14 Mart 2025

Cümə, 21:40

MİNSK ŞANSI

"Normand formatı" çərçivəsində əldə edilmiş razılaşma Ukraynada sülhə gedən yolda dönüş nöqtəsi ola bilər

Müəllif:

17.02.2015

Ukraynada artıq, təxminən, 1 ildir davam edən silahlı münaqişənin sülh yolu ilə həllinə ilk dəfə real ümid yaranıb. Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin Minskdə apardıqları 16 saatlıq danışıqlardan sonra tərəflər Ukrayna böhranının uzunmüddətli həllinə imkan verə biləcək sənədə imza atıblar.

Rusiya, Ukrayna və Fransa prezidentlərinin, həmçinin Almaniya kanslerinin iştirakı ilə baş tutmuş "Normand formatı" çərçivəsində, həqiqətən də, tarixi razılaşmaların əldə edildiyinə ümidlər var. Həmin razılaşmalara əməl olunarsa, Ukraynada minlərlə dinc sakinin həyatına son qoymuş silahlı münaqişənin həllində çoxdan gözlənilən irəliləyiş baş verə bilər.

Minsk danışıqlarını presedenti olmayan danışıqlar adlandırmaq mümkündür. Çünki sammit iştirakçıları son dərəcə məzmunlu və gərgin müzakirələr aparıblar. Müzakirələr gecə də davam etdirilib (fevralın 12-nə keçən gecə) və sonda müasir Avropa ərazisində ən öldürücü münaqişənin həllinə imkan verə biləcək qərarlar qəbul olunub.

"Normand dördlüyü"nün sammitilə yanaşı, əlaqə qrupunun toplantısı da keçirilib. Həmin toplantıda tanınmamış "DXR" və "LXR"in rəhbərləri Aleksandr Zaxarçenko ilə İqor Plotnitski, Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov və ATƏT sədrinin şəxsi nümayəndəsi Haydi Talyavini (sonradan sammitin işinə də qoşulub) iştirak ediblər.

Bütün əlamətlər onu göstərir ki, Minsk danışıqlarının iştirakçıları əvvəlcədən formal deyil, real sülhün şərtlərini razılaşdırmaq niyyətində olublar. Yəqin ki, burada onların əvvəlki Minsk razılaşmasının acı təcrübəsini yaşamalarının da rolu var. Xatırladaq ki, tərəflər ötən ilin sentyabrında Minskdə problemin həllinə dair razılığa gəlsələr də, bu, Donbasdakı silahlı qarşıdurmanı qismən sakitləşdirmişdi, son həftələrdə isə tərəflər, ümumiyyətlə, razılaşmaya əməl etmirdilər. Amma nəhayət, Ukrayna münaqişəsinin yorucu gedişi tərəflərdə problemi həll etməyin vacibliyinə əminlik yarada bilib. Yaşananlardan, ilk növbədə, Ukrayna yorulub. Aylardır davam edən qarşıdurma ölkənin cənub-şərqində çoxsaylı insan tələfatına, qardaş qırğınına səbəb olub. Ukrayna üzündən Qərblə sərt geosiyasi mübarizəyə girmiş, iqtisadiyyatı ciddi zərbə almış Rusiya da yorulub. Nəhayət, baş verənlərin Avropanı da yorduğu ortadadır. Onun əsas təmsilçiləri olan Almaniya ilə Fransa Ukrayna böhranının bütünlükdə qitəyə yayıla biləcəyindən son dərəcə narahatdırlar. Bu səbəbdən də, onlar münaqişənin həllində vasitəçilik missiyasını öz üzərlərinə götürüblər.

Minsk danışıqlarının sonunda 2 sənəd qəbul edilib. Birinci sənəd əlaqə qrupu, o cümlədən "DXR" və "LXR" təmsilçiləri tərəfindən imzalanıb. O, Minsk razılaşmasının implementasiyasına yönəlib. İkinci sənəd dörd ölkə liderinin sülhə dəstək bəyanatıdır.

Minsk razılaşmasının əsas məğzi belədir: atəşkəs, ağır silahların geri çəkilməsi, ATƏT tərəfindən effektiv monitorinqin keçirilməsi, atəşkəs rejiminin verifikasiyası, girovların azad edilməsi, Ukrayna ərazisindən bütün əcnəbi silahlıların, silahlı birləşmələrin, texnika və muzdluların ATƏT-in müşahidəçiliyi altında çıxarılması, 2015-ci ilin sonunda Ukraynada Konstitusiya islahatlarının aparılması, Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları üçün xüsusi statusu nəzərdə tutan daimi qanunvericiliyin qəbulu.

Bu sənədin təhlili zamanı ortaya bir sıra suallar çıxır. İlk sual Rusiyanın Ukraynanın cənub-şərqində hərbi mövcudluğunu inkar etməsilə bağlıdır. Bu halda onun hərbi qüvvələri və texnikası Donbasdan çıxarılacaqmı? Axı, Kiyev və Qərb bu regionda Rusiya qüvvələrinin olduğunu israrla bildirirdi.

Digər vacib məqam "DXR və "LXR"in fəaliyyətidir. Onların fəaliyyətinə hər hansı formada nəzarət olunacaqmı? Daha doğrusu, Moskva rusiyapərəst separatçıları Ukraynanın Donbas üzərindəki suverenliyinə dair Minsk razılaşmasında nəzərdə tutulmuş bəndi tanımağa məcbur edəcəkmi? Bəs, separatçılar "xüsusi status"la razılaşacaqlarmı? Əslində, Kremlin Ukraynanın cənub-şərqindəki qiyamçılara təzyiq üçün bütün rıçaqlara malik olduğunu Minsk danışıqlarının gedişi də təsdiqləyib. Məlum olub ki, "DXR" və "LXR" nümayəndələri son anadək razılaşmanı imzalamaqdan boyun qaçırıb, ilk olaraq Ukrayna ordusunun mühasirədə olan Debalsevo şəhərindən çıxarılmasını tələb ediblər. Lakin sonda onlar sənədi imzalamağa razılıq veriblər. Bununla əlaqədar olaraq, Fransa prezidenti Olland rusiyalı həmkarına qiyamçılara göstərdiyi təzyiqə görə minnətdarlığını bildirib.

Bütün bunlarla yanaşı, Ukraynanın cənub-şərqindəki qiyamçılarla bağlı siyasi-hüquqi prosesin sonrakı gedişi, ilk növbədə, ölkədə konkret hansı konstitusion islahatların aparılacağından, Donetsk və Luqansk üçün "xüsusi status"un nələri nəzərdə tutacağından asılıdır. Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin federasiyalaşdırılması, yaxud Donbasa muxtariyyətin verilməsilə bağlı heç bir razılaşmanın olmadığını açıq şəkildə ifadə edib. Rusiya liderisə "Ukraynada Donbas əhalisinin də maraqlarının nəzərə alınacağı Konstitusiya islahatlarının həyata keçiriləcəyini" əminliklə dilə gətirib.

Ola bilsin ki, əslində, Ukraynadaxili nizamlamanın əsas aspektlərilə bağlı bu cür variantlar özlərində hər an partlaya biləcək minalar daşıyır. Rahatlıq verən məqam isə Ukrayna böhranına cəlb olunmuş bütün tərəflərin silahlı qarşıdurmanın yalnız Ukraynanın deyil, bütünlükdə Avropanın və dünyanın sabitliyi üçün təhlükə olduğunu anlamalarıdır ("Normand formatı"nda danışıqların gedişi bunu tamamilə təsdiqləyib).

Bu kontekstdə Rusiya ilə Avropa İttifaqının gələcək münasibətləri xüsusi önəm daşıyır. Aİ fevralın 16-da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Lakin Minsk razılaşması və Ukrayna böhranının dinc yolla mümkün həlli fonunda Rusiya ilə Avropa arasında tammiqyaslı əməkdaşlığın bərpa olunacağı istisna deyil. Bütünlükdə qitənin təhlükəsizliyinin həyati maraqları bununla bağlıdır. Fransa prezidenti Fransua Ollandın Belarus paytaxtında əldə edilmiş razılaşmanı "Avropa üçün yüngüllük" adlandırması təsadüf deyil.

Ukrayna probleminin həlli və onun qlobal, o cümlədən Avropanın təhlükəsizliyinə təsiri baxımından ABŞ-ın mövqeyi də böyük əhəmiyyət daşıyır. Amerikanın siyasi elitası əsasən Rusiyaya və onun Ukrayna siyasətinə qarşı aqressiv mövqedədir. ABŞ Rusiyanın ənənəvi nüfuz dairəsinin sıxışdırılması strategiyasını həyata keçirir. Bu mənada Moskva ilə Kiyev arasında, ruslarla ona ən yaxın xalq olan ukraynalılar arasında münaqişə, əlbəttə ki, Vaşinqtonun antirusiya, daha geniş desək, antiavrasiya planlarına uyğundur. ABŞ-da müəyyən dairələrin Kiyevə letal (öldürücü) silahların verilməsinin zəruriliyi mövzusunu gündəmdə saxlaması heç də təsadüf deyil. Avropalılar məhz bu ssenarinin qarşısını almaq üçün münaqişənin tez bir zamanda həllinə yönəlmiş səyləri artırıblar. Göründüyü kimi, Avropa seçim qarşısındadır: bir tərəfdən o Amerikanın hərbi-siyasi dəstəyindən və maliyyə qüdrətindən asılıdır, digər tərəfdənsə özünün az-çox müstəqilliyini qoruyub saxlamaq haqda düşünür. Amma Donbasdakı qarşıdurmanın aradan qaldırılması Vaşinqtonun da xeyrinə ola bilər (ən azı taktiki mənada). Çünki hazırda dünyada amerikalılar üçün Ukraynasız da xeyli problem var.

Ən vacibi isə əlbəttə ki, Ukraynada real atəşkəsə nail olunması, Ukrayna xalqının sülh şəraitində yaşamasının təminidir. Hər halda, bu ölkənin ətrafında yaşananlar göstərir ki, dünyanın güc mərkəzləri üçün Ukraynanın ərazi bütövlüyü və suverenliyi o qədər də önəm daşımır. Ukraynanın beynəlxalq qarşıdurma üçün poliqona çevrilməsi kimlər üçün maraqlı olsa da, Ukrayna xalqının maraqlarına qətiyyən cavab vermir. Odur ki, Minsk razılaşması, bəlkə də, Ukraynanın qarşısında qanlı xaosa yuvarlanmanı dayandırmaq üçün bir şansdır. İndi Kiyev anlamalıdır ki, Ukraynanın milli maraqlarını ukraynalılardan başqa heç kəs qorumayacaq.



MƏSLƏHƏT GÖR:

687