diplomatik təsir bağışlayır. Bu, xüsusilə Klintonun Bakı, Yerevan və Tbilisidə səsləndirdiyi bəyanatların müqayisəsi zamanı hiss edilir.

Tbilisidə olarkən o, Vaşinqtonun Abxaziya və Cənubi Osetiyaya münasibətdə Moskva ilə tam əks mövqedə olduğunu bəyan edib. Dağlıq Qarabağ probleminə gəlincə, dövlət katibi bu münaqişənin həllində Minsk qrupunun həmsədri olan ölkələrin kostruktiv əməkdaşlığa hazır olduqlarını söyləyib. Rusiyanın Gürcüstan ərazilərini işğal etdiyini və bunun ABŞ üçün qəbuledilməz olduğunu söyləməklə isə dövlət katibi Gürcüstanı vəcdə gətirib.

Bu halda sual yaranır: ABŞ-ın dövlət katibinə Azərbaycan torpaqlarının işğal olunduğunu və işğala son qoyulmasının vacibliyini bəyan etməyə nə mane olub? Axı Obama, Sarkozi və Medvedevin bir müddət əvvəl Torontoda verdikləri birgə bəyanatda Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarının işğaldan azad edilməsindən danışılır. Bizə Amerikanın bu sahədəki siyasətinin sözlər və bəyanatlardan daha cəsarətli olacağına ümid etmək qalır.

Hillari Klintonun  Ermənistandakı çıxışında Vaşinqtonun Yerevan-Ankara münasibətlərinə yanaşmasında da müəyyən dəyişiklik nəzərə çarpıb. Əgər bu günlərədək Vaşinqton bu prosesin Dağlıq Qarabağ münaqişəsinin həll prosesindən ayrı olmasının vacibliyini bildirirdisə, indi amerikalılar hər iki prosesin paralel aparılmasını və bir-birini tamamlamalı olduğunu anlayırlar. Müvafiq olaraq, belə qənaətə gəlinir ki, məhz Dağlıq Qarabağ münaqişəsinin çözülməmiş qalması Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə əsas maneədir.

Sonda qeyd etmək lazımdır ki, Amerika ekspertləri ABŞ-a erməni-azərbaycanlı münaqişəsinə dair neytral siyasət kursundan imtinanı tövsiyə edirlər. Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsi və nüfuzlu yəhudi lobbisi ilə sıx əlaqələri ilə tanınmış "Stratfor" analitik mərkəzinin direktoru Corc Fridmanın "Qafqaz qazanı" adlı məqaləsində bildirilir ki, "ABŞ-ı Dağlıq Qarabağın kim tərəfindən idarə edilməsi, BMT-nin Azərbaycanın maraqlarına cavab verən qətnamələrinin olması maraqlandırmır və başa düşmək olmur ki, nəyə görə Vaşinqton bu məsələyə yanaşmada neytrallıq nümayiş etdirir". 

Ekspert məqaləsini bu fikirlərlə bitirib: "Hələ məlum deyil ki, Klintonun turnesi sadəcə nəzakət səfəri idi, yoxsa onun beynində hansısa strategiya var. Biz Qafqaza strateji nöqteyi-nəzərindən baxmalıyıq. Bu halda məntiq və regional dinamika Azərbaycanla möhkəm münasibətlərin vacibliyini göstərir".

ABŞ-ın digər ekspert strukturları da buna yaxın mövqedən çıxış edir. Beləliklə, yenə də ona ümid edək ki, Amerikanın real maraqları bu dövlətin siyasətinin erməni lobbisinin təsirindən azad edilməsinə imkan verəcək, Ermənistanın fövqəldövlətlərin laqeydliyi, bəzən isə, birbaşa dəstəyi fonunda həyata keçirdiyi Azərbaycan torpaqlarının işğalı siyasətinə son qoyulacaq. Və əgər ABŞ doğrudan da Azərbaycanla tərəfdaşlığın inkişafı və möhkəmlənməsində maraqlıdırsa, onda amerikalı qonaqların gözəl sözləri yox, məhz bu istiqamətdə əməli addımları lazımdır.



MƏSLƏHƏT GÖR:

519