26 Noyabr 2024

Çərşənbə axşamı, 01:21

ERMƏNİSAYAQ "İNKİŞAF"

Ermənistan hakimiyyəti xalqı talan edib misilsiz sərvətlər topladığı bir vaxtda, bu ölkəni tərk etmək istəyənlərin sayı 43% artıb

Müəllif:

15.04.2010

Beynəlxalq gülüş günü - aprelin 1-də Ermənistan hökuməti xalqa özünəməxsus "sürpriz" etdi. Rusiyadan alınan qazın qiymətindəki artımı əsas göstərən hökumət "mavi yanacaq"ın qiymətini 37,5% artırdı. Rusiya tərəfinin qazın qiymətini cəmi 17% artırdığını bilən əhali istehlakçılar üçün qiymətin bu qədər yüksələcəyini gözləmirdi. Ermənistan hökuməti artımın aztəminatlı ailələrə mənfi təsirini azaltmaq üçün əlindən gələni edəcəyini də bildirir. Bununla əlaqədar olaraq, mayın 1-dən ölkədə maddi yardımlar 3,5 min dram (cəmi 8,7 dollar), noyabrın 1-dən isə pensiyaların 2650 dram (6,6 dollar) artırılmasına qərar verib.

 

Zəncirvari reaksiya

Ermənistanda qazın qiymətinin artması ilə təxminən eyni vaxtda ölkənin nəhəng istehsal müəssisələrindən olan "Nairit" kimyəvi zavodu da fəaliyyətini dayandırıb. Güman edilir ki, onun fəaliyyətini dayandırmasına səbəb istifadə edilmiş elektrik enerjisinə görə yığılmış 2,5 milyon dolların ödənməməsidir.

Ötən il "Ermənistan Elektrik Şəbəkəsi" SC (EEŞ) il ərzində borc ödənmədiyinə görə, zavodu məhkəməyə vermişdi. Qurum məhkəməni udduğu üçün "Nairit" borcu bağlamalı olmuşdu.

Yeni yığılmış borcla bağlı isə EEŞ hələ ki məhkəməyə müraciət etməyib. Amma zavoda elektrik enerjisinin verilişi minimuma endirilib. Xatırladaq ki, "Nairit" dünyada kauçuk istehsalı ilə məşğul olan 5 zavoddan biridir. Zavodun istehsal etdiyi məhsulun 80%-dən çoxu ixrac edilir. O, ayda 700 tondan artıq kauçuk istehsal etmək iqtidarındadır. Yeri gəlmişkən, zavodun səhmlərinin cəmi 10%-i Ermənistana məxsusdur. Qalan səhmlərin sahibi Böyük Britaniyanın "Rhinoville Property Limited" şirkətidir.

Ermənistanda qazın qiymətində artım hələ 2008-ci ildə gözlənilsə də, o zaman Yerevan "Qazprom"u qiymətlərə baxılmasını ertələməyə  razı sala bilmişdi. Onda Ermənistan rəhbərliyi Moskanı inandırmağa çalışırdı ki, müxalifətlə yaşanan siyasi təlatümlər fonunda "mavi yanacaq"ın qiymətinin artması Yerevan üçün ciddi fəsadlara yol aça bilər.

İndi isə qazın qiymətində artım Ermənistan iqtisadiyyatının dağılmaqda olduğunu göstərən son siqnaldır. Köçəryan-Sarqsyan klanının təxminən 12 illik hakimiyyəti Ermənistanı müflislik həddinə çatdırıb.

Ermənistan mətbuatının yazdığına görə, 2008-ci ildən indiyədək ölkəni tərk etmək istəyən ermənilərin sayı 43% artıb. Hətta Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatlarında da bildirilir ki, ölkədə vəziyyət, yumşaq desək, yaxşı deyil.

Statistikaya görə, hələ qazın qiymətində artımın baş verdiyi aprel ayınadək Ermənistanda yaşayış 8,8% bahalaşıb. Bu ilin martında benzin və dizel yanacağının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 37,6 və 28,3% artıb. Ərzaq məhsullarının qiymətində 6,3, qeyri-ərzaq məhsullarında 14,3, xidmət sahələrində 10,6% bahalanma qeydə alınıb. İçməli su təchizatı, suyu kənara axıdan kanal və çirkab sularının təmizlənməsi də bahalaşıb.

 

Nicat axtarışında

Yerevan boğulmaqda olan iqtisadiyyatını xilas etmək üçün əsas yolu Rusiyadan yardımda görür və bu, təbiidir. Rusiya Dövlət Dumasının spikeri Boris Qrızlovun dediyi kimi, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur. Bu üzdən də Ermənistan Mərkəzi Bankının rəhbəri Artur Cavadyan Rusiyadan 500 milyon dollar sabitləşdirici kredit almaq üçün bütün ötən ili bu ölkənin Maliyyə Nazirliyi və Mərkəzi Bankının qapısının kandarında keçirib. Yeri gəlmişkən, erməni rəhbərlər ölkə iqtisadiyyatındakı tənəzzülü Rusiya pulları hesabına saxlamağa çalışdıqlarını xalqdan gizlədirdi. Yerevanın Rusiyadan pul istəməsi haqda məlumatı ictimaiyyətə Rusiya baş nazirinin müavini Aleksey Kudrin açıqlayıb.

Necə deyərlər, dostluq öz yerində, borc ödəndiyi zaman gözəldir. Üstəlik, Ermənistanın Rusiyaya borcu onsuz da kifayət qədərdir. Ötən əsrin 90-cı illərinin sonlarında Robert Köçəryanın hakimiyyətə gəlişi ilə Yerevan "borc əvəzində mülkiyyət" proqramı çərçivəsində müəssisələri bir-birinin ardınca Rusiyaya verib. Beləliklə, Ermənistanın demək olar ki, bütün enerji gücü, həmçinin Metsamor AES, Razdan SES, nəqliyyat sistemi, "Mars" zavodu, Avtomatlaşdırılmış idarə sistemi elmi-təhqiqat institutu və s.  Rusiyanın ixtiyarına verilib. Rusiyanın İran-Ermənistan qaz kəmərinə də sahib çıxması isə Yerevanı tranzit perspektivindən də məhrum edib.

Məlum olduğu kimi, bu müəssisələrin əksəriyyəti rentabelli işləmir və onlara böyük həcmdə investisiyaların yatırılmasına ehtiyac var. Ermənistan İran istisna olmaqla, digər qonşularına absurd iddialar irəli sürür, bəziləri ilə isə ümumiyyətlə, müharibə şəraitində yaşayır. Bu üzdən Rusiyanın Ermənistandakı müəssisələrdə istehsal etdiyi məhsulları, həmçinin elektrik enerjisini satması üçün müştəri yoxdur.

Görünür, "Ermənistan dəmir yolları"na sahib olan "Rusiya dəmir yolları" məhz bu səbəbdən Ermənistandakı infrastrukturun müasirləşdirilməsində maraqlı deyil. 

Qeyd edək ki, Ermənistanda relslərin köhnəliyi və aşınması üzündən qatarların maksimal hərəkət sürəti saatda cəmi 20 kilometrdir.

Yerevan Moskvaya 100% öz nəzarətində olan müəssisələrə maliyyə yardımı göstərməsini təklif etsə də, onun bu istəyi də baş tutmayıb. Bunun əvəzində Moskva borc əvəzinə aldığı müəssisələrin perspektivsizliyini düşündüyü üçün bu addımı atmayıb. Üstəlik, Rusiyanın özündə bu cür müəssisələrin sayı-hesabı yoxdur.

Martın sonlarında məlum olub ki, Ermənistanla Rusiya arasında almaz tədarükü və emalına 100 milyon dollar kreditin ayrılması istiqamətində aparılan danışıqlar da nəticə verməyib. Ermənistan İqtisadiyyat Nazirliyinin şöbə müdiri Qagik Köçəryan bildirib ki, "danışıqlar razılaşma planına dəyişikliklərə səbəb olmuş böhran üzündən dayandırılıb".

Beləliklə, Rusiyanın Ermənistana yatırımları azalır. 2009-cı ildə 1 il əvvəllə müqayisədə Rusiyanın Ermənistan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 42,9% azalıb. Rusiyadan bu ölkəyə birbaşa investisiyalarda isə azalma 46,1%-dir.

Bütün bunların fonunda bu il Ermənistanın xarici borcunun Beynəlxalq Valyuta Fondunun (BVF) kreditləri hesabına daha da artacağı məlum olub. BVF-nin Yerevanla əməkdaşlığa razılıq verdiyi vaxt erməni rəhbərlərin sevinci yerə-göyə sığmırdı. Nazirlər Kabinetinin iclasında baş nazir Tiqran Sarkisyan bunun BVF-dən nəzərdə tutulmuş maliyyə dəstəyinin alınmasına stimul verəcəyini bildirib: "Bu il söhbət bizim yalnız BVF-dən alacağımız 150 milyon dollardan gedir. Bu, bizim bütün beynəlxalq proqramları icra etməmizə yaşıl işıq yandıracaq".

Göründüyu kimi, bu il Ermənistanın xarici borclarının risk həddinə çatacağına dair proqnozlar doğrulmaqdadır. Ermənistanın maliyyə naziri Tiqran Davityan bildirib ki, ölkənin 2010-cu il yanvarın 1-nə olan dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 38%-ni təşkil edir. Bu il Ermənistan hökuməti xarici borcun ÜDM-in 45-46%-nə çatacağını bildirir. Xatırladaq ki, bu rəqəmin 50% təşkil etməsi risk həddi sayılır. Erməni baş nazirin etiraf etdiyi kimi, xarici borcun həcminə əsasən BVF-yə olan 823, Ümumdünya Bankına 545, Rusiyaya isə 500 milyon dollar həcmində olan borclar təsir göstərib. Bunun fonunda Ermənistan Mərkəzi Bankının ehtiyatları aprelin 1-nə 375 milyon dolları bir qədər üstələyir.

Yaranmış vəziyyətdə hətta erməni analitiklər belə, hökumətin nikbinliyi ilə razılaşmır: onlar yeni kreditlərin elan edilmiş islahatların reallaşdırılmasına, bununla da iqtisadiyyatın möhkəmlənməsinə, borcların qaytarılmasına imkan yaradacağına dair fikirləri gülünc sayırlar.

 

Oğru hakimiyyəti

Yerli analitiklərin fikrincə, problemin kökü əhalini getdikcə artan sosial problemlərə dözməyə çağıran hazırkı hakimiyyətin kriminal xarakterli olmasındadır. Guya yaşananlar Qarabağın əvəzidir.

Ermənistanın siyasi isteblişmentinin kluarlarından Rusiya mətbuatına sızdırılmış məlumata görə, Köçəryan-Sarqsyan oliqarxlar qrupu kiçik ölkə üçün nəhəng sayıla biləcək həcmdə dövlət vəsaitini mənimsəyib. Qarabağ klanı nəhəng kölgə biznesi qurub və onun dövriyyəsi Ermənistanın dövlət büdcəsindən bir neçə dəfə artıqdır. Köçəryanpərəst qüvvələr Rusiyaya maliyyə axınını həyata keçirən bir neçə pilləli maliyyə sistemi yaradıb və onun tanınmış simalarından biri Federasiya Şurasının üzvü, 300 min dollar rüşvət aldığı üzə çıxan Levon Çaxmaçyandır.

Moskvada fəaliyyət göstərən "Miabanutyun" erməni milli klubunun rəhbəri Smbat Qaraxanyan Ermənistan hakimiyyəti və dövlət aparatının kriminal xarakterli fəaliyyətinin bəzi tərəflərini Rusiya KİV-ə açıqlayıb. Oliqarxlar, kriminal şəxslərdən qurulmuş və kölgə iqtisadiyyatı ilə məşğul olan hakimiyyət haqda danışan Qaraxanyan bildirir ki, Ermənistan hakimiyyətinin yuxarı eşalonu ölkədəki bütün aktivlər və müəssisələrinin təxminən 85%-nə nəzarət edir. Maliyyə axınının isə 90%-i onların nəzarətindədir. Qaraxanyanın fikrincə, Ermənistanın beynəlxalq maliyyə strukturları, dövlətlər və erməni diasporundan aldığı kreditlər də məhz onların cibinə axır.

Ermənistandakı oliqarxiya strukturları və korrupsiya sxeminin özəlliyi, bu sistemdə kriminalitetin gizli şəkildə yox, açıq-aşkar təmsil olunmasındadır. "Bu piramidanın zirvəsində Dağlıq Qarabağdan çıxmış, vaxtilə azərbaycanlı əsgərlərin cəsədlərinin və əsirlərin satışı ilə məşğul olmuş Köçəryan-Sarqsyan klanı dayanır", - deyə Qaraxanyan bildirir.

Onun sözlərinə görə, oliqarxiya piramidasının yaradıcısı sabiq prezident Robert Köçəryandır. O, vergi, telekommunikasiya, tikinti, qaz təchizatı, nəqliyyat, hasilat, emal, qiymətli daşların satışı kimi sahələrə hələ də nəzarət edir. Qaraxanyanın sözlərinə görə, təxmini hesablamalar Köçəryan ailəsinin aktivlərinin 4 milyard dollardan artıq olduğunu göstərir.

Onun layihəsi olan Serj Sarqsyan isə gömrük yığımları, neft məhsullarının idxalı, benzin və dizel yanacağı, metal və metal qırıntılarının ixracı, qızıl idxalı və reallaşdırılması, aviadaşımalar və aviaşirkətlər kimi sahələrə nəzarət edir. 

Köçəryan-Sarkisyan qrupunun əsas gəlir sahəsi narkotik daşımalarıdır. Bu isə başlanğıcını Ermənistanın cənub sərhədlərindən götürür, Gürcüstandan keçməklə Ukraynaya, oradan isə hava yolu ilə Rusiyaya gedir.

Qaraxanyanın sözlərinə görə, eks-prezident R.Köçəryan bu fəaiyyətində ailə üzvlərinin və başqalarının adına qeydiyyatdan keçirilmiş firmalardan istifadə edir: Armeksimbank, yerli Yunibank, ABB Bank, Renko Construction, Zəngəzur mis-molibden kombinatı, Ardşininvestbank, Konvers-bank, "Nairi" tibb mərkəzi, "BiŞin" İnşaat Şirkəti, "Dauntaun Yrevan" (böyük oğlu Sedrak Köçəryan vasitəsi ilə), SAS, "Star" mağazara şəbəkələri, "Noy" konyak-şərab-araq kombinatı, "Zvartnots" aeroportu. Bundan başqa, o, ölkəyə mobil telefon idxalının 80%-nə də nəzarət edir, Moskvada nəhəng ticarət və kazino kompleksinə malikdir. "Toyota"nın Ermənistandakı nümayəndəliyi, "K-Telekom" ("VivaCell"in ticarət markası), Yerevandakı Golden Palace Hotel, "Araratsement" və bir çox digər sahələr də Köçəryanın nəzarətindədir.

Prezident S.Sarqsyanın nəzarətində olan sahələr isə bunlardır (qardaşı Aleksandr və kürəkəni Mikael Minasyan vasitəsi ilə): "Fleş" şirkətinin səhmləri, yanacaqdoldurma məntəqələri şəbəkəsi, Dağlıq Qarabağda 3 şərab-araq istehsalı zavodu, Karmir Şuka şəhərində araq zavodu (2-3 milyon litr gücündə), "Ararat" bankı, "Ararat" restoranlar şəbəkəsi (30 obyekt), "MİKA" şirkətinin səhmləri, "Armavia" aviaşirkəti, "MİKA-sement", "MİKA haus" tikinti şirkəti, Moskvada mehmanxana-restoran kompleksləri, "Cazve" kafelər şəbəkəsi. Bundan başqa, Sarqisyan müdafiə naziri postunu tutan zaman Bolqarıstandan üçüncü ölkələrə silah-sursat daşınmasında vasitəçi qismində iştirak edirdi.

Qaraxanyanın bütün bu sadaladıqlarına Ermənistan rəhbərliyinin ölkəni iqtisadi təcrid durumuna salan işğalçı siyasətini də əlavə etsək, Ermənistanı tərk etmək istəyində olan insanları başa düşmək çətin deyil.

Ölkədə günü-gündən pisləşən sosial-iqtisadi reallıq onsuz da sabit olmayan daxili siyasi durumu bir qədər də çalxalayıb. Aprelin 6-da Yerevanda keçirilən böyük mitinqdə müxalifət Serj Sarkqisyanın istefasını tələb edib. Ölkənin regionlarında da geniş etiraz aksiyaları keçirilib. Hakimiyyətin kompensasiya vədlərini əhali onları ələ salmaq kimi qəbul edir. Çünki dramın kursundakı sıçrayışlar fonunda cüzi kompensasiyalar itib-batır. 

Görünən odur ki, Yerevan küçələrində minlərlə insanın qatıldığı etiraz aksiyaları hələ yalnız başlanğıcdır.



MƏSLƏHƏT GÖR:

499