
CƏBHƏDƏ VƏZİYYƏT GETDİKCƏ QIZIŞIR
Ermənistan-Azərbaycan münaqişəsinin silahlı qarşıdurmaya keçmə riski artır
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Ermənistan-Azərbaycan sərhədində və Qarabağ cəbhəsi xəttində hələ ötən il kəskin şəkildə ağırlaşmış vəziyyət bu gün də gərgin olaraq qalır. Nəticədə, onsuz da zərif olan sülh prosesi ciddi təhlükə qarşısındadır. Cəbhədən gələn intensiv atışma, kəşfiyyat-diversiya əməliyyatları, ölənlər və yaralananların olması haqda informasiyalar cəbhə xəbərlərini xatırladır. Erməni tərəfinin itkiləri artıq 17 nəfərə çatıb. Azərbaycan isə 3 şəhid verib. Bununla yanaşı, onlarla yaralanan var.
Baş verənlərlə əlaqədar olaraq, Ermənistan prezidenti Serj Sarqsyan, müdafiə naziri Seyran Ohanyan və bir sıra daha aşağı ranqlı məmurlar və hərbçilər hədə bəyanatları səsləndirməyə başlayıblar. Erməni dövlət xadimlərinin fikrincə, bu bəyanatlar "güclü" səslənir. Lakin qeyri-müəyyənlik də ortadadır. Burada Azərbaycan tərəfinin yeni hərbi avadanlıqlardan, yeni taktikadan istifadə etdiyinə dair bəyanatlarla yanaşı, Azərbaycan tərəfinə hansısa asimmetrik cavablardan, "sürprizlər"dən, hətta "önləyici zərbələrin endirilməsi haqqında" da danışılır. Bir sözlə, bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi və sülh danışıqlarının iflasa uğrayacağı təqdirdə, işğal olunmuş ərazilərin hərbi yolla azad edilməsinin qaçılmazlığı qarşısında yaşadığı qorxunu, vahiməni gizlətməyə hesablanmış təbliğat xarakterli boş sözlərdir. Cəbhədə verilən itkilərin nisbəti elədir ki, faktları gizlətmək, tərifli erməni ordusunun nədən bu halda olduğuna dair suala cavabdan yayınmaq mümkün deyil.
İndi erməni liderləri ənənəvi təbliğat şablonlarına "güclü" ifadələr əlavə etməklə yanaşı, həm də öz təxribatçı əməllərilə bağlı dəlilləri Azərbaycan tərəfinin ayağına yazırlar. Hər halda, milli valyuta olan dramın kəskin şəkildə ucuzlaşması (indi onun dollara nisbəti öz adına uyğundur - saxta dram), qarşısıalınmaz inflyasiya, yoxsulluq və işsizlik fonunda məhz erməni rəhbərliyinin hərbi isteriya vasitəsilə əhalinin diqqətini yayındırmağa, kriminal-oliqarx rejiminə qarşı qiyamı önləməyə ciddi ehtiyac yaradıb. Sarqsyan və Ohanyan öz ölkələrini Rusiyanın "forpost"una çeviriblər və "Exo Moskvı" radiosunun aparıcısı Larila Latıninanın obrazlı şəkildə dediyi kimi, indi Moskva Ermənistana ayaqlarını silə bilər. Odur ki, İrəvan Azərbaycanla yeni miqyaslı müharibə hədəsilə ölkədə coşmaqda olan ehtirasları yatıra, Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının əsgəri Permyakovun erməni ailəsinin 7 üzvünü güllələməsilə əlaqədar baş qaldırmış antirusiya əhvalını neytrallaşdıra bilər.
Bir tərəfdən Ermənistan rəhbərliyinin cəbhədə gərginliyin artmasında maraqlı olması, digər yandan isə öz təxribatlarının sonucları ilə bağlı dərin narahatlıq keçirməsinin nəticəsidir ki, bu gün "xəbərdarlıq bəyanatları" ilə artıq şəxsən prezident Sarqsyanın və müdafiə naziri Ohanyanın çıxış etməsi zərurəti yaranıb.
Azərbaycan tərəfisə bu bəyanatlara hərbi və diplomatik qurumların mətbuat xidmətləri səviyyəsində cavablarla kifayətlənir. Müdafiə Nazirliyinin yaydığı press-relizdə bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri hərbi imkanlarını durmadan genişləndirəcək, ölkənin ərazi bütövlüyünün bərpası, hazırda işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə Azərbaycan bayrağının dalğalanması üçün son damla qanıdadək vuruşacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında isə qoşunların təmas xəttindəki gərginliklərə görə bütün məsuliyyəti Ermənistan tərəfinin daşıdığı bildirilir. Bəyanatda işğalçı dövlət olan Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, həmçinin BMT Nizamnaməsinin tələblərini pozduğu vurğulanır. XİN bildirir ki, regional sabitliyə və təhlükəsizliyə təhdid olan gərginliyi məhz Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində olması yaradır.
Bu gün gərgin, sülh danışıqlarının aparılması üçün cəzbedici olmayan bir şəraitdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində Krakovda ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Endryu (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiklə görüşüb. Görüşdə həmsədrlər qarşısında ermənilərin girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilmələri məsələsi qaldırılıb. Tərəflər qarşıdakı ildə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun planına uyğun həllilə bağlı da fikir mübadiləsi aparıblar. E.Məmmədyarov Ermənistan Silahlı Qüvvələrinin sistemli şəkildə həyata keçirdiyi diversiya aktlarına diqqət çəkib, bunun danışıqlar prosesinə mane olmaq məqsədi güddüyünü söyləyib. Rəsmi Bakının problemlə bağlı mövqeyini bir daha dilə gətirən nazir, ilk növbədə, Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxmalı olduğunu söyləyib.
Krakov görüşünün sonunda qısa bəyanat yayılıb. Bəyanatda cəbhə xəttindəki son hərbi insidentlərdən narahatlıq ifadə olunur, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə dair öhdəliyə sadiq qalmağa, Ermənistan isə gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırılır. Bu sənəd işçi xarakter daşıyır və nəinki hüquqi, heç siyasi əhəmiyyət də daşımır. Münaqişə dövründə Minsk Qrupunun həmsədrləri yüzlərlə belə kağız yayıblar. Onları yada salan və ya orada yazılanlardan sitat gətirən varmı? Amma Ermənistan KİV-i və bir sıra marginal siyasətçilər bu qısa bəyanat əsasında dərin nəticələrə gəlməyə tələsiblər. Onların fikrinə, orada söhbət "Qarabağ münaqişəsi zonasında status-kvonun qorunub saxlanılmasına dair geosiyasi qərarın qəbulundan, müvafiq olaraq Qərbin əsas rol oynadığı ABŞ-Fransa-Rusiya formatının qüvvədə qalmasından" gedir. Bu iddiada olanlar "status-kvonun qorunub saxlanılmasının Qarabağ ermənilərinin hüquqlarının birbaşa və dolayısı ilə tanınması olduğunu" düşünürlər. Onların düşüncəsinə görə, bəyanatda, əslində, Minsk Qrupunun həmsədrləri atəşkəsin pozulmasına, Minsk Qrupunu tənqid etməsinə görə birbaşa Azərbaycanı günahlandırıb, bunun məntiqi davamı kimisə Qarabağ dünya tərəfindən tanına bilər.
Şərhə ehtiyac varmı? Birincisi, Minsk Qrupunun bəyanatı Elmar Məmmədyarovla görüşün yekununa əsasən yayılıb və orada vurğunun Azərbaycana edilməsi təbiidir. Vasitəçilərin Edvard Nalbandyanla görüşündən sonra isə bəyanatda əsas vurğu Ermənistana ediləcək.
İkincisi, Minsk Qrupunun həmsədrləri yalnız orta ranqlı məmurlardır. Onlar Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələrinə tabedirlər. Onların səfərlərinin, yaxud sözlərinin, məsələn, Kazimirovun ciddi qəbul edildiyi vaxtlar çoxdan arxada qalıb. İndi Azərbaycan heç kimə ona nələrisə diktə etmək imkanı vermir. Bu mənada ötən il Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri C.Uorlik arasında yaşanmış söz atışmasını xatırlamaq kifayətdir. Xatırladaq ki, bu "atışma"ya amerikalı diplomatın Qarabağ nizamlanmasının incə məqamları ilə bağlı yersiz, ikimənalı tvitləri səbəb olmuşdu.
Ermənistan KİV-nin əhəmiyyətsiz hadisələrdən dərin mənalar çıxarması, onları "geosiyasi dönüş" kimi qiymətləndirməsi erməni ideoloqları və siyasətçiləri üçün tamamilə xarakterik haldır. Bu, xüsusi "erməni xəstəliyi"dir. Onlar hər şeyi şişirdir, bunu həddi və əsası olmayan milli iddialarının həyata keçirilməsi üçün bir şans kimi görürlər. Bu hala istər "erməni soyqırımı"nın dünyada tanıdılması məsələsində, istərsə də Dağlıq Qarabağın işğalının leqallaşdırılması cəhdlərində rast gəlinir. Odur ki, Minsk Qrupu həmsədrlərinin son bəyanatına, ermənilərin bu bəyanatla bağlı yol verdikləri boşboğazlığa xüsusi əhəmiyyət vermək lazım deyil. Vacib məqam ondan ibarətdir ki, cəbhədə silahlı qarşıdurma riski artır, danışıqlar prosesinin dalandan çıxacağını göstərən əlamətlər isə yoxdur. Tanınmış amerikalı politoloq Pol Qobl yeni ildə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini "Trend" agentliyinə şərh edərkən bildirib ki, yaxın zamanlarda nizamlanma prosesində irəliləyiş gözləmək mümkün deyil: "Düşünmürəm ki, Ermənistan bunu istəyir və Moskvanın İrəvanı buna sövq etdiyini görmürəm". Ekspert hesab edir ki, Kreml yalnız ona Azərbaycandan nə isə lazım olarsa, Ermənistanı hərəkətə sövq edəcək. Amma Rusiya bu yaxınlarda Azərbaycan və Qərb arasında ixtilafa baxmayaraq, Azərbaycandan nə isə ala bilməyəcək. Politoloq əlavə edib ki, Rusiya ilə həddən artıq yaxınlaşma ölkənin son 20 ildə üzərində işlədiyi hər şeyin üstündən xətt çəkmək anlamına gələ bilərdi.
Amma Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində həllində irəliləyişin olmaması müharibənin bərpasının qaçılmazlığı anlamına gəlmir. Bu risk artmaqda olsa da, müharibə başlamaya da bilər. Məsələn, Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru Anatoli Sıqanuk Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasını şərh edərkən bildirib ki, 2015-ci ildə müharibənin başlama ehtimalı azdır. "Azərbaycan yaxşı anlayır ki, o, neft resursları hesabına kifayət qədər resursa malikdir. O, bu resursları getdikcə daha da artıracaq. Demək, Azərbaycanın hərbi texnikası daha da güclənəcək, təxminən, 8 ilə ölkə bu sahədə kifayət qədər gücə malik olacaq. Eyni zamanda kifayət qədər çətin vəziyyət yaranır: Ermənistan və Azərbaycan Silahlı qüvvələrinin hazırlıq səviyyəsi tamamilə fərqlidir. Azərbaycan tərəfini NATO - Türkiyə hazırlayır, Ermənistana isə hazırlığı sovet, rus ideologiyası ilə keçirlər. NATO Silahlı Qüvvələrinin üslubu belədir: biz maksimum məğlubiyyətə uğraya, yenidən güc toplaya bilərik. Ermənistanda isə bu, tamamilə əksinədir. Hər halda, hesab edirəm ki, bu il müharibə ola bilməz. 2016-cı ilə isə hələ baxarıq", - deyə o, qeyd edib.
İstənilən halda, ehtiyatlı olmağa, Ermənistan rəhbərliyinin təxribatçı əməllərinə və bəyanatlarına hərbi xarakterli cavabların verilməsi zamanı ölçülüb-biçilmiş addımların atılmasına ehtiyac var. Azərbaycan bu qərarları müttəfiq Türkiyə və digər tərəfdaşları ilə sıx məsləhətləşmələr aparmaqla verməlidir. Bu arada münaqişə tərəflərinə atəşkəs rejiminə əməl olunması çağırışı ilə ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvisa Daçiç, həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer də müraciət ediblər. Minsk Qrupunun planına gəlincə, artıq qeyd edildiyi kimi, onlar tezliklə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşməyi, ardından isə regiona səfər etməyi planlaşdırırlar. Vacib olanı odur ki, bu dəfə onlar özlərilə atəşkəs rejiminin möhkəmləndirilməsinə, qarşılıqlı inamın artırılmasına dair ənənəvi, qeyri-məhsuldar çağırışlar gətirməsinlər, ümumi sülh razılaşmasının mətni üzərində işə başlanılması üçün konkret təkliflər irəli sürsünlər.
MƏSLƏHƏT GÖR: