"YENİ ŞƏFƏQ" ÜMİDİ İLƏ…
İraqın tezliklə parçalanacağını söyləyənlər hələ ki uduzur
Müəllif: İrina XALTURİNA Bakı
İraqda martın 7-də keçirilmiş parlament seçkisi maraqlı dəyişikliyə səbəb olub. Bülletenlərin hesablanması dövründə Baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi "Qanun dövləti" bloku ilə sabiq hökumət başçısı Ayyad Alauinin lideri olduğu dünyəvi liberal-vətənpərvər "Əl-İrakiyyə" bloku bir-birini "daban-dabana" izləyirdi. Bunun fonunda onlardan hansının sonda birinji olajağının o qədər də önəmi yox idi. Vacib olanı başqadır - bu seçkidən sonra artıq "Əl-İrakiyyə" blokunun rəqibləri, istənilən halda, siyasi səhnədə təkbaşına "ağalıq" edə bilməyəcəklər.
Alauinin uğuru özü-özlüyündə diqqətəlayiqdir. Çünki bu siyasətçi (ilk keçid hökumətinin rəhbəri) özünü heç bir etnik və ya dini qrupa aid etmək istəmir. Son illər məhz etnik və dini zəmində qruplara bölünmüş İraq üçün isə bu çox böyük əhəmiyyət daşıyır. Bir məqamı xatırlamaq kifayətdir: Alaui də, hazırkı Baş nazir Nuri əl-Maliki kimi şiədir. Amma hökumət başçısından fərqli olaraq, Alaui sünnilər və kürdlərin də dəstəyini qazana bilib. Bu siyasətçi bildirir ki, neftdən gələn gəlir dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün iraqlılar arasında ədalətlə bölünməlidir. Alaui ümumiraq konsensusu siyasəti yürütməyə hazır olduğunu da vurğulayır.
Bütün bunlarla yanaşı, "Əl-İrakiyyə"yə verilən səslər həm də onu göstərir ki, iraqlılar həm sünnilər, həm şiələr, həm də kürdlərə zərbə vuran qeyri-müəyyənlik və zorakılıqdan beziblər. Şübhə yoxdur ki, Alaui milli mənsubiyətindən asılı olmayaraq, daha çox savadlı iraqlılar tərəfindən dəstəklənir. Bu insanlar isə anlayır ki, ölkədə hansısa səviyyədə ümummilli barışıq olmadan, "hamı-hamıya qarşı" prinsipi ilə aparılan müharibə bitməyəcək. Bu da, son nəticədə, İraqın parçalanmasına gətirib çıxaracaq.
Martın 7-də keçirilmiş seçki 2003-jü ildə Səddam Hüseyn reciminin devrilməsindən sonra İraqda keçirilən sayca ikinci parlament seçkisidir. Seçkidə 62% seçici fəallığı qeydə alınıb (İraqın, əsasən, kürdlər yaşayan və ölkənin digər əraziləri ilə müqayisədə təhlükəsizliyin daha yaxşı təmin edildiyi şimal hissəsində bu rəqəm 80% təşkil edib). Xatırladaq ki, Səddam recimi dövründə hakimiyyətdə olan, amma azlıq təşkil edən sünnilər 2003-cü ildə seçkini boykot etmişdi və bu onların ölkənin idarəedilməsi prosesindən kənarda qalması ilə nəticələnmişdi. 2010-cu ildə isə onlar daha ağıllı addım ataraq, səsvermədə kifayət qədər fəal iştirak ediblər.
Digər tərəfdən, şübhəsiz, Alaui əl-Maliki ilə müqayisədə, ABŞ-a daha çox əl verir. Axı Vaşinqtonun öz vədinə əməl etməyərək, hələ də ölkədəki qoşunlarını çıxarmamasının əsas səbəbi, məhz İraqda hökm sürən dini və etnik qarşıdurmadır. Bundan başqa, Alaui İrana loyal münasibətdə olan (bu loyallığın səviyyəsinə dair də müxtəlif fikirlər var) şiə partiyalarına qarşı tənqidi mövqeyi ilə də tanınır. Vaşinqton isə əmindir ki, Tehran öz nüvə proqramı ətrafında yaşananların fonunda, İraqın işləri ilə daha ciddi maraqlanmağa başlaya bilər.
Odur ki, əl-Maliki koalisiyasının Vaşinqtonla Ər-Riyadı İraqdakı seçki prosesinə müdaxilə etməkdə günahlandırması (?!) heç də təəjjüblü deyil. Baş nazirin koalisiyası bəyan edib ki, bu müdaxilədə məqsəd "Qanun dövləti" blokunu hökumətin formalaşdırılması prosesindən uzaqlaşdırmaqdır.
Seçkinin nəticələri göstərib ki, əl-Malikinin bloku Bağdad, Bəsrə, həmçinin, ölkənin cənub və mərkəzindəki şiə əyalətlərində üstünlük qazanıb. Sünni əyalətlərində isə o, heç ilk üçlüyə belə, düşə bilməyib. Həmin bölgələrdə liderliyi qazanan "Əl-İrakiyyə" isə 6 şiə əyalətində də ilk üçlükdə qərarlaşmağı bacarıb.
Nəticədə, Baş nazir Nuri əl-Maliki ilə prezident Cəlal Tələbani səslərin hesablanması zamanı saxtakarlığa yol verildiyini bəyan ediblər. Onların tələblərinə görə, bütünlükdə ölkə ərazisində səslər yenidən sayılmalıdır. Həm Baş nazir, həm də prezident hesab edir ki, seçki komissiyası "ölkədə siyasi sabitliyin qorunması, təhlükəsizliyə zərbənin vurulmaması üçün bu tələblərə əməl etməlidir".
Ali Müstəqil Seçki Komissiyasının (AMSK) sədri Fərəc əl-Heydəri isə bildirib ki, əl-Malikinin tələbinin yerinə yetirilməsi mümkün deyil. "Əgər kimsə hansısa yanlışlıqların olduğundan şübhələnirsə, bütünlükdə seçki prosesindən danışmaqdansa, konkret seçki dairələrini göstərsin", - deyə əl-Heydəri bildirib.
Maraqlıdır, hələ opponentinin uğurundan xəbərsiz olarkən, əl-Maliki fərqli tonda danışırdı. Seçki günü o, televiziya ilə çıxışında seçki prosesində qanun pozuntularının çox cüzi olduğunu bildirmişdi.
Seçkinin nətijələrinə əsasən, üçüncü yeri İraq Milli Alyansı (şiə partiyaların alyansı) tutub. Buraya 6 dini şiə partiyası daxildir. Onların arasında radikal şiə imamı Müqtəda əs-Sədrin tərəfdarları da var.
"Kürdüstan" blokunda birləşmiş 2 aparıcı kürd partiyası da parlamentə düşməyi bacarıb və güman ki, parlamentdə, təxminən, 38 yerə iddia edə bilərlər. Bunun ötən seçki ilə müqayisədə daha zəif göstərici olduğunu nəzərə alsaq, kürd Cəlal Tələbaninin səslərin yenidən hesablanması tələbini dəstəkləməsi başa düşüləndir. Amma yəqin ki, kürdlər öz sözlərini bir qədər sonra - koalisiya və hökumətin formalaşdırıldığı zaman deyəcəklər. Güman ki, onlar hər hansı razılaşma müqabilində müəyyən güzəştlər tələb edəjək.
Bir çox müşahidəçilər hesab edir ki, 325 yerdən ibarət İraq parlamentində koalisiyanın formalaşdırılması heç də asan olmayacaq. Odur ki, qalib digər partiyalarla razılığa gəlməlidir və bu, aylarla vaxt apara bilər.
Amma bir məsələ tam aydındır - hadisələrin hansı istiqamətdə inkişaf edəjəyindən asılı olmayaraq, İraq hökumətinə yeni şəxs rəhbərlik edəjək. Görünür, çoxlarının şiələrin lideri kimi qəbul etdikləri əl-Maliki, indi hətta şiələrə də sərf etmir. Sərt idarəçiliyin tərəfdarı olan hazırkı baş nazirin əməllərində diktatura işartıları görünür. Və təbii ki, bu çoxlarının xoşuna gəlmir. Amma əl-Malikinin tərəfdarlarını narazı salan əsas məqam, hökumətin iqtisadi sahədəki fəaliyyətidir. Təhlükəsizlik məsələlərinə gəlinjə, bu haqda hələ ki danışmağa belə dəyməz. Hətta seçki günü də təhlükəsizlik tədbirlərinin güjləndirilməsinə baxmayaraq, Bağdadda bir neçə terror aktı törədilib. Nətijədə, 38 nəfər həlak olub, onlarja iraqlı yaralanıb.
Daha bir maraqlı məqam: Alaui ilə yanaşı, Müqtəda əs-Sədr də əl-Malikinin səslərinin bir hissəsini ala bilib. Yəni mötədil şiələr Alauiyə, radikal düşüncəlilər isə əs-Sədr tərəfə meyillənib. Əs-Sədrin özü də vaxtilə "Mehdi Ordusu" yaraqlılarının "sakitləşdirilməsi" istiqamətində xeyli iş görmüş əl-Maliki üçün heç də əldən-ayaqdan getmir.
Əl-Malikinin mümkün xələfi kimi isə (bu haqda "Əş-Şark əl-Əvsat" qəzeti yazıb) 40 yaşlı Məhəmməd Cəfər Bəkir əs-Sədrin adı çəkilir. O, İslam Çağırışı Partiyasının ("Əd-Daava") yaradıcısı və dini rəhbəri, Müqtəda əs-Sədrin isə əmisi oğludur.
Nuri əl-Malikinin rəhbərlik etdiyi "Əd-Daava" "Qanun dövləti" blokunun əsasını təşkil edir. Bu bloka daxil olan partiyalar isə çətin ki, parlament seçkisinin nəticəsindən razı qalsınlar.
Amma bütün bunlarla yanaşı, çox güman ki, İraqın Baş naziri postunu ölkənin bütün siyasi bloklarını razı salacaq neytral şəxs tutacaq. Yeni koalisiyanın formalaşdırılajağı dövrdə isə ölkəni yeni zorakılıq dalğasının bürüyə biləjəyinə dair narahatlıqlar var. Bu, amerikalıların İraqda əldə etdikləri bütün nailiyyətlərin üzərindən xətt çəkə bilər. Hadisələrin bu cür inkişaf edəcəyi təqdirdə, dini zəmində yeni qarşıdurmaların baş qaldırajağını, "Əl-Qaidə"nin İraq qanadının isə güclənəcəyini istisna etmək olmaz.
Bütün bunlar amerikalıların gedişindən sonra İraqı nələrin gözlədiyini yenidən ön plana çıxarır. Məsələn, "The American Conservative" bildirir ki, "Bu gün Vaşinqtonda Obama administrasiyasını İraq planını dəyişməyə, 2011-ci ilin sonuna qoşunların bu ölkədən tam çıxarılması haqda qərardan imtinaya çağıranların sayı getdikjə artmaqdadır".
"Artıq ABŞ-ın İraqdakı qoşunlarının komandanı general Rey Odyernonun "B planı" haqda danışmağa başlaması haqda məlumatlar var. Bu plan avqustun sonunadək İraqdan kontingentin döyüşkən hissəsinin çıxarılması haqda qərardan imtinanı nəzərdə tutur. General ehtiyat edir ki, bu halda İraqda siyasi qeyri-sabitlik və zorakılıq arta bilər", - deyə məqalədə bildirilir.
İraqda situasiyanın "jiddi şəkildə pisləşəcəyi təqdirdə" ABŞ qoşunlarının buradan çıxarılması prosesinin ləngidilə biləjəyinə Pentaqon rəhbəri Robert Geyts də işarə vurub. Vitse-prezident Co Bayden isə, deyəsən, artıq indidən bu barədə xəbəri amerikalılara və dünya birliyinə hansı formada çatdırmaq barədə baş sındırır.
"The Wall Street Journal" öz növbəsində yazır ki, "ABŞ 2011-ji ildən sonra İraqla uzunmüddətli hərbi tərəfdaşlıq məsələsinə dair diskussiyalara başlamalıdır. Çünki həmin vaxt da İraq müstəqil şəkildə öz təhlükəsizliyini təmin etməyə qadir olmayacaq".
Odur ki, ABŞ üçün İran epopeyasının hələ çox uzanacağını düşünmək olar.
Məsələn, Robert Geyts Amerikanın İraqda apardığı hərbi əməliyyatların adının dəyişdirilməsinə qərar verib. 2010-cu il sentyabrın 1-dən etirabən, indiyədək "İraq azadlığı" adlandırılan əməliyyat "Yeni şəfəq" adlanajaq. Pentaqon rəhbərinin sözlərinə görə, əməliyyatın adının dəyişdirilməsi İraqdakı ABŞ kontingentinin hədəfləri və məqsədlərində ciddi korrektə edildiyini göstərməlidir.
Bununla yanaşı, amerikalıların İraqda - oradakı karbohidrogenlərə nəzarət üçün qalacağını söyləmək olar. Amma digər tərəfdən, hazırkı mərhələdə iraqlıları yeni, genişmiqyaslı zorakılıq dalğasından qoruya biləcək yeganə qüvvə də yalnız ABŞ qoşunlarıdır. Üstəlik, Vaşinqton özü bu rolu üzərinə götürüb. Və hələlik onun bu Yaxın Şərq ölkəsində apardığı müharibəyə çəkdiyi xərclər bütün digər iqtisadi və geosiyasi gəlirləri üstələyir.
Yeri gəlmişkən, nə qədər paradoksal səslənsə də, düşünmək olar ki, İraqda baş verənlər orada "yenilənmiş" Səddam Hüseynin - yeni, amma tam nəzarətdə saxlanılan diktatorun peyda olmasına aparıb çıxara bilər. Ekspertlər tez-tez xatırladır ki, Səddam Hüseyn ölkənin dini və etnik müharibələrə yuvarlanmasının qarşısını ala bilirdi (bu zaman onun təbiq etdiyi metod və vasitələr isə nədənsə, "yada düşmür"). Üstəlik, S. Hüseyn müəyyən dövr ərzində, Ağ evlə də ümumi dil tapmağı bacarırdı. Xüsusilə İran İslam İnqilabından sonra.
Bütün bunların fonunda bir müsbət məqam var: İraqda siyasi proseslər inkişaf edir və tezliklə bu ölkənin parçalanacağını söyləyənlərin proqnozları təsdiqlənmir.
Hər halda, hələ ki "yeni şəfəq"ə ümidlər qalır.
MƏSLƏHƏT GÖR:







570

