ŞİMALİ KİPR QƏRBƏ RƏDD CAVABI VERDİ
Kipr Türkləri adanın birləşdirilməsinə dair danışıqların perspektivindən məyus oldu və müstəqilliyi seçdi
Müəllif: Ramin ABDULLAYEV Bakı
Şimali Kipr müstəqilliyi seçdi. Aprelin 18-də keçirilən seçki açıq şəkildə göstərdi ki, Kipr türkləri adanın birləşdirilməsinə dair aparılan danışıqların perspektivindən məyus olub. Məhz bu üzdən onlar Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) başına müstəqqillik tərəfdarlarını gətirdilər. Baş nazir və Milli Birlik Partiyasının lideri Dərviş Eroğlu seçicilərin 50,38%-nin səsini qazanaraq, ilk turdaca qələbəsini təmin etdi. Bununla da, Kipr türkləri 1974-cü ildən indiyədək Rauf Denktaş və Mehmet Əli Tələtdən sonra üçüncü prezidentlərini seçdilər.
Seçkidə seçicilçərin 76%-i iştirak edib və bu, əhalinin artıq ölkədə situasiyanı dəyişmək istəyində olduğunu göstərir.
Hakimiyyətə gələn siyasətçi hesab edir ki, yunan Kipri ilə kompromis yolverilməzdir və Türkiyə Kiprə münasibətini dəyişməlidir. Eroğlunun bu mövqeyi hələ seçkidən xeyli əvvəl məlum idi. O, vahid Kipr dövlətinin yaradılmasını istisna etmir, bununla yanaşı iki bərabərhüqüqlu siyasi sektorların (türk və yunan) saxlanmasını vacib sayır. Eroğlunun fikrincə, bu zaman sakinlərə ümumi vətəndaşlıq da verilməməlidir. Onun fikrincə, bu, yeganə çıxış yoludur, çünki ada sakinlərinin öz dövlətini qurmaq hüququ var.
Bu məsələdə Türkiyədən köçüb-gəlmiş insanlar Eroğluya xüsusi dəstək veriblər. Çünki adanın birləşəcəyi təqdirdə, onlar mülkiyyətlərini tamamilə itirmək təhlükəsi ilə üz-üzədirlər. Həmin şəxslərin sıx yaşadığı İşkale rayonunda aparılan sorğunun nəticəsi də bunu bir daha göstərib.
Seçki zamanı keçmiş prezident Mehmet Əli Tələtin qalib gəldiyi yeganə dairə paytaxt Lefkoşa olub. Burada Tələt 47, Eroğlu isə 44% səs toplayıb.
Siyasi şərhçilər hesab edir ki, son zamanlar ətrafında müzakirələr aparılan "vahid suveren dövlət" ideyasını uzun müddət unutmaq lazım gələcək. Bu o anlama gəlir ki, son 5 ildə tərəflərin əldə etdiyi bütün razılaşmalar yox olur.
Seçkinin səhəri gün D.Eroğlu 10 minlik tərəfdarı qarşısındakı çıxışında bildirib ki, 1974-cü ildəki vəziyyətə qayıtmağın əleyhinədir. Onun sözlərinə görə, 1963-cü ildə adanın gələcəyinə dair imzalanmış müvəqqəti sənədə dair istənilən razılaşma qəbuledilməzdir. Xatırladaq ki, həmin vaxt 3 il üçün nəzərdə tutulmuş razılaşma imzalanmışdı.
Yeni prezident Türkiyə ilə daha da yaxınlaşmaq kursu götürəcəyini də bildirib.
Doğrudur, yeni prezident yunan Kipri ilə danışıqları mümkün sayır. Amma bu zaman o, çox güman ki, sərt zaman qrafikinə əməl olunmasını, həmçinin əvvəlki razılaşmalara yenidən baxılmasını tələb edəcək. Adanın gələcəyinə dair danışıqların iflasa uğrayacağı təqdirdə isə konfederasiyanın yaradılması modeli nəzərdən keçiriləcək.
Güman olunur ki, bu konfederasiya çərçivəsində hər iki tərəf bərabər siyasi hüquqlara malik olacaq, adanın özlərinə aid hissələrini müstəqil şəkildə idarə edəcək.
Sorğular göstərir ki, türk Kipri əhalisinin əksəriyyəti Eroğlunun qələbəsinə müsbət yanaşır. Elektorat hesab edir ki, güclü və sərt lider müstəqillik əldə edə və beynəlxalq aləm tərəfindən ölkəsinin tanınmasına nail ola bilər. Bu isə regionu turistlər və investorlar üçün daha cəlbedici bölgəyə çevirəcək, bir neçə il ərzində Şimali Kiprin iqtisadiyyatını gücləndirəcək.
Bütün bunlarla yanaşı, Kipr türklərini xüsusilə ABŞ, Avropa İttifaqı və BMT-nin öz vədlərinə əməl etmək istəməməsi qıcıqlandırır. Söhbət onların 2004-cü il referendumu ərəfəsində verdikləri vədlərdən gedir. O zaman birləşmə tərəfdarlarının səyləri və Qərb ilə Ankaranın onlara dəstəyi ona gətirib çıxarmışdı ki, 2004-cü il aprelin 24-də Kipr türkləri BMT-nin baş katibi Kofi Annanın planına "hə" demişdi. O zaman adanın şimalında seçicilərin 64,90%-i sənədin lehinə səs vermişdi. Amma yunan tərəfinin bu beynəlxalq təşəbbüsü rədd etməsinin (seçicilərin 75,83%-i planın əleyhinə səs vermişdi) nəticəsi olaraq, Annanın planı kağız üzərində qaldı. Bilavasitə səsvermə ərəfəsində Vaşinqton və Brüssel bəyan etmişdi ki, türklərin BMT-nin baş katibinin planını dəstəkləyəcəyi təqdirdə, ŞKTC-nin beynəlxalq təcrid vəziyyətindən çıxarılması üçün konkret addımlar atılacaq. Amma bu vəd elə vəd olaraq da qaldı. Nəticədə ŞKTC prezidenti olmağa 7 namizəddən yalnız müstəqillik tərəfdarı qalib gəldi.
Qeyd edək ki, Mehmet Əli Tələt yunan tərəfi ilə yaxınlaşma üçün son 6 ildə güzəştlərə getməyə hazır olan siyasi fiqur idi. 1974-cü ildən bəri ilk dəfə idi ki, danışıqlar masası arxasına Qərbin tələblərinə cavab verən şəxs oturmuşdu. Üstəlik, Tələtin mövqeyi əksər məsələlərdə Kipr probleminin tezliklə həllini arzulayan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə də üst-üstə düşürdü. Yeri gəlmişkən, Ərdoğan hesab edir ki, bu problemin həlli Ankaranın Avropa İttifaqına inteqrasiyasını sürətləndirər. Axı son illər Türkiyə-Aİ danışıqlarında bir çox məqamlara məhz yunan icması veto qoyur.
Kipr probleminin davam etməsi Ankaranın regionun liderinə çevrilmək, həmçinin "qonşularla sıfır problem" siyasətinə də maneə yaradır. Onun həlli Türkiyə iqtisadiyyatının da yükünü azaldardı. Çünki Türkiyə hər il Şimali Kipr iqtisadiyyatının subsidiyalaşdırılmasına milyardlarla vəsait ayırır.
Odur ki, Ankaranın Eroğluna ünvanladığı təbrik məktubunda danışıqlar prosesinə dəstəyi xüsusilə qeyd etməsi heç də təsadüf deyil. Amma istənilən halda aydındır ki, 18 aprel seçkisinin mənfi nəticələri qaçılmazdır.
Son 10 ildə dünyada Türkiyənin rolunun gücləndiyi heç kəsə sirr deyil. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri sırasına seçilməsi, Mövlud Çavuşoğlunun Avropa Şurası Parlament Assambleyasının prezidenti postunu tutması, həmçinin Kipr probleminin sülh yolu ilə həlli istiqamətindəki addımlar Ankaranın sülh prosesinin pozulmasının əleyhinə olan tərəf kimi, imicini gücləndirib. Bu isə o anlama gəlir ki, Ankara Dərviş Eroğluna dəstək verməyəcək.
2 icmanın liderləri son il ərzində 70 dəfədən artıq görüşmələrinə baxmayaraq, referenduma çıxarılması mümkün olacaq sənədi razılaşdıra bilməyiblər. İndi yeni prezidentin iştirakı ilə danışıqlar artıq mayda bərpa olunacaq. Lakin ən azı, yaxın perspektivdə onun müsbət nəticələnəcəyinə heç kim inanmır.
Bununla yanaşı, Vaşinqtonun "qaçılmaz" olanın qarşısını almaq üçün atdığı zəif addımlar nəticə verməyib. Məsələn, aprelin 6-da, yəni səsverməyə cəmi 12 gün qalmış ABŞ-ın dövlət katibi Hillari Klinton Tələtə zəng vuraraq onu "seçkidən dərhal sonra" Vaşinqtona dəvət edib.
Bu ona yürütdüyü siyasətə dünya ictimaiyyətinin dəstək verdiyini yüksək səslə bəyan etməyə imkan verib. Amma bu da kifayət etməyib. Aİ-yə üzvlüyün üstünlükləri haqda vədlərin də xeyri olmayıb.
Bu məsələdə Aİ də əsl passivlik nümayiş etdirib. O, türk Kiprinə malların daxil olmasına icazə verən və Tələtin xeyrinə olacaq ticarət nizamnaməsini qəbul etməyə belə çalışmayıb. Nizamnamə Avropa Parlamentinin martın 21-də keçirilən toplantısının gündəliyinə salınsa da, sonradan onun müzakirəsi iyunun 1-nə təxirə salınıb.
Bu isə Aİ ilə yaxınlaşmanın tərəfdarlarına əsl zərbə olub.
Baş verənlərə yunan icmasının reaksiyası da maraq doğurur. ŞKTC-dəki səsvermənin nəticəsinin açıqlanmasından dərhal sonra Kipr Respublikasının prezidenti Dimitris Xristofias BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının üzvlərinə məktub ünvanlayıb. Məktubda danışıqlar prosesinin ciddi çətinliklərlə qarşılaşacağı bildirilir. Bununla da yunan Kiprinin lideri hələ bərpa olunmamış danışıqlardan imtina üçün əsas yaratmağa çalışıb.
Yeri gəlmişkən, aprelin 18-də keçirilmiş səsvermə nəticəsində Eroğlunun rəhbərlik etdiyi Milli Birlik Partiyası parlamentdəki çoxluğu itirib və demək o, hökumətin formalaşdırmaq imkanını da əldən verib. 2009-cu il aprelin 19-da keçrilimiş parlament seçkisi zamanı Dərviş Eroğlu Şimali Kiprin 50 yerlik parlamentində 25 mandat qazanmışdı. Bu onun partiyasına Nazirlər Kabinetini təkbaşına təşkil etmək imkanı verirdi.
İndi isə Eroğlunun partiyası koalisiya razılaşmasına getməlidir. Gözlinilir ki, Eroğlunun tərəfdarları müstəqillik istəyən və yeni parlamentdə 5 mandat qazanmış Demokrat Partiyası ilə birləşəcək.
Analitiklərin fikrincə, bu çətin durumda Eroğlunun qələbəsi nə Qərbə, nə də Türkiyəyə sərf edir. Demək, ŞKTC-nin yeni rəhbərini kifayət qədər çətin idarəçilik dövrü gözləyir.
MƏSLƏHƏT GÖR:




579

