13 Mart 2025

Cümə axşamı, 13:00

PARÇALANAN UKRAYNA

Donbassdakı silahlı münaqişə tammiqyaslı müharibəyə çevrilir

Müəllif:

03.02.2015

Ukraynanın şərqində davam edən müharibə getdikcə daha kəskin xarakter alır. Ukraynadan gələn informasiyalar əsl hərbi əməliyyat məlumatlarını, cəbhə xəbərlərini xatırladır. Atışmanın intensivliyi getdikcə artır, bu isə öz növbəsində vətəndaş müharibəsi qurbanlarının sayını artırır. Bütün baş verənlərə görə məsuliyyəti isə rəsmi Kiyevlə Donbass separatçıları bir-birinin üzərinə atırlar.

BMT-nin rəsmi məlumatına görə, Ukrayna böhranının başladığı andan indiyədək qarşıdurmada 5 mindən artıq dinc sakin həlak olub. Davam etməkdə olan müharibənin dəhşətli nəticələr verməsinə baxmayaraq, Ukraynanın Müdafiə Nazirliyi "hərbi əməliyyatların getdiyi bütün yerlərdə ehtiyat tədbirlərinin artırıldığını" bildirir, Donbass separatçıları isə "cəbhə xəttini uzatmaq" niyyətlərini açıqlayırlar. Aydındır ki, münaqişə tərəflərinin gördükləri tədbirlər daha ciddi dağıntılara, dinc əhalinin iztirabının artmasına yol açacaq.

Kiyev tərəfindən Donbass separatçılarını dəstəkləməkdə təqsirləndirilən Rusiya isə Ukraynanın cənub-şərqində gərginliyin kəskin şəkildə artmasında Kiyevi günahlandırır. Moskvada hesab edirlər ki, bu, Ukrayna hökumətinin problemi hərbi yolla çözmək istəyinin nəticəsidir. Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Fransanın dövlət başçısı Fransua Olland ilə telefon danışıqlarında bildirib ki, Ukrayna hökuməti Donbassın güc yolu ilə susdurulmasına çalışır. Moskva əvvəlkitək hesab edir ki, Ukrayna münaqişəsi Kiyevlə Donetsk və Luqansk hökumətləri arasında siyasi dialoqun qurulması ilə çözülə bilər.

Bu yanaşma Kiyevin mövqeyilə tam ziddiyyət təşkil edir. Kiyev Rusiyadan Ukraynanın daxili işlərinə müdaxilənin dərhal dayandırılmasını tələb edir. Hökumət Donetsk və Luqanskda yaradılmış "respublika"larla birbaşa danışıqlara getmək niyyətində deyil. Kiyev onları "terrorçu təşkilat" sayır.

Ukrayna hökuməti ölkənin cənub-şərqinə nəzarətin bərpası məqsədilə Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyətin elan olunması haqqında qərar çıxarıb. Şübhəsiz ki, bu qərar Donbass qiyamçılarının sərt etirazına səbəb olub. Onlar hökumətin bu qərarını "xalq respublikaları"nı tam təcrid duruma salmağa, Donbass sakinlərinin hərəkətini nəzarət altına almağa hesablanmış addım sayırlar.

Moskva ilə Kiyev arasında münasibətlər getdikcə pisləşir və artıq onun bərpası mümkünsüz görünür. Ukrayna prezidenti Pyotr Poroşenkonun rusiyalı həmkarı Vladimir Putinin irəli sürdüyü planı rədd etməsi də bunun təsdiqidir. Putinin həmkarına ünvanladığı məktubda, ilk növbədə, ağır texnikanın cəbhə xəttindən geri çəkilməsi təklif olunurdu.

Qarşılıqlı ittihamlar, əks tərəfin tənqidlərində yer alan fikirlərin rədd olunması müharibənin qarşısının alınmasının mümkün variantlarını daha da dolaşığa salır. Bununla yanaşı, Ukraynadaxili qarşıdurmada mövqelərin yaxınlaşmasına xarici fon da imkan vermir - Rusiya ilə Qərb arasında qarşıdurma getdikcə dərinləşir.

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq tələbələrilə bu günlərdə keçirdiyi görüşdə Ukraynanın şərqindəki vəziyyət haqda danışarkən bildirib ki, Kiyev Donbassdakı münaqişənin sülh yolu ilə həllinə razılaşmır. Putin Ukrayna ordusunun, əslində, NATO-nun legionu olduğunu, Ukraynanın milli maraqlarını deyil, Rusiyanın zəiflədilməsinə yönəlmiş geosiyasi məqsədləri müdafiə etdiyini söyləyib.

Bu bəyanata cavab özünü çox gözlətməyib və birbaşa Brüsseldən - NATO-nun mənzil-qərargahından gəlib. Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq "Ukrayna - NATO" komissiyasının iclasından sonra verdiyi açıqlamada Putinin guya Ukraynada NATO legionunun olduğuna dair fikirlərini rədd edib. Baş katibin sonrakı fikirlərisə Kiyevin səsləndirdiyi ittihamlarla tam üst-üstə düşür: "Son həftələr ərzində Rusiya separatçılara yüzlərlə müasir avadanlıq, o cümlədən raket sistemləri, ağır artilleriya, tanklar, zirehli döyüş maşınları və radioelektron mübarizə qurğuları verib. Biz Rusiyanı separatçılara dəstəyin dərhal dayandırılmasına, beynəlxalq öhdəliklərə əməl olunmasına çağırırıq. Bu, Ukraynada sabitliyə nail olunması üçün vacibdir".

Bununla yanaşı, Stoltenberq Putinin "geosiyasi zəiflədilmə" haqda fikirlərinə toxunmayıb. Halbuki Qərbin addımlarında bu məqsəd açıq-aşkar görünür. Qərbin Rusiyanı siyasi təcrid durumuna salmaq cəhdlərini Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son qərarı da təsdiqləyir. Qurum ötən ilin aprelində qəbul etdiyi qərarın müddətini uzadaraq, Rusiya nümayəndə heyətini səsvermə və qurumun rəhbər strukturlarında təmsil olunma hüququndan məhrum edib. Buna cavab olaraq, Moskva öz nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin 1 il müddətinə dondurulması variantını nəzərdən keçirir. Ruslar hətta Avropa Şurasına üzvlüyün məqsədəuyğun olub-olmadığını da müzakirəyə çıxara bilər.

Amma Rusiya ilə Qərbin qarşıdurması iqtisadi sahədə daha kəskin xarakter alır. ABŞ və Aİ sanksiyalar vasitəsilə Rusiyanı tam iqtisadi tənəzzülə uğratmağa çalışırlar. Məsələn, Aİ-yə üzv dövlətlərin liderləri xarici işlər nazirlərinə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi imkanlarının nəzərdən keçirilməsini tapşırıblar. Onlar bu addımı Moskvanın Donbass separatçılarına dəstəyi dayandırmamasına cavab olaraq atmaq niyyətindədirlər.

Aİ ölkələrinin XİN başçılarının yanvarın 29-da Brüsseldə keçirilmiş və Ukraynaya həsr olunmuş növbədənkənar iclasında Rusiyaya və separatçılara qarşı fərdi sanksiyaların müddətinin 2015-ci ilin sentyabrınadək uzadılmasına qərar verilib. Amma bu müzakirələr də Aİ daxilində Rusiyanın Ukrayna hadisələrindəki rolu ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu göstərib. Məsələn, Yunanıstanın israrı ilə sənəddən Rusiyaya yeni sanksiyaların tətbiqi tələbi çıxarılıb. Afina sənəddən Ukraynadakı vəziyyətə görə məsuliyyətin birbaşa Rusiyanın üzərinə qoyulması haqqında maddəni də çıxarmağa nail olub. Afinanın mövqeyi Rusiyaya tətbiq olunan sanksiyalardan Yunanıstan iqtisadiyyatının da zərər görməsilə bağlıdır. Amma eyni zamanda, bunun başqa səbəbi də var. Yunanıstanda bu günlərdə keçirilmiş parlament seçkisində solçu SİRİZA koalisiyasının qələbəsindən sonra qurulmuş yeni hökumətin məqsədi, ümumavropa siyasətində ölkənin mövqeyinin əsas götürülməsinə nail olmaqdır. Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın Brüsselin Rusiya siyasətinin "institutlardan kənarda müəyyənləşdirildiyini, ayrı-ayrı ölkələrin maraqlarına hesablandığını" bəyan etməsi heç də təsadüf deyil. Onun fikrincə, məhz bu üzdən, hazırkı strategiyanın dəyişdirilməsinə ehtiyac var.

Yunanıstanın bu inadkarlığı ilə Avropanın siyasətində dəyişikliyin olub - olmayacağını söyləmək hələ tezdir. Fakt isə odur ki, Brüssel, hələ ki, Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyib (Afinanın mövqeyi üzündən). Amma eyni zamanda, əksər Aİ ölkələrinin XİN başçıları Ukrayna böhranı ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sanksiyalardan ibarət geniş siyahının hazırlanması ilə məşğuldurlar. Demək, Aİ-nin antirusiya siyasətindəki əsas trend qüvvəsində qalır.

İstənilən halda, sanksiya məsələsilə bağlı yekun qərarın Aİ ölkələrinin XİN başçılarının fevralın 9-da keçiriləcək növbəti toplantısında qəbul ediləcəyi gözlənilir. Qurumun xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və əksinə, yumşaltmağa hazır olduğunu təsdiqləyib. O, bunun Ukraynadakı vəziyyətdən asılı olduğunu söyləyib.

Qərbin sanksiyaları sərtləşdirməsinin Rusiya üçün mümkün fəsadlarına dair müzakirələr Ukraynanın özünün iqtisadi durumu ilə bağlı məsələni sanki ikinci plana keçirib. Əslində isə Kiyevin vəziyyəti heç də Rusiyanınkından yaxşı deyil. Bu, ilk növbədə, ötən ilin Maydan hadisələri zamanı Ukraynaya lazımi maddi dəstək vəd etmiş qlobal maliyyə mərkəzlərinin indi bu məsələyə bir qədər ehtiyatla yanaşmasının nəticəsidir. Məsələn, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard rəhbərlik etdiyi strukturun Donbassda hərbi əməliyyatların davam etdiyi şəraitdə Ukraynaya maliyyə ayırmayacağına eyham vurub. Onun sözlərinə görə, BVF ekspertləri 2014-cü ilin yazında Kiyevə maliyyə yardımı haqda qərar verən zaman Ukraynanın cənub-şərqindəki münaqişənin qışadək başa çatacağını düşünüblər.

Ukraynanın tam iqtisadi tənəzzül yaşamasını əngəlləməyə çalışan yalnız ABŞ-dır. Vaşinqton, eyni zamanda rəsmi Kiyevi tam total nəzarətə götürməyə də çalışır. ABŞ artıq Ukraynaya kreditlər üzrə zəmanət şəklində 2 milyard dolların ayrılmasına qərar verib.

Bundan başqa, Birləşmiş Ştatlar Ukraynanın hərbi əməliyyatlar nəticəsində dağılmış şərq regionlarında infrastrukturun bərpası üçün də vəsait ayırmağa hazırdır. Bu, Ukraynanın infrastruktur naziri Andrey Pivovarskinin ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payett ilə görüşündə də müzakirə edilib.

Amma vədlər öz yerində, Donbassda davam edən silahlı münaqişə Ukraynaya iqtisadi inkişaf yoluna çıxmaq imkanı vermir. Bu şəraitdə Ukrayna böhranının nizamlanması üçün bütün mümkün danışıqlar meydanında cüzi də olsa, irəliləyişə nail olunması daha ciddi aktuallıq qazanır. Belə meydanlardan biri Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək Astana sammiti ola bilər. Donbassda vəziyyətin kəskin şəkildə ağırlaşması ilə əlaqədar olaraq, yanvarın ortalarına planlaşdırılmış bu sammit təxirə salınıb. Qazaxıstan isə münaqişənin həlli üçün bu danışıqları təşkil etməyə hazır olduğunu bildirir. Amma bu dialoqla Ukraynanı onun uğrunda qızğın mübarizəyə girmiş qlobal qüvvələrin caynağından qurtarmağın mümkün olacağı da inandırıcı görünmür.



MƏSLƏHƏT GÖR:

655