DANIŞIQLAR YENİDƏN DALANA DİRƏNİB
Vasitəçilər Yerevana təzyiq göstərməsə, bunu onların əvəzinə Bakı edə bilər
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Bu ay Ermənistan - Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ətrafında xüsusi diplomatik fəallıqla yadda qaldı. Əksər analitiklərin güman etdiyi kimi, Ərdoğan hökuməti Dağlıq Qarabağ münaqişəsi həlli olunmadan Sürix protokollarının Türkiyə Parlamentində ratifikasiya edilməyəcəyinə, Ermənistanla sərhədlərin açılmayacağına dair vədinə sadiq qaldı. Vaşinqtonla Brüsselin bu iki prosesin əlaqələndirilməməsi üçün Ankaranı dilə tutması da nəticə vermədi. Həm bu, həm də Türkiyənin gələcək planları haqda Azərbaycan rəhbərliyini aprelin 19-da Bakıya qısamüddətli səfər etmiş Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumatlandırıb.
Ankaranın bu sərt mövqeyinə cavab olaraq, Ermənistan prezidenti Serj Sarqsyan erməni xalqına aprelin 22-də etdiyi xüsusi müraciətdə Yerevanın Sürix protokollarının ratifikasiya prosesini dayandırdığını açıqlayıb. Bununla yanaşı o bildirib ki, ölkəsi ABŞ prezidenti Barak Obama ilə Rusiyanın dövlət başçısı Dmitri Medvedevin çağırışları və səmimi istəklərinə hörmət əlaməti olaraq, Ermənistan -Türkiyə münasibətlərinin normallaşdırılması prosesindən çıxmır. S.Sarqsyan qərarını əsaslandırmağa çalışaraq deyib ki, protokolların ratifikasiyası üçün nəzərdə tutulmuş müddət başa çatıb.
Elə həmin gün Ermənistanın hakim koalisiyasına daxil olan partiyalar Sürix protokollarının Ermənistan parlamentinin gündəliyindən çıxarılmasının vacibliyinə dair bəyanatla çıxış ediblər.
Ola bilsin, Sarqsyan və tərəfdarları bununla opponentlərinin hakimiyyətin diletant və nəticəsiz xarici siyasətinə yönəlmiş tənqidlərini bir qədər zəiflədə bilib. Lakin onlar hadisələrin gedişini dəyişməyə nail olmayıb. Hər halda, aprelin 24-də ABŞ prezidenti Barak Obama ənənəvi müraciətində yenə "soyqırım" ifadəsini işlətməyib. Regional siyasətdə isə Dağlıq Qarabağ münaqişəsi yenidən diqqət mərkəzinə qayıdıb. Bu problemin həlli prosesində irəliləyişin olmaması həqiqətən də Cənubi Qafqazda sülh və sabitliyi ciddi təhlükə altına qoyur.
Azərbaycan prezidenti İlham Əliyev də aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğuna həsr olunmuş xüsusi iclasda deyib: "Müharibə bitməyib, yalnız birinci mərhələ başa çatıb".
Toplantıda müdafiə naziri Səfər Əbiyevin hesabatı göstərib ki, bu fikir sadəcə xarici ölkələri məzəmmət etmək üçün səsləndirilən adi ritorika deyil.
Nazir konkret faktların köməyi ilə Azərbaycanın hərbi potensialının artdığından danışıb, ordunun işğal altındakı torpaqları azad etməyə qadir olduğunu söyləyib.
Azərbaycan o qədər də xoş olmayan hərbi alternativlərini nümayiş etdirməlidir. İlk növbədə ona görə ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bundan sonra da uzatmaq fikrindədir. Yerevanın guya kompromisə hazır olduğunu nümayiş etdirməsi isə diplomatik oyun idi. Məqsədin onun Türkiyə və Azərbaycana qarşı hədsiz iddialarını maskalamaq olduğu şübhə doğurmur. Şübhəsiz, ermənilər bu məsələdə Azərbaycanla Türkiyənin çeviklik nümayiş etdirməyəcəyinə ümid edirdilər. Onlar hesab edirdilər ki, bu halda danışıqların iflasa uğramasına görə günahı Bakı ilə Ankaranın üzərinə qoyacaq, özləri isə fövqəldövlətlərdən yenə siyasi dəstək və maddi-iqtisadi kömək istəyəcəklər. İndi isə bu plan alt-üst olmaqdadır.
İstənilən halda, fakt ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etmir. Baxmayaraq ki, bu sənədin hazırlanması üçün 3 il müddətində ciddi iş aparılıb, iki ölkə prezidentləri arasında 10-dan artıq görüş keçirilib, xarici işlər nazirləri arasında saysız-hesabsız danışıqlar aparılıb, vasitəçilər isə mütəmadi olaraq regiona səfərlər ediblər. Yerevanın guya Madrid prinsiplərinə hələ 2007-ci ildə razılıq verməsi haqda açıqlama, çətin ki, kimdəsə yanlış fikir yaratsın. Belə görünür ki, Yerevan indiyədək guya sənədlə razı olduğuna dair imitasiya ilə məşğul olub və bununla sanki konstruktivlik nümayiş etdirdiyinə dair illüziyalar yaratmağa çalışıb. Azərbaycanın Madrid prinsiplərinə "hə" deməsi isə Sarqsyan hakimiyyətinin kartları açmasına səbəb olub. Amma Yerevan faktik olaraq resurslardan məhrum Ermənistanı saxlayan fövqəldövlətlərə birbaşa "yox" da deyə bilmir. Bu üzdən də ermənilər manevrlərə əl atır. Amma bu da çox davam edə bilməz.
Aprelin 21-də ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri məsləhətləşmə üçün Bakıya gəlib. Onlar Azərbaycanda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar və müzakirələrin müsbət, konstruktiv keçdiyini bəyan ediblər.
"Mən həmişəki kimi, bu dəfə də prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını gördüm. Biz də dövlət katibi Hillari Klinton və prezident Barak Obama ilə birlikdə Dağlıq Qarabağ probleminin dinc yolla həllinə böyük önəm veririk", - deyə Minsk qrupunun amerikalı həmsədri Robert Bradke jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Madrid prinsiplərinin yenilənmiş variantında tərəflərin razılıq əldə etməli olduqları bəzi məqamlar var. Diplomat vasitəçilərin həmin məqamlar üzərində işləri davam etdirəcəklərini söyləyib.
Rusiyalı həmsədr Yuri Merzlyakov üçün isə bu, həmsədr statusunda regiona son səfər idi. Çünki o, yeni diplomatik təyinat alıb və Minsk qrupunda Merzlyakovu təcrübəli diplomat İqor Popov əvəzləyəcək. Qeyd edək ki, Popov vaxtilə Rusiyanın Mozambik və Svazilenddəki səfiri olub, son zamanlar isə MDB ölkələri departamenti direktorunun müavini postunu tutub.
Har halda, bu dəyişikliyin Rusiyanın mövqeyində hər hansısa fərqə gətirib çıxaracı inandırıcı deyil. Çünki məsələ artıq çoxdan Xarici İşlər Nazirliyi səviyyəsindən çıxıb. Son illər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bilavasitə prezident Dmitri Medvedev məşğuldur. S.Sarqsyan da ABŞ səfərini başa vurduqdan sonra, dərhal məhz Medvedevin yanına qaçıb.
Görünən odur ki, erməni prezident Vaşinqtonda da, bundan bir qədər əvvəl Parisdə olduğu kimi, təsəlliverici heç bir fikir eşitməyib. Ermənilər Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etməyə, onun əsasında sülh razılaşması imzalamağa və işğal altındakı torpaqları azad etməyə hazır deyil. Amma zaman ötdükcə, Yerevanın vasitəçilərin təkliflərindən diplomatik kazuistika və informasiya-təbliğat kampaniyası ilə yaxa qurtarması çətinləşir. Böyük səslənən bəyanatlara baxmayaraq, Sarqsyan, yəqin ki, son zamanlar Azərbaycan Ordusunun nə qədər gücləndiyini anlayır. Azərbaycan Ordusu düşmənlə birbaşa qarşı-qarşıya gəlmədən də artilleriya və raket-bomba zərbələri ilə, xüsusilə, İranla sərhəd ərazilərdəki kimi düzənlikdə qurulmuş erməni müdafiəsini dağıtmağa qadirdir.
Bəlkə də bir müddət əvvəl Türkiyə KİV-də erməni qüvvələrinin Ağdam və Füzuli rayonunu boşaltması variantı haqda ortaya çıxmış xəbərlərin əsasında bu xəbərdarlıq durur. Əgər bu variant reallaşsa, Ermənistan və Azərbaycan qüvvələri arasında demilitarizasiya olunmuş zolaq yaranacaq. İkinci müdafiə xəttinə çəkilən ermənilər isə özlərini daha böyük təhlükədə hiss edəcək. Amma eyni zamanda, bu halda Ermənistan konstruktivlik nümayiş etdirmək imkanı da qazanacaq. Nəticədə, Ermənistan - Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin yenidən canlandırılması üçün əsas yaranacaq.
Bütün bunlarla yanaşı, son zamanlar İran münaqişə tərəflərinə öz vasitəçiliyini israrla təklif edir. İranın xarici işlər naziri Mənuçöhr Möttəki Qarabağ probleminin həll yollarını müzakirə etmək üçün Yerevan, Bakı və Tehranın iştirakı ilə üçtərəfli görüş təşkil etməyə hazır olduğunu açıqlayıb. Bundan bir qədər əvvəl isə Tehranın Dağlıq Qarabağ probleminin həllinə dair təkliflərini Yerevanla Bakıya göndərdiyinə dair xəbərlər yayılıb. Azərbaycan XİN rəsmisi Elxan Poluxov vasitəsilə İranın bu təşəbbüsünə müsbət reaksiya versə də, Ermənistan bu məsələdə də susqunluq nümayiş etdirir. "Armenia Today" isə yüksəkrütbəli diplomatik mənbəyə istinadən, Yerevanın münaqişənin həllini yalnız ATƏT-in Minsk qrupu çərçivəsində gördüyünü xəbər verir.
Bu gün Ermənistanın manevrləri üçün meydan xeyli daralıb. Qoşunlarını Azərbaycan torpaqlarından çıxartması ilə nəticələnəcək qərarın verilməsindən yayınmaq Yerevan üçün hər keçən gün daha da çətinləşir. Ermənistanın himayədarı, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri olan fövqəldövlətlər də istər-istəməz münaqişənin sülh yolu ilə həlli prosesini necə irəli aparmaq haqda düşünmək məcburiyyətindədir. İranın vasitəçilik təklifindən Yerevan hansısa dərəcədə yayına bilər, amma o, Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənarlaşdırmaq iqtidarında deyil.
Həmsədrlər artıq Moskvada fransalı həmkarları Bernar Fasyenin də iştirakı ilə gələcək fəaliyyətlərini müzakirə ediblər. Amerikalı vasitəçi R.Bradkenin hələ Bakıda olarkən etiraf etdiyi kimi, onlar onsuz da son aylar fəaliyyətsiz qalmaqla, prosesin tempini və irəliləyiş prosesini əldən veriblər. İndi MDB-nin mayda Moskvada keçiriləcək sammitində (onun faşist Almaniyası üzərində qələbənin 65 illiyinə həsr edilməsi nəzərdə tutulub) Medvedevin Azərbaycanla Ermənistanı razılığa gətirməyə daha bir cəhd edəcəyi gözlənilir. Bu, vaxtilə faşizmə qarşı çiyin-çiynə mübarizə aparmış və ümumi qələbəni bayram etmək üçün görüşən tərəflər üçün lap yerinə düşərdi.
Hələ ki, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Hadisələrin hansı istiqamətdə gedəcəyi daha çox 2 məqamdan asılıdır: birincisi, Ermənistanı başa salmaq və onun iddialarının qarşısını almağa qadir olan Vaşinqton, Paris və Moskvanın özünü necə aparacağından, ikincisi, onların S.Sarqsyana siyasi zəmanət, həmçinin, əlavə maddi-iqtisadi yardım verməyə hazır olmalarından.
Vaxtın münaqişə tərəflərindən hansının - Azərbaycanın, yoxsa Ermənistanın xeyrinə işləməsi, bəlkə də, mübahisəli məsələdir. Amma prosesdəki ləngimənin sülh maraqlarına zidd olduğu tam dəqiqdir...
MƏSLƏHƏT GÖR:

545

