DOSTLUQ AYRI, QAZ AYRI
Rusiya və Belarus arasında qaz münaqişəsi bir daha enerji təchizatının diversifikasiyasının vacibliyini ortaya qoydu
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
"Bizim əbədi müttəfiqlərimiz və əbədi düşmənlərimiz yoxdur. Bizim daimi maraqlarımız var və biz onlara riyaət etməliyik". XIX yüzilliyin tanınmış dövlət xadimi olan lord Palmerstonun bu sözləri Rusiya ilə Belarus arasında iyunun ikinci yarısında baş vermiş qaz müharibəsində tam mənada özünü göstərdi.
Özü də bu halda qarşılıqlı siyasi və iqtisadi iddiaları olan dövlətlər deyil, İttifaq Dövləti yaratmış, Gömrük İttifaqı barədə anlaşma əldə etmiş iki dövlət mübahisə edirdi.
Hər şey barədə ardıcıllıqla
İyunun əvvəlində Rusiyanın qaz inhisarçısı "Qazprom" 2010-cu ilin yanvar-aprel aylarında verilmiş qaza görə Belarusun $192 mln borcu olmasını bəyan elədi. "Qazprom"un məlumatına görə, borc Belarusun 2010-cu ildə qazın hər min kubmetri üçün $150-dən, yəni 2009-cu ilin orta qiyməti ilə ödəniş etməsi üzündən yaranıb, halbuki kontrakt qiyməti ilə $174-dən ödəniş edilməli idi.
Amma Belarusun öz arqumentləri var. Belə ki, Minsk Belarusda qaz təchizatı və tranziti üzrə inhisarçı olan "Beltransqaz"ın səhmlərinin 50%-nin "Qazprom"a satışı zamanı əldə edilmiş anlaşmaya istinad edir. Həmin anlaşmaya görə, qaz təchizatında Rusiya və Belarus istehsalçıları Avropa qiymətlərinə eyni zamanda keçməlidir. Rusiya Federasiyasının istehlakçıları üçün isə Avropa qiymətlərinə keçid 2011-ci ildən 2015-ci ilə kimi təxirə salınıb.
"Qazprom"da belə bir anlaşmanın olmasını təkzib etmirlər, amma bildirirlər ki, burada söhbət yalnız Avropa qiymətlərinə eyni vaxtda keçmək barədə şifahi anlaşmadan gedir. Amma Belarus tərəfinin ödənişi müqavilə üzrə aparılmalıdır ki, orada da mərhələli və güzəştli şəkildə Avropa qiymətlərinə keçməkdən söhbət gedir. Rusiya nəhəngi həm də Belarus üçün 2011-ci ildən qazın min kubmetrinin qiymətinin $250-a qaldırılacağını da bəyan edib.
İyunun 21-nə kimi borc ödənilməyəcəyi təqdirdə, Belarusa qarşı sərt tədbirlərin görülməsinə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev tərəfindən xeyir-dua verilməsindən sonra qaz müharibəsinin aktiv fazası başladı. Belarus isə iyulun 5-ə qədər vaxt istəyirdi. "Qazprom"un başçısı Aleksey Miller ilə görüşündə Rusiya prezidenti bildirib ki, borc məsələsini Aleksandr Lukaşenko ilə müzakirə edib. Baş verən hadisələr ardıcıllığından görünür ki, prezidentlər razılıq əldə edə bilməyiblər.
"Mən Aleksandr Qriqoryeviç (Lukaşenko) ilə danışdım. O dedi ki, məsələ çətin maliyyə durumu ilə bağlıdır. Əgər düz danışsaq, bu gün hamı üçün çətindir və "Qazprom"un da problemi çoxdur", - deyə D.Medvedev vurğulayıb.
Bu zaman "Qazprom" başçısı bildirib ki, Belarusun borcu ödəməyə vəsaiti var, çünki "Beltransqaz"dan $2,5 mlrd məbləğində səhmlərin alınması qazın qiymətinin qaldırılmasına yönəldilib.
Nəticədə, 21 iyunda "Qazprom" Belarus üçün qaz təchizatını azaltmağa başladı, ilk başdan 15%-lik azalma tətbiq etməklə, bunu 85%-ə qədər artıracağı ilə hədələdi. Münaqişənin aktiv fazasında azalma 60%-ə çatdı. Buna cavab olaraq Belarus "Qazprom"a Avropaya qaz ötürülməsinin haqqı kimi $260 mln-luq hesab təqdim etdi və bunun ödənilməyəcəyi təqdirdə qaz tranzitini dayandırmaqla hədələdi.
"Qazprom" mayı da nəzərə almaqla tranzitə görə $260 mln borcludur. Mən hökumətə əmr etmişəm ki, nə qədər ki, "Qazprom" pulu ödəməyib, Belarusdan qaz tranzitini dayandırsınlar. Onlar yarım ildir ki, bizə bir qəpik də verməyiblər",- deyə A.Lukaşenko Minskdə Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüş zamanı bildirib.
"Biz "Qazprom"a borclu deyilik. Əgər $260 mln-luq tranzit haqqından Belarusun bizim danışıqlar apardığımız dörd ayda yığılmış $190 mln-luq borcunu çıxsaq, "Qazprom" bizə $70 mln borclu qalır", - deyə prezident vurğulayıb.
O qeyd edib ki, Belarus ödəniş haqlarının saxlanılması barədə "Rusiyalı tərəfdaşları ilə yüksək səviyyədə anlaşmağa çalışıb". "Mayın 1-nə kimi biz razılaşa bilmədik", - deyə A.Lukaşenko bildirib.
Belarus prezidenti həmçinin borcların qarşılıqlı zaçotunu aparmağı və məsələni bağlamağı təklif edib. Onun sözlərinə görə, Rusiya tərəfini bu təklif razı salmır və Moskva göndərilmiş qazın pulunu "bir anda" ödəməyi təklif edir. Bununla bağlı A.Lukaşenko yaranmış durumda Rusiya tərəfindən "açıq təzyiq" olması barədə nəticə çıxarıb.
Bundan başqa, Belarus qazın tranziti üçün haqqın hər 100 km üzrə $1,45-dən $1,88-ə kimi qaldırılması barədə tələb qoyub. Minskin məlumatına görə, tariflərin qaldırılması qrafiki qaz satışı barədə müqavilədə göstərilib və artıq 2009-cu ildə $1,74 təşkil etməli idi, amma "Qazprom" pulu $1,45-dən ödəyib. "Qazprom" bəyan edib ki, ödəməyə hazırdır, ancaq Belarus ilin əvvəlindən qaz tranziti üzrə görülən işlərin aktına qol çəkməyib.
"Qazprom" "Beltransqaz" ASC-nin fəaliyyətinin səmərəliliyini artırmaq üçün Belarus istehlakçılarına verilən qazın qiymətinin qaldırılması təklifi ilə çıxış edib, amma Minsk bununla razılaşmayıb. Nəticədə, Belarus qaz tranzitini tamam bağlamasa da, onun həcmlərini "Qazprom" tərəfindən tətbiq edilən azalmaya uyğun şəkildə məhdulaşdırmağa başlayıb.
Qeyd edək ki, Ukrayna ilə qaz böhranından fərqli olaraq, tranzitin məhdudlaşdırılması və ya kəsilməsi yalnız üç ölkəyə - Litvaya, Polşaya və Almaniyanın bir hissəsinə təsir göstərə bilərdi. Hər il Belarusdan Avropaya 50 mlrd kubmetrə yaxın qaz ötürülür ki, bu da Avropa Birliyi (AB) tərəfindən istehlak edilən qazın 6,25%-ni təşkil edir.
Tranzitin dayandırılmasından ən çox Litvaya zərər dəyə bilərdi, o, 100% Belarusdan keçən qaz tranzitindən asılıdır. Qaz savaşının ən gərgin fazasında - iyunun 23-ü və 24-ündə Litvaya nəzərdə tutulanın yalnız 50%-i həcmində qaz verilirdi. Litva isə öz növbəsində Rusiya Federasiyasının Kalininqrad vilayətinə gedən qazı bağladı, nəticə Rusiya bumeranq effekti ilə üz-üzə qaldı. Litva Latviyaya müraciət etməyə hazırlaşırdı, çünki o ən azı bir həftəliyinə qaz çatışmazlığını aradan qaldırmağa yardım edə bilərdi, amma məsələ proqnozlaşdırıldığı kimi tez həll oldu.
Polşaya və Almaniyaya qaz ötürülməsi məsələsini "Qazprom" Ukrayna vasitəsilə həll etməyi düşünürdü, orada indi ötürülən 100 mlrd. kubmetrdən əlavə 30 mlrd. kubmetr də ötürməyə imkan var. Ukrayna da öz növbəsində Avropa istehlakçılarının təmin edilməsi üçün öz imkanlarını təklif edirdi. Rusiya-Belarus qarşıdurmasını yüngülləşdirən başqa bir məsələ isə münaqişənin "mavi yanacağa" tələbatın yetərincə azaldığı isti yay günlərində baş verməsi idi. Amma buna baxmayaraq Litvaya qaz nəqlinin məhdudlaşdırılması Avropanı qorxuya salmışdı.
"Qaz təchizi üzrə beynəlxalq öhdəliklər mütləq yerinə yetirilməlidir. Qeyd edirik ki, hazırda bir sıra AB ölkələri üçün qaz nəqlinin azaldılması yol verilməzdir. Bu bütün AB-yə qarşı çıxmaq deməkdir", - deyə energetika üzrə Avropa kommisarı Günter Ettinger bildirib.
"Son günlərdə Avropa Komissiyası dəfələrlə bəyan edib ki, müqavilələr yerinə yetirilməlidir və Rusiya ilə Belarus arasında mübahisə AB ölkələrinə hər hansı bir mənfi təsir göstərməməlidir",- deyə AB-nin rəsmi məlumatında bildirilir.
Rusya ilə başqa ölkələr arasında təkrar olunan enerji münaqişələri baradə narahatlıq çağırışları Litva prezidenti Dalya Qribauskayte tərəfindən də edilib. "Ölkələr arasında, xüsusilə də Rusiya ilə başqa dövlətlər arasında energetika sahəsində münaqişələrin təkrarlanan forması doğrudan da bütün Avropanın narahatlığına səbəb olmalıdır. Burada Avropaya qazın və başqa enerji qaynaqlarının ötürülməsinin təhlükəsizliyindən, bunun xüsusilə də AB ölkələrinə ötürmə zamanı təmin edilməsindən gedir", - deyə xanım Qribauskayte vurğulayıb.
Amma münaqişə, yuxarıda qeyd edildiyi kimi sürətlə söndü. Artıq iyunun 23-də Belarus $187 mln borcu ödədi və bir gündən sonra Rusiyadan $228 mln aldı. Nəticədə, artıq iyunun 24-dən Belarusa qaz təchizatı və Avropaya qaz tranziti tam rejimdə gerçəkləşdirilməyə başladı. Bu ardıcıllıq Belarus rəhbərliyinə qaz böhranının əsassız və uydurma olması barədə bəyanat verməsinə imkan yaratdı.
Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko hesab edir ki, "Qazprom" tərəfindən qaz tranzitinə görə borcun ödənilməsi Rusiya tərəfinin qaz təchizatının məhdudlaşdırılması və müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı hərəkətlərinin əsassız olmasının sübutudur.
"Bu addımı ilə "Qazprom" öz hərəkətlərinin qanunsuz və əsassız olmasını, onların müqavilə şərtlərinə uyğun gəlməməsini etiraf etdi. Kimin kimə daha çox borclu olmasının ortaya çıxması da bu azalmanın nonsens olmasının daha bir sübutudur", - deyə V.Semaşko vurğulayıb.
Belarus prezidenti Aleksandr Lukaşenko isə hesab edir ki, münaqişə üçün səbəb yox idi. Onun fikrincə, "Rusiyanın mövqeyi baxımından bu münaqişə tamamilə əsassızdır".
Tərəflər həmçinin qaz təchizatı və tranziti üzrə sazişə əlavələri razılaşdırıblar və tezliklə ona qol çəkilməsi gözlənilir.
Prinsipcə bu, iki ölkə arasındakı ilk qaz münaqişəsi deyil. Qaz hesablaşmalarında bu cür vəziyyət 2007-ci ildə də yaranmışdı, onda Belarus ilin I yarısında qazın qiymətinin yalnız 55%-ni ödəmişdi və nəticədə artıq avqustda "Qazprom" qarşısında vaxtı ötmüş borc $460 mln. təşkil etmişdi.
Onda "Qazprom" borcun ödənilməməsi şəraitində qaz təchizatını 45%-ə qədər azaltmağa hazır olduğunu bəyan etmişdi. Belarus tərəfi isə Rusiya Federasiyasının (RF) hökuməti və "Qazprom"la ödəniş vaxtının uzadılması barədə razılaşmağa çalışırdılar, çünki ilin əvvəlində Rusiya rəhbərliyi tərəfindən 2007-ci ildə qazın qiymətinin iki dəfədən çox artırılması ilə bağlı olaraq $1,5-2 mlrd. səviyyəsində sabitləşdirici krediti vəd edilmişdi.
Onda Belarus tərəfi "Qazprom" qarşısındakı borcu prezident A.Lukaşenkonun şəxsi qərarı ilə bir neçə gün ərzində ödəmişdi. Bu dəfə isə qarşılıqlı təhdidlərin gerçəkləşdirilməsindən qaçmaq mümkün olmadı və bu qaz müharibəsi bir daha enerji təchizatının diversifikasiyasının vacibliyini ilk plana çıxardı.
Daha real alternativ isə bəlli olduğu kimi Xəzər hövzəsində, o cümlədən Azərbaycandadır. Təsadüfi deyil ki, qaz savaşının ən gərgin anında A.Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə və Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib və onlara RF ilə qaz münaqişəsi barədə xəbər verib.
Bu addım Avropanın enerji təhlükəsizliyi baxımından Xəzər bölgəsinin önəmini göstərir. Xəzərin iri enerji qaynaqları Avropa üçün Rusiya qazının tam əvəzi olmasa da, təchizatın diversifikasiyası ilə bağlı vəziyyəti bir qədər yüngülləşdirər və son zamanlarda həddindən artıq tez-tez baş verən qaz "müharibə"ləri dövründə problemlərdən qaçmağa imkan yaradar.
Öz tərəfindən Azərbaycan artıq demək olar ki, Avropanın qaz bazarına çıxmaqla bağlı maneələri aradan qaldırıb. Türkiyə ilə Avropaya qaz tranziti üzrə saziş "Şahdəniz" yatağının tam miqyaslı işlənməsinə yol açır. Amma Azərbaycanın potensialı yalnız bu yataqla məhdudlaşmır, çox sayda başqa yataqlar ("Naxçıvan", "Abşeron", "Babək", "Azəri-Çıraq-Günəşli" yatağının dərinlikdə yerləşən qaz layları və s.) də var və onların işlənməsi öz vaxtını gözləyir.
İndi aydındır ki, Avropa istehlakçıları Azərbaycanla nə qədər tez anlaşa bilərl?rsə, öz enerji təhlükəsizliklərini də bir o qədər tez təmin edərlər. Azərbaycandan sıxılmış qaz təchizatı üzrə layihələr də nəzərə alınarsa, hətta Belarus da enerji resurslarını bizim ölkədən ala bilər.
Belə ki, RF ilə qaz mübahisəsinin ən gərgin anlarında Belarusun energetika naziri Aleksandr Ozerets Litvada sıxılmış qaz terminalının tikintisi layihəsində iştirakda maraqlı olduqlarını bəyan edib.
"Biz də sizin kimi energetika qaynaqlarını diversifikasiya etmək və Rusiya qazından asılılığı azaltmaq istəyirik", - deyə A.Ozerets öz litvalı həmkarı Arvidas Syakmokas ilə söhbətində bildirilir.
Nəhayət, əgər Belarus nefti Venesueladan ala bilirsə, Azərbaycanla da qaz üzrə anlaşa bilər.
MƏSLƏHƏT GÖR:


563

