5 Dekabr 2025

Cümə, 23:59

DİPLOMATLAR DA DANIŞIR, TOPLAR DA SUSMUR…

Sankt-Peterburq danışıqlarından sonra, Ermənistan atəşkəs rejimini pozmağa cəhd etdi

Müəllif:

01.07.2010

Həm Bakıda, həm də Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində növbəti görüşün yekunları müzakirə edilir. O raundun ki onun başa çatması ilə qoşunların təmas xəttində yenidən atəş səsləri eşidilib (nəticədə, Azərbaycan tərəfdən 1, Ermənistan tərəfdən isə 4 nəfər həlak oldu). Bu, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin böyük ümidlər bəslənən görüşündən cəmi bir neçə saat sonra baş verdi. Halbuki, prosesə cəlb olunan bütün tərəflər hamını sülhə çağırır: həm həmsədrlərin simasında ATƏT-in Minsk qrupu, həm Avropa İttifaqı, həm də NATO.

İndiyədək Moskvanın aktivində Mayndorf bəyannaməsinin imzalandığı görüş, daha sonra isə Soçi danışıqları var idi. Aydındır ki, Rusiya üçün bu, postsovet məkanında təsir resurslarına malik olduğunu göstərmək üçün daha bir imkan idi. Özü də Kreml vasitəçilik missiyası ilə Cənubi Qafqaz KİV-də Obamanın hakimiyyətə gəlişilə Vaşinqtonun bu regiona diqqətinin azaldığı, Avropanın isə hələ də aydın "Qafqaz siyasəti"ni formalaşdırmadığı haqda yazıları fonunda çıxış etmişdi.

Moskvanın Ankara və Bakı ilə yaxınlaşması da düşümək üçün xeyli əsas verirdi. Özü də, Ankara rəsmiləri Qarabağ mövzusunu hətta, Rusiyanın, qaz mövzusunda danışmağa hazırlaşdığı görüşlərdə də qaldırırdı.

Nəhayət, Qırğızıstanın Oş vilayətində son dərəcə gözlənilməz hadisələrin fonunda Dağlıq Qarabağ probleminin həllində irəliləyiş çox yerinə düşərdi: həm Bişkekdə, həm Vaşinqtonda, həm də Brüsseldə Oşdakı durumun normallaşdırılması üçün məhz Moskvadan qəti addımların gözlənildiyi vaxtda, Rusiya bölgəyə yalnız humanitar yardım kimi konserv və yorğanlar göndərməklə kifayətləndi, proseslərə hərbi-siyasi müdaxilədən çəkindi. Bu, dünyanın əksər nəşrlərində istehzalı şərhlərə səbəb oldu. Məsələn, "Time" baş verənlərlə bağlı belə bir sual qoyub: görəsən onlar Rusiyanın postsovet məkanına təsir imkanlarını çox şişirtməyiblər ki?

Bütün bunlarla yanaşı, Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşün baş tutub-tutmayacağı son anadək qeyri-müəyyən qalırdı. Çünki Bakı danışıqlara "danışıqlar xətrinə" qatılmayacağını bildirirdi. Məlumatlı mənbələrin sözlərinə görə isə hələ Soçidə Ermənistan qarşısında konkret məsələlər qoyulmuşdu və qısa zamanda onlara konkret cavab istənilmişdi.

Ermənistan prezidentinin mətbuat xidməti iyunun 17-si səhər belə bir məlumat yaydı ki, "Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın dövlət başçısı Dmitri Medvedevin dəvəti ilə iyunun 17-də illik beynəlxalq iqtisadi forumda iştirak etmək üçün üçgünlük işgüzar səfərlə Sankt-Peterburqa yollanır. Səfər çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan prezidentləri arasında üçtərəfli görüş də nəzərdə tutulub". 

O zaman bu açıqlama əksəriyyət tərəfindən çoxdan gözlənilən irəliləyiş kimi qiymətləndirildi.

Bu məsələyə dair nikbin bəyanatlardan birini də Türkiyənin Azərbaycandakı səfiri Hülüsi Kılıc səsləndirdi. O, Ankaranın Sankt-Peterburq görüşündə Qarabağ münaqişəsinin həllində sülh danışıqlarının fəallaşdırılması üçün şəraitin yaranacağına ümidini ifadə etdi. "Türkiyə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir. Biz Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında keçiriləcək görüşü diqqətlə izləyə-cəyik. Ümid edirik ki, Ermənistan konstruktiv yolu seçəcək və Azərbaycanın işğal altındakı torpaqlarını azad edəcək. Çünki bu, ilk növbədə regionda sülh və sabitliyin bərqərar olması, Ermənistanın regionun iqtisadi inkişafından, ölkələr arasındakı iqtisadi əlaqələrdən istifadə edə bilməsi üçün Yerevanın özünə lazımdır", - deyə səfir bildirib.

Bütün bunlarla yanaşı, artıq prezidentlərin görüşündən sonra Rusiya dövlət başçısının mətbuat katibi Natalya Timakovanın danışıqlarda yalnız "irəliləyişin olması", tərəflərin  dialoqu davam etdirmək fikrində olduqlarını söyləməsindən sonra aydınlaşdı ki, görüşdə heç bir ciddi nailliyət qeydə alınmayıb. 

Hərçənd, bu, o qədər də gözlənilməz deyildi.

Bu məqamda bir fakta diqqət yetirək: prezidentlərin görüşünün baş tutduğu Sankt-Peterburq forumu ərəfəsində "Regnum" agentliyi KTMT üzvü olan dövlətlərdə daxili siyasi durumun analizinin aparıldığı "Analitik hesabat" dərc etdi (hesabatın müəllifi göstərilmir). Burada Ermənistana xüsusi diqqət yetirilir və bildirilir  ki, o, həm Rusiya, həm də KTMT üçün "asimmetrik qeyri-sabitlik nöqtəsi" ola bilər. Sənəddə Ermənistan "KTMT-nin ən zərif nöqtəsi" adlandırılıb. 

Bu zaman artıq "partlamış" Qırğızıstan nəzərə alınmayıb.

Hesabat müəllifləri xatırladır ki, "hazırda ABŞ-ın Ermənistandakı diplomatik missiyasına Amerikanın Qırğızıstandakı sabiq səfiri, Əskər Akayevin devrilməsinə qol qoymuş Mari Yovanoviç başçılıq edir. İndi isə ABŞ səfirliyi müxtəlif ictimai təşkilatları, həmçinin "Ermənistan Helsiki komitəsini" planlı şəkildə dəstəkləyir".

2010-cu il mayın sonlarında, uzun fasilədən sonra radikal müxalifətin özünü bir daha göstərməyə çalışdığı zaman Yerevanın Azadlıq meydanında baş vermiş insidentlərdə bu qurumun rəhbəri Avetik İşhanyan da iştirak etmişdi. Nəticədə "bu şərtlər daxilində Ermənistanda mənfi ssenarinin reallaşması azda olsa, mümkün sayılmalıdır". Burada əsas daxili "detonator" isə Qarabağ və Türkiyə ilə qarşılıqlı münasibətlərdir.

"Ermənistanda daxili siyasətin əsas xüsusiyyəti onun xarici çağırışlar və təhlükələrə tam tabe olmasıdır. Qarabağ problemi və Türkiyə ilə münasibətlər xarici siyasət olsa da, həm də kəsin daxili faktor sayılır. Ölkədə Qarabağ proleminin həlli prosesinin bu qədər məxvi saxlanması, yalnız azsaylı siyasətçilərin onun mahiyyətindən xəbərdar olması da məhz bununla bağlıdır. Xüsusilə, Azərbaycanla əldə edilən razılaşmalar əsasında Ermənistan hakimiyyətinin atacağı addımlar gizli saxlanılır", - deyə sənəd müəllifləri bildirir. 

Daha sonra hesabatda deyilir: "Bu üzdən Qırğızıstanda sabitliyin pozulduğu dövrdə Rusiyanın Yerevanla Bakı arasında aparılan danışıqları mümkün qədər ləngitməsi vacibdir. Ermənistanın status-kvonu pozmağa çağırılması bumeranq kimi Rusiyanı vuracaq və xüsusilə KTMT qarşısında yeni operativ vəzifələr qoyacaq. Bununla yanaşı, Ermənistanda radikal müxalifət Erməistan hakimiyyətini Azərbaycanla diplomatik müharibədə uduzmaqda ittiham etmək üçün çoxdan gözlədiyi imkanı qazanacaq".

Moskvanın "Rusiyanın forpostu" adlandırılan Ermənistan daxilində ciddi problemlərlə üzləşməli olduğuna şübhə yoxdur. Müşahidəçilər Ermənistanda antirusiya meylinin xeyli artdığını bildirir.  Bu gün Ermənistanda Rusiya hərbi bazalarının ərazisindəki rus məktəbləri də bağlanır. "Xaricidilli", ilk növbədə isə rusdilli məktəbələrə qarşı aparılan bu siyasət düşünmək üçün xeyli əsas verir. 

Bundan başqa, Ermənistanda Rusiyanın ünvanına XX əsrin 20-ci illərində və hazırda ermənilərin "satılması"na dair ittihamlar da yeni səviyyəyə yüksəlib.

Maraqlıdır ki, KİV-ə Rusiya XİN-dən Sankt-Peterburqda prezidentlərin mümkün görüşü haqda məlumat "sızdırılan" vaxt Qarabağ avantürasının təşəbbüskarlarından biri "Qolos Armenii"nin səhifələrində incik tonda bu fikirləri dərc edib: "Rusların düşüncəsinə görə, Qarabağ probleminin və onunla birlikdə Qarabağın yox olması zamanı gəlib. Əvvəllər də olduğu kimi, Rusiyada çoxları hesab edir ki, Ermənistanın ərazisi Qarabağsız da kifayət qədərdir. Bütün məntiq və Rusiyanın mövqeyindəki siyasi məna budur".

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə Rusiyada dərc olunan "Nezavisimaya qazeta"ya müsahibəsində prezidentlərin görüşünü sanki etibarsız sayıb və "Dağlıq Qarabağın iştirakı olmadan" problemin həllinin mümkünsüzlüyünü bildirib.

Göründüyü kimi, sadəcə danışıqların pozulması erməni tərəfi üçün azlıq edib və onlar qoşunların təmas xəttində də ciddi insident təşkil etmək qərarına gəliblər. Bununla Yerevan Azərbaycanın "təcavüzkar əməllərini" üzə çıxartmağa, Bakının buna görə "cəzalandırılmasına" nail olmağa çalışıb.

Amma hadisələr heç də Yerevanın gözlədiyi kimi cərəyan etmir. Məsələ heç də Azərbaycan Müdafiə Nazirliyinin belə əməllərə sərt cavab veriləcəyi haqda xəbərdarlığında deyil. Son zamanlar Ermənistan mətbuatında az qala prezidentdən daha tez-tez peyda olan müdafiə naziri Seyran Ohanyanın "piarçıları"nın birdən-birə məlum olmayan səbəblərdən susması da bir kənara qalsın. Ən nəzərəçarpan hadisə erməni diplomatiyasının fiaskosudur: Yerevan qoşunların təmas xəttində baş verənlərə görə guya Azərbaycanın günahkar olmasına dünyanı inandıra bilmədi. Hər halda, Avropa İttifaqının xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşdə Edvard Nalbandyan Azərbaycanın "hücumunun təxribat olduğunu" bildirsə də, cavabında Semnebi deyib ki, "danışıqlara lazımi şəraitin yaradılması üçün sözlərin seçilməsində diqqətli olmaq lazımdır".



MƏSLƏHƏT GÖR:

499