SİYASƏT, İQTİSADİYYAT VƏ FUTBOL
Həqiqəti haradasa ortada axtarmaq lazım gəldi …
Müəllif: İrina XALTURİNA Bakı
İyunun sonlarında dünyanın diqqəti Yer kürəsinin bir-birindən əks istiqamətlərində yerləşən iki məkanına yönəldi - Şimal yarımqütbündə, Kanadada keçirilən "G8" və "G20" sammitlərinə, bir də Cənub yarımkürəsində - CAR-da təşkil olunmuş futbol üzrə dünya çempionatına. Müşahidəçilərin sözlərinə görə, Kanada sammitlərinin təqvimini müəyyənləşdirən zaman onun mundial matçları ilə üst-üstə düşməməsinə xüsusi diqqət yetirilib. Amma görünən odur ki, bu cəhd o qədər də alınmayıb. Hər halda, Almaniya kansleri Angela Merkel ilə Böyük Britaniyanın baş naziri Devid Kemeron dünya çempionatının 1/8 final mərhələsində Almaniya ilə İngiltərə milliləri arasında keçirilən qarşılaşmanın 2-ci hissəsini izləmək üçün "Böyük səkkizlik"in sammitini tərk etməli olublar. Kemeronun etiraf etdiyi kimi, matç zamanı Merkellə o hər şeyi unudaraq, "ekrana yapışıbmışlar".
Beləliklə, bir tərəfdə futbol, digər yanda siyasətlə iqtisadiyyat. Özü də onlar arasında ümumi məqamlar ilk baxışdan göründüyü qədər də az deyil. Müasir dünya futboluna siyasət və iqtisadiyyat getdikcə daha çox təsir göstərir. Öz növbəsində, siyasət və iqtisadiyyat da çox tez-tez öz qaydaları, qalib və autsayderləri, cərimə zərbələri və penaltiləri olan "oyun"a çevrilir/.
Əlbəttə ki, bu gün nə "G8", nə də "G20" baxımlılıq, ehtirasların coşğunluğu baxımından futbol matçları ilə rəqabət apara bilməz. Amma futbolda səhvlər və uğursuzluqlar yalnız azarkeşləri məyus edirsə, dünya siyasəti və iqtisadiyyatındakı yanlışlıqlar bütünlükdə bəşəriyyət üçün baha başa gələ bilər.
İlk dəfə idi ki, "Böyük səkkizlik" və "Böyük iyirmilik" sammitləri bir-birinin ardınca, yəni demək olar ki, eyni vaxtda keçirilirdi. 2010-cu ilin "görüş yeri" Kanada idi. "G8" Xansvilldə, daha miqyaslı "G20" sammiti isə Torontoda keçirildi.
"Səkkizlik" liderləri - ÇXR sədri Xu Tszintao, İtaliya, Böyük Britaniya və Yaponiyanın baş nazirləri Silvio Berluskoni, Devid Kemeron və Naoto Kan, Almaniya kansleri Angela Merkel, Fransa, Rusiya və ABŞ prezidentləri Nikolya Sarokzi, Dmitri Medvedev və Barak Obama poetik bir məkanda - göllər və koteclər ölkəsi adlandırılan Ontario əyalətinin Maskok qraflığında - Deerhurst kurortunda bir araya gəldilər.
Kanada əvvəlcə 3 əsas mövzu təklif edirdi: inkişaf etməkdə olan ölkələrdə doğuş zamanı qadınlarda ölüm hallarının azaldılması və infeksion xəstəliklərdən uşaq ölümünün qarşısının alınması, beynəlxalq terrorla mübarizə, nüvə silahlarının yayılmasının qarşısının alınması. Beynəlxalq sammitlərdə ənənəvi olan paket də var idi - kütləvi qırğın silahlarının yayılmaması, dünyada dəniz quldurluğuna qarşı mübarizə, Əfqanıstanda vəziyyət və narkotrafiklə mübarizə, Yaxın Şərq münaqişəsinin həlli, İran və Şimali Koreyanın nüvə proqramı kimi məsələlərə bu dəfə Cənubi Koreyaya məxsus "Çhonan" korvetinin batırılması da əlavə edilmişdi.
Yeri gəlmişkən, "G8" ölkələri Tehranla Pxenyanı söz azadlığı və hüququn aliliyinə hörmət etməyə çağırdı, Cənubi Koreya gəmisinin batırılmasını pislədi.
Qeyd edək ki, sonuncu fakta görə Seul məhz Şimali Koreyanı təqsirləndirir.
Bununla yanaşı, Rusiya KİV bildirir ki, sənədə İran və Şimali Koreya ilə bağlı ABŞ-ın israr etdiyi sərt məqamlar daxil edilməyib. Bəzi müşahidəçilər bildirir ki, buna Moskvanın cəhdləri ilə nail olunub.
Bundan başqa, Xansvilldə Rusiya İrana qarşı yeni birtərəfli sanksiyaların qəbuluna qarşı çıxış edib. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası iyunun əvvəlində artıq Tehrana qarşı sanksiyalar paketi qəbul edib.
Amma Tehrana qarşı qəbul olunmuş çoxsaylı beynəlxalq sənədlərin heç biri hələ də ona təsir etmir. Odur ki, bir qətnamənin artıq və əskiki olması heç nəyi dəyişməyəcək.
"Böyük səkkizlik" liderləri Qəzza zolağındakı humanitar durumdan da narahatlıqlarını ifadə ediblər, Əfqanıstan hökumətinə ölkənin demokratikləşdirilməsi, təhlükəsizliyin artırılması, dövlət idarəçiliyi və ədalət məhkəməsi sahələrində işləri artırmağa çağırıblar.
Uşaq və anaların sağlamlığı ilə bağlı təşəbbüslərə gəlincə, yalnız Kanada bu sahəyə 1,1 milyard yerli dollar (təxminən, 1 milyard ABŞ dolları) ayırmağa hazırlaşır.
BMT Uşaq Fondunun (YUNİSEF) məlumatına görə, dünyada hər il, təxminən, 9 milyon uşaq 5 yaşına çatmadan dünyasını dəyişir. Bu, aşağı səviyyəli səhiyyənin müqavimət göstərə bilmədiyi infeksion və digər xəstəliklər üzündən baş verir. Bu problem xüsusilə yoxsul ölkələrdə, ən başlıcası isə Afrikada aktualdır.
"G8" terrorizmin bütün təzahürlərini yekdilliklə pisləyib. 2010-cu ilin martında Moskva metrosunda törədilmiş partlayışlar, həmçinin 2009-cu ilin dekabrında ABŞ-da - Detroytda təyyarənin partladılmasına cəhd də bura daxildir. Sammitin yekununda qəbul edilmiş bəyanatda bildirilir ki, "terrorun istənilən təzahürü insansevərliyə zidd olan cinayətdir, səbəbdən asılı olmayaraq, ona haqq qazandırmaq mümkün deyil". Nüvə terroru təhlükəsinə də xüsusi diqqət ayrılıb.
Dünya iqtisadiyyatına gəlincə, "səkkizlər" "qlobal iqtisadi böhrandan çıxış vasitəsi" kimi azad və açıq bazara sadiq olduğunu bəyan edib.
Qurum üzvləri ticarətdə himayəçiliyə qarşı mübarizə aparmaq niyyətini bir daha ifadə edib.
Beləliklə, Rusiya prezidentinin köməkçisi Arkadi Dvorkoviçin qeyd etdiyi kimi, "heç bir problemlə bağlı tam nikbinlik yoxdur, amma yaxın zamanlarda hansı addımların atılmalı olduğuna dair anlayış var". Nikbinliyin olmaması aydındır. "Hansı addımların atılmalı olduğuna dair anlaşma" isə əlbəttə ki, arxayınlıq yaratmaya bilməz/.
"Səkkizlik" sammitinin ardınca dərhal "iyirmilik" bir araya gəlib. Xatırladaq ki, bu, birliyə "G8" üzvləri ilə yanaşı, Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Cənubi Koreya, Meksika, Səudiyyə Ərəbistanı, Türkiyə, CAR, həmçinin Avropa İttifaqı daxildir. Quruma rəhbərlik də məhz sonuncuya məxsusdur. Dünya əhalisinin 2/3-si və dünyanın ümumi daxili məhsulunun 85%-i məhz "G20"yə daxil olan ölkələrin payına düşür.
Sammitdə əsasən qlobal iqtisadi böhranın nəticələri ilə mübarizə və maliyyə tənzimləməsi müzakirə edilib.
Bu görüşdən hələ xeyli əvvəl artıq intriqa yaranmışdı: Kanada, ABŞ, Rusiya və bir sıra digər ölkələr banklara böhran vergisinin tətbiqinə qarşı çıxırdı. Aİ ölkələri, xüsusilə Almaniya, Fransa və Böyük Britaniya isə bu təşəbbüsün tərəfdarı kimi mövqe ortaya qoydular. Bu ideyanın müəllifləri hesab edir ki, böhranın ən kəskin vaxtında maliyyə sektoruna yönəldilmiş vəsaitlər məhz bu yolla geri qaytarıla bilər. Təşəbbüsün əleyhdarları isə düşünür ki, bank vergisinin tətbiqi məcburi xarakter daşımamalı, hər bir ölkə bu haqda qərarı müstəqil şəkildə qəbul etməlidir.
ABŞ öz növbəsində Aİ-ni büdcə kəsrləri ilə mübarizə xətrinə iqtisadiyyatın stimullaşdırılmasını dayandırmamağa çağırır. Birləşmiş Ştatlar prezidenti Barak Obama, hətta Aİ liderlərinin "iqtisadi vicdan"ına müraciət də edib və onları dövlət xərclərinin radikal şəkildə ixtisarına getməməyə çağırıb. Amma öz evində "borc böhranı" epidemiyasının yayılmasına imkan verməmək istəyində olan Avropa, büdcə kəsrinin azaldılması üçün bütün mümkün variantları nəzərdən keçirir. Artıq Aİ ölkələri dövlət xərclərinin 300 milyard avro azaldılması haqda razılıq əldə edib (Almaniya büdcə xərclərini 80 milyard avro azaltdığını bəyan edib).
Lakin belə qənaətcillik dünya iqtisadiyyatının dirçəlməsi prosesinə mənfi təsir göstərə bilər. Kanadanın baş naziri Stiven Xarperin dediyi kimi, avropalılar öz maliyyə problemlərini dünya ticarətinin zəifləməsi və ödəmələrdə, ticarət balanslarında qlobal disbalansın güclənməsi hesabına həll etməməlidir. Nəticədə, gerçəkliyi və güzəştlərə hazırlıq əlamətlərini hardasa ortada axtarmaq lazım gəldi/.
"G20" üzvləri 2013-cü ilədək öz büdcələrindəki kəsrin 2 dəfə azaldılması, daha sonra xarici borcun həcminin sabitləşdirilməsi ilə məşğul olmaq haqda razılığa da gəlib. "İyirmilik" liderləri beynəlxalq tənzimləmə orqanının yaradılmasına dair də razılıq əldə edib. Söhbət pul-kredit, büdcə siyasəti və s.-nin necə aparılmasına dair məsləhətləşmələrdən gedir. Beynəlxalq Valyuta Fondunda çoxtərəfli islahatların aparılması məsələsi də müzakirə edilib.
Beləliklə, postböhran dövrü heç də asan dövr deyil. Əslində, böhranın ən kəskin vaxtlarında dünya liderləri üçün nüanslara əhəmiyyət vermədən, bir-biri ilə dil tapmaq daha asan idi.
Bütün bunların fonunda "iyirmilik"in tədricən "səkkizlik"i əvəz etməsinə dair artıq ənənəvi mövzuda söhbətlər eşidilir. Bəs onların arasında fərq nədir? Əsas fərq ondadır ki, əgər "G8" diqqəti siyasətə istiqamətləndirirsə, "G20"də diqqət iqtisadiyyata yönəldilir.
Əlbəttə ki, "Böyük səkkizlik"də çox çatışmazlıqlar var. Məsələn, çoxları üçün dünyanın güclü dövlətlərinin rəhbərlərinin yoxsulluq və ya ərzaq problemi kimi məsələləri hansısa kurort şəhərində, yaşıl rəngli gölə baxan elit yaylaqda əyləşərək, ən bahalı şərab və qurmanlar üçün olan yeməklərin olduğu süfrə başında müzakirə etmələri qeyri-normal görünür. Məlumata görə, ancaq "G8"ə daxil olan dövlət başçılarının yeməklərinin yoxlamadan keçirilməsinə 1 milyon dollar xərclənib. Ümumilikdə isə Kanada ard-arda keçirilən 2 sammitə milyard dollar xərcləyib və bu, ayrı-ayrı yerlərdə etirazçı qüvvələrin və qloballaşma əleyhdarlarının kəskin reaksiyasına səbəb olub.
"G8"in artıq keçmişdə qaldığına dair fikirlər səslənir. Bunun əsas səbəbi kimi, bir çox nəhəng dövlətlərin ondan kənarda qalması göstərilir. Söhbət, ilk növbədə, böyük iqtisadi imkanları olan Çin, Hindistan və Braziliyadan gedir.
"Böyük səkkizlik" tərəfindən qəbul edilmiş qərarların nəticəsinə də böyük şübhə var. Hər halda, onların reallaşdırılmasına nəzarət etmək çox çətindir. Kanadanın vətəndaş təşkilatlarından biri hesablayıb ki, "G8"in yarandığı vaxtdan keçən 35 il ərzində qurumda 3000 "mənasız" razılaşma əldə edilib.
Həm "G8", həm də "G20" çoxsaylı ikitərəfli görüşlər üçün meydandır. Bu ikitərəfli görüşlərdə prezidentlər mövqelərini ortaya qoyur, ağrılı problemlərdən danışır. Amma bu söhbətləşmə və dərdləşmə adi vergiödəyiciləri üçün çox baha başa gəlir.
Digər tərəfdənsə, bu fikri BMT də daxil olmaqla, bir çox digər beynəlxalq qurumlar haqda da söyləmək olar.
Odur ki, "G8"in klub formatına malik olması və müxtəlif bürokratik prosedurlara ehtiyac duymaması haqda fikirlər onun xeyrinədir.
"G20"-yə gəlincə, iqtisadi böhran aradan qalxdıqca, üzv ölələrə bir-biri ilə dil tapmaq, razılığa gəlmək daha çətin olur. Amma yenə də "iyirmilik" bu gün üçün dünya iqtisadiyyatının zəif tərəflərinin açıq müzakirə olunduğu yeganə meydandır. Bu görüşün iqtisadi-maliyyə məsələləri üzrə əsas qlobal forum sayılması da boş yerə deyil.
"G8" və "G20"nin mövcudluğu bir şeyə də ümid yaradır: nə vaxtsa dünya yalnız çoxqütblü olmayacaq, həm də, bu qütblər dünya siyasəti və iqtisadiyyatına dair bir-biri ilə razılıq əldə etməyin mexanizmini tapacaqlar.
Amma bu da əsas deyil. Əsas olanı qəbul edilmiş qərarların icrasına nəzarəti təmin edəcək sistemin yaradılmasıdır. "Səkkizlik" və "iyirmilik" üzvlərinin digər dövlətlərlə əməkdaşlıq yolunun hazırlanması da vacibdir.
Beləliklə, siyasi-iqtisadi şou başa çatdı və artıq bütün diqqəti tamamilə futbol şousuna yönəltmək olar.
Həqiqətən də maraqlıdır, görəsən, sammit zamanı Almaniya millisinin ingilisləri darmadağın etməsi Devid Kemeronun əhvalına təsir etdi, ya yox?
MƏSLƏHƏT GÖR:






478

