14 Mart 2025

Cümə, 21:42

UKRAYNA BÖHRANININ DƏRSLƏRİ

Azərbaycan Münhen konfransının iştirakçılarını Qarabağa da Donbas qədər can yandırmağa çağırdı

Müəllif:

10.02.2015

Donbasda bitmək bilməyən hərbi əməliyyatlar Ukrayna münaqişəsini dünya siyasətində əsas problemə çevirib. 51-ci Münhen Təhlükəsizlik Konfransında əsas müzakirə mövzusu da bu münaqişə olub. Bununla yanaşı, Ukrayna böhranı Avropanın əsas fövqəldövlətləri olan Fransa ilə Almaniyanı analoqu olmayan diplomatik missiya ilə çıxış etmək məcburiyyətində qoyub.

 

Silahlandırılsın, silahlandırılmasın?.. 

Donbasdakı vəziyyətin daha da gərginləşməsi perspektivi ABŞ-ın dövlət katibi Con Kerrinin Ukraynaya səfəri kontekstində tam aydınlığı ilə üzə çıxıb. Bu səfərdən əvvəl Pentaqonun gələcək rəhbəri Eşton Karter ukraynalılara hərbi yardımın göstərilməli olduğuna dair açıq çağırış edib. Beləliklə, ABŞ əslində Ukrayna prezidenti Pyotr Poroşenkonun NATO dövlətlərindən müasir silah-sursat tədarükünə ehtiyaclarının olduğuna dair bəyanatına reaksiya verib. Poroşenko bu fikri Münhen konfransındakı çıxışı zamanı da dilə gətirib və Qərbdən Ukraynaya silah-sursat tədarükünə ehtiyacın olduğunu bir neçə dəfə təkrarlayıb. Poroşenkonun sözlərinə görə, indi onlar heç də yalnız müdafiə xarakterli silah-sursata ehtiyac duymurlar. Prezident Kiyevə ağır silahların lazım olduğunu söyləyib.

Birləşmiş Ştatlar indiyədək Ukraynaya yalnız öldürməyən silahların ixracına razılıq verirdi. Söhbət zirehli geyimlərdən, gecəgörmə cihazlarından, tibbi dəstlərdən gedir. ABŞ-ın vitse-prezidenti Cozef Bayden ölkəsinin Ukraynaya silah ixrac etməsini istisna hal adlandırmışdı. Lakin nüfuzlu "The New York Times" qəzeti artıq Barak Obama administrasiyası nümayəndələrinin, həmçinin ABŞ və NATO Silahlı Qüvvələrinin Avropadakı komandanı general Filip Bridlavın Kiyevə "öldürüsü silihlardan ibarət hərbi yardım" göstərilməsinə meyilləndiklərini yazır. Güman ki, Con Kerrinin Ukraynaya səfəri zamanı da əsas müzakirə mövzularından biri bu olub.

Bununla yanaşı, Ukrayna böhranının dərinləşməsi fonunda bunun fəsadlarının bütünlükdə qitəyə yayıla biləcəyindən ehtiyatlanan bəzi Avropa liderləri Donbasda tezliklə atəşkəsə nail olunması istiqamətində addımlar atmağa başlayıblar. Bu məqsədlə Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel birlikdə Kiyevə və Moskvaya səfərlər edib, bununla da Ukrayna münaqişəsi ilə bağlı danışıqların yeni raundunun başlanmasına nail olublar.

İlk növbədə görünən odur ki, Ollandla Merkelin vasitəçilik missiyasının əsas motivlərindən biri Qərbin Donbasdakı münaqişəyə məhz hərbi baxımdan cəlb olunmasını önləməkdir. ABŞ-ın müəyyən dairələri isə məhz buna çalışır. Fransua Olland danışıqların növbəti raundunun Paris tərəfindən canlandırıldığını açıq şəkildə deyib və bunun səbəbini də kifayət qədər aydın ifadə edib: Paris Ukraynaya silah-sursat ixracı və Kiyevin NATO-ya üzv olması ideyasını dəstəkləmir. Almaniya kansleri Angela Merkel isə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Ukrayna böhranının hərbi yolla həllinin mümkünsüzlüyünü bildirib. Onun fikrincə, Ukraynaya Qərb silahlarının tədarükü münaqişənin həllinə yardım göstərməyəcək. "İnanmıram ki, Ukraynaya Rusiyanı qorxudacaq qədər silah tədarük etmək mümkün olsun", - deyə Merkel qeyd edib.

Merkelin bu bəyanatı amerikalı "qırğılar"ın sərt narazılığına səbəb olub. ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Con Kerri, hətta Merkelin bəyanatını "səfehlik" adlandırmaqdan belə çəkinməyib. Birləşmiş Ştatların dövlət katibi C. Kerri isə beynəlxalq KİV-də Aİ ilə ABŞ arasında Rusiya siyasəti ilə bağlı fikir ayrılıqlarının yarandığına dair yer alan xəbərləri təkzib edib. O, Vaşinqtonla Brüsselin Ukrayna böhranının diplomatik yolla həlli işində həmrəy olduqlarını bildirib.

Avropanın Ukrayna böhranının həll yolunu necə gördüyünü isə Ollandla Merkelin sülh planı göstərir. Planın detalları açıqlanmasa da, onun, ilk növbədə, Ukraynanın ərazi bütövlüyünə əsaslandığını birmənalı şəkildə söyləmək olar. "Normand formatı"nda aparılan danışıqların iştirakçılarından (Ukrayna, Rusiya, Almaniya və Fransa) gələn xəbərlərə görə, Ollandla Merkel Donbasdan ağır hərbi texnikanın çıxarılmasını, əsirlərin dəyişdirilməsini, regiona Ukraynanın tərkibində qalmaqla, muxtariyyət verilməsini təklif edirlər.

Son tezis Avropanın mövqeyində ciddi dəyişikliyin olduğunu göstərir. Məsələ ondadır ki, Qərb indiyədək Ukraynanın desentralizasiyası haqqında danışmırdı. Bu mənada, Fransanın xarici işlər naziri Loran Fabiusun Münhen Təhlükəsizlik Konfransındakı çıxışı da maraqlıdır. Nazir Donbasa xüsusi statusun verilməsini mümkün adlandırıb. O hesab edir ki, yaranmış vəziyyət Kiyevi hakimiyyətin desentralizasiyası zərurəti ilə qarşı-qarşıya qoya bilər.

Kiyev isə ölkənin cənub-şərqinə geniş muxtariyyətin verilməsi versiyasını hələ də rədd edir. Pyotr Poroşenkonun Münhendəki çıxışında bu qərarın qəbulu üçün Konstitusiyada dəyişikliyə getməyin, referendum keçirməyin vacibliyinə dair bəyanatı göstərir ki, Ukrayna hökuməti desentralizasiya versiyasının əleyhinədir. Əslində bu, heç də təəccüblü deyil. Çünki Kiyev prinsipial olaraq Donetsk və Luqanskda qurulmuş "respublika"larla birbaşa danışıqlara getmir. O, "DXR" və "LXR"i nəinki separatçı rejimlər, hətta terror təşkilatları sayır.

Bütün bunlarla yanaşı, Ukrayna böhranında dinc yolla irəliləyişə nail olmaq şansı qalmaqdadır.

Bir şey aydındır ki, Ukrayna böhranı dünya geosiyasəti müstəvisində çözüləcək. Daha konkret desək, söhbət Rusiya ilə Qərb arasında qarşıdurmanın necə inkişaf edəcəyindən gedir. Ukrayna ətrafında baş verən son hadisələr ABŞ-la Aİ-nin məsələyə yanaşması arasında müəyyən fərqin olduğunu göstərsə də, Brüsselin amerikalıların "himayə"sindən çıxa bilməyəcəyi aydındır.

Bu səbəbdən, Qərb Rusiyanı avroatlantizmin qlobal liderliyinə əsas maneə hesab edən tam sivil sistem kimi çıxışını davam etdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Münhen Təhlükəsizlik Konfransında Moskva ilə Aİ arasında strateji tərəfdaşlığın sınaqdan üzüağ çıxa bilmədiyini bəyan etməsi də təsadüf deyil. "Qərbin son 25 ildə dünya arenasındakı nüfuzunu qoruyub-saxlamaq istiqamətində yürütdüyü kurs indi kulminasiya nöqtəsinə yetişib", - deyə Lavrov qeyd edib.

Amma ümidverici məqamlar da var: Avropanın nüfuzlu liderləri və Avropa ictimaiyyəti nümayəndələri Rusiya ilə münaqişəni geriyə dönüşü olmayan nöqtəyədək inkişaf etdirməyin yolverilməz olduğunu anlmağa başlayıblar. Artıq bu halda yeni dünya müharibəsinin ola biləcəyi dərk olunmağa başlanıb. Bütün Avropa məkanında vahid təhlükəsizlik sisteminin yaradılmasına edilən çağırışlar da bu qorxulu perspektivin anlaşılmasının nəticəsidir. Məsələn, Angela Merkel "Vladivostokdan Lissabonadək böyük Avropa"nın qurulmasının mümkünlüyünü bəyan edib. Qeyd edək ki, bu, Avropanın böyük siyasətçilərinin, o cümlədən Beşinci Fransa Respublikasının banisi Şarl de Qollun arzusu idi. Bununla yanaşı, Merkel "böyük Avropa"nın yaradılması perspektivinin Ukrayna münaqişəsinin həllindən asılı olduğunu söyləyib.

 

Bir-birinin güzgüdəki əksi olan münaqişələr

Amma bir məqam tam aydındır ki, Avropanı başdan-başa sülh meydanına çevirmək üçün yalnız Ukrayna problemi deyil, digər münaqişələr də həll olunmalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında aydın şəkildə dilə gətirib. Forum çərçivəsində "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr" mövzusunda panel müzakirəsində çıxış edən İ. Əliyev bildirib ki, "Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər münaqişələrə də diqqət yönəldir. Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var". İ. Əliyev bu münaqişənin faktik olaraq Sovet İttifaqı dağılmazdan əvvəl başlandığını, SSRİ-nin parçalanmasından sonra isə daha da dərinləşdiyini, nəticədə, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin beşdəbirinin işğal olunduğunu söyləyib.

"Dəyirmi masa"nın gedişində Ermənistan nümayəndəsi Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycan Ordusunu ermənilərin mövqelərini atəşə tutmaqda, cəbhə xəttində gərginliyi artırmaqda günahlandırıb. İ.Əliyevin buna cavabı isə birmənalı olub: "Əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və indi də bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?".

Dünya siyasətindəki ikili standartlar probleminə də toxunan prezident postsovet məkanındakı bütün münaqişələrə eyni mövqedən yanaşılmasının vacibliyini bildirib: "Azərbaycanın ərazi bütövlüyü Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir".

"Hesab edirəm ki, Ukrayna məsələsindən çıxarılan dərslər çox diqqətlə öyrənilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari - ərazi bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki əksidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik", - deyə İlham Əliyev qeyd edib.

Bu kontekstdə İ. Əliyev Bundestaqın deputatı Filipp Misfelderin ikili standartlarla bağlı sualını da cavablandırıb. Misfelder Azərbaycan Prezidentindən Ermənistana qarşı sanksiyaların tətbiq edilmədiyi halda, Ukrayna münaqişəsi ilə bağlı dərhal sanksiyalara əl atılmasının ikili standart olub-olmadığını soruşub.

"İkili standartlar reallıqdır", - deyə İlham Əliyev qeyd edib: "Xüsusilə sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə biz özümüzə sual veririk: nəyə görə bu sanksiyalar Ermənistana qarşı da tətbiq olunmur? Axı onlar da eyni əməli törədiblər. Niyə onların üzərinə sanksiyalar qoyulmur? Şübhəsiz, cavab budur ki, dünyada Ermənistanı bütün potensial və adekvat məsələlərdən qoruyan çox güclü erməni diasporu var. Buna görə də ikili standartlar siyasəti beynəlxalq gündəlikdən çıxarılan kimi, Dağlıq Qarabağ münaqişəsi də tez bir zamanda öz həllini tapacaq".

Həqiqətən də, Avropa qitəsinə əziyyət verən münaqişələrin həlli yalnız vahid meyarların olduğu, beynəlxalq hüququn norma və prinsiplərinə tam əməl olunduğu halda mümkündür. Əks təqdirdə, Ukrayna böhranının nümunəsində gördüyümüz kimi, xalqların taleyi dünyanın güc mərkəzlərinin geosiyasi iddialarının girovuna çevrilir. Bu isə təbii ki, münaqişələrin həlli imkanlarını daha da məhdudlaşdırır və nəticə etibarilə, milyonlarla dinc insanın həyatını təhlükəyə atır.

 

 

SİTAT

"Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o, ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb".

İlham Əliyev, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

600