UZUN ÇƏKƏN FASİLƏ
ATƏT-in Minsk qrupunun yenilənmiş Madrid prinsipləri ilə bağlı Ermənistanı tələsdirməsinin vaxtı çatıb
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində yaranmış pauza çox çəkdi. Azərbaycan Prezidenti İlham Əliyev də KİV nümayəndələri ilə görüşündə məhz bu məqama xüsusi diqqət çəkib: "Soçi görüşündən sonra heç bir danışıqlar aparılmayıb. Ermənistan prezidenti irəli sürülmüş təkliflərə cavab vermək üçün 2 həftə vaxt istəsə də, artıq o vaxtdan 6 ay keçib. İndiyədək heç bir xəbər yoxdur. Hazırda elə situasiya ilə üzləşmişik ki, erməni tərəfi yenilənmiş Madrid prinsiplərinə nə "hə", nə də "yox" deyir".
İlham Əliyev həmsədr ölkələrin bu məsələ ilə bağlı dəqiq mövqe ortaya qoymalı olduqlarını da söyləyib.
"Azərbaycan nə qədər cavab gözləməlidir? Daha doğrusu, həmsədr ölkələr bu cavabı nə qədər gözləmək fikrindədirlər? Ümid edirəm, həmsədrlər öz təkliflərinə hörmətlə yanaşacaq və danışıqlar prosesinin gedişində Ermənistana ciddi təzyiq göstərəcək. Əgər biz hamımız danışıqlar prosesinin davam etdirilməsində maraqlıyıqsa, hansısa addımlar atılmalıdır. Bu baş verməsə və ya erməni tərəfi vaxtı uzatmağa davam edərsə, təkliflərə rəsmi şəkildə rədd cavabı verərsə, bu halda Azərbaycan, təbii ki, danışıqlarda iştirak perspektivi və ümumilikdə, bu prosesin özü haqda ciddi şəkildə düşünməli olacaq. Biz müxtəlif variantları nəzərdən keçiririk və istənilən yolla Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə çalışırıq. Biz problemin tezliklə və sülh yolu ilə həllini istəyirik. Əgər erməni tərəfi vaxtuzatma siyasətini davam etdirərsə və danışıqları görüntü naminə apararsa, Azərbaycan mövqeyində ciddi dəyişiklik edəcək", - deyə İ.Əliyev bildirib.
Təəssüf ki, Minsk qrupu hələ ki, lazımi prinsipiallığı göstərmir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə Venesiyada keçirdiyi görüşdən sonra bildirib ki, "Afinada Madrid prinsiplərinin tərəflərə təqdim olunmasından sonra keçirilən görüşlər nəticəsiz olub. Hamı hesab edirdi ki, üzərində 2 il iş aparılmış bu sənəd əsas razılaşma üzərində işə başlanması üçün imkan yaradır. Amma erməni tərəfindən razılıq gəlməyib".
Nazirin sözlərinə görə, həmsədrlər müəyyən səbəblər üzündən danışıqlar prosesində fasilə təklif ediblər: "Amma bu fasilə həddindən artıq uzun çəkdi. Bir daha təkrar edirəm: bu sənəd göydən düşməyib və onun razılaşdırılmasınaı 2 il vaxt sərf olunub. Minsk qrupuna həmsədrlik edən ölkə başçıları da "Böyük səkkizlik"in İtaliyada keçirilən sammitində sənədin əsasını təşkil edən 6 prinsipin həmsədrlərin vahid mövqeyini ifadə etdiyini açıqlayıblar. Bu, təsadüfi deyildi".
Ermənilərin Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etmək istəmədikləri ortadadır. Lakin onların sənədi rədd etməyə də cəsarətləri çatmır. Odur ki, Serj Sarqsyan və onun komandası vaxt uzatmaqla məşğuldur və hamilə qalalaraq, "problem"in özü-özünə həll olunacağına ümid etdiyindən, vaxtı uzadan qadına bənzəyir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın şifahi hiyləgərliyi isə vəziyyəti dəyişmir. İyunun 9-da ölkə parlamentində çıxış edən Nalbandyan bildirib ki, "əsas məğzi (?) Qarabağ xalqına beynəlxalq hüquq əsasında iradəsini ortaya qoymaq hüququ vermək olan Madrid prinsiplərinin yenilənmiş variantı Ermənistan tərəfindən problemin həlli üçün əsas kimi qəbul edilir". Bunun ardınca o, ermənilərə xas ruhda deyib: "Hər kəsə bəllidir ki, Qarabağ xalqı bundan sonra Azərbaycanın tərkibində yaşamayacaq".
Maraqlıdır, Nalbandyan hansı "Qarabağ xalqı"ndan danışır? Axı, əslində, söhbət Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarından gedir. Vəziyyəti yalnız Bakıda deyil, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı az da olsa obyektiv bilgiyə malik hər bir ölkədə anlayırlar. Bir məqama diqqət edin: Nalbandyan parlamentdəki bəyanatını rusiyalı həmkarı, daha doğrusu, patronu Sergey Lavrov ilə telefon danışığından dərhal sonra səsləndirib. Yəqin ki, ötən il Sürixdə Lavrovun Nalbandyana ötürdüyü kağız parçasında yazılanlar hər kəsin yadındadır: "Edvard, heç bir çıxış etmədən sənədi imzala!". O zaman əmr formasında deyilən bu sözə əməl edilmişdi.
İndi isə Larov Yerevanı daha çevik reaksiyanın vacibliyinə inandırmağa çalışır. Çünki həmsədr ölkələrin qəbul etdiyi Madrid təkliflərindən imtina Ermənistanı çətin durumda qoya bilər. Amma Nalbandyanın sözləri hələ Yerevanın Madrid prinsiplərini qəbul etməyə razılaşması anlamına gəlmir. Hər halda, həmsədrlər bu məsələyə Yerevandan hələ də dəqiq cavab ala bilməyib.
Bununla yanaşı, Ermənistanın susqunluğu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin dalandan çıxarılmasına olan beynəlxalq səyləri dayandırmayıb.
Sadəcə, ermənilər özlərini "oyundankənar vəziyyət"ə salıblar.
Dialoq isə onların bilavasitə iştirakı olmadan da Rusiya, Türkiyə, Fransa, ABŞ və Avropa İttifaqının prezidentləri, baş nazirləri və xarici işlər nazirləri səviyyəsində davam etdirilir.
İyunun 8-də İstanbulda keçirilən Asiyada əməkdaşlıq və etimad sammitində Türkiyə prezidenti və baş naziri, Azərbaycan, Qazaxıstan prezidentləri, eləcə də Rusiyanın baş naziri arasında dördtərəfli görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi ətrafında vəziyyət müzakirə olunub. Bir məqama diqqət etmək lazımdır ki, Nursultan Nazarbayevin təcrübəsi yalnız Qarabağ probleminin həll prosesində iştirakla bitmir. Astana həm də Minsk qrupunun aid olduğu ATƏT-ə sədrlik edən ölkə kimi münaqişənin həllində bitib-tükənmək bilməyən danışıqlardan konkret qərarlara keçilməsinə ciddi maraq göstərir.
Rusiyanın baş naziri Vladimir Putin isə keçirdiyi mətbuat konfransında bir qədər ehtiyatlı mövqe nümayiş etdirərək bildirib ki, münaqişənin həlli üçün yalnız Ermənistanla Azərbaycan öz aralarında kompromis tapmalıdır. "Həm Rusiya, həm də prosesin digər iştirakçıları bu işin altına çiynini verməyə hazırdır. Amma biz Azərbaycanla Ermənistanı əvəz edə bilmərik. Çünki sonrada bu və digər tərəf qarşısında günahkar olacağıq. Kompromisi yalnız bu iki ölkənin özü əldə edə bilər. Ermənistan və Azərbaycan üçün nəyin qəbuledilən olduğunu yalnız onların özləri söyləyə bilər", - deyə Putin bildirib. Onun sözlərinə görə, digər ölkələr yalnız qarant kimi çıxış edə bilər: "Biz məhz bu cür etmək niyyətindəyik".
Görünür, Türkiyədə keçirilən və Ermənistanın təmsil olunmadığı sammitdə Putin forpost müttəfiqini tam məyus etməmək üçün başqa cür danışa bilməzdi. Amma çətin ki, ictimaiyyətə açıqlanan bu mövqe ikitərəfli və çoxtərəfli görüşlərdə də ortaya qoyulsun. Axı bir məqam aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün prosesə cəlb olunmuş fövqəldövlətlərin yalnız kənardan zəmanət verməsi yox, tərəfləri kompromisə itələyəcək təzyiqə də ehtiyac var. Nəzərə alsaq ki, Bakı yenilənmiş Madrid prinsiplərini qəbul edib və onun əsasında irəliləməyə hazırdır, son fikir yalnız Ermənistana aiddir.
Yerevandan fərqli olaraq, Moskvanın Qarabağ probleminin həllində irəliləyişə nail olmaq vasitəsi axtarmaq məqsədi ilə fasilə elan etmədiyini göstərən daha bir məqam var: Rusiya Minsk qrupunun digər həmsədrləri ilə intensiv dialoq aparır. Məsələn, iyunun 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə fransalı həmkarı Bernar Kuşner telefon vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Daha sonra məsələ Rusiyanın baş naziri Vladimir Putinin Fransa səfəri zamanı gündəmdə olub.
ABŞ isə administrasiya dəyişikliyindən sonra bu məsələdə bir qədər passivlik nümayiş etdirir. Amma son zamanlar bu ölkədə də müsbət dəyişikliklər nəzərə çarpmaqdadır. Bəzi KİV-də Obama administrasiyasının postsovet məkanına nəzarəti Rusiyaya uduzduğuna dair yer alan fikirlərə baxmayaraq, yayın gəlişi ilə ABŞ-ın Azərbaycan, həmçinin, ümumilikdə Cənubi Qafqaz siyasətində fəallıq müşahidə olunmaqdadır. ABŞ-ın müdafiə naziri Robert Geytsin çoxları üçün gözlənilməz Bakı səfəri də bunun sübutudur.
Xatırladaq ki, Pentaqon rəhbəri Bakıda iki gün olub: iyunun 6-7-si. Bu günlərdə o, prezident İlham Əliyev ilə görüşüb, həmkarı Səfər Əbiyev ilə bir araya gəlib. Rəsmi açıqlamada bildirilir ki, səfər Əfqanıstana tranzitin sabitliyinə nail olmaq məqsədi ilə təşkil olunub. Ən vacibi isə Azərbaycan rəhbərliyini ABŞ-ın ikitərəfli münasibətlərə sadiqliyinə inandırmaqdır. Barak Obamanın İlham Əliyevə yazdığı və Pentaqon rəhbərinin dövlət başçısına çatdırdığı məktubda da bu fikirlər yer alıb.
Məktubun Azərbaycan prezidentinə təqdim olunmasından bir qədər sonra onun məzmunu açıqlanıb. Bu səbəbdən də təkrarçılığa yol verməyərək, yalnız bir məqama diqqət çəkmək istərdik: məktubda ikitərəfli münasibətlərdə "müəyyən problemlər"in mövcuudluğu bildirilir, onların aradan qaldırılmasına ciddi istəyin olduğu vurğulanır. ABŞ üçün Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupunun səyləri ilə sülh yoluyla həllinin prioritet olacağına dair vəd də xeyli inandırıcı görünür.
Aydındır ki, Pentaqon rəhbərini daha çox təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq məsələləri maraqlandırırdı. Qarabağ problemi ilə Dövlət Departamenti məşğul olur. Robert Geyts ABŞ-ın dövlət katibi Hillari Klintonun da Azərbaycana səfərinin nəzərdə tutulduğunu söyləyib. KİV-də yer almış məlumatlara görə, Klintonun regiona turnesi iyulda nəzərdə tutulub.
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində səyləri artırmaq niyyətini dolayısı ilə göstərən daha bir məqam Obama administrasiyasının, nəhayət, Bakıya səfir təyin etmək qərarına gəlməsidir. Administrasiya bu postu ABŞ-ın Minsk qrupundakı keçmiş həmsədri Metyu Brayzaya həvalə etməyi dü-şünür.
Beləliklə, ermənilərin ABŞ Konqresi və Dövlət Departamentindəki lobbiçilərinin dəstəyi ilə öz mövqeyini möhkəmlətmək və paralel olaraq, Türkiyəni Azərbaycanın maraqlarını nəzərə almadan, sərhədləri açmağa vadar etmək üçün apardığı diplomatik oyun, həmçinin, "erməni soyqırımı" ilə bağlı hoqqabazlığı iflasa uğradı. İndi belə demək mümkünsə, "Azərbaycan lobbiçiləri" işə başlayır.
Söhbət müəyyən mənada Pentaqon və Energetika Nazirliyindən gedir.
Daim "ağlamaq" və yardım istəməklə məşğul olan Ermənistandan fərqli olaraq, Azərbaycan "nəhəng" diplomatik oyun aparır. Biz tarixi miflərə əsaslanmır, emosiyalarla spekulyasiya etmirik. Azərbaycan təhlükəsizlik, enerji kimi vacib sahələri əhatə edən real maraqlara əsaslanır. Bizim maraqlı fövqəldövlətlərə təklif edəcək və ya imtina edəcəyimiz çox şeyimiz var. Bakı isə danışıqlar apararaq və bütün sahələrdə hazırlıq görməklə, istənilən variantın perspektivini qoruyub-saxlayır. Azərbaycanın enerji, iqtisadi və geostrateji potensialı o qədər böyükdür ki, biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli prosesinə təkan verən fövqəldövlətləri mükafatlandıra bilərik.
Azərbaycan nəticə verməyən və sonsuzluğadək uzanan danışıqlar prosesində iştirak etmək niyyətində olmadığını da göstərir. Bu günlərdə Milli Məclis tərəfindən ölkənin hərbi doktrinası təsdiqlənib və sənəddə açıq şəkildə göstərilir ki, Silahlı Qüvvələr erməni işğalında olan torpaqların hərbi yolla azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasına hər an hazır olmalıdır. Bir məqama diqqət çəkmək lazımdır: hərbi doktrina Rusiyanın müdafiə nazirinin Bakıya səfərindən sonra və Pentaqon rəhbəri Robert Geytsin, az qala, Azərbaycanda olduğu dövrdə qəbul edilib.
Bu, açıq şəkildə göstərir ki, məsələ heç də sadəcə, hərbi bəyanatlar verməklə bitmir və hadisələr ermənilər və onların himayədarları üçün arzuolunmaz istiqamətdə inkişaf edə bilər. Həmsədr ölkələrin Ermənistana təzyiq göstərmək, onu konstruktivliyə məcbur etmək və Dağlıq Qarabağ münaqişəsinin həll prosesini irəliyə aparmaq üçün rıçaqları var. Amma bunun üçün vaxt getdikcə azalır. İstənilən halda, belə bir dövrdə yay tətilinə çıxmaq və məsələnin həllini daha sonrakı dövrə saxlamaq ehtiyatsızlıq olardı.
MƏSLƏHƏT GÖR:



609

