5 Dekabr 2025

Cümə, 23:10

ALTERNATİV YOXDUR VƏ HEÇ GÖRÜNMÜR DƏ…

Nyu-York forumu nüvə silahlarının yayılması ilə mübarizədə yeni səhifə açmalıdır

Müəllif:

15.05.2010

Nyu-Yorkda nüvə silahlarının yayılmasına qarşı müqaviləyə (NSYM) əməl edilməsinə həsr olunmuş sayca 8-ci beynəlxalq konfrans keçirilir. Tədbirdə vahid bəyannamənin qəbuluna nail olmaq üçün dünyanın, təxminən, 200 ölkəsinin nümayəndələri BMT-nin mənzil-qərargahına gəlib. 2005-ci ildəki kimi, bu dəfə də nümayəndə heyətləri arasında fikir ayrılığı üzündən sənəd qəbul olunmasa, konfrans iflasa uğramış sayılacaq.

Amma bu dəfə uğur qazanılacağına müəyyən inam var. Çünki hazırkı dialoq bir sıra ümidverici hadisələrin fonunda aparılır. 

Əvvəla, Rusiya ilə ABŞ aprelin əvvəlində strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında 1991-ci ildə bağlanmış müqaviləni əvəzləyəcək yeni sənədə imza atıb. Yeni sənədə əsasən, tərəflər strateji nüvə başlıqlarının sayını 2 200-dən 1 550-yə, onların daşıyıcılarının sayını isə 1 600-dən 800-ə endirməlidir.

İkincisi, bir müddət əvvəl ABŞ-ın yeni nüvə doktrinası qəbul olunub və Vaşinqtonda nüvə sammiti keçirilib.

Bundan başqa, Ağ ev Moskva ilə nüvə atomu sahəsində əməkdaşlığı da bərpa etmək haqda düşünür. Xatırladaq ki, bu əməkdaşlıq 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında yaşanmış müharibədən sonra Corc Buş administrasiyası tərəfindən dayandırılıb. Söhbət "soyuq müharibə" zamanı nüvə yanacağı ilə ticarətə qoyulmuş qadağanın aradan qaldırılmasından gedir. Dinc atom üzrə razılaşma 30 il müddətinə bağlanır və nüvə sınaqları, atom enerjisi istehsalı üçün texnologiyalar, materiallar, avadanlıqlar (reaktorlar da daxil olmaqla) və komponentlərin mübadiləsini mümkün edir. "New York Times" və BBC ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik və nüvə silahlarının yayılmaması üzrə köməkçisi səlahiyyətlərini icra edən Vann Dipena istinadən bildirir ki, Barak Obama administrasiyası bu razılaşmanın Konqres tərəfindən təsdiqlənəcəyinə əmindir. Ağ ev bu razılaşmanın hər iki tərəfin maraqlarına uyğun olduğu qənaətindədir. Amerikalı ekspertlərin fikrincə, bu xəbər Ağ evin Kremllə münasibətləri "yeniləşdirmək" niyyətinin daha bir təsdiqidir. Onlar hesab edir ki, bu məqamlar Vaşinqtonun artıq "soyuq müharibə" dilində danışmaq istəmədiyini sübut edir.

Beləliklə, Nyu-York forumunun nüvə silahlarının yayımı  ilə  mübarizə tarixində yeni səhifə açacağı gözlənilir. Hər halda, dünyanın bir çox siyasətçiləri nəinki bu ideyanı dəstəkləyir, üstəlik, müəyyən təşəbbüslərlə də çıxış edirlər. Onlar həmin təşəbbüslərin nüvəsiz dünya qurulmasına kömək edəcəyinə əmindirlər.

Bu işdə liderliyi isə ABŞ üzərinə götürüb və yeri gəlmişkən, o, gözlənilmədən nüvə arsenalının sayı ilə bağlı rəsmi rəqəmləri açıqlayıb. Məlum olub ki, Vaşinqtonun 5 113 ədəd nüvə silahı var, daha bir neçə min belə silah isə yaxın vaxtlarda yaradılmalıdır (1989-cu ilin sonları ilə müqayisədə bu, təxminən 75% çoxdur). 

Qeyd edək ki, bu məlumat uzun müddət məxfi informasiya sayılıb. Odur ki, Obama administrasiyasının bu açıqlaması Vaşinqtonun nüvə təhlükəsizliyi sahəsində nüfuzunu artırmağa cəhdi kimi qiymətləndirilə bilər.

Yeri gəlmişkən, indi Qərb KİV Rusiyanın da özünəməxsus analoji rəqəmləri açıqlayıb-açıqlamayacağı üzərində baş sındırmaqla məşğuldur. Eyni fikirlər Çinə də aiddir. Amma bu suala elə amerikalıların özləri cavab verir. Onlar bildirir ki, Moskva üçün milli təhlükəsizliyin təmini baxımından nüvə arsenalı daha çox əhəmiyyət daşıyır, ABŞ isə elə adi silahların köməyi ilə də istənilən vəzifənin öhdəsindən gələ bilər.

Nüvə silahlarının yayılmaması rejiminə qayıdaraq qeyd edək ki, amerikalılar mülki atom enerjisini genişləndirmək fikrində olan ölkələrə maliyyə və texniki dəstəyi artırmağı düşünür. Vaşinqton MAQATE-nin səlahiyyətlərinin artırılmasını da vacib sayır. ABŞ hesab edir ki, bu qurum yalnız yoxlama işləri ilə məşğul olmamalı, gizli nüvə obyektlərinin axtarışını da həyata keçirməlidir. Beləliklə, ABŞ yeni şəffaflıq və etibar atmosferinin yaradılmasına çalışdığını göstərir. 

Amma bu mümkündürmü?

Bu məsələ nüvəsiz Yaxın Şərq məkanının yaradılmasına dair söhbətlər fonunda xüsusilə maraq doğurur. Bu mövzu hələ 15 il əvvəl qaldırılıb və ilk dəfə NSYM-ya dair 1995-ci ildə keçirilmiş konfransda bəyənilib. Onu indi də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin) dəstəkləyir.

Amma regionun bir sıra ərəb dövlətləri, həmçinin, Misir belə qənaətdədir ki, İsrailin nüvə sirləri açılmayacağı təqdirdə, İranın nüvə iddialarını məhdudlaşdırmaq mümkün olmayacaq. Bundan başqa, MAQATE-nin baş direktoru Yukiya Amano yəhudi dövlətini NSYM-yə qoşulmağa, nüvə obyektlərində təftiş işlərinin aparılması ilə razılaşmağa çağırıb. 

Məsələ o yerə çatıb ki, MAQATE-nin İdarəçilər Şurası İsrailin nüvə proqramını müzakirə etmək fikrinə düşüb.

İsrail isə indiyədək nə nüvə dövləti olduğunu etiraf edib, nə də NSYM-i imzalayıb. 

Halbuki əksər ekspertlər hesab edir ki, Təl-Əviv, təxminən, 200 nüvə başlığına, həmçinin, onların lazımi yerlərə çatdırılması üçün təyyarə və sualtı qayıqlara malikdir. "La Repubblica" yazır ki, danışıqlarda İsrail Baş naziri Benyamin Netanyahu Misir prezidenti Hüsnü Mübarəki NSYM konfransında İsrailin nüvə arsenalı haqda fikirlər səsləndirməkdən çəkindirməyə çalışıb. Amma Qahirə susmayıb və İsraili sənədi imzalamağa, nüvə silahından imtinaya və qapılarını BMT müfəttişlərinin üzünə açmağa çağırıb. 

Məlumata görə, Misir BMT-də xüsusi sənəd yayıb. Onun 31-ci maddəsində İsrailin nüvə potensialı haqda məlumatın açıqlanması tələb edilir. Bu isə əlbəttə ki, keçmişdə nüvə sahəsində İsrailə dəstək vermiş ABŞ-ın, həmçinin, Fransanın bostanına atılmış daşdır.

Nəticədə, müşahidəçilər hələ NSYM konfransının bitməsinə bir neçə gün qalmış öz qərarını verib - ABŞ qarşısına qoyduğu məqsədə nail ola bilməyəcək. Bu məqsədlərin sırasında isə Tehrana qarşı yeni sanksiyaların tətbiqi də var. Yeri gəlmişkən, İsrailə bu qədər diqqət ayrılmazdan əvvəl, Yaxın Şərqdə nüvə silahlarının yayılmaması haqda razılaşmanın ən ciddi pozucusu məhz İran sayılırdı.

Konfransın gedişinə İran prezidenti Mahmud Əhmədinejadın qatılması da tədbirə xüsusi maraq yaratmışdı. O, adəti üzrə ABŞ-ı tənqid edərək, onu ikili standartlardan çıxış etməkdə günahlandırıb. Əhmədinejad bildirib ki, Birləşmiş Ştatların yürütdüyü ikili standartlar "inkişaf etməkdə olan ölkələrə dinc atomdan istifadəyə imkan vermir, müttəfiqlərə isə nüvə silahına malik olmağa şərait yaradır". Əhmədinejad Vaşinqtonun nüvə silahına malik olmayan ölkəyə qarşı bu silahdan istifadə etməyəcəyinə dair vədinə də inanmır. 

Nəticədə, İran liderinin çıxışı zamanı ABŞ, Fransa və Böyük Britaniyadan olan nümayəndə heyətləri bu çıxışa etiraz olaraq, iclas zalını tərk edib.

Ağ ev Yaxın Şərqdə nüvə silahından azad məkanın yaradılması istəyini regionda tam sülhə nail olmaq niyyəti ilə əsaslandırır. Bu bölgədə sülh isə, ilk növbədə, ərəb - İsrail münaqişəsinin həllini nəzərdə tutur. Aydındır ki, Yaxın Şərq ölkələrinin faktiki müharibə şəraitində olduğu, üstəlik, nəinki bir-birlərinə inanmadıqları, hətta qarşılıqlı şəkildə bir-birlərini yer üzündən silməklə hədələdiyi şəraitdə nüvəsiz məkan yaratmaq haqda danışmaq hələ çox tezdir.

Amma ABŞ-ın dövlət katibi Hillari Klintonun da dediyi kimi, məhz bu səbəbdən Yaxın Şərq "dünyada nüvə silahlarının yayılması baxımından ən böyük təhlükə mənbəyidir". İndiki dövrdə regionda nüvə silahı yarışını isə məhz İran qızışdıra bilər. H. Klinton bu haqda deyir: "Hazırda dövlətlərin böyük əksəriyyəti nüvə silahlarının yayılmaması haqda öhdəliklərə əməl edir. Lakin bəzi dönüklər qaydaları pozmaqda israrlı olduğunu göstərir və beynəlxalq ictimaiyyətə meydan oxumağa çalışırlar".

İranın ABŞ-ın ünvanına səsləndirdiyi ittihamları isə Klinton "bezdirici, yalan və cəfəngiyyat" adlandırıb. O əmindir ki, "Tehran məsuliyyətdən yayınmaq üçün əlindən gələni edəcək". 

"İran BMT Təhlükəsizlik Şurasına, həmçinin, MAQATE-yə meydan oxuyur; nüvə silahlarının yayılmaması rejiminin gələcəyini təhlükə altına qoyur. Məhz bu səbəbdən o, getdikcə daha ciddi təcrid vəziyyətinə düşür və beynəlxalq ictimaiyyətin təzyiqini hiss edir", - deyə dövlət katibi bildirib.

Bütün bunlarla yanaşı, Qərbin İrana qarşı hansı sanksiyaların daha effektiv nəticə verəcəyini düşündüyü vaxtda Əhmədinejad Tehranın BMT sanksiyalarından qorxmadığını bəyan edib. O bildirib ki, bu sanksiyalar ABŞ-ın Tehranla diplomatik səviyyədə dialoqdan imtinası anlamına gələcək: "Hesab edirik, bu sanksiyalar bizdən çox ABŞ administrasiyasına zərər verəcək". 

İran prezidenti bir daha bildirib ki, Tehran az zənginləşdirilmiş uranın xarici ölkələrə məxsus nüvə yanacağına dəyişdirilməsi məsələsinin müzakirəsinə hazırdır. Amma bu məsələnin təfərrüatları hələ də aydın deyil.

Bir sözlə, Tehran əvvəllər olduğu kimi, beynəlxalq təşkilatların rabitəsizliyindən istifadə edərək, yenə də vaxtı uzatmaqdadır. Məsələ ondadır ki, BMT TŞ-də veto hüququna malik olan Rusiya ilə Çin hələ də Tehrana yeni sanksiyaların tətbiqinə nə "hə", nə də "yox" deyir. Onlar İsrailin nüvə proqramı ilə bağlı yenidən gündəmə gətirilmiş məsələsi ilə əlaqədar da oxşar mövqe nümayiş etdirirlər. 

Bundan başqa, NSYM-nə əməl olunmasına dair konfrans növbəti dəfə inkişaf etməkdə olan ölkələrin narazılığını ortaya çıxarıb: onlar nüvə texnologiyasına sərbəst çıxış əldə etməyə çalışır. 

Beləliklə, bu dövlətlərin nüvə enerjisinə dair milli proqramlar üzərində nəzarətin gücləndirilməsinə qarşı çıxacaqları istisna olunmur.

Bütün bunlarla yanaşı, ən çox tərəddüd doğuran məqam, nüvə silahının yayılmamasını tənzimləyən sənədlərə, belə demək mümkündürsə, ikili yanaşmadır. Söhbət, məsələn, Hindistan və Pakistan kimi ölkələrdən gedir. Onlar NSYM-ni imzalasalar da, bu dövlətlərin artıq nüvə silahları var.

Ən təhlükəlisi isə odur ki, nüvə silahının terrorçuların əlinə düşməsi risqi xeyli böyükdür. ABŞ özü də hələ ki bir sıra Avropa ölkələrindəki hərbi bazalardakı B-61 bombalarını ləğv etməyə tələsmir. Bəzi ekspertlərin bildirdiyinə görə, sayı, təxminən, 200 ədəd ola bu bombalar o qədər də yaxşı mühafizə olunmur. 

Pakistanın nüvə arsenalı haqda isə danışmağa belə dəyməz. Hər halda, bir müddət əvvəl "Əl-Qaidə" və "Taliban" yaraqlılarının İslamabada hücumları hələ yaddaşlardan silinməyib.

"Nüvə silahına malik dövlət tərk-silah istiqamətində gedəcək, belə silaha malik olmayanlar onu əldə etməyəcək -  bütün ölkələr yalnız dinc xarakterli nüvə enerjisi əldə edə bilər" - bu sözləri ötən il ABŞ prezidenti Barak Obama səsləndirib. Lakin bu fikir hələ də xəyal olaraq qalır. Hər halda, MAQATE ekspertləri bildirir ki, hazırda dünyanın, təxminən, 30 ölkəsi ciddi-cəhd etsə, nüvə klubuna qoşula bilər.

Amma əsl regional və qlobal təhlükəsizlik naminə, NSYM bundan sonra da nüvə silahının yayılmaması naminə səyləri birləşdirməyə çalışmalıdır. Müqavilənin yenilənməsi və möhkəmlənməsi yolları tapılmalıdır. Çünki bu yolun alternativi yoxdur və heç görünmür də. Amma bu yolda kifayət qədər maneələr var və onların aşılması böyük xərc və qurbanlar tələb edir. Hər şeydən əvvəl isə dünyanın bütün ölkələri azacıq da olsa, səmimi olmalıdırlar. 

Qonşuları qarşısında olmasa da, hər halda öz qarşılarında məsuliyyət daşımalıdırlar.



MƏSLƏHƏT GÖR:

572