DRAMATİK VAXTDA REFERENDUM
Qırğızıstan Mərkəzi Asiyada geosiyasi gərginliyin mərkəzi olaraq qalır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Qırğızıstan Mərkəzi Asiyada geosiyasi gərginliyin episentri olaraq qalır. Sabiq prezident Kurmanbek Bakiyevin devrilməsi ilə ölkədə gər-ginləşən vəziyyət qırğızlarla özbəklər arasında milli zəmində qarşıdurmaları daha da dərinləşdirib. Bu toqquşmalar nəticəsində 280-dən artıq insan həlak olub. İndi Qırğızıstanda siyasi sistemin dəyişdirilməsi ilə bağlı keçirilən referendum regionun ən yoxsul dövlətində vəziyyətin düzəlməsi şansını ortaya çıxarıb. Amma bu şansdan istifadə olunub-olunmayacağı, ümumiyyətlə, belə perspektivə ümidin qalıb-qalmaması kimi suallara hələ də cavab yoxdur.
Milli zəmində toqquşmalar iyunun 11-i gecə Qırğızıstanın cənubunda baş vermiş kütləvi davadan sonra başladı. Nəticədə, həftə ərzində talanlar, iğtişaşlar yaşandı, evlərə od vuruldu. Hökumət Oşun bir sıra rayonlarında, həmçinin, qonşu Cəlilabad vilayətində fövqəladə vəziyyət elan etmək məcburiyyətində qaldı.
Amma hadisələrin lap əvvəlindən baş verənlərin Bakiyev hökumətinin devrilməsi və Roza Otunbayevanın rəhbərlik etdiyi Müvəqqəti Hökumətin qurulmasının nəticəsi olduğu bəlli idi.
Xüsusilə Qırğızıstanın yeni hökuməti hesab edir ki, iğtişaşların arxasında məhz Bakiyevin qüvvələri dayanır. Artıq hüquq-mühafizə orqanları sabiq prezidentin yaxın qohumu Sanjar Bakiyevi həbs edib. Dindirmə zamanı o, yalnız mayın 13-14-də Cəlalabadda baş verən iğtişaşlarda deyil (növbəti qırğız inqilabından dərhal sonrakı olaylar), millətlərarası toqquşmalarda da günahını etiraf edib.
Amma yeni hökumət baş verənlərə görə yalnız keçmiş hakimiyyəti yox, "Bakiyev klanından pul almış beynəlxalq terror təşkilatları"nı da ittiham edir. Qırğızıstan Milli təhlükəsizlik xidmətinin rəhbəri Keneşbek Duşebayev bildirib ki, Oş və Cələlabadın ayrı-ayrı hissələrində baş verən faciələrə "Özbəkistan islam hərəkatı" və "İslam Cihadı ?ttifaqı"nın da aidiyy?ti var. Duşebayevin sözlərinə görə, bu ilin aprelində Kurmandek Bakiyevin oğlu Maksim Dubayda "Özbəkistan islam hərəkatı"nın (ÖİH) emissarları ilə görüşüb. Mayda isə Əfqanıstanın Badahşanə şəhərində Bakiyev ailəsinin üzvləri "Taliban", ÖİN və digər terror təşkilatlarının rəhbərliyi ilə bir araya gəlib. Görüşdə Qırğızıstanda sabitliyin pozulması haqda razılıq əldə edilib. "Bu işin əvəzində Bakiyev təşkilatçılara 30 milyon ABŞ dolları mükafat vəd edib", - deyə Duşebayev bildirib.
Bakiyev isə ailəsinin ünvanına səsləndirilən bu ittihamları rədd edib. Amma Qırğızıstanda baş verənlərdə "üçüncü qüvvə"nin də əlinin olduğuna Özbəkistan prezidenti İslam Kərimov da açıq şəkildə işarə vurub. Çoxlarının Kərimovdan sərt reaksiya gözlədiyi vaxtda o, əksinə, iki ölkə arasında münasibətlərə problem yarada biləcək heç bir addım atmayıb.
Bundan başqa, Kərimov təxminən 100 min özbək qaçqının geriyə - Qırğızıstana qayıtmasına nail olub. Hərçənd, Oşdakı qırğından yaxa qurtarmaq üçün Özbəkistana keçmiş qaçqınların özləri, məcburi olaraq geriyə qaytarılmalarına etiraz edirlər.
Daşkəndin tələm-tələsik qaçqınları geri qaytarmasının səbəbi kimi, onların iyunun 27-də Qırğızıstanda keçirilən referendumda iştirakının vacibliyi göstərilir. Amma buna baxmayaraq, Qırğızıstanın özbək vətəndaşlarının əksəriyyəti səsverməyə qatılmayıb, çünki referendum təşkilatçıları, onları, sadəcə diqqətdən kənar qoyub.
Referendumun keçirilməsini məqsədəuyğun saymayanlar da, arqument kimi, məhz bu cür aşağı səviyyədə qurulan təşkilatçılığı göstərirdilər. Onların fikrincə, hazırda xalqın öz iradəsini azad şəkildə ortaya qoymasına imkan yoxdur. Millətlərarası qanlı toqquşmalar, ölkənin cənub regionlarında fövqəladə vəziyyət, pasport rejimi və silah axtarışı ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı təmizləmə əməliyyatları həqiqətən də referendum keçirilməsi üçün əlverişli şəraitin olmadığından xəbər verir.
Lakin yeni hökumət hesab edib ki, Qırğızıstanda yaranmış siyasi böhrandan çıxmaq üçün referendumdan başqa yol yoxdur. Seçicilər növbəti prezident seçkisinədək dövlət başçısı səlahiyyətlərinin Müvəqqəti Hökumətin başçısı Roza Otunbayevaya verilib-verilməməsinə, həmçinin Konstitusiyaya dəyişikliyə münasibət bildirməli idilər. Dəyişiklik prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını, ölkədə parlament üsul-idarəsinə keçidi nəzərdə tuturdu.
Referendum ərəfəsində Otunbayeva xalqa müraciət edərək, hamını referendumda iştirak etməyə və yeni konstitusiyaya səs verməyə çağırdı. Otunbayeva hesab edir ki, referendum "çətin və dramatik dövrdə" keçirilsə də, yeni konstitusiya avtoritarizmə, keçmiş prezidentləri Əskər Akayev və Kurmanbek Bakiyevin əxlaqsız siyasi rejimlərinə son qoyacaq.
Qeyd edək ki, ABŞ-ın Bişkekdəki səfirliyi Qırğızıstan hökumətini dəstəkləyib. Səfirlikdən verilən açıqlamada bildirilirdi ki, referendum ölkədə demokratiyanın bərqərar edilməsində vacib addım olacaq.
Qırğızıstandakı vəziyyət Rusiya prezidentinin ABŞ səfəri zamanı da əsas müzakirə mövzularından biri olub. Bu, fövqəldövlətlərin Mərkəzi Asiya bölgəsində hadisələrin onların mənafeyinə uyğun inkişaf etməsində maraqlı olduqlarını bir daha sübut edib. Bununla yanaşı, Dmitri Medvedev ilə Barak Obamanın bəyanatı göstərib ki, Moskva və Vaşinqton Qırğızıstanın geosiyasi gələcəyi ilə bağlı eyni mövqedə deyillər. Bu ölkədəki Rusiya və ABŞ bazaları isə tərəflər arasında mövcud olan fikir ayrılığının yalnız bir hissəsidir. Xüsusilə, Qırğızıstana beynəlxalq hərbi kontingentin göndərilməsi perspektivi haqda danışan Medvedev bildirib ki, bu ölkədə səliqə-sahman Bişkekin özü tərəfindən yaradılmalıdır. Bununla yanaşı, Rusiya prezidenti Otunbayevadan KTMT çərçivəsində hərbi yardım istəyi aldığını rəsmən təsdiqləyib. "Lakin Təhlükəsizlik Şurasının katibləri hələ ki, bu məsələni ətraflı müzakirə etməyib", - deyə Medvedev bildirib. - "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, əlbəttə ki, bu problemə reaksiya verəcək. Lazım gələcəyi təqdirdə, mən qurumun sədri olaraq, istənilən an ya təhlükəsizlik şuralarının katibləri, ya da quruma üzv dövlət başçılarının toplantısını çağıra bilərəm".
Öz növbəsində, ABŞ prezidenti qeyd edib ki, D.Medvedevlə müzakirə etdiyi məsələlər sırasında, Qırğızıstanda yaranmış vəziyyətdən çıxmaq üçün beynəlxalq aləm tərəfindən müvafiq mexanizmin hazırlanması da olub. O, əlavə edib ki, dinc əhalinin təhlükəsizliyinin təmin oluması üçün görülən tədbirlər bir ölkənin deyil, dünya ictimaiyyətinin bayrağı altında keçirilməlidir.
Beləliklə, Kreml ilə Ağ ev arasında Qırğızıstan problemi ilə bağlı fikir ayrılığının olduğu aydındır. Rusiya bu problemi Qırğızıstanın özünün həll etməli olduğunu düşünür və ən pis halda, bunu KTMT-nin üzərinə qoyursa, ABŞ məsələyə daha geniş yanaşır. O, Qırğızıstanda beynəlxalq formatda missiyanın fəaliyyətini vacib sayır.
Otunbayevanın rəsmi istəyinə baxmayaraq, nəyə görə Rusiya öz qoşunlarını Qırğızıstana göndərmədi? Bu sualın cavabı əlbəttə ki, geosiyasi maraqlarla bağlıdır. Moskva hələ Qırğızıstanın yeni hökumətinin rusiyapərəst olduğuna tam əmin deyil. Bu səbəbdən də Rusiya bir yandan daxili siyasi mübarizənin qızğın olaraq qaldığı, digər yandan ABŞ bazasının mövcud olduğu Qırğızıstan ərazisinə girməyi məqsədəuyğun saymayıb. Başqa sözlə, Moskva Otunbayeva hökumətiin nəzərinə çatdırır ki, Bakiyevin hakimiyyəti dövründə olduğu kimi, yenidən aldanmaq istəmir: eks-prezident Moskvadan maliyyə yardımı alsa da, ABŞ-ın hərbi bazasının respublika ərazisində qalmasa da şərait yaradırdı.
Amerikalılar isə sonadək "Manas" bazasının Qırğızıstanda saxlanılmasında israrlı olduqlarını göstərirlər. Xüsusilə Əfqanıstandakı beynəlxalq koalisiyada durumun qəlizləşdiyi bir vaxtda "Manas"ın strateji əhəmiyyəti daha da artır. Otunbayeva hökumətinin siyasi təşəbbüslərinə, xüsusilə Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma Vaşinqtonun belə loyal münasibəti bu məsələdə Bişkəkin dəstəyini almağa hesablanmayıb ki?
Daha bir maraqlı məqam odur ki, ABŞ administrsiyasından fərqli olaraq, D.Medvedev yeni qırğız hökumətinin potensialına şübhə ilə yanaşır. O bildirib ki, bu hökumətin "legitimliyi azdır". "Mən təsəvvür edə bilmirəm ki, parlamentli respublika modeli Qırğızıstanda necə işləyəcək. Bu model parlamentdə toqquşmalar, tez-tez hakimiyyət dəyişiklikləri, hakimiyyətin nəzarətsiz şəkildə əldən-ələ keçməsi və sonda, iqtidara ekstremist əhval-ruhiyyəli qüvvələrin gəlməsi ilə nəticələnməyəcək ki?.." - deyə Rusiya prezidenti vurğulayıb.
Etiraf edək ki, belə narahatlığın həqiqətən də əsası var. Amma bu gün üçün fakt ondan ibarətdir ki, Qırğızıstanda referendum baş tutub. Rəsmi məlumata görə, xalq Otunbayevanın prezident səlahiyyətlərinin 2011-ci il dekabrın 31-dək uzadılmasına, həmçinin Qırğızıstanın parlament respublikasına çevrilməsinə dəstək verib.
Otunbayeva referendumdan dərhal sonra yeni hökumətin legitimləşdirildiyini bəyan edib: "Bu gün biz yeni konstitusiyanı qəbul etdik. Çətinliklər və yeni konstitusiyanın əleyhdarlarının sərt müqavimətinə baxmayaraq, referendum baş tutdu. Bununla da xalq iki ailə klanı - Akayev və Bakiyevlərin avtoritor idarəetmə erasına yağlı bir nöqtə qoydu".
Əlbəttə ki, Qırğızıstandakı hazırkı şərtlər daxilində keçirilmiş referendumun legitimliyi hələ uzun müddət sual altında qalacaq. Bundan başqa, yeni hökumətin formalaşması tam başa çatdıqdan sonra, Otunbayeva ətrafında birləşmiş hazırkı müttəfiqlər arasında da parçalanmanın yaşanma ehtimalı da var. Hər halda, müasir Qırğızıstan tarixində "inqilabi hökumət"in üzvləri arasında bu cür parçalanmalara artıq bir neçə dəfə rast gəlinib. Otunbayevanın özü də 5 il əvvəl Akayevi devirərək hakimiyyətə gəlmiş Bakiyev hakimiyyətinin şinelindən çıxıb. Amma demokratiya istiqamətində səy göstərən (ən azı, sözdə) bu hakimiyyət də iflasa uğrayacağı təqdirdə, bu, ümumilikdə qırğız dövlətçiliyinə son qoya bilər.
Odur ki, qırğız xalqının mənafeyi naminə, ölkəni qarşısıalınmaz xaos və vətəndaş müharibəsi girdabına atmağı arzulayan daxili və xarici qüvvələrin bu istəyi baş tutmamalıdır.
MƏSLƏHƏT GÖR:






509

