YANUKOVİÇ SƏRT DÖNÜŞ ETDİ,
və ya Ukrayna "əldən verilən imkanlar" dövründən sonra
Müəllif: Azər XUDİYEV, politoloq Bakı
Ukraynada hakimiyyətə rusiyayönümlü siyasətçi kimi tanınan Viktor Yanukoviçin gəlməsi ilə bu dövlətin xarici siyasət kursunda ciddi dəyişikliklərin baş verəcəyi ilə bağlı fikirlər son aylar dünya siyasətinin müzakirə obyektlərindən birinə çevrilib. Hazırda V.Yanukoviçin siyasi mövqeyində də hissediləcək dərəcədə dəyişikliyin olub-olmayacağı maraqla izlənilməkdədir. İlkin müşahidələr Ukraynanın yeni prezidentinin xarici siyasətdə balanslaşmış mövqe tutacağı, öncədən ehtimal olunan qədər rusiyayönümlü olmayacağı və təxmin edildiyi qədər Qərbə qarşı getməyəcəyi fikrini yaradıb. Lakin Avropa ilə Rusiya arasında bufer zonası rolunu oynayan Ukraynanın yeni prezidentinin xarici siyasət kursunun bəsit olmayacağını nəzərə alaraq, onu birmənalı proqnozlaşdırmaq mümkün deyil. Bütün bunları nəzərə alaraq, Ukraynanın Qaradəniz hövzəsinin vacib dövlətlərindən biri kimi təhlükəsizlik məsələlərində hansı mövqeyi tuta biləcəyi üzərində düşünməyə dəyər.
“Yanukoviç - II Lukaşenko”?
Portuqaliyanın “Publico” qəzetinin təhlilçisi Joze Milhazes V.Yanukoviçin xarici siyasətdə faktiki olaraq II Lukaşenko olacağını yazıb. Başqa sözlə, V.Yanukoviç Rusiya ilə Avropa Birliyi arasındakı ziddiyyətdən daha çox qazanmağa çalışacaq. Avropalı analitikin bu qənaəti bəlkə də mənzərəni bir qədər bəsitləşdirir, ancaq bu fikrin başqa bir yönü maraqlıdır. Demək olar ki, bütün Qərb analitikləri və siyasətçiləri V.Yanukoviçin V.Yuşşenkodan fərqli siyasət yeridəcəyini və bu kursun əsas əlamətinin balanslaşma olacağını deyirlər. Onun buna nə dərəcədə nail olacağını zaman göstərəcək, lakin bu gün Prezident V.Yanukoviçin söylədiyi bəzi fikirlər balanslaşma siyasətinin ilkin çalarlarını özündə əks etdirir. Məsələn, V.Yanukoviç andiçmə mərasimindən dərhal sonra gözlənildiyi kimi Moskvaya deyil, ilk öncə Brüsselə səfər edir və eyni zamanda çıxışında “keçmişdə deyildiyi kimi, bütün yollar Moskvaya aparır” ifadəsini işlədir. Yəni Brüsselə gedən yolun son duracağı yenə Kremldir. Bu fikrinə baxmayaraq V.Yanukoviç V.Putinin “Gömrük İttifaqına üzv olun” (Rusiyanın baş naziri Rusiya, Qazaxıstan və Belarusu birləşdirən Gömrük İttifaqını nəzərdə tutur) təklifinə birmənalı şəkildə “yox” deməsə də, “Ukrayna Rusiya səviyyəsinə çatmalıdır” kimi qeyri-müəyyən cavab verir.
Bütün bu faktları nəzərə alsaq, V.Yanukoviçin II Lukaşenko olması fikri reallıqdan çox uzaq olduğu görünür - burada daha mürəkkəb bir ssenari hiss edilir. Əslində, V.Yanukoviçin yeridə biləcəyi xarici siyasət xəttinin ümumi prinsipləri elə də qəliz təsir bağışlamır. Bunlar aşağıdakılardır: Ukrayna ilə Rusiyanı yaxınlaşdırmaqla Avropa dəyərlərinə daha çox yiyələnmək. Bu prosesdə hərbi aspektdən çox (NATO-ya üzv olmaq kimi qıcıqlandırıcı iddia kimi) sosial-iqtisadi və mədəni aspektlərə üstünlük vermək.
Qeyd etməliyik ki, Ukrayna birmənalı olaraq rusiyayönümlü siyasət yeridə bilməz. Paralel olaraq, Rusiya ilə perspektivdə daha sıx əlaqələr qurmaq ehtimalına da zərər verməyəcək. Çünki postsovet məkanında Rusiyanın nüfuzu artmaqdadır. Təhlükəsizlik baxımından da Rusiya amilinin çəkisi artır. Bu əlaməti Rusiya prezidenti D.Medvedevin Avropa təhlükəsizliyinin yeni konsepsiyası haqqında irəli sürdüyü fikirlərdə də görmək olar. Bu ideyaya siyasətçilər ciddi yanaşırlar. Daha qlobal miqyasda isə geosiyasi ağırlığın Qərbdən Şərqə doğru “sürüşdüyü” barədə fikir bir qədər əvvəl nüfuzlu politoloqlar və siyasətçilər tərəfindən səsləndirilib. Deməli, Rusiya amili həm özünün aktiv geosiyasi mövqe tutması, həm də ehtimal edilən Çin liderliyinin formalaşması aspektində Qərb üçün gərəklidir. Onda Ukrayna slavyan və Şərqi Avropa dövləti olaraq nəyə görə Kremlə arxa çevirməlidir? Onu da demək lazımdır ki, bir sıra analitiklər postsovet məkanında ABŞ-ın öz mövqelərini Rusiyaya təhvil verməkdə olduğunu deyirlər. Məsələn, politoloq Aleksey Vlasov belə bir tezis irəli sürüb: “Son hadisələr göstərir ki, postsovet məkanı ABŞ-ı artıq az maraqlandırır və o, bütün diqqətini Əfqanıstan, İraq və İrana yönəldir. Elə bir unikal vəziyyət yaranıb ki, Moskva və Paris bu boşluğu doldura bilərlər, ancaq hər şey onların Türkiyə, Azərbaycan və Gürcüstana nə təklif edə biləcəklərindən asılıdır”. Rusiyanın Türkiyə və Azərbaycana nə təkliflər etdiyini artıq təxmin etmək mümkündür. Son məlumatlarda Rusiya XİN başçısının Gürcüstan müxalifətinin təmsilçisi Nino Burcanadze ilə görüşdüyü də bildirilir. Belə bir durumda V.Yanukoviçin də Moskvaya böyük önəm verəcəyi inandırıcı görünür. Rusiya prezidenti Moskvada V.Yanukoviçlə apardığı danışıqlardan sonra “ümid edirəm ki, iki ölkə arasındakı “qara zolaq” arxada qaldı”, deyə bildirib. Dmitri Medvedyev iki ölkənin bütün sahələr üzrə əməkdaşlığa hazır olduğunu bildirmişdir. Öz növbəsində V.Yanukoviç isə “ötən beş ili əldən verilən imkanlar” dövrü kimi dəyərləndirərək, bununla da Rusiyanı narazı salan bütün məqamları aradan qaldırmaq niyyətini açıq ifadə edib. Məsələn, rus dilinin Ukraynadakı statusuna yenidən baxılacaq, S.Banderaya verilən Milli Qəhrəman adı geri alınacaq. Təhlükəsizlik məsələsində də Ukrayna ilə Rusiyanın mövqeləri arasında ciddi yaxınlaşmalar gözlənilir.
Qara dəniz hövzəsinin təhlükəsizliyində yeni məqamlar
Qara dəniz hövzəsinin təhlükəsizliyi məsələsinə Qərbdən və Rusiyadan olan baxışlarda fərqlər var. Qərb bu prosesdə NATO-nun, Rusiya isə özünün Qara dəniz Donanmasının (QDD) roluna üstünlük verir. Ona görə də 1991-ci ildən bu yana iki tərəf arasında bu məsələ ilə bağlı gərgin mübarizə gedir. Bu mübarizə zaman-zaman NATO və QDD ətrafında özünü biruzə verir. NATO QDD-ni Sevastopoldan sıxışdırıb çıxarmaq kursu götürüb. Sonra bu siyasətdə düzəlişlər olub. Paralel olaraq Rusiya Ukrayna ilə QDD məsələsinin hüquqi həlli modelini axtarıb və bunun nəticəsi kimi 1997-ci il mayın 28-də Kiyevdə saziş imzalanıb. Saziş üç bölmədən ibarətdir - “Qara dəniz Donanmasının Ukrayna ərazisində qalması statusu və şərtləri haqqında”, “Qara dəniz Donanmasının bölünməsi parametrləri haqqında”, “Qara Dəniz donanmasının bölünməsi və Qara dəniz Donanmasının Ukrayna ərazisində qalması ilə əlaqəli qarşılıqlı hesablaşmalar haqqında”. Sazişə görə, QDD Ukrayna və Rusiya arasında bölünür və Rusiya Donanması 2017-ci ilə qədər Sevastopolda yerləşir. Ancaq bu sazişi yalnız 1999-cu il aprelin 1-də ratifikasiya etmək mümkün oldu. Onunla bağlı məsləhətləşmələr isə bu gün də davam etməkdədir. Təhlükəsizlik sisteminin yaradılması baxımından əhəmiyyətli olan məhz bu məqamdır. Belə ki, Rusiya tərəfi 2017-ci ildən də sonra QDD-nin Sevastopolda qalmasında maraqlıdır. Bu məsələyə Rusiya strateji geosiyasi maraqların təmin edilməsi kimi baxır. RF-in Dəniz Doktrinasına (V.V.Putin tərəfindən təsdiq edilib) görə, Qara dəniz hövzəsi “ali dövlət prioritetləri kateqoriyasina aiddir”. Sənəddə QDD-nin Sevastopolda uzaq perspektivə qalması vəzifəsi qoyulub. 2003-cü il sentyabrın 17-də Azov-Qara dəniz regionunun hərbi-diplomatik məsələlərinə həsr edilmiş müşavirədə V.Putin vurğulayıb ki, bu zona Rusiyanın strateji maraq dairəsindədir. V.Putin deyib ki, “Qara dəniz hövzəsi Rusiyanın vacib qlobal marşrutlara, o cümlədən enerji marşrutlarına çıxışını təmin edir”. Buna görədir ki, 1991-ci ildən başlayaraq Rusiya diplomatiyası Sevastopoldakı Dəniz Donanması uğrunda gərgin mübarizə aparır. Həmin hadisələrin birbaşa iştirakçısı olan, 1994-1999-cu illərdə RF xarici işlər nazirinin müavini işləmiş, RF XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Y.V.Dubinin “Diplomatik marafon” (“AviaRus-XXI”, 2005) kitabında bu mübarizənin incə məqamlarını, siyasi və geosiyasi mənalarını ətraflı şərh edib.
Nəhayət, Viktor Yanukoviçin prezident seçilməsi ilə donanma məsələsində Ukrayna ilə Rusiya arasında razılığın əldə olunacağı haqda ehtimallar özünü tam doğruldub. V.Yanukoviçlə Rusiya prezidenti D.Medvedyev aprelin 21-də Xarkov şəhərində 2017-ci ildən hesablanma şərti ilə daha 25 il müddətinə “Rusiya Qara dəniz Donanmasının Ukraynada qalması haqqında” saziş imzalanıb. Sazişə görə, tərəflərdən biri etiraz etməsə, həmin müddət daha 5 ilə uzadıla bilər. Bu müqavilə dünya siyasi dairələrində dərhal reaksiya doğurub. Ukraynada bir sıra ekspertlər V.Yanukoviçi ölkəni iki yerə bölməkdə günahlandırırlar. Y.Timoşenko tərəfdarları isə sənədin parlamentdə təsdiq olunmayacağını bəyan edirdilər. Lakin 27 aprel 2010-cu il tarixində Ukraynanın Ali Radasında (Parlament) baş vermiş qalmaqaldan sonra adı çəkilən saziş ratifikasiya olundu. Ukraynanın dövlət başçısı da, ölkənin indiki vəziyyətini nəzərə alaraq, başqa cür davranışın mümkün olmadığını bildirib. Həmçinin, Ukrayna prezidenti V.Yanukoviç bu saziş müqabilində Rusiya tərəfinin qaz satışının qiymətində güzəştə getdiyini nailiyyət kimi qiymətləndirib. Onu da qeyd etmək lazımdır ki, Rusiya tərəfi qaz satışının qiymətində güzəştə getməsi müqabilində Krımdakı enerji infrastrukturunu icarəyə götürüb. Rusiya prezidenti D.Medvedev isə bu müqavilələrin iki tərəfdaşın bir-birinə qarşı atdığı addımlar kimi qiymətləndirib. Maraqlıdır ki, Qərb bu hadisəyə sakit reaksiya verib. ABŞ-ın dövlət katibi Hillari Klinton Ukraynanın balanslaşdırılmış siyasət yeritdiyini ifadə edib. NATO-nun Baş katibi Anders Foq Rasmussen isə Sevastopoldakı Hərbi Dəniz Donanması ilə əlaqəli sazişin imzalanmasının Ukraynanın bu quruma üzv seçilməsinə mane olmayacağını bəyan tdib.
Beləliklə, bir neçə ildir ki, davam edən və Qara dəniz hövzəsi üçün təhlükə törədən bir problem həll edilmiş kimi görünür. Ancaq zahiri sakitliyə baxmayaraq, bu hadisənin Ukraynanın daxili siyasi durumunda və NATO-Rusiya münasibətlərində hansı problemləri yarada biləcəyi tam aydın deyil, risk amili isə qalmaqdadır.
Aydın olur ki, QDD Rusiya və Ukrayna üçün yalnız iki dövlət arasındakı münasibətlər sistemi səviyyəsində əhəmiyyət daşımır. Bu məsələnin Qara dəniz hövzəsinin təhlükəsizliyi sisteminin yaradılmasına və Ukraynanın NATO-ya üzvlüyünün perspektivinə birbaşa aidiyyatı vardır. Viktor Yuşşenkonun prezidentliyi dövründə hər iki aspekt “havadan asılı” vəziyyətdə qalmışdı. Ona görə də Viktor Yanukoviçin həmin məsələ ilə əlaqəli tutacağı mövqe prinsipial əhəmiyyət daşımaqdadır. Onun tezisləri isə sadədir: birincisi, Ukrayna Avropanın neytral dövlətlərindən biri olmalıdır. Bununla bağlı Ukrayna prezidenti Moskvada belə fikir bildirib: “NATO-ya gəldikdə isə...Ukrayna bloklara qoşulmayan Avropa dövləti kimi NATO ilə münasibətlərini Ukraynanın milli maraqlarına uyğun quracaq. Və həmişə də belə olacaq”. Mətndən aydın görünür ki, V.Yanukoviç Ukraynanın NATO-ya üzv olacağını nəzərdə tutmur. İkincisi isə QDD-nin Sevastopolda qalması ilə bağlı məsləhətləşmələr 1997-ci il sazişindəki razılaşmalar əsasında aparılacaq.
İkinci tezisdə sətiraltı “Qara dənizdə Rusiyanın prioritetliyini qəbul etmək” fikri vardır. Göründüyü kimi, məsləhətləşmələr həmin sənədlər əsasında aparılacağı halda, başlıca müzakirə obyekti QDD-nin Sevastopolda uzun müddətə qalması və təhlükəsizliyin təminində Ukrayna - Rusiya tandeminin yaradılması ətrafında olacaqdır. Rusiyanın Qaradənizdəki Donanması ilə bağlı Ukrayna və Rusiya dövlət başçıları tərəfindən imzalanmış saziş bu təxmini bir daha təsdiq etmiş olur. Görəsən bu ehtimal, Qara dəniz hövzəsində Qərbin təklif etdiyi təhlükəsizlik modellərinin iflası deməkdirmi? Bunu zaman göstərəcək. Lakin indidən aydındır ki, Ukrayna bölgədə təhlükəsizliyin təmin edilməsi məsələsində Rusiyanın strateji maraqlarını ciddi surətdə nəzərə almağa başlayıb.
“Biz birlikdə dönüş etməyə hazırıq”...
Bu sözləri V.Yanukoviç prezident kimi Moskvaya etdiyi ilk səfəri zamanı deyib. Rusiya prezidenti də dərhal replika ataraq “düzgün istiqamətdə” söyləmişdir. Daha geniş şəkildə isə Rusiya prezidenti belə izah verib: “...əsas odur ki, biz ən qısa zamanda iqtisadi sahədə, təhlükəsizlik problemində, siyasi sahədə, bizim Avropa ilə münasibətlərimiz üzrə, təhlükəsizliyin müasir məkanının yaradılması üzrə (uyğun Avropa sənədlərinin hazırlanması və imzalanması da daxil olmaqla) ən qətiyyətli addımlar ata bilək”.
Bu fikirlər aydın şəkildə göstərir ki, Qara Dəniz hövzəsinin təhlükəsizlik sistemi modellərində ən azından ciddi dəyişikliklər gözlənilir. Bu baxımdan, GUAM-ın taleyi də bir qədər müəmmalıdır. V.Yanukoviçin bu quruma münasibətinin müsbət olmadığını hər kəsə bəllidir. GUAM-ın Qara dəniz hövzəsinə aidiyyəti çoxdur, elə bu baxımdan da Qərb adıçəkilən qurumu bu keyfiyyətdə fəal dəstəkləyirdi. Müasir təhlükəsizlik modellərində ciddi yeri olan enerji təhlükəsizliyi məsələsinə də GUAM çərçivəsində xeyli dərəcədə önəm verilirdi. Xəzərdən başlayan “enerji yolu”nun Qara dənizdən keçməklə Avropa və Baltikyanı bölgəyə çıxışı ilə bağlı müəyyən hesablamalar aparılırdı. İndi isə Ukrayna Qara dənizdə təhlükəsizlik məsələsində Rusiya donanmasına imtiyaz tanımağa başlayır, onun həmin bölgədə uzunmüddətli perspektivə qalmasını nəzərdə tutur. Deməli, təhlükəsizlik sisteminin yaradılması modeli də dəyişmiş olur. Artıq NATO-nun formalaşdırdığı qurumlar və GUAMdaxili heç bir modelin birmənalı olaraq perspektivindən danışa bilmərik. Brüsseldə “Ukraynanın xarici siyasətində radikal dəyişiklik olmayacaq” deyən V.Yanukoviç, Moskvada V.Putinə “daxili və xarici siyasətdə ciddi düzəlişlər olacaq” vədini verir. Bu iki tezisin ortaq ideyası isə Ukraynanın Rusiyanın maraqlarını daha çox nəzərə almağa başlayacağından ibarətdir. Şübhə yoxdur ki, Qara dəniz hövzəsində təhlükəsizlik məsələsi “ciddi düzəlişlər” kateqoriyasına aiddir. D.Medvedevin yeni təhlükəsizlik məkanının yaradılması haqqında danışması bu qənaəti daha da gücləndirir. Bir qədər geniş miqyasda Ukrayna Rusiyanın Avropanın yeni təhlükəsizlik arxitekturası ilə bağlı təklif etdiyi modelə üstünlük verəcəkdir. Qara dənizdə Rusiyanın maraqlarının yeni səviyyədə təmin edilməsi böyük miqyasda qüvvələr nisbətini dəyişə bilər. O cümlədən, SSRİ dağıldıqdan sonra, Türkiyənin Qara dəniz Donanmasının Rusiyanın Qara dəniz Donanmasından 2,5 dəfə güclü olmasına son qoyula bilər. Dolayısı ilə bu, Qara dəniz hövzəsində NATO-nun üstünlüyünə ciddi zərbədir. Bu da Qara dənizlə yanaşı Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələlərində yeni faktorların meydana çıxması ehtimalını artırır. Bütövlükdə Qara dəniz - Xəzər dənizi hövzəsində təhlükəsizlik sisteminin inkişafı problemi aktuallaşır. O cümlədən, Azərbaycanın bu prosesdə iştirakı məsələsində yeni məqamların formalaşmasını gözləmək olar. Bizcə, burada Azərbaycanın yeritdiyi dialoq diplomatiyası səmərəliliyini bir daha göstərəcək. Yəni əslində, Ukrayna - Rusiya yaxınlaşması Azərbaycanın böyük bir geosiyasi məkanda rolunu daha da artıra bilər. Azərbaycan enerji və geosiyasi təhlükəsizlik modellərində həlledici rola malikdir. Ukrayna Azərbaycanla Rusiya arasında uğurla inkişaf edən enerji proqramlarına qoşulduğu təqdirdə, daha çox mənfəət və siyasi dividendlər əldə edə biləcək. Paralel olaraq, Azərbaycanın enerji marşrutlarının diversifikasiyasında yeni istiqamətlər meydana çıxa bilər. Bunlar Azərbaycanın “Nabucco” kimi layihələrdə əhəmiyyətini bir qədər də artıracaq. Yekun olaraq, Avropanın yeni təhlükəsizlik arxitekturasında Azərbaycanın rolu və əhəmiyyəti yeni səviyyəyə qalxacaq. Buna əyani misal olaraq, bu il aprelin 13-də Azərbaycan, Gürcüstan və Rumıniya arasında imzalanmış “Sıxılmış təbii qaz və onun nəqli sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu göstərmək olar. Bu sənəd Azərbaycanın böyük bir geosiyasi məkanda enerji təhlükəsizliyində vacib tərəfdaş olaraq fəaliyyət göstərmək imkanlarının artdığını təsdiq edən amillərdən biridir. Çünki Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna və Baltikyanı ölkələrlə enerji sahəsində əməkdaşlıqla bağlı anlaşmaları vardır. Ölkəmiz enerji marşrutlarının diversifikasiyası xətti ilə infrastrukturların inkişafında iştirak kursunu sinxronlaşdırıb. Bu da son nəticədə bütövlükdə Avropanın təhlükəsizlik sistemində mühüm yer tutmaq şansını artırır. Həmin mənada Ukraynanın xarici siyasətində müşahidə edilən düzəlişlər Azərbaycanın geosiyasi nüfuzunu bir daha vurğulayacaq.
MƏSLƏHƏT GÖR:




436

