5 Dekabr 2025

Cümə, 23:58

QIRĞIZ SİNDROMU

Geosiyasi mərkəzlərin maraqlarına oynamağa çalışan Bakiyev sonda hakimiyyətini itirdi

Müəllif:

01.05.2010

Qırğızıstanda baş verən ikinci inqilab, Mərkəzi Asiyanın ən yoxsul ölkəsində yenidən hakimiyyət dəyişikliyi ilə nəticələndi. Kurmanbek Bakiyevin devrilməsi onun ikinci müddətə prezident seçilməsindən 9 ay sonraya təsadüf etdi. Amma ölkədə yaranmış vəziyyətin tam normallaşdırılması üçün bundan xeyli çox vaxt tələb oluna bilər. İndi bir məqam dəqiqdir: Qırğızıstanda baş verənlər beynəlxalq siyasətin nəhəng oyunçularının postsovet məkanındakı geosiyasi qarşıdurmasının tərkib hissəsidir.

 

"Zanbaqsız inqilab"

Bişkekdə aprelin 6-7-də baş vermiş təlatümlərdən sonra hakimiyyəti ələ keçirən müxalifət Qırğızıstanda Müvəqqəti Hökumət yaradıb. O, dərhal parlamentin buraxıldığını, prezident səlahiyyətlərini Nazirlər Kabinetinin icra edəcəyini açıqlayıb. 

Yaşananlar, müəyyən qədər, Qırğızıstanda 5 il əvvəl baş vermiş və prezident Əskər Akayevin devrilməsi ilə sonuclanmış hadisələri xatırladıb. Fərq yalnız ondadır ki, "zanbaq inqilabı" zamanı Bakiyev Akayevi devirmişdisə, bu dəfə Bakiyevin özünü deviriblər. Ən başlıcası isə Qırğızıstanda baş vermiş bu inqilabın çoxlu insan tələfatı ilə müşayiət olunmasıdır. Müxtəlif məlumatlara görə, Bakiyevin Bişkekdən qaçması ilə nəticələnən iğtişaşlar nəticəsində 70-100 nəfər həlak olub, təxminən, 500 insan yaralanıb. Onlar yeni inqilab və "postbakiyev dövrü" uğrunda qurban gediblər. 

Kütləvi şəkildə torpaqların zəbt olunması zamanı isə 5 nəfər öldürülüb, 28 nəfər xəsarət alıb - zərərçəkənlərin əksəriyyəti Məhsəti türkləri və ruslardır. 

Roza Otunbayevanın rəhbərlik etdiyi Müvəqqəti Hökumət titullu şovinizmin qarşısının sərt şəkildə alınacağını bəyan etsə də, yeni zorakılıq faktları öz-özlüyündə göstərib ki, Qırğızıstan, demək olar ki, anarxiyanın bir addımlığındadır və bu ölkədə sabitliyin bərpasına hələ çox var.

Qırğızıstanda ümumxalq narazılığının növbəti dalğası Bakiyevin yürütdüyü iqtisadi və sosial siyasətin iflasa uğraması nəticəsində baş qaldırıb. Hakimiyyətdə olduğu 5 il ərzində o öz siyasəti ilə xalq arasında ciddi narazılıq yaradıb. Hər halda, məhz Bakiyevin prezidentliyi dövründə Qırğızıstanda korrupsiya və qohumbazlıq görünməmiş həddə çatıb. Eks-prezident və onun ailəsi, hətta, dövlət başçısının oğlu Axmat Bakiyev tərəfindən idarə olunan doğma Cəlilabadda da özünə kifayət qədər düşmən qazana bilib. İnqilab nəticəsində yaradılmış müvəqqəti hökumət devrilmiş hakimiyyətin bir sıra sərəncam və qərarlarını dərhal ləğv edib və onların arasında elektrik enerjisi və kommunal xidmətlərinə görə tarfilərin artırılmasına dair sərəncam da var. 

Vaxtilə Bakiyevin bu qərarı onun oğlu Maksimin əksər dövlət şirkətləri və biznes strukturlarının səhmlərini əldə etməsi ilə izah olunurdu.

Bütün bunlarla yanaşı, Qırğızıstanda baş verənlərdə kənar faktorlar da ciddi rol oynayıb. Qırğızıstan Rusiya və ABŞ-ın bu regiondakı siyasətində böyük rola malikdir. Üstəlik Çinin təsir imkanları və nüfuzu getdikcə artır. O isə qiyamçı Sintszyan-Uyğur muxtariyyəti ilə sərhəd olan dövlətlərdən loyal münasibət görməkdə maraqlıdır.

Qırğızıstanın ərazisində həm Rusiya, həm də ABŞ-a məxsus hərbi baza var. Görünən odur ki, Bakiyev balanslaşdırılmış siyasət yükünü daşıya bilməyib. O, gah Amerikanın "Manas" bazasını bağlayacağını bildirir, gah da gözlənilmədən mövqeyini dəyişir, onun Amerikanın tranzit daşımaları mərkəzinə çevrilməsinə razılıq verirdi. "Wall Street Journal" bildirir ki, yalnız bu ilin martında "Manas" vasitəsilə ABŞ və müttəfiqləri Əfqanıstana 50 mindən artıq hərbçi göndərib.

Bununla yanaşı, Qırğızıstan Rusiya ilə MDB və KTMT çərçivəsində müttəfiq münasibətlərini də saxlayırdı. Amma Bakiyevin ölkə ərazisində ABŞ-a daha bir hərbi obyekt vermək niyyəti Moskvanı çox qıcıqlandırırdı. Söhbət Batkensk əyalətindəki antiterror təlim mərkəzindən gedir. Kremldə onu da unutmayıblar ki, Bakiyev "Manas"ın bağlanacağına vəd verərək, Rusiyadan 150 milyon dollar qrant və 300 milyon dollar güzəştli kredit "qoparda" bilmişdi. 

"Manas" isə fəaliyyətini davam etdirir.

Bu səbəbdən Rusiya rəhbərliyinin Bakiyevin devrilməsinə göstərdikləri münasibət təəccüblü deyil. Prezident Dmitri Medvedev bildirib ki, qırğızların seçdikləri etiraz yolu xalqın hakimiyyətin fəaliyyətindən son dərəcə hiddətləndiyinin göstəricisidir. Rusiyanın baş naziri Vladimir Putin isə deyib: "Cənab Bakiyev hakimiyyətə gələn zaman devrilmiş Akayev hakimiyyətini qohumbazlıqda, ölkənin iqtisadi və siyasi rəhbərliyinə prezidentin yaxın adamlarının nəzarət etməsində günahlandırırdı. Mənə belə gəlir ki, cənab Bakiyev də eyni addımları atırdı".

Bu qədər ətraflı reaksiya dəqiqliklə Amerikanın təşkil etdiyi "narıncı inqilablar"ı xatırladır. Onlardan biri isə 5 il əvvəl elə Qırğızıstanda Kurmanbek Bakiyevin hakimiyyətə gəlməsi ilə nəticələnmişdi.

 

Kürsüsüz Bakiyev

Qırğızıstanda sabitliyin yaranması imkanları yalnız Bakiyevin prezident postunu tərk etməsindən sonra real görünməyə başlayıb. Onun istefa ərizəsi Müvəqqəti Hökumətə faks vasitəsilə Qazaxıstandan göndərilib. Xatırladaq ki, Bakiyev doğma Cəlilabaddan birbaşa Qazaxıstana uçub: cənubdakı həmyerlilərinin dəstəyi ilə hakimiyyətə qayıtmaq cəhdi baş tutmayan Bakiyev sonda ölkəni tərk etməyi lazım bilib. Nəticədə o, qonşu Qazaxıstana qaçıb. Bu isə Rusiya hərbçilərinin köməyilə və birbaşa Dmitri Medvedevin tapşırığı ilə mümkün olub. Bişkekə səfər edən ABŞ dövlət katibinin müavini Robert Bleyk Bakiyevin gələcək taleyinin müzakirəsində Moskva və Astana ilə yanaşı, Vaşinqtonun da iştirak etdiyini bildirib.

Daha sonra Bakiyev ailəsi ilə birlikdə Qazaxıstandan Minskə yollanıb və Belarus prezidenti Aleksandr Lukaşenko ona sığınacaq verib. Məhz burada Bakiyev bir sıra bəyanatlar səsləndirərək, ölkəsində yaşananlara münasibət bildirib. O, istefa qərarından imtina edib, Qırğızıstan prezidenti olaraq qaldığını bəyan edib, istefa ərizəsini isə Vladimir Putinin məsləhəti ilə yazdığını söyləyib: "Mən o zaman bəzi şərtlərə əməl ediləcəyi təqdirdə istefa verməyə hazır olduğumu açıq şəkildə bildirmişdim. Şərt isə tərəfdarlarım və qohumlarımın təqibinə son qoyulması idi. Lakin indiyədək bunun tam əksi yaşanır: tərəfdarlarım əsl təqiblə üzləşib. Vədlərə niyə əməl edilmir?".

Bununla yanaşı, Bakiyev "prezident kürsüsündən yapışmadığını", "prezident qismində Qırğızıstana qayıtmaq fikrində olmadığını" və hətta yeni hökumətin namizədini dəstəkləməyə etiraz etmədiyni də bildirib. 

Eyni zamanda Bakiyev "legitim" prezident kimi öz xidmətlərini" məsləhət görüb, "situasiyanın normallaşdırılması, Qırğızıstanın düzgün yola dönməsi üçün onun səlahiyyətlərindən istifadə" təklifini də səsləndirib. Amma o, istefa ərizəsini yazdıqdan sonra onun xidmətlərinin necə legitim sayıla biləcəyini açıqlamayıb.

Bakiyevin daha bir bəyanatı Rusiya ilə bağlı olub. Devrilmiş prezident bildirib ki, Moskva onun Qırğızıstana rəhbərlik etməsində maraqlı deyildi: "Nə gizlədim, bizim "Manas" bazamızdan amerikalıların istifadə etməsi Rusiya rəhbərliyinin xoşuna gəlmirdi. Baxmayaraq ki, yaxınlıqda, Kantda hərbi baza Rusiya qırıcılarının icarəsindədir, "Manas" yalnız Əfqanıstana yükdaşımaları üçün istifadə edilirdi". Bakiyevin sözlərinə görə, o, Medvedev və Putinlə ətraflı söhbət edib və hər iki şəxs bu situasiyanın Moskvanı qane etmədiyini açıq şəkildə onun diqqətinə çatdırıb. Bununla yanaşı, Bakiyev xatırladıb ki, onun ABŞ-la sövdələşməni pozmağa razılaşmasından və Rusiyadan maddi yardım almasından sonra Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistan birağızdan bəyan edib ki, "Amerika yüklərinin Əfqanıstana daşınması üçün öz bazalarını verməyə hazırdırlar". 

"Belə çıxır ki, bu məsələyə hamı razı olub və yalnız Qırğızıstan bunun əksinə çxııb. Əslində bu, Rusiya rəhbərliyinin şilləsi idi", - deyə Bakiyev qeyd edib.

Onu narazı salan daha bir məqam Rusiya rəhbərliyinin Qırğızıstana gətirilən yanacaq-sürtkü  materiallarına gömrük rüsumu tətbiq etməsidir: bu, Qırğızıstanda qiymətlərin kəskin şəkildə bahalaşmasına səbəb olub: "Bu, Qırğızıstan iqtisadiyyatı üçün şokdur. Üstəlik, Qırğızıstan ÜTT-nin üzvüdür. Mən Qırğızıstanın Rusiya, Qazaxıstan və Belarusla Gömrük İttifaqına daxi olmağa hazır olduğunu da dəfələrlə bəyan etmişəm. Ekspertlərimiz artıq bu istiqamətdə işləyirdi. Baş verənlərdən hiddətlənərək, Rusiya rəhbərliyindən soruşurdum: bu, necə ola bilər? Axı biz Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləriyik və bir-birimizə qarşı bütün sanksiyalar əvvəlcədən razılaşdırılmalıdır! Yəni, əslində bu, Rusiyanın bizim iqtisadiyyatımıza zərbəsi idi".

Beləliklə, Bakiyev sadəcə ölkəsi ətrafında böyük fövqəldövlətlərin apardığı geosiyasi oyunda piyadaya çevrilib. Bacarıqsız şəkildə onların maraqlarına oynamağa çalışan Bakiyev sonda yalnız Rusiya üçün yox, ABŞ üçün də arzuolunmaz şəxsə çevrilmişdi. Moskva Bakiyevin onunla oyun oynamasından narazı idi, Vaşinqton isə Bişkekin etibarlı müttəfiq olmağı bacarmamasından məyus olmuşdu. Üstəlik, Bakiyev rejiminin avtoritar və korrupsioner xarakteri də ABŞ-ı qıcıqlandırırdı. Amerikalılar bu siyasətçiyə ümid bəsləməyin perspektivi olmadığını anladıqları üçün ondan üz döndərdilər. Əvvəlcə ABŞ müxalifətçilərin hərəkətlərini pisləsə də, sonradan tənqidi ritorikanı dayandırmağı və bununla da, gələcək rəhbərliklə münasibətlərin əsasını qoymağı lazım bildi. 

Yeni hökumət üçün isə "legitim xidmətlər"ini təklif edən Bakiyev lazım deyil. Onlar Bakiyevin bundan sonra vətənə qayıtmayacağını, əks təqdirdə onu bir sıra cinayətlərə görə həbs gözlədiyini bildirirlər. Bu cinayətlər arasında Bişkek küçələrindəki nümayişlərdə iştirak edən onlarca dinc sakinin ölümü də var.

Müvəqqəti Hökumətin ilk hədəflərindən biri yeni konstitusiyanın hazırlanmasıdır. Söhbət Qırğızıstanın prezident respublikasından parlament respublikasına çevrilməsindən gedir. İyunun 27-də ölkədə konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi də nəzərdə tutulub. Ölkənin gələcəyi üçün geosiyasi əhəmiyyət daşıyan bir məsələnin həlli yeni hakimiyyət strukturlarının, ilk növbədə parlamentin formalaşdırılması ilə əlaqələndirilir. Söhbət Qırğızıstan ərazisində ABŞ hərbi bazasının mövcudluğundan gedir. Müvəqqəti Hökumət başçısının müavini Almazbek Atambayev artıq bildirib ki, Bişkek tezliklə Qırğızıstanda ABŞ bazasının mövcudluğunun məqsədəuyğun olub-olmadığını nəzərdən keçirəcək. Hər halda, amerikalı hərbçilərin hələ ən azı 1 il də Qırğızıstanda qalacağı dəqiqdir. Çünki baza ilə bağlı qərarı yalnız yeni parlament çıxara bilər. Ali qanunverici orqana seçki isə bu il oktyabrın 10-na təyin edilib.

İstənilən halda, Qırğızıstanın yeni hakimiyyəti ölkəni Bakiyev hakimiyyətindən fərqli istiqamətdə aparmağa qadir olduğunu sübut etməlidir. Daha vacib olanı isə Qırğızıstanı, inkişafı fövqəldövlətlərin istəyindən  asılı olmayan, ölkəyə çevirməkdir.



MƏSLƏHƏT GÖR:

574