5 Dekabr 2025

Cümə, 23:10

ÜÇ QORXULU "ƏJDAHA"

Və ya Şanxay Əməkdaşlıq Təşkilatı hansı qlobal təhlükələrlə mübarizə aparmağa qadirdir?

Müəllif:

15.06.2010

Qırğızıstanda baş vermiş qanlı toqquşmalar Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyunun 10-11-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ənənəvi illik sammitində hamının əhvalını ciddi şəkildə korlayıb. Rəsmi məlumata görə, sammitin başlandığı gün Oş şəhərində qırğızlarla özbəklər arasında baş verən lokal toqquşmalarda ölənlərin sayı 50-ni ötmüşdü. Ölkənin cənubunda - Oş, Uzgen, həmçinin Karasu, Aravan və Uzgen rayonlarında fövqəladə vəziyyət elan olunsa da, Qırğızıstan Müvəqqəti Hökumətinin ölkədə asayişi bərpa etməkdə acizlik çəkdiyi göz qabağındadır.

Bu ölkədə vəziyyətin ŞƏT-in bütün üzvlərinə bilavasitə aidiyyəti var. Çünki Qırğızıstanda durumun daha da gərginləşməsi ekstremist və terrorçu təşkilatların fəallaşmasına, bu isə öz növbəsində bütünlükdə Mərkəzi Asiyada və ondan kənarda sabitliyin pozulmasına gətirib çıxara bilər.

Baş verənlərlə əlaqədar, ŞƏT liderləri sammitin yekununda birgə bəyannamə də qəbul ediblər. Onlar Qırğızıstanda yaşananlara vahid mövqedən yanaşdıqlarını bəyan edib, tərəfdaş ölkəyə birgə yardım göstərmək haqda razılığa gəliblər. Yardımın istiqamətlərindən biri ŞƏT-in Qırğızıstanda iyunun 27-də keçiriləcək referenduma müşahidəçi missiya göndərməsi olacaq. Xatırladaq ki, referendumda yeni konstitusiya səsverməyə çıxarılacaq.

Tacikistan prezidenti İmaməli Rəhman bildirib ki, "Qırğızıstanda baş verənlər ŞƏT daxilində effektiv reaksiya mexanizminin yaradılmasını vacib edir".

Yeri gəlmişkən, maraqlıdır ki, sammitin başa çatmasından cəmi bir gün sonra Qırğızıstanın Roza Otunbayevanın rəhbərlik etdiyi Müvəqqəti Hökuməti Rusiyaya müraciət edərək, Moskvadan toqquşmaların qarşısını almaq üçün ölkəsinə sülhməramlı missiya göndərməsini istəyib.

Daşkənd sammitində müzakirə olunan daha bir vacib məsələ isə Əfqanıstandan narkotika trafiki ilə bağlı olub. Ekspertlərin hesablamalarına görə, dünyada heroin xammalı olan tiryək istehsalının 90%-dən artığı məhz Əfqanıstanın payına düşür. Bu, faktik olaraq, bütöv bir dövləti xatırladan nəhəng narkosənaye deməkdir. Baş verənlərdə ən dəhşətli olanı isə odur ki, narkotik əkib-becərməklə məşğul olan 100 minlərlə əfqan kəndlini buna görə günahlandırmaq mümkün deyil. Axı onların, sadəcə, başqa qazanc yolları yoxdur.

Bu ölkədə əkilib-becərilən narkotikin dünyanın müxtəlif ölkələrində saysız-hesabsız insanın ölümünə səbəb olması ilə yanaşı digər ciddi bir problemə də yol açır. Ondan əldə olunan vəsaitlər terrorçular, ekstremistlər və separatçıların maliyyələşdirilməsinə xərclənir. Həmin yaraqlıların məxsus olduqları "Taliban" hərəkatına qarşı isə dünyanın ən güclü hərbi alyansı olan NATO-nun əsgərləri artıq illərdir ki, mübarizə aparır.

ŞƏT Əfqanıstandakı narkotik problemi ilə mübarizəyə başladığını hələ 2006-cı ildə elan etmişdi. 2008-ci ildə isə qurum bu ölkədə vəziyyətin normallaşdırılması prosesilə bilavasitə əlaqəyə başlayıb.

2010-cu il mayın 22-də ŞƏT üzvü olan ölkələrin Nazirlər Şurası Əfqanıstana dair birgə bəyanat qəbul edib. Sənəddə açıq şəkildə bildirilir ki, Əfqanıstandakı durum bütünlükdə region üçün əsas təhlükədir. Amma problemin çoxillik müharibə nəticəsində məhv olmuş ölkə iqtisadiyyatının bərpası yolu ilə aradan qaldırılmasının vacibliyi də bəyanatda qeyd olunur. Bu baxımdan sevindirici olan odur ki, ŞƏT Əfqanıstan iqtisadiyyatının bərpası işində maraqlı olan bütün dövlət və beynəlxalq qurumlarla əməkdaşlığa hazırdır - BMT-dən NATO-dək. Məsələn, Rusiya prezidenti Dmitri Medvedev ŞƏT-də 2011-2016-cı illər üçün narkotik əleyhinə strategiyanın və onun reallaşdırılması üçün fəaliyyət proqramının qəbulunu təklif edir.

ŞƏT-in son sammitində digər aktual beynəlxalq problemlər də diqqətdən kənarda qalmayıb. Toplantı iştirakçıları regional antiterror strukturlarının fəaliyyətini, mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərini də nəzərdən keçiriblər. İqtsadi sahəyə gəlincə, burada əsas diqqət enerji, nəqliyyat, telekommunikasiya və investisiya sahələrində əməkdaşlığın inkişafına yönəldilib. Hər halda, "G8" və "G20"nin sammitləri ərəfəsində ŞƏT liderlərinin "saatlarını tutuşdurmaları" vacib idi.

Tacikistan sammitinin sonunda qəbul edilmiş bəyannamədə qurumun 2009-cu ildəki fəaliyyətinin yekunlarına dair bir sıra prosedur sənədlər və məruzələr təsdiqlənib. Bundan başqa, toplantıda ŞƏT üzvü olan ölkələrin hökumətləri arasında kənd təsərrüfatı və cinayətkarlıqla mübarizə sahələrində əməkdaşlığa dair razılaşmalar da imzalanıb.

Bütün bunlarla yanaşı, sammit ətrafında əsas intriqa İran prezidenti Mahmud Əhmədinejadın tədbirə qatılıb-qatılmayacağı idi. Demək olar ki, Daşkənd toplantısının başlanması ilə eyni vaxtda BMT Təhlükəsizlik Şurasında İrana qarşı daha bir sanksiya paketi təsdiqlənmişdi. O, Tehrana qarşı yeni siyasi və iqtisadi embarqoların tətbiqini nəzərdə tutur. İran liderinin Özbəkistana gəlməyəcəyi məlum olan zaman o da aydınlaşıb ki, nüvə proqramından imtina etməyi düşünməyən Tehranın ŞƏT-dən də təsəlliverəcək nəsə gözləməsinə dəyməz.

Məsələ ondadır ki, İran ənənəvi olaraq, ŞƏT-in sammitlərində müşahidəçi qismində iştirak edir. Bu dəfə də quruma üzv olan bütün dövlətlərə diplomatik kanallarla nota paylanmış və onlardan Mahmud Əhmədinejadın Özbəkistana dəvət olunması istənilmişdi. İran üçün sammitə qatılmaq son dərəcə vacib idi. Tehran çoxdan ŞƏT-ə üzv olmağa çalışır. Lakin 6 dövlət başçısının məhz bu dəfəki toplantısında quruma yeni üzvlərin qəbuluna dair qayda təsdiqləndi ki, bu da sanki təsadüf deyildi.

Qəbul edilmiş sənədə əsasən, ŞƏT-ə üzv olmaq istəyən dövlət Avrasiya məkanına aid olmalı, ŞƏT-in bütün üzvləri ilə diplomatk əlaqələrə malik olmalı, qurumda müşahidəçi və ya dialoq tərəfdaşı statusu daşımalı, ŞƏT üzvləri ilə fəal iqtisadi-ticari və humanitar əlaqələri dəstəkləməli, BMT tərəfindən sanksiyalara məruz qalmamalı, digər dövlət və ya dövlətlərlə silahlı münaqişə şəraitində yaşamamalıdır.

Rusiya prezidenti Dmitri Medvedev bunu "vacib daxili korporativ sənəd" adlandırıb. O, hesab edir ki, yeni sənəd "təşkilatın açıq xarakterli olduğunu təsdiqləyir".

Özbəkistan prezidenti İslam Kərimov isə öz növbəsində bildirib ki, bu sənədin qəbulu "ŞƏT üzvlərinin müşahidəçilərin hesabına avtomatik artımını nəzərdə tutmur". Bununla yanaşı, o, sənədin ŞƏT-ə yeni üzvlərin qəbulu üçün "hüquqi baza yaratdığını" düşünür.

Hər halda, görünən odur ki, İran hələ  qurumdan kənarda qalacaq.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və hazırda ən dinamik inkişaf edən beynəlxalq təşkilatlardan biri sayılır. Onun 6 üzvü var - Qazaxıstan, Qırğızıstan, Çin, Özbəkistan, Rusiya və Tacikistan. 

Hindistan, İran, Monqolustan və Pakistan isə qurumun müşahidəçi üzvləridir. 

İki dövlət də var ki, onlar ŞƏT-lə diploq tərəfdaşıdır - Belarus və Şri-Lanka.

ŞƏT-də ən diqqətçəkən məqam üzv dövlətlərin coğrafiyasıdır. Perspektivdə qurumun tamhüquqlu üzvünə çevrilə biləcək müşahidəçi statusuna malik ölkələri də nəzərə alsaq, ŞƏT Yer kürəsi əhalisinin demək olar ki, yarısını əhatə edən ərazini özündə birləşdirir. ŞƏT-in demoqrafik və iqtisadi potensialı da nəhəngdir və o, şübhəsiz, qurumun ən güclü tərəfidir. Amma bu, eyni zamanda həm də ŞƏT-in ən zəif yeridir. Axı bu və ya digər təşkilat nə qədər böyükdürsə, onun daxilində birgə layihələri koordinasiya etmək, dünyanın siyasi və iqtisadi meydanında real effektivliyə nail olmaq da bir o qədər çətinləşir. ŞƏT üzvləri isə bəzən nəinki çoxsaylı cəhətlərdən bir-birindən tam fərqlənir, hətta onların bir-birlərinə bəzi iddiaları da var (məsələn, Özbəkistanla Qırğızıstan arasında sərhəd münaqişəsi, su resursları uğrunda rəqabət və s.)

Demək olar ki, ŞƏT-də səylərin birləşdirildiyi əsas məkan məhz Mərkəzi Asiyadır. Məhz burada qurumun iki nəhəng üzvü - Rusiya ilə Çinin maraqları toqquşur. Amma Moskva ilə Pekin regionda iqtisadi maraqlarla yanaşı, burada sabitliyin olmasında da maraqlıdır. Axı Mərkəzi Asiyada Əfqanıstan və Pakistan kimi mürəkkəb qonşular da var. Buradan nəinki fasiləsiz narkotik daşımaları həyata keçirilir, həm də ekstremist və separatçı əhval-ruhiyyə də yayılır.

ŞƏT-in ümumilikdə üzərində dayandığı əsas özülü dəqiqliklə müəyyənləşdirmək çətindir. Bu iş üzərində xüsusilə, qurumda Şərq koloriti görən Qərb ekspertləri baş sındırır. Bu isə bütün postsovet məkanı sakinlərinin yaxşı bildiyi kimi, çox həssas məsələdir.

Kimsə deyə bilər ki, ŞƏT, əslində, Rusiya və Çinlə həmsərhəd olan postsovet ölkələrinin, müəyyən mənada isə, elə Çinin özünün də alyansıdır. Amma bu, əlbəttə ki, belə deyil. Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan son zamanlar ortaya kifayət qədər ciddi iddialar qoyur. Daşkənddə ŞƏT-ə sədrlik Astanaya keçib. Onun ATƏT-ə də sədrlik etdiyini nəzərə alsaq, Qazaxıstan əsl regional lider görüntüsü verir.

Bütün bunlarla yanaşı, ŞƏT üzvlərinə təhlükəsizliklə bərabər ekoloji problemlərinin də tezliklə həlli lazımdır. Faktiki olaraq ölmüş Aral dənizi buna bariz nümunədir. 

Amma əlbəttə ki, nəhəng Rusiya və Çinin də ekoloji problemləri var.

ŞƏT üzvü olan dövlət başçıları şurasının növbəti iclası 2011-ci ilin iyununda Astanada olacaq. Yəqin ki, yeni onilliyə qədəm qoyarkən bu təşkilata aid bir çox suallara cavab alınacaq. Güman ki, əsasən "Şanxay ruhu"nun həqiqətən mövcud olub-olmaması məsələsinə aydınlıq gələcək - iddiaya görə bu ruh özündə tolerantlığı, qarşılıqlı anlaşmanı, inamı və dialoqa açıqlığı birləşdirir. Bunun həqiqətən belə olub-olmadığını zaman göstərəcək.

Alyans enerji, kənd təsərrüfatı, kommunikasiya, hətta yüksək texnologiyalar sahəsindəki iqtisadi layihələr hesbına nüfuzlu təşkilata çevriləcək, yoxsa diqqətlər hərbi sahəyə yönəldiləcək? Axı bəzi ekspertlər ŞƏT-i "Şərqin NATO-su" adlandırır. Təşkilat bundan sonra da əməkdaşlığa, sabitliyə, maraqların balanslaşdırılmasına can atacaq, yoxsa müxtəlif geosiyasi yarışlara qoşulacaq?

Dmitri Medvedevin sözlərinə görə, ŞƏT "üç şər qüvvə ilə mübarizəyə hazırdır". Bunlar terror, ekstremizm və separatçılıqdır. 

Beləliklə, müəmmalı Şərq mövzusunu davam etdirsək, demək olar ki, ŞƏT günümüzün ən qorxulu 3 "əjdaha"sına qarşı mübarizə aparacaq. Bu vəzifənin öhdəsindən gəlməksə elə də  asan deyil. 

Amma görünür, bu qurum qarşısına asan vəzifələr qoymur.



MƏSLƏHƏT GÖR:

607