TORİ və VİQİ: ƏL-ƏLƏ
Böyük Britaniyada Leyboristlərin 13 illik hakimiyyəti sona çatdı
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Dumanlı Albionda yeni hökumət quruldu. Koalisiya hökumətində mühafizəkarlarla liberal-demokratlar birləşdi.
Beləliklə, Dauninq-strit - 10-da leyboristlərin 13 illik hakimiyyəti sona çatdı.
Braun gedir...
Böyük Britaniyada keçirilən parlament seçkisi torilərin qələbəsi ilə başa çatıb. İctimai palatadakı 650 yerin 306-nı mühafizəkarlar qazansa da, onların parlamentdəki çoxluğu əldə etməsinə 20 yer çatmayıb. 258 mandatı leyboristlər, 57-ni isə liberal-demokratlar əldə edib. Daha 28 yeri öz aralarında digər partiyalar bölüşüb. Yeri gəlmişkən, Yaşıllar Partiyası da ilk dəfə Britaniya parlamentinə düşə bilib.
Seçkinin nəticəsi Britaniya mətbuatının "ölkə tarixinin ən qeyri-populyar baş naziri" kimi qiymətləndirdiyi Qordon Braunun rəhbərlik etdiyi leyborist kabinetin fəaliyyətinə son qoyub.
Ola bilsin, "qeyri-populyar" ifadəsi bir qədər şişirtmədir. Amma etiraf etmək lazımdır ki, qlobal maliyyə böhranı leyborist liderin populyarlığına öz mənfi təsirini göstərib.
Braunun partiyasındakı yüksəkrütbəli şəxslərin əsassız məsrəfləri də baş naziri "populyarlaşdıran" faktorlardan olub.
Seçkinin nəticələrinə qayıdaraq, bir daha qeyd edək ki, mühafizəkarların qələbəsi kabinetin bir partiya tərəfindən formalaşdırılmasına imkan verəcək qədər inamlı olmayıb. Bu üzdən də Birləşmiş Krallıq parlamentində koalisiyaya ehtiyac yaranıb. Siyasi qüvvələr arasında koalisiyanın yaradılmasına dair danışıqlar iflasa uğrayacağı təqdirdə, parlament buraxılmalı və təbii ki, növbəti seçki keçirilməli idi. Bu səbəbdən də Qordon Braun cüzi də olsa, şansa ümid edir, partiyasını hakimiyyətdə saxlamaq haqda düşünürdü. O, liberal-demokratların mühafizəkarlarla koalisiya haqda danışıqlar haqqını tanıdığını bildirməklə, özünün də birincilərlə koalisiya yaradılmasına dair danışıqlara açıq olduğunu söyləyirdi. Bu məqsədlə Braun viqlərin Böyük Britaniyanın seçki sistemində islahatların aparılması tələbini dəstəkləyir, onların əsas çoxluğun mojaritar sistemlə seçilməsi məsələsinin referenduma çıxarılması istəyinə müsbət yanaşırdı.
Məsələ ondadır ki, seçki ərəfəsində gənc və xarizmatik lider Nik Kleqqin rəhbərlik etdiyi liberal-demokratların reytinqi çox cəlbedici görünürdü. Amma səsvermənin nəticəsi onlar üçün o qədər də ürəkaçan olmayıb. Əlbəttə ki, seçicilərin seçiminə liberalların son 90 ildə hakimiyyətdə olmaması da öz təsirini göstərib. Odur ki, xüsusilə böhran şəraitində britaniyalılar ölkənin taleyini dövlət idarəçiliyi təcrübəsi olmayan şəxslərə etibar etməyi düzgün saymayıb. Amma viqlərin iflasının əsas səbəbi yenə də seçki qanunvericiliyidir. Əgər Britaniya parlamentində yerlər bütün ölkə ərazisində proporsional sistemlə qazanılan səslərlə müəyyənləşsəydi, hazırkı şəraitdə liberal-demokratlar, təxminən, 140-150 deputat yeri qazanardı. Amma qalibin dairə üzrə irəli sürülmüş konkret namizədlə müəyyənləşdiyi mojaritar sistemdə parlamentdə yerlər, əsasən, işi daha təşkilatlanmış şəkildə aparan partiyalara qismət olur.
İstənilən halda, Braunun Kleqq ilə razılığa gəlmək cəhdi nəticə verməyib. Liberal-demokratlarla koalisiya qurmağın mümkün olmadığını anlayan Qordon Braun istefa verib. O, baş nazir və Leyboristlər Partiyasının liderliyi postundan dərhal sonra Buhingem sarayına yollanaraq, kraliça II Yelizavetadan istefasına icazə, həmçinin kraliçaya yeni hökumətin formalaşdırılmasının Mühafizəkar Partiyanın lideri Devid Kemerona həvalə olunmasını istəyib.
...və Kemeron gəlir
Mühafizəkarların lideri ənənəvi olaraq, kraliçanın "Siz yeni administrasiyanı formalaşdırarsınızmı?" sualına "hə" cavabı verdikdən sonra, Böyük Britaniyanın yeni baş naziri postunu tutub. Beləliklə, Devid Kemeron Britaniya tarixində kabinetin sayca 75-ci rəhbəri, II Yelizavetanın taxtda olduğu dövrdə isə 12-ci baş nazirdir. Yeri gəlmişkən, kraliçanın dövrünün ilk hökumət başçısı Uiston Çerçill olub.
43 yaşlı Kemeron 1812-ci ildən üzü bəri Britaniyanın ən cavan hökumət başçısıdır. O, sözün əsl mənasında, təpədən-dırnağa qədər toridir. Kemeron Hannover kralı IV Vilhelmin (1830-1837) nəslindəndir. O, həmçinin, hazırda Britaniyanı idarə edən Vindzorlar şəcərəsi ilə də uzaq qohumdur.
Kemeron nüfuzlu təhsil ocağı olan Oksforddakı məşhur İtonsk kollecini bitirib. Onun xanımı olan kübar Samanta Şeffild kral Karl II Stüartın (1660-1685) nəslindəndir.
Yeni baş nazirin ailəsində 2 uşaq var. Sentyabrda isə Kemeronlar ailəsində daha bir uşaq dünyaya gələcək.
Devid Kemeron siyasi fəaliyyətində mühafizəkarlar üçün ənənəvi olan baxışlara malikdir. O, ailə dəyərlərini üstün tutur, sahibkarlığın maksimum müstəqil olmasını vacib sayır, vergilərin azaldılmasına, Britaniyanın beynəlxalq aləmdə mövqelərini gücləndirməsinə prioritet kimi yanaşır. Eyni zamanda, Kemeron mühafizəkarların yeni formasiyası sayılır: o, sosial təminat sisteminin inkişafını vacib hesab edir, adi günlərdə işə velosipedlə getməkdən heç bir kompleks hiss etmir, rok-musiqi dinləyir.
Kemeron baş nazir kimi ilk çıxışında liberal-demokratlarla güclü, sabit koalision hökumət formalaşdırmaq niyyətində olduğunu bildirib.
Viqlərin lideri Nik Kleqq vitse-baş nazir postunu tutub. Qeyd edək ki, koalision hökumətdə ümumilikdə 5 liberal-demokrat nazir təmsil olunacaq. Bu zümrənin, təxminən, 15 nümayəndəsi isə aparatın əməkdaşı olacaq. Nazir portfellərini artıq viqlər Vins Keybl (biznes işləri üzrə nazir), Denni Aleksander (Şotlandiya üzrə dövlət katibi), Kris Hyune (ətraf mühit naziri) tutublar. Liberal-demokrat Devis Lous isə xəzinədarlığın baş katibi postuna təyin olunub (bu, maliyyə nazirinin birinci müavini deməkdir).
Britaniyanın yeni hökumətinin əsasını mühafizəkarlar təşkil edir: Uilyam Heyq (xarici işlər naziri), Corc Osborn (maliyyə naziri), Liam Foks (müdafiə naziri), Tereza Mey (daxili işlər naziri).
Maraqlı məqamdır ki, kabinetin tərkibinə vaxtilə mühafizəkarlara liderlik etmiş 3 şəxs də daxildir - partiyaya 2005-ci ildən rəhbərlik edən hazırkı lider Devid Kemeronla yanaşı, Uilyam Heyq (1997-2001) və İan Dunkan Smit (2001-2003). Sonuncu Kemeron kabinetində əmək və pensiya işləri naziri postunu tutacaq.
Koalisiya fəaliyyətə başlayır
Koalisiya haqda razılığa gəlmək üçün mühafizəkarlar və liberal-demokratlar bir sıra məsələlərdə bir-birlərinə güzəştə gediblər. Kemeronun əsas güzəşti mojaritar seçki sistemindən proporsional sistemə keçilməsinə dair referenduma razılıq verməsidir. Bunun əvəzində liberal-demokratlar büdcə kəsiri ilə mübarizənin sürətləndirilməsinə razılaşmalı olublar. Viqlər torilərlə 50 gün ərzində fövqəladə büdcə qəbul etməyə razılaşıblar. Söhbət dövlət xərclərinin 6 milyard funt azaldılmasını nəzərdə tutan büdcədən gedir. Bundan başqa, Kleqqin partiyası "evlərə görə vergilər" tələbindən imtina etməyə hazırdır və qeyri-leqal miqrantların amnistiyası tələbindən də imtina edəcəyinə söz verib.
Yeni kabinetin proqramı, həmçinin, Avropa İttifaqına daxil olmayan ölkələrdən Britaniyaya imiqrantların gəlişinə məhdudiyyət qoyulmasını nəzərdə tutur.
Göründüyü kimi, Britaniyanın yeni hökumətinin iqtisadi proqramı hazırda yaşanan böhranlı dövrlə birbaşa əlaqəlidir. Bu ölkədə anlayırlar ki, ayrı-ayrı dövlətlərdə yaşanan büdcə kəsiri və dövlət borcları yalnız onların özlərinə xas deyil və ümumavropa problemidir. Mühafizəkar-liberal koalisiyanın bir tərəfdən maliyyə siyasətini böhranın aradan qaldırılmasına yönəltmək, digər yandan, Avropa İttifaqı miqyasında qəbul edilən qərarların Britaniya iqtisadiyyatına mənfi təsirinə imkan verməmək istəyi də bununla bağlıdır. Devid Kemeronun artıq Avropanın əleyhinə olan siyasətçi kimi təqdim edilməsi də təsadüf deyil. Bu cür yanaşmanın müəyyən əsasları da var. Bir il əvvəl Kemeron Aİ-nin əsas sənədi olan Lissabon müqaviləsinin qəbuluna qarşı çıxırdı. Bu gün isə artıq baş nazir olan Kemeron Londonun Brüssellə yaxınlaşmayacağını, avro məkanına qoşulmayacağını, Britaniyanın hakim orqanlarına məxsus səlahiyyətlərin ümumavropa orqanlarına verilməyəcəyini bildirir. Mühafizəkarlarla liberal-demokartlar arasında daha bir razılaşma da var ki, buna da məhz qeyd olunan konteksdə baxılmalıdır. Onların razılaşmasına əsasən, Britaniyaya hansısa daxili qərarların qəbulunu Aİ-yə vermək təklif olunsa, məsələ referenduma çıxarılacaq.
Xarici siyasətin digər sahələrinə gəlincə, Kemeron hökumətinin bu istiqamətdə hansısa ciddi dəyişikliklər edəcəyi gözlənilmir.
Britaniya ABŞ-ın yaxın müttəfiqi rolunu oynamaqda davam edəcək, Londonun Əfqanıstan, İraq və İran problemləri ilə bağlı gələcək siyasəti də məhz bu faktorla əlaqəli müəyyənləşəcək. Hakim koalisiyanın Rusiya ilə münasibətlərlə bağlı yürüdəcəyi siyasət böyük intriqa vəd edir. Yeri gəlmişkən, qeyd edək ki, 2008-ci ildə Cənubi Osetiyadakı müharibə zamanı Kemeron Moskvanı sərt tənqid etmiş və Gürcüstan prezidenti Mixail Saakaşviliyə dəstək vermək üçün şəxsən Tbilisiyə getmişdi. Elə o vaxtdan da Rusiyada bu siyasətçiyə münasibət müsbət deyil. Kemeron, hətta Moskvanın Qafqaz siyasətinə cavab olaraq, rusiyalı oliqarxların Londonda alış-veriş etməsinə qadağa qoyulması təşəbbüsü ilə də çıxış etmişdi.
Amma yəqin ki, baş nazir postunda Kemeron yalnız Britaniya yox, bütövlükdə Qərb üçün vacib məsələ olan Rusiyanın postsovet məkanındakı siyasətinə bir qədər ehtiyatlı və emosiyasız yanaşmalı olacaq.
MƏSLƏHƏT GÖR:






650

