ARALIQ DƏNİZİNDƏ DRAM
Türkiyə ilə Israil münasibətlərin tam kəsilməsi təhlükəsi ilə üz-üzə
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Türkiyə ilə İsrail diplomatik münasibətlərin tam pozulmasının bir addımlığındadır. İki ölkə münasibətlərində ilyarım əvvəl İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlardan sonra yaranmış problem kulminasiya nöqtəsinə çatmaqdadır. Buna səbəb isə İsrail hərbçilərinin Qəzza zolağına humanitar yardım aparan Türkiyə gəmilərinə hücumudur.
İçərisində 10 min ton dərman preparatları, ərzaq və tikinti materiallarının olduğu 6 gəmidən ibarət "Azadlıq donanması" İsrailin dəniz blokadasını yarmağa cəhd göstərib. Nəticədə, baxmayaraq ki, gəmilər hələ Aralıq dənizinin neytral sularında olub, İsrail xüsusitəyinatlıları əməliyyat keçirərək, "flotiliya"nı zəbt edib. Əməliyyat nəticəsində əksəriyyəti Türkiyə vətəndaşları olmaqla, 9 nəfər həlak olub. İsrail tərəfinin versiyasına görə isə atışmaya humanitar gəmilərdəki konvoyun rəftarı səbəb olub. İsrail prezidenti Şimon Peres isə hətta bəyan edib ki, Qəzzaya yollanan missiyanın məqsədi "təxribat və HƏMAS terror təşkilatına yardım olub".
Amma sonradan gəmilərdə humanitar yardımdan başqa hər hansı yükün olduğu sübuta yetməyib. O da nəzərə alınmalıdır ki, gəmilərdə Türkiyə vətəndaşları ilə yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Serbiya, Belçika, İrlandiya, Norveç, İsveç, Yunanıstan, Avstraliya, Kanada, Malayziya və Əlcəzair nümayəndələri də olub. Bu səbəbdən də dünya birliyi İsrailin arqumentlərini inandırıcı saymayıb və "Azadlıq flotiliyası"na qarşı həyata keçirilmiş əməliyyatı sərt şəkildə pisləyib.
İsrailin əməlləri BMT Təhlükəsizlik Şurası tərəfindən də pislənilib. Qurum faciənin səbəbləri və detallarının araşdırılmasını tələb edib. BMT-nin işğal altındakı Fələstin torpaqları üzrə xüsusi məruzəçisi Riçard Falk İsrailin əməlini "insanlığa qarşı görünməmiş cinayət" adlandırıb. O, beynəlxaq ictimaiyyəti sülh uğrunda hərəkat iştirakçılarının ölümündə əli olanları məsuliyyətə cəlb etməyə çağırıb.
BMT ilə yanaşı, ABŞ, Fransa, İran və bir çox digər ölkələr də İsrailin əməlini tənqid edib. Rusiya ilə Avropa İttifaqının baş verənlərə dair yaydığı birgə bəyanatda İsrailin "Azadlıq flotiliyası"na qarşı əməliyyatının diqqətlə araşdırılması tələb olunub.
Bütün bunlara baxmayaraq, Təl-Əvivin baş verənlərin araşdırılması üçün müstəqil beynəlxalq komissiyanın yaradılmasına razılıq verməməsi vəziyyəti daha da gərginləşdirib. Bu komissiyanın yaradılmasını israr edən Ankara bildirir ki, İsrail bundan imtina edərsə, onlar arasında ikitərəfli münasibətlərin tamamilə kəsilməsi mümkündür. Niyyətinin tam ciddi olduğunu göstərən Ankara, artıq yəhudi dövləti ilə hərbi sahədə əməkdaşlığı dayandırıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin əməllərini dövlət terroru adlandırıb. O bildirib ki, "heç kimin Türkiyənin səbri ilə oynamaq haqqı yoxdur. Bu səbəbdən də İsrail beynəlxalq flotiliyaya qarşı əməllərinə görə, mütləq cavab verməlidir".
Bununla yanaşı, Ankaranın İsraili sərt tənqid etməsinə yalnız ümumibəşəri mənəvi dəyərlərdən irəli gələn addım yox, həm də bu ölkənin artan geosiyasi iddiaları kimi baxmaq lazımdır..
Amma Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son bəyanatların?n birində Ankaranın xarici siyasi prioritetlərində dəyişikliklərin baş verməsi haqda fikirlərlə razılaşmayıb. O, Türkiyənin heç zaman "Avropa İttifaqının ideallarından imtina etmədiyini" bildirib. Nəzərə alsaq ki, Ankara İsrailin fələstinlilərə qarşı hərbi güc tətbiqini məhz Avropa cəmiyyətinin humanitar idealları əsasında tənqid edir, Davudoğlunun fikri ilə razılaşmamaq mümkün deyil. Bununla yanaşı, Ərdoğan hökumətinin siyasəti açıq şəkildə göstərir ki, Türkiyə nəinki avroatlantik məkanın tamhüquqlu üzvü olmağa çalışır, o həm də müsəlman Şərqinin lideri statusunu qazanmaq istəyindədir. Bu artıq başqa məsələdir ki, Avropa İttifaqının özü Türkiyəni "evinə" buraxmadığından, Ankara, sanki bu uğursuzluğa cavab olaraq, "Şərq istiqamətində" daha da aktuallaşmaq yolunu tutub.
Amma İsrailin siyasətinə göz yummaqla Şərqin birinci ölkəsi olmaq mümkünsüzdür. Hər halda, Türkiyənin bundan əvvəlki liberal kabinetlərinin siyasəti belə söyləməyə əsas verir. Bu səbəbdən də Ankara İsrailin əməllərinə etiraz edir. Amma son anadək Türkiyə, ən azı, rəsmi səviyyədə Ankara-Təl-Əviv münasibətlərinin strateji xarakterli olduğunu inkar etmirdi. Onlar arasında birgə hərbi-texniki layihələrin həyata keçirilməsi də bu münasibətlərin göstəricisi idi. İsrailin "Azadlıq flotiliyası"na hücumu və Türkiyə vətəndaşlarının qətli isə məhz bu "son an"ın da axırı oldu. Türkiyə şübhəsiz ki, bu zərbəni cavabsız qoya bilməzdi. İndi Türkiyə rəsmilərinin, xüsusilə, prezident Abdullah Gülün bəyanatlarına inansaq, iki ölkə arasında münasibətlər və qarşılıqlı əməkdaşlığa tamamilə son qoyula bilər.
Ankaranın İstanbulda keçirilmiş Asiyada əməkdaşlıq və etimad sammitindəki uğuru da baş verənlərin fonunda diqqətəlayiq məqamdır. Tədbirin gedişində Ankara, İsrailin Türkiyədəki səfiri istisna olmaqla, bütün iştirakçıların dəstəyini alıb. Rusiyanın baş naziri Vladimir Putinin İsrailin son əməllərini pisləməsi və məsələni BMT-də qaldıracağını vəd etməsi Türkiyə üçün lap yerinə düşüb. Putinin Rusiya ilə Türkiyəni birləşdirməli olan "Mavi axın-2" qaz kəməri layihəsinin İsrailədək uzadılmasının mümkün olmadığını söyləməsi də Ankaranın ürəyincə olub.
Bütün bunlara baxmayaraq, İsrail mövqeyində israr edir və baş verənlərə görə humanitar gəmilərdəki konvoyun günahkar olduğunu iddia edir. Əgər bir anlığa, Türkiyənin ünvanına səslənən ittihamların doğru olduğunu ehtimal etsək, onda sual yaranır: İsrail Türkiyənin təxribatına uymaya bilərdimi? Doğrudanmı, İsrail Qəzzaya humanitar yük aparan hüquq müdafiəçilərinə qeyri-proporsional hücumun nəticələrini hesablaya bilməyib? İndi isə belə bir fikir var ki, nə İsrail yəhudi dövləti ilə strateji tərəfdaş olan yeganə müsəlman ölkəsiylə münasibətləri korlamamalı, nə də ki ikitərfli münasibətləri bu həddə çatdırmamalı idi.
Bu məsələ ilə bağlı İsrailin "Haaretz" qəzeti maraqlı mövqe ortaya qoyub. Türkiyə ilə İsrail arasındakı düşmənçiliyin səbəblərini aydınlaşdırmağa çalışan qəzet yazır ki, həm Türkiyə, həm də İsraildə Mustafa Kamal Atatürk və David Ben-Qurionun qurduğu dövlət formasından imtina etməyə çalışan qüvvələr hakimiyyətdədir: "Ərdoğan panislamizmə can atırsa, Netanyahu bütün dünya ilə mübarizə aparır və yəhudilərdən ibarət İsrail yaratmağa cəhd göstərir. Odur ki, Türkiyə ilə İsrailin qarşı-qarşıya gəlməsi qaçılmazdır. Flotiliyaya hücum sadəcə bu prosesi sürətləndirən katalizator oldu".
Amma problem həm də ondadır ki, İsrail ətrafında baş verənləri adekvat qiymətləndirməyə son qoyub. Bir tərəfdən, Təl-Əviv ərəblərə qarşı həyata keçirdiyi hərbi əməliyyatları öz təhlükəsizliyi ilə arqumentləşdirir, digər tərəfdənsə, elə bir prosesə imkan verir ki, o, İsrail dövlətçiliyi üçün daha böyük təhlükə yarada bilər.
Söhbət dünya ictimaiyyətinin gözündə İsrailin birdəfəlik mənfi obrazının yaranmasından gedir. Baş verənlər yəhudi dövlətini qlobal dünyada tutduğu və hamı tərəfindən qəbul olunan yerdən uzaqlaşdırır. Əksər ölkələrin İsrailin Aralıq dənizində törətdiklərinə reaksiyası göstərib ki, artıq dünyada bu ölkəyə qarşı simpatiyası olan dövlət, demək olar ki, qalmayıb. İsrailin nüfuzuna ən ciddi zərbə isə son hadisələrə Avropa İttifaqının münasibətidir. Əvvəlcə yəhudi dövlətinin əməllərini pisləyən Aİ indi Yaxın Şərq münaqişəsinin həllində ona "ümumiyyətlə üz vermək" fikrində deyil. Hətta həmişə hər şeydə İsraili dəstəkləyən ABŞ da artıq Təl-Əvivə qarşı dünya ictimaiyyətinin münasibətini daha tez-tez nəzərə almalı olur. Bu üzdən də Vaşinqtonun İsrailə dəstəyi son zamanlar getdikcə yerini tənqidə verir. Ən azı ona görə ki, bu əməlləri pisləməmək ölkənin öz imicinə zərbə vurmasıdır. Bu isə xüsusilə Barak Obama administrasiyasının ABŞ-ın beynəlxalq imicini bərpa etməyə var gücü ilə çalışdığı dövrdə Amerika üçün heç də arzuolunan deyil. Üstəlik Ağ Ev xüsusailə müsəlman dünyasında öz imicini yaxşılaşdırmağa çalışır.
Bu hadisələrdə İsrailə dəstək verən yeganə ölkə yəqin ki, Ermənistan oldu. O, bunu əlbəttə ki, məkrli düşüncəsi, Türkiyəyə olan nifrəti, Ankara-Təl-Əviv münasibətlərinin daha da soyumasını arzulaması üzündən edib. Yerevan bununla, eyni zamanda Təl-Əvivlə Bakı arasındakı dialoqu poza biləcəyini də guman edirdi. Ermənistanda düşünürlər ki, Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi yəhudi dövlətinin "erməni soyqırımı"nı tanımasına aparıb çıxaracaq. İsrailə dəstəyini nümayiş etdirmək istəyən Yerevan açıq şəkildə bəyan edib ki, baş verənlərin geyanə günahkarı İsrailə qarşı "təxribat" törətmiş türklərdir.
Maraqlıdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında İsrailin əməllərini pisləyən sənədin qəbulunu əngəlləyən Ermənistan nümayəndələrindən biri bu addımını belə izah edib: "Ola bilsin ki, İsrail həqiqətən də, pislənməli olan addım atıb. Amma İsrailin başqalarını blokadaya almasına icazə verilmirsə, onda bu məhdudiyyət digər dövlətlərə də şamil edilməlidir".
Burada Ermənistanla sərhədləri bağlı saxlayan Türkiyəyə işarə edildiyi aşkardır. Amma sərhədlərin hələ də Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı üçün bağlı qaldığı deyəsən "unudulur". Odur ki, İsrail bu məsələdə ermənilərin dəstəyinin "qiyməti"ni dərk etməlidir.
Ermənistandan fərqli olaraq, Azərbaycan Qəzza sahillərində baş verənlərdən məyusluğunu açıq şəkildə ortaya qoydu. Azərbaycan XİN-in baş verənlərlə bağlı bəyanatında bildirilir ki, gərgin vəziyyət baş verənlərin dərhal araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir.
İstanbulda keçirilmiş Asiyada əməkdaşlıq və etimad sammitinə qatılmış Azərbaycan prezidenti İlham Əliyev də Azərbaycan xalqı adından qardaş türk xalqına başsağlığı verdi. O bildirdi ki, "Azərbaycan daim qardaş Türki-yənin yanında olacaq və bütün məsələlərdə ona dəstək verəcək".
Bu dəstək həm də Azərbaycanın Yaxın Şərqdə gərginliyin tezliklə aradan qaldırılması istəyindən irəli gəlir. Axı son hadisələr ölkəmizin ənənəvi və potensial müttəfiqləri olan Türkiyə ilə İsrailin son dərəcə kəskin formada qarşı-qarşıya gəlməsinə səbəb olub.
MƏSLƏHƏT GÖR:





569

