SON HADİSƏLƏR FONUNDA PERSPEKTİVLƏR
Rusiya - Türkiyə alyansının dəqiq konturlarının meydana çıxması Azərbaycanla münaqişədə olan Ermənistanın onsuz da zəif mövqelərinə daha bir zərbə oldu
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Ötən ay Cənubi Qafqazdakı münaqişələrə ciddi təsir göstərəcək və regiondakı geosiyasi durumu kökündən dəyişəcək bir sıra hadisələr baş verdi. Bu mənada Avropa Parlamentinin Ermənistandan Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən qətnaməsini xüsusi qeyd etmək lazımdır. Ermənistanın xarici işlər və müdafiə nazirləri sənədin hüquqi əsasının olmadığını və tövsiyə xarakteri daşıdığını bəyan etməyə tələssələr də, bu qətnamə Avropa İttifaqının (Aİ) mövqeyinə ciddi şəkildə təsir göstərmək iqtidarındadır.
Digər tərəfdən, bu, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunmasını tələb edən 4 qətnaməyə ciddi əlavədir. Həmin sənədlərin isə beynəlxalq hüquq çərçivəsində məhz hüquqi gücü var.
Avropa Parlamentinin qətnaməsində Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində artan rolu haqda fikirlər də Yerevan üçün heç ürəkaçan sürpriz deyildi. Yerevan sənədi Minsk qrupunun prisiplərinə zidd olan qətnamə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə "hörmətsizlik" kimi qiymətləndirir.
Qəribə yanaşmadır. Uzun illərdir həmsədrlərlə danışıqlar aparan və hələ də onların yenilənmiş Madrid prinsiplərinə münasibətini açıqlamayan Ermənistan sanki indii bu ölkələrə xüsusi hörmət göstərir.
Bütün bunlarla yanaşı, Ermənistanın mövqelərinə yəqin ki, ən ciddi zərbə Rusiya-Türkiyə alyansının dəqiq konturlarının müəyyənləşməsidir. Ankara ilə Moskvanın yaxınlaşması Ermənstandan ziddiyyətli reaksiyaların gəlməsinə səbəb olub. Bəzi erməni ekspertlər və deputatlar belə alyansın yaradılmasına şübhə ilə yanaşır. Onlar əmindirlər ki, Rusiya Türkiyə ilə yaxınlaşma xətrinə heç zaman "strateji tərəfdaşı"nın maraqlarını qurban verməyəcək. Təbii ki, bu fikirdə olanlar, əsasən, Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın Yerevana təzyiqi məsələsini nəzərdə tutur. Çünki Rusiya-Türkiyə əməkdaşlığının vacib faktorlarından biri məhz bu münaqişədir.
Rusiya prezidenti Dmitri Medvedevin Ankarada bu problemlə bağlı ehtiyatlı nikbinliyə əsaslanan bəyanatı deyilənlərin sübutudur. Həqiqətən də, Rusiyanın "strateji müttəfiqi"nin maraqlarını qurban verəcəyini düşünmək çətindir. Fərq sadəcə ondadı ki, "Ermənistanın maraqları" Yerevan və Moskva tərəfindən necə izah olunur. Şübhəsiz ki, Yerevan "Ermənistanın maraqları" deyərkən ilk növbədə bütün qonşu dövlətlərə ərazi iddialarını nəzərdə tutur. Ermənistan niyə görəsə əmindir ki, Moskva bu "maraqlar"ın qurbanına çevrilməlidir. Kreml isə yəqin ki, ilkin mərhələdə heç olmasa Dağlıq Qarabağa bitişik bir neçə rayonun boşaldılması tələbini "Ermənistan maraqlarının satılması" kimi qiymətləndirmir.
Digər tərəfdən, Rusiya nəyin xətrinə ermənilərin əlində ekspansionist məqsədlər üçün istifadə olunan alətə çevrilməlidir?
Hər halda, görünən odur ki, Rusiya-Ermənistan münasibətlərində dönüş və ayılma mərhələsi yaxınlaşır. Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Yerevana təzyiqləri artıracağı istisna olunmur. Bəzi erməni KİV-də artıq belə məlumatlar yayılıb ki, Serj Sarkisyanın Moskvaya son səfəri zamanı Kreml ona Dağlıq Qarabağa bitişik rayonların boşaldılması sxemini ("2+3+2") təqdim edib.
Bunun həqiqətə nə qədər yaxın olduğunu söyləmək çətindir. Amma Moskvanın Ermənistanı konstruktivliyə məcbur etmək üçün ona təsir göstərməyə xeyli rçaqları var. Bəzi məqamlar Kremlin artıq Yerevana yumşaq təzyiq mexanizmini işə saldığını düşünməyə əsas verir.
Mayın sonlarına yaxın Ermənistanın baş naziri Rusiyadan növbəti kredit tranşı almaq üçün Moskvaya yollansa da, oradan əliboş dönüb. Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair növbəti bəyanatla çıxış edib və bunu Yerevan üçün daha bir siqnal hesab etmək olar.
Bununla yanaşı, əlbəttə ki, Kremlin tezliklə Cənubi Qafqazdakı münaqişələrə dair mövqeyini tamamilə dəyişəcəyini düşünmək səhv olardı. Amma ermənilərin siyasətindən cana doymuş Moskva Ankaranın fəal iştirakı ilə tədricən regionda situasiyanın normallaşdırılması ilə məşğul ola bilər. Bu, Rusiyanın özünün geosiyasi maraqlarına uyğundur və ilk növbədə, şübhəsiz, Rusiyanın regiona müəyyən qədər itmiş təsir imkanlarını bərpa edəcək. Nəticədə regiona kənar faktorların təsiri minimuma endiriləcək və ya tamamilə aradan qaldırılacaq. Moskva Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində təşəbbüsü Qərbin əlindən alaraq, moderatora çevrilmək üçün əla şans qazanacaq.
Nəhayət, Rusiya ilə Azərbaycanın onsuz da möhkəm olan münasibətlərinin daha da güclənməsi nəticəsində Moskva Bakının simasında regionda daha etibarlı tərəfdaş qazanacaq. Bununla Qərb oyunçularının Xəzər hövzəsi və Mərkəzi Asiya regionunda möhkəmlənmək təhlükəsi də aradan qalxacaq.
Gələcəkdə isə Rusiya-Azərbacyan-Türkiyə-İran-Gürcüstan-Ermənistan-Mərkəzi Asiya xəttinin yaradılması şansı reallaşacaq.
Bu, Kremlin siyasətçisi A.Duqin tərəfindən çoxdan lobbiçiliyi aparılan "Avrasiya konsepsiyası"nın əsasını təşkil edə bilər.
Duqin hesab edir ki, bu, Qərbin Rusiya və Türkiyəni zəfilədəcək ekspansionist məqsədlərinin qarşısını ala bilər. Məhz buna görə, Rusiya ilə Türkiyə arasında yaxınlaşma vacibdir.
Düşünmək olar ki, hazırda bunun üçün yaxşı imkanlar yaranıb və Moskva bu şansı əldən buraxmaq istəmir. Üstəlik, son zamanlar Kremlin Tbilisi ilə Abxaziya və Cənubi Osetiya problemlərini müzakirə etməyə hazır olmasına dair də xəbərlər yayılıb. Bəzi mənbələrin iddialarına görə, artıq Y.Primakov kimi tanınmış siyasətçi də bu məsələ ilə məşğuldur.
Əlbəttə ki, bu cür reallıqlar Ermənistanın siyasi isteblişmenti və ekspertlər arasında ciddi narahatlığa səbəb olur. Artıq Ermənistanın "maraqları"nın "strateji tərəfdaş" tərəfindən satılmasına dair bəyanatlar eşidilməkdədir. Bu fikirdə olanların iddiasına görə, tarixən Rusiya-Türkiyə yaxınlaşması Ermənistana mənfi təsir göstərib və ötən əsrin əvvəllərində yaşananlar da buna sübutdur. Azərbaycanla Rusiya arasında nəzərəçarpacaq yaxınlaşma, həmçinin, Azərbaycan qazının Rusiyaya satışı kimi vacib faktor regiondakı geosiyasi duruma ciddi təsir göstərib və bu, heç də Ermənistanın xeyrinə deyil.
Vaşinqtonun Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Aqanes Nikoqosyan adlı eksperti iddia edir ki, Rusiya-Türkiyə yaxınlaşması birmənalı olaraq, Yerevanın maraqlarına ziddir və odur ki, Rusiya bundan sonra təkbaşına Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir deyil. Bununla əlaqədar olaraq, Ermənistanın milli maraqları ABŞ-ın regionda baş verənlərə üçüncü qüvvə kimi daha dərindən cəlbini tələb edir.
Qeyd etmək lazımdır ki, bu, ermənilərin həmişəki gedişidir - fövqəldövlətlərin regiondakı maraqlarını qarşı-qarşıya qoymaqla, bundan maksimum siyasi dividentin əldə edilməsi. Nikoqosyan hətta vəziyyətin düzəldilməsi üçün öz "resept"ini də təklif edir: "Amerikanın regional siyasətində (Cənubi Qafqaz nəzərdə tutulur - red.) faktik olaraq fasilə götürülüb və Ermənistan yaranmış bu şəraitdən Amerika ilə "işləmək" üçün istifadə etməlidir. İlk addım kimi Vaşinqtonda erməni (Amerika deyil) mərkəzi yaradılmalıdır. Bu, ABŞ-ın siyasi gündəmini Ermənistan mövzusu ilə doldurmalıdır".
Çox maraqlıdır
Ermənistan artıq Vaşinqtonun ermənipərəst mövqeyi ilə kifayətlənmək istəmir. İndi ona ABŞ-ın bütövlükdə erməniliyin "maraqlarına" xidmət etməsi lazımdır. "Ekspert" ona da əmindir ki, Rusiya ilə Türkiyə arasında tarixi yaxınlaşmanın hər mərhələsi Ermənistana ərazilərinin itirilməsi (?!) bahasına başa gələcək.
Qəribədir ki, o, bu günədək Rusiya tərəfindən bəslənən və yedizdirilən Ermənistanı "unudub".
Bununla yanaşı, Ermənitanın millətçi qüvvələri ermənilik üçün mistik "təhlükə mənbələri" taparaq, yenə özlərini "iztirablı" xalq kimi göstərməklə, okeanın o tayından mərhəmət gözləyir.
Ermənistan parlamentindəki daşnaq fraksiyasının lideri V.Ovannisyan bir neçə gün əvvəl bildirib ki, Avropa Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətini bərpa etməsi qəbulolunmazdır: çünki bu, Ermənistan üçün faciəvi nəticələr verəcək. O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbəri Mövlud Çavuşoğlunun təşəbbüsünü qəbul etdiyi üçün Ermənistan rəhbərliyini sərt tənqid atəşinə tutub, ölkəsinin AŞPA-dakı nümayəndə heyətini bu təşəbbüsü pozmaq üçün əlindən gələni etməyə çağırıb.
Onun silahdaşı olan deputat A.Nranyan isə daha da irəli gedib: "Türkiyənin dəmir yolu tikintisi və Naxçıvana hava reysləri açmaq qərarı Ermənistanın milli təhlükəsizliyinə təhdiddir (?!). Türkiyə Naxçıvanda hərbi bazalar yerləşdirmək istiqamətində də addımlar atır (?!), Ermənistan tərəfinin bunlara lazımi reaksiya göstərməməsi isə qəbuledilməzdir. Çünki Türkiyə hərbi bazalarının bu ərazidə yerləşdirilməsi geosiyasi baxımdan ölkəmizin milli təhlükəsizliyinə ciddi təhdid yaradır".
Bəs Vaşinqton və ABŞ ekspertləri ermənilərin bu hoqqabazlığına hansı reaksiyanı verir? Müşahidələr göstərir ki, Vaşinqton hətta Cənubi Qafqazdakı maraqları baxımdan taleyüklü olan hazırki məqamda belə, ölçülüb-biçilmiş və uzaqgörən siyasətilə öyünə bilməz. Məsələn, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə məsləhətçisi T.Kaydanov Ermənistana son səfəri zamanı bu ölkəni (təcavüzkar dövləti) ABŞ-ın nüvə təhlükəsizliyi, Qafqaz, Əfqanıstan və İraqda aparılan süylhməramlı aksiyalarda vacib müttəfiqi adlandırır. Bununla yanaşı, bəzi Ermənistan KİV onun ölkə rəhbərliyi qarşısında Dağlıq Qarabağa bitişik ərazilərin işğaldan azad edilməsinə dair sərt tələblər qoyduğunu da xəbər verir.
Bəzi amerikalı ekspertlər isə Türkiyə-Rusiya yaxınlaşmasından narahatdır. Onlar əmindirlər ki, bu, Birləşmiş Ştatların maraqlarına ziyan gətirə bilər. Xüsusilə nəzərə alınsa ki, Türkiyədə hakimiyyətdə olan islamçılar respublikanın dünyəvi əsaslarını ləğv edir, xarici siyasəti Suriya, İran, "Hizbullah" və HƏMAS-a doğru yönəldir.
Rusiya öz növbəsində ABŞ-la son dərəcə ağıllı oyun aparır. Vaşinqtonla ona sərf edən müqavilələr imzalamaqla (məsələn, Strateji Hücum Silahlarının ixtisarına dair Müqavilə), digər tərəfdən, "ərəb pulları"nı toplamaqla Amerikanı qıcıqlandırır.
İndi Moskva ilə Ankara arasında strateji ittifaq yaradılır və bu, Amerikanı narahat etməlidir: söhbət Rusiyanın Suriya ilə birgə təlim keçirən NATO üzvü ilə alyansından gedir. Rusiya hökuməti situasiyanı, ondan əldə edə biləcəyi dividendləri adekvat qiymətləndirdiyi halda, Amerika haqda da eyni fikri söyləmək olmur.
Göründüyü kimi, bunun ABŞ-ın Türkiyəyə qarşı yanlış siyasətinin, həmçinin təcavüzkar ölkənin qeydinə qalmasının nəticəsi olduğuna işarə belə yoxdur. Bu dönüş anında belə Amerika özünün ikili standartlara əsaslanan siyasətindən qalmır. 16 üzvü olan ermənipərəst konqresmenlərdən ibarət qrup dövlət katibi Hillari Klintona məktubla müraciət edərək, ondan İraq ermənilərinin Ermənistana köçürülməsinə siyasi və maddi dəstək istəyib. Söhbət İraq müharibəsi zamanı Suriya və İordaniyaya qaçmış ermənilərdən gedir. Üstəlik, bunun ABŞ-ın maraqlarına uyğun olduğu da söylənilir. "Maraq" isə belə izah olunur ki, əks halda həmin ermənilər Amerikaya emmiqrasiya olunmağa çalışacaqlar.
Bax belə...
Bəlkə də bu məsələdə başqa "maraq" da var. Ankara ilə Moskvanın yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət məqamlar da nəzərə çarpdırmaqdadır. Bu isə Ermənistan və onun himayədarlarının ürəyincə deyil. Ermənipərəst konqresmenlərin İraq ermənilərinin qayğısına qalması onların bilavasitə Dağlıq Qarabağa yerləşdirilməsinə yönəlməyib ki? Bu köçün baş tutacağı təqdirdə Qərb istədiyi anda onlardan "beşinci kolon" kimi istifadə edə bilər. Qeyd olunan köçün əsas məqsədinin bəzi Yaxın Şərq ölkələrində təlim keçmiş erməni terrorçların Dağlıq Qarabağa atılması planının durmadığına zəmanət varmı?
Hər halda bu taktika da Ermənistan və onun qəyyumları üçün yeni deyil.
Bütün bunlarla yanaşı, hadisələrin gedişində Rusiya və Türkiyədə Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini daha çox anlamağa başlayırlar. Bunun qarşılıqlı əməkdaşlıq və regionda mövqelərin daha da möhkəmləndirilməsi üçün vacib olduğu anlaşılır. Bəzi rusiyalı ekspertlər isə hesab edir ki, bu gün Rusiya ilə Türkiyənin mövqeləri son dərəcə yaxındır və bu, heç də təsadüf deyil.
Odur ki, destruktiv xarici faktorlar olmasa, Cənubi Qafqazın aydın perspektivini görmək mümkündür.
MƏSLƏHƏT GÖR:

654

