Müəllif: Eldar PAŞAYEV Bakı
Bizim çoxumuz artıq çoxdan sivilizasiyanın bütün rahatlıqlarını olmalı kimi qəbul edirik, halbuki bu rahatlıqların da çox sayda mənfi tərəfləri var. Biz tənbəlcəsinə pultla televizorun yüzlərlə kanalını çeviririk, İnternetin yardımı ilə bir anda dünyanın istənilən məlumatını əldə edirik, ev işlərinin çoxunu ağıllı məişət texnikasına etibar edirik, onlayn-mağazalara baş çəkirik, sürətli laynerlərin hesabına bir neçə saat ərzində Yer kürəsinin o biri başına çata bilirik.
Təsadüfi deyil ki, bu cür imkanları olan insanlar özlərini planetin tamhüquqlu yiyələri sayırlar və təbiət qüvvələrini düzgün qiymətləndirə bilmirlər. Bu cür yanaşmanın yanlışlığını adı çətin söylənən və aprelin 14-də İslandiya paytaxtından 200 kilometr cənubda püskürməyə başlayan Eyyafyatlayokudl vulkanı bir daha sübut etdi.
Bunun bütün insanlıq üçün istənilən anda heç bir nəzarətə sığmayan, ancaq milyonlarla insanın həyatına ən ciddi şəkildə təsir göstərməyi bacaran nələrinsə baş verə biləcəyini sübut edən ayıldıcı dərs saymaq olar.
Eyyafyatlayokudl bir neçə gün ərzində gah səngidi, gah da fəallıq göstərdi. "İslandiyalı" öz gur fəaliyyətinin izlərini Kanada sahillərindən Qərbi Sibirə, Yeni Torpaqdan Uzaq Şərqə qədər hər yerə həkk etdi.
Və əlbəttə, Eyyafyatlayokudlun külü atmosferə ən çox Avropa üzərində atılmışdı ki, bu da avianəqliyyatın dayanmasına və yüzlərlə reysin təxirə salınmasına səbəb oldu. Bu günlərdə bizim çoxumuz həyatımızda ilk dəfə idi ki, vulkanik külün aviasiya mühərriklərinin trubinləri üçün təhlükə yaratması, mikrohissəciklərin arasına dolaraq onları sıradan çıxara bilməsi barədə eşidirdik. Çünki 1980-ci illərdə İndoneziya və Alyaska üzərində kül buluduna düşmüş iki təyyarənin mühərrikinin sıradan çıxması bununla bağlı olub.
Bununla belə, uçuşların dayanmasından zərərlər dəhşətli ölçülər qazandıqdan sonra bir sıra iş adamları, ekspertlər və siyasətçilər danışmağa başlayıblar ki, bu qərar tamamilə əsassız olub və avianəqliyyatın qadağan edilməsinin yaratdığı xaosdan qaçmaq mümkün idi. KİV-lər səs-səsə verərək, "qeyri-təkmil, yarımçıq məlumatlara əsaslanmış və başa çatmamış elmi tədqiqatlar"dan bəhs etməyə başladılar. Bəlli olur ki, kül buludunun hərəkətinin hesablanması üçün işlədilən proqram hələ 1980-ci illərin sonlarında, Çernobıl AES-də qəza baş verəndən sonra havada yayılmış istənilən hissəciklərin hərəkət proqnozları üçün işlədilib.
Ancaq Eyyafyatlayokudlla bağlı göstəricilərin dəqiqliyi böyük şübhələr doğurur - buludların içindən sınaq uçuşları keçirilməyib, əldə ancaq yerüstü radarların göstəriciləri var. Xatırladıblar ki, "2001-ci ilin 11 sentyabr tarixindən sonra da yeni terror hücumlarından qorxaraq, ABŞ hava məkanı da bir neçə günlüyə bağlı qalıb".
"Biz heç zaman bilməcəyik ki, bu gün Avropa hava məkanının bağlanması qərarı nə dərəcədə məntiqlidir. Bu məsələdə əsas ehtiyatlanmalar vulkanik bulud içindən uçmuş bir neçə pilotun təcrübəsinə əsaslanır, qalan hər şey isə möhtəkirlikdir",- deyə Avstriyanın "Der Standard" qəzeti yazıb.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) daha da irəli gedərək, Avropa liderlərini fəaliyyətsizlikdə və xaos yaratmaqda günahlandırıb. IATA başçısı Covanni Bizinyani bildirib ki, "Avropa qərarı riskləri qiymətləndirmədən, məsləhətləşmədən, əlaqələndirmədən və məsuliyyətsizcəsinə qəbul edib". Bizinyani həmçinin əlavə edib ki, böhran "Avropa utancı" və "Avropa qarışıqlığı" oldu.
Qərb ekspertləri, həmçinin, "Avropa Birliyinin (AB) fövqəladə hallarda qərarlı davranmaq qabiliyyəti"nə şübhələrini səsləndiriblər. Amma adama elə gələ bilər ki, əgər söhbət insan həyatından gedirsə, hansı şübhələrdən danışmaq olar? Bununla belə, vulkanın püskürməsi böyüdücü şüşə kimi AB-nin gerçək birgəlik bacarığına başqa cür baxmağa imkan verdi. Axı Avropa jurnalistlərinin qeyd etdiyi kimi, hava məkanının bağlanması haqqında qərarı hər bir ölkə ayrılıqda, milli müstəvidə vermişdi. Məsələn, London xaricdə qalmış Böyük Britaniya vətəndaşlarını kral hərbi-dəniz qüvvələrinin vasitəsilə xilas etməyə çalışırdı.
Əsəbiləşmiş Avropa qəzetləri yazırdılar ki, Lissabon sazişinin qəbul edilməsindən sonra böhranla bağlı səylərin əlaqələndirilməsi ilə AB-nin indiki prezidenti Herman Van Rompey məşğul olmalı idi. AB-nin nəqliyyat üzrə komissarı Siim Kallas hadisələri daha da gərginləşdirdi; o etiraf etdi ki, əgər Avropa sistemi aviauçuşlar üzrə nəzarət sisteminə malik olsaydı, böhrandan qaçmaq mümkün olardı.
Yalnız müəyyən müddət sonra Avropa ölkələrinin hökumətləri yaranmış durumdan birgə çıxış yollarının işlənməsinin vacibliyi, həmçinin, Avropa hava məkanı üzərində vahid idarə yaradılması fikri barədə anlayışa gəldilər.
Bununla yanaşı, vulkandan zərər çəkmiş insanların sayı qloballaşmanın səviyyəsindən xəbər verir. Qloballaşma bir tərəfdən, bizi yaxınlaşdırır və böyük imkanlar verir; başqa tərəfdən isə həddindən artıq qarşılıqlı asılı və zəif edir. Yəni həm əlverişli, həm də mənfi təsirləri və əlamətləri var. Bunun nəticəsində, hətta önəmsiz problem də nəhəng ölçülər qazana bilir.
ABŞ-dan başlamış və daha çox elə həmin İslandiyanı vurmuş maliyyə böhranı ilə də, ötən ilin sonlarında sürətlə ölkədən ölkəyə yayılmış "donuz qripi" ilə də bağlı belə olmuşdu.
İslandiya vulkanı da istisna olmadı. Geologiya baxımından sıradan bir püskürmə gözlənilmədən iqtisadiyyatın bir çox sahələrinə milyardlarla dollar zərər vurdu, prezidentlərdən tutmuş, sadə qulluqçulara qədər çox adamların planlarını pozdu. Bu məsələdən Azərbaycan da kənarda qalmadı, burada da beynəlxalq tədbirlər, Avropa ölkələrinin siyasətçilərinin və idmançıların səfərləri təxirə salındı.
"The Christian Science Monitor" yazır ki, İslandiya vulkanı Keniyanın çiçəkçilik sahəsinə böyük zərbə vurub. Çiçəkçilik isə bu Afrika ölkəsinin ümumi daxili məhsulunda (ÜDM) böyük yer tuturmuş, bu ölkədə becərilən səhləb çiçəkləri, əsasən, Köhnə Dünyaya ixrac edilirmiş. Neft məhsullarından tutmuş, ərzaq məhsullarına qədər müxtəlif məhsulların istehsalçıları zərər çəkiblər - aviasiya yanacağına tələbat azalıb və gəmi yanacağına tələbat artıb. Bunun nəticəsində alıcılar özəlliklə də təzə halda satılan ənənəvi məhsulların qıtlığını hiss ediblər. Turizm operatorları üçün də ağır zamanlar olub. Amma bununla yanaşı, ən böyük zərər hələ də böhrandan sonra özünə gələ bilməmiş aviaşirkətlərin payına düşüb, onların ümumi itkisi $1,7 mlrd-a yaxın qiymətləndirilir.
İş adamları öz zərərlərini hesabladığı bir zamanda, KİV-də açıq-aydın apokalipsis proqnozları peyda oldu. O cümlədən, Fransanın "Le Monde" qəzeti hesab edir ki, vulkan insanlara dinclik dərsi verdi: "Biz, sadəcə, necə istəyir, o cür də davranan Yerin sərnişinləriyik". "Der Standard" isə xatırladıb ki, "təbiət hadisələri bir riyazi düsturla ifadə edilmək baxımından həddindən çox çeşidlidir"/. Öz növbəsində, "The Washington Post" tərəfindən nəticə çıxarılıb ki, vulkan bizim təbiətlə axmaq davranışımızın qarşılığıdır və mümkündür ki, bu "bizim sivilizasiyanın axırına çıxacaq çoxillik vulkanik fəallıq dövrünün başlanğıcıdır".
Alimlər xatırladıblar ki, 1783-cü ildə İslandiyanın başqa bir vulkanı Laki püskürməyə başlayanda atmosferə 120 milyion tona yaxın kükürd-oksid atılmışdı ki, bu da yetərincə ciddi iqlim dəyişikliklərinə səbəb oldu - yay daha istiləşdi və qış daha da soyuqlaşdı, quraqlıqlara, daşqınlara səbəb oldu və kənd təsərrüfatı üçün ciddi nəticələrə gətirib çıxardı.
Eyni zamanda, bir sıra mütəxəssislər iddia edirlər ki, indi Eyyafyatlayokudl şərqdə, təxminən, 20 kilometr aralıda yerləşən daha iri Katla vulkanını "oyada" bilər; ehtimal edilir ki, o, öz "qardaşı" ilə maqmatik kanallarla bağlıdır. Özü də Katla Eyyafyatlayokudldan, təxminən, 10 dəfə böyükdür və böyük buz "papağı" var; buna görə də qaynar lavanın soyuq su ilə qarşılıqlı təsiri iri kül tullantısına səbəb ola bilər. "The Independent" yazır ki, son iki minillikdə Eyyafyatlayokudl püskürən zaman, yəni 920-ci, 1612-ci illərdə və 1821-ci illə 1823-cü il arasında yaxın yarım ilə Katla da püskürüb.
Həmçinin, İtaliyanın Etna vulkanı da oyanma əlamətləri göstərir. Həm də unutmaq olmaz ki, Rusiyanın Kamçatka yarımadasında da otuza yaxın fəal vulkan var. Bundan başqa, Yellouston milli parkındakı qədim vulkanda da oyanma əlamələri görünür. O dəqiqə "2012" filmindəki xoş olmayan kadrlar - kompyuter qrafikası effektləri yada düşür və bu düşüncələrdən ayrı düşmək çox çətindir. Vulkanizmin ən fəal zonaları İslandiya, Efiopiya, Havay adaları, Qafqaz və Kamçatkadır. Yeri gəlmişkən, Elbrus da yatmış vulkandır.
Moskva Dövlət Universitetinin əməkdaşı, fəlsəfə doktoru Nikolay Jarvin "RİA-Novosti"yə bildirib ki, İslandiya vulkanlarının fəallaşması Qrenlandiyanın əriməkdə olan buzlaqları ilə bağlı ola bilər. Bu buzlaqlar litosfer lövhəsini bir neçə kilometr kəsir. Buzlaq əriyən zaman löhvə düzəlir və indi bu gözlənilir.
"Bəllidir ki, İslandiya Orta-Atlantika silsiləsində yerləşir, bu silsilədə iki okean litosfer lövhəsi ayrılır. Atlantik okeanında onların sürəti elə də yüksək deyil - ildə 2 sm-dir. Amma məsələn, Sakit okeanda bu hərəkət ildə 15-20 sm sürətlə baş verir, hərəkət, xüsusilə də Naska lövhəsi rayonunda fəaldır. Orta okean silsilələrində yer qabığı çox nazikdir; iki okean lövhəsinin hərəkətinin özəlliyi də məhz bundadır. Qitə lövhələrinin və ya okeanla qitə lövhələrinin hərək?ti zamanı əksinə, yer qabığının qalınlaşması müşahidə edilir. İslandiya bu durumda, bir növ, okean lövhələrinin hərəkətini uzlaşdıran sancağa bənzəyir. Əgər Qrenlandiynın buzlaqları kritik qalınlığa qədər əriyərsə, bu sancaq dağıla bilər. Belə olan halda, İslandiya rayonunda bütün litosfer lövhələrinin hərəkətinə səbəb olacaq partlayış baş verə bilər, havaya görünməmmiş səviyyədə kül kütləsi atıla bilər (daimi gecə başlayar), həmçinin, görünməmiş ölçüdə sunami başlayar. Bu, təkcə Şimali Amerikanın və Avropanın bütün sahil şəhərlərini dağıtmaqla dayanmaz, həmçinin, sahildən yüzlərlə, hətta min kilometr içərilərə canlı hər şeyi məhv edər", - deyə doktor Jarvin hesab edir.
Bu, doğrudur, yoxsa yox, amma "dünyanın sonu" barədə bu ssenaridə Qrenlandiyanın əriyən buzlarına ayrılmış yer düşünməyə vadar edir. Özü də xüsusilə Kopenhagendə iqlim sammitinin faktik olaraq iflasından sonra.
Ümumiyyətlə, bir şeyi qeyd etməyə dəyər ki, insanlar istənilən halda yumor hissini itirməyiblər. Əlbəttə, kimlərinsə bu məsələ ilə bağlı gülməyə həvəsi olmasa da, İnternetin rusdilli auditoriyası vulkanın ifadə edilə bilməyən çətin adı üzərində lağlağı etməkdən çəkinməyib: "Xəbər proqramlarının aparıcıları dəhşət içində idilər: Eyyafyatlayokudl vulkanının püskürməsinə yaxın günlərdə Meksikanın Popokatepetl dağının lay axınları da əlavə oluna bilər".
Bu məsələdə Avropa sakinləri də kənarda qalmayıblar. "Berliner Zeitung"un yazdığına görə, bu məsələdə daha çox İslandiyanın iqtisadi problemlərinə toxunulub: İslandiyanın son istəyi: "Mənim külümü Avropanın üzərinə səpin"; təcili məlumat: "İslandlar vulkanı bütün borcları bağışlandıqdan sonra dayandıracaqlar"; islandlar nəsə düz anlamayıblar. Biz belə xahiş etmişdik: "Give us cash. Not: Give us ash ("Biz sizdən kül yox, pul istəmişdik")".
Beləliklə, İslandiya vulkanından sonra "vulkan üzərindəki kimi yaşamaq" ifadəsi başqa, gerçək mənasına çox yaxın olan anlam qazanmağa başladı. Çağdaş elm möcüzələr törətməyə qadirdir, amma seysmologiya və vulkanologiya sahəsində proqnozlar daha yaxşısını arzulamağa vadar edir. Bu isə o deməkdir ki, istənilən anda bizim böyük və gözəl şəhərlərdəki evlərimiz cəhənnəm dalanına çevrilə bilər. Təbiət insanın istənilən planını dəyişə bilir, hətta böyük siasətlə və iqtisadiyyatla bağlı planları belə. Biz bu planetin yiyəsi deyilik, sadəcə, onun qonaqlarıyıq.
MƏSLƏHƏT GÖR: