5 Dekabr 2025

Cümə, 23:10

KATININ YENİ QURBANLARI

Smolensk üzərində baş vermiş aviaqəza Polşanın siyasi gələcəyi ilə bağlı çoxlu sual yaratdı

Müəllif:

15.04.2010

Aprelin 10-u səhər Smolenskin "Severnı" hərbi aerodromu yaxınlığında "Tu-154M" təyyarəsi qəzaya uğrayıb. Təyyarədə Rusiyaya uçan Polşa prezidenti Lex Kaçinski, onun xanımı, ölkənin ali hərbi rəhbərliyi, həmçinin, siyasi elitanın digər tanınmış nümayəndələri də var idi. Son dərəcə pis hava şəraiti üzündən görünmənin ağır olduğu həmin vaxtda enməyə hazırlaşan təyyarə ağaca çırpıldı və enmə zolağının, təxminən, 300 metrliyində yerə dəydi. 

Təyyarənin göyərtəsindəki 96 nəfərdən heç kəs  sağ qalmayıb.

Polşa rəsmilərindən ibarət nümayəndə heyəti Rusiyaya 1940-cı ildə baş vermiş Katın faciəsi zamanı qətlə yetirilmiş 20 min polşalının xatirəsinə həsr olunmuş tədbirə qatılmaq üçün gedirdi. "Biz 15 deputat, 4 nazir müavini, Polşa prezidentliyinə mümkün 3 namizəddən 2-ni, bütünlükdə Baş Qərargahın heyətini itirdik. Prezident Administrasiyası və partiya darmadağın oldu", - deyə Polşanın Avropa məsələləri üzrə naziri Mikolay Dovgileviç bildirib. 

O, prezident səlahiyyətlərini icra edən Bronislav Komorovskiyə ordu komandanlığını formalaşdırmağın asan başa gəlməyəcəyini də söyləyib.

Bütün dünya Polşa xalqının halına acıyır. Ölkədə isə 7 günlük matəm elan olundu. Avropa İttifaqının rəhbərliyi  aprelin 12-ni ümummatəm günü elan etdi. Rusiya, Gürcüstan, həmçinin, uzaq Braziliyada da matəm elan olundu. Azərbaycan prezidenti İlham Əliyev, öz növbəsində, Polşanın Bakıdakı səfirliyinə baş çəkərək,  faciə ilə bağlı başsağlığı verdi.

Qeyd edək ki, təyyarənin partlayış nəticəsində qəzaya uğraması versiyası dərhal inkar olunub. Rusiya Baş nazirinin müavini Sergey İvanov bildirib ki, ilkin məlumatlar qəza zamanı, ümumiyyətlə, partlayışın olmadığını göstərir. İvanovun sözlərinə görə, təyyarənin mühərriki onun yerə çırpılmasınadək fəaliyyətdə olub.

Kaçinskinin təyyarəsinin 2009-cu ilin dekabrında təmirdən keçdiyi, yəni, demək olar ki, "təzə" olduğu da məlumdur. Prezidentin "Tu-154M" təyyarəsi 1990-cı il iyunun 29-da keçmiş SSRİ-də istehsal olunub. Ondan Polşa prezidentləri Voysex Yaruzelski, Lex Valensa və Aleksandr Kvasnevski də istifadə ediblər. Lex Kaçinskiyə isə onu Braziliya istehsalı olan "Embrayer"lə dəyişdirməsi təklif olunsa da, dövlət başçısı tələsməməyi lazım bilib.

Demək, texniki problemlər yoxdursa, insan faktoru haqda düşünmək lazımdır. Şübhəli məqam indiyədək, təxminən, 2000 saat uçmuş 36 yaşlı pilot, həyat yoldaşı və 2 uşağı olan Arkadiuş Protasyukun enişə 3 uğursuz cəhddən sonra öz istəyi ilə 4-cü dəfə də cəhd etməsidir. Üstəlik, bu zaman hava şəraitinin pisliyi üzündən 400 metrdən artıq məsafəni görmək mümkün deyildi. Eyni zamanda, aviadispetçer də ona Minsk və ya Moskva aeroportuna enməyi məsləhət bilib.

Bu məqamda bir fakt yada düşür: 2008-ci ilin yayında Kaçinski pilotundan Tbilisiyə eniş etməsini istəsə də, təyyarənin vurula biləcəyindən ehtiyat edən pilot Azərbaycana enmişdi. Bu isə prezidentin pilotu əmrə tabe olmadığı üçün işdən kənarlaşdırılması ilə nəticələnmişdi. Bu səbəbdən  Varşavada bir çoxları düşünür ki, Smolenskə eniş edilməsi göstərişi məhz prezident tərəfindən gələ bilər.

Məlumdur ki, Kaçinski Katına dəvət olunması üçün çox mübarizə aparıb. KİV yazır ki, Rusiya Polşa prezidentini Kremlə dost olmayan siyasətçi saydığı üçün onun bu istəyinə müsbət cavab vermirdi. Başqa hava limanına eniş ediləcəyi təqdirdə, Kaçinski təntənəli mərasimi və yəqin ki, ən vacib siyasi çıxışını reallaşdırmaq imkanını itirəcəkdi. 

Məşhur jurnalist Aleksandr Venediktovun "Exo Moskvı" radiosunun efirindən səsləndirdiyi versiya da kifayət qədər maraqlıdır. Onun sözlərinə görə, Lex Kaçinskini şəxsən tanıyan insanlar deyir ki, Polşa prezidenti Rusiya rəhbərliyinin onu Katında görmək istəmədiyini yaxşı bilirdi: "O, bunu bilirdi. Bizə məlumdur ki, buraya Polşanın Baş naziri Donald Tusku həmkarı Putin rəsmən dəvət etmişdisə, Kaçinskiyə heç kim dəvət göndərməmişdi. Kaçinski onu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsindən başqa heç kimin qarşılamayacağını da bilirdi. Beləliklə, Kaçinski anlayır ki, onu gözləyən yoxdur, Rusiya rəhbərliyi ilə münasibətləri pisdir və aeroporta yaxınlaşan anda ondan ya Minskə, ya da Moskvaya enməsini istəyirlər. Belə olduqda onun ağlına nə gəlir? Düşünür ki, onlar tədbiri pozmaq istəyirlər. Üstəlik, cəmi 3 gün əvvəl bu aeroporta onun siyasi rəqibi Tuskla Putin enmişdi. Yəni, aeroport qaydasındadır. Və buna görə də Polşa prezidenti enmək əmri verir. Ona deyirlər: "Enmək olmaz, biz gərək Moskvaya uçaq", o isə qəti olaraq enmək əmrini təkrarlayır".

Katının rəmzi əhəmiyyətini daha bir fakt da möhkəmləndirir: sovet və Polşa kommunist rejimləri bu cinayəti nasistlərin üzərinə yıxıb. Yeltsin tərəfindən Siyasi Büronun bu məsələyə dair qərarının açıqlanması istiqamətində atılmış addım Katın qətliamında sovet rəhbərliyinin günahını üzə çıxartmışdı və bu, müvəqqəti də olsa, Rusiya - Polşa münasibətlərinin yaxşılaşmasına səbəb olmuşdu.

Britaniyanın "Times" qəzeti isə yazır ki, V.Putin Rusiyanın Katın qətliamına görə məsuliyyətini etiraf etsə də, buna görə üzrxahlıq etməkdən imtina etdiyi üçün bu, Polşanın mənfi reaksiyasına səbəb olurdu.

İstənilən halda, Katın yeni qurbanlar tələb edirdi və bu faciə Rusiya - Polşa münasibətlərinə öz təsirini göstərə bilər. Əksər analitiklər bu məqamda bir sual üzərində düşünür: iki ölkə arasında yenicə başlanmış tarixi barışıq prosesi dondurulmayacaq ki? Onların fikrincə, hadisələr həm bu, həm də digər istiqamətdə inkişaf edə bilər.

Bununla yanaşı, bəzi polşalı ekspertlər "təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması"ndan danışır. Onların fikrincə, birbaşa qadağa olmasa da, ölkənin yuxarı eşalonunda təmsil olunan bu qədər şəxsin birlikdə uçmasına yol verilməməli idi.

ABŞ-da ənənə var: əgər siyasətçi vəzifə başında olarkən ölürsə, onun yerinə çox zaman qohumu gətirilir. Polşada bu baxımdan mərhum prezidentin əkiz qardaşı Yaroslavın da təcrübəli siyasətçi olduğu xatıladılır. 

2007-ci ilədək Polşa dünyada prezident və baş nazir postlarını əkiz qardaşların tutduğu yeganə ölkə idi.

Faciəyədək Polşada prezidentliyə əsas namizədlər Lex Kaçinski ilə hazırda konstitusiyaya əsasən, prezident səlahiyyətlərini icra edən Bronislav Komarovski sayılırdı. Sosioloji sorğular göstərirdi ki, qəzayadək ikincinin reytinqi daha yüksək idi. İndi isə mərhum dövlət başçısının qardaşı Yaroslav Kaçinskinin də mübarizəyə qoşulma ehtimalı yüksəkdir. Ümummilli hüzn dalğası fonunda onun qalib gəlmək şansları kifayət qədər yüksək qiymətləndirilir. Amma həlak olmuş prezidentin qardaşının prezidentlik uğrunda mübarizəyə qoşulması ədəbsizlik kimi də dəyərləndirilə bilər və bu zaman o, bütün şanslarını itirər.

İstənilən halda, bunların aydınlaşmasına o qədər də çox qalmayıb. Polşa iyunun sonunadək yeni prezidentini seçməlidir. 



MƏSLƏHƏT GÖR:

614