5 Dekabr 2025

Cümə, 23:10

MÜTTƏFİQ GÜNAHKAR OLANDA

ABŞ Israildən çətin, lakin zəruri seçim tələb edir

Müəllif:

01.04.2010

Yaxın Şərq böhranının kulminasiya nöqtəsinə çatdığını söyləmək olar. İsrail hökumətinin Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələri tikmək qərarı Yaxın Şərq münaqişəsinin həlli üçün sülh danışıqlarının bərpasını, demək olar ki, mümkünsüz edib.

Hərçənd ki, mart ayı Yaxın Şərq münaqişəsinin həlli prosesi üçün ümidverici başlamışdı. Ayın əvvəlində ABŞ-ın vitse-prezidenti Cozef Bayden regiona səfər etdi. O, Fələstin və İsrail tərəfi ilə apardığı danışıqlardan sonra tərəflər arasında danışıqların bərpa olunduğunu açıqladı. Xatırladaq ki, tərəflər danışıqları İsrailin 2008-ci ilin sonu, 2009-cu ilin əvvəlində Qəzzada keçirdiyi hərbi əməliyyatdan sonra dayandırmışdı.

Amma Baydenin danışıqların bərpasına dair bəyanatına baxmayaraq, İsrailin Qüdsün şimal-şərqində yerləşən Ramat-Şlomo məhəlləsində 1600 ev tikmək qərarı, sülh prosesini yenidən pozub. Qeyd edək ki, Təl-Əvivin yaşayış məntəqəsi tikmək istədiyi bu ərazi Fələstin ərazisi sayılır. Üstəlik, Təl-Əvivin bu qərarı hələ Bayden İsraildə səfərdə olan zaman açıqlandı...

Fələstinin bu açıqlamaya reaksiyası isə göstərdi ki, hələlik sülh danışıqlarından söhbət belə gedə bilməz. Bundansonrakı hadisələr artıq Yaxın Şərq münaqişəsi üçün ənənəvi sxemlə inkişaf etdi. Fələstinlilər İsrailin cənubuna reaktiv mərmilər atdı, İsrail Hərbi Hava Qüvvələri isə Qəzza zolağına raket zərbələri endirdi. 

Və bu dəfə də tələfatsız keçinmək mümkün olmadı.

Dünya ictimaiyyəti Yaxın Şərq münaqişəsində yaranmış növbəti gərginliyi sərt şəkildə tənqid edib. Əsas məsuliyyət isə İsrailin üzərinə qoyulub. Təl-Əvivin siyasi qərarı, hətta, onun ən yaxın müttəfiqi olan Birləşmiş Ştatları da özündən çıxarıb. Məsələ o həddə çatıb ki, ABŞ-ın dövlət katibi Hillari Klinton ABŞ - İsrail ikitərəfli münasibətlərinin taleyindən narahatlığını ifadə edib. ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Devid Petreus da ciddi bəyanatla çıxış edib. Təl-Əvivin əməlindən hiddətini dilə gətirən general bildirib ki, Yaxın Şərq münaqişəsi ABŞ üçün bu regionda problemlər yaradır, ABŞ-ın Asiyadakı hərbçiləri üçün  təhlükəni daha da artırır.

Vaşinqtonun İsrailin siyasətini tənqid etməsi iki ənənəvi müttəfiqin münasibətlərində böhranın yarandığını söyləməyə əsas verib. Doğrudur, ABŞ prezidenti Barak Obama dərhal Vaşinqton - Təl-Əviv dostluğunun möhkəmliyi haqda danışıb, istənilən dostlar arasında fikir ayrılığının mümkünlüyünü bəyan edib. Amma iki müttəfiq arasındakı budəfəki fikir ayrılığının daha ciddi olduğunu İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfərinin nəticələri də  təsdiqləyib. Vaşinqton Yaxın Şərq münaqişəsinin həllinə dair irəli sürdüyü planın reallaşdırılmasında israrlı olduğunu göstərib. Bu plan isə yaxın zamanlarda Fələstin dövlətinin yaradılmasını və İsrailin təhlükəsizliyini, ilk növbədə, ərəb dövlətləri ilə münasibətlərin yaxşılaşdırılması vasitəsilə təminini nəzərdə tutur. İsrailin bu planın icrasına imkan verməməsi isə Vaşinqtonu hiddətləndirir. O, hesab edir ki, Təl-Əviv gələcək Fələstin dövlətinin ərazisi sayılacaq torpaqlarda yəhudi yaşayış məntəqələri tikməklə, sülh planının icrasına əngəl yaradır. 

Qeyd edək ki, beynəlxalq ictimaiyyət də bu məsələdə eyni cür düşünür. Bu səbəbdən, Amerika İsraili Qüdsün yekun statusunun yalnız danışıqlar vasitəsilə həll edilməli olduğuna inandırmağa çalışır. Amma Şərqi Qüdsdə yəhudilərin tikinti apardığı şəraitdə bu danışıqların bərpası mümkün deyil.

Netanyahunun Vaşinqton səfərinə qayıdaraq qeyd edək ki, onun ABŞ-da Obama ilə görüşünə yarım saat qalmış Ağ ev İsraildən daha bir yaşayış məntəqəsi planına dair izahat tələb edib. Söhbət Şərqi Qüdsdə yerləşən Şeyx-Carrah rayonunda 20 yeni mənzilin tikintisini nəzərdə tutan plandan gedir.

Obama ilə Netanyahu arasında keçirilən görüşdən sonra isə ABŞ Dövlət Departamenti çox qısa açıqlama ilə kifayətlənib. Obama Netanyahuya ABŞ-la İsrail arasında inamın möhkəmlənməsi üçün konkret addımları nəzərdən keçirməyi təklif edib.

Bu məsələ ilə bağlı ABŞ-ın mövqeyi daha geniş formada Hillari Klinton tərəfindən açıqlanıb. Vaşinqtonda keçirilən Amerika - İsrail ictimai əlaqələr komitəsinin toplantısında o, bir daha tərəfləri münaqişəni "iki xalq üçün iki dövlət" prinsipi əsasında həll etməyə çağırıb. Dövlət katibi bildirib ki, "Şərqi Qüdsdə yeni tikinti işlərinin aparılması dialoqun qurulması səylərini zəiflədir; bu isə danışıqların tammiqyaslı bərpası üçün ilk addım olmalıdır". Klinton əmindir ki, İsrail fələstinlilərlə sülh istəyirsə, çətin, lakin zəruri qərar verməlidir.

Netanyahunun isə elə həmin konfransdakı çıxışı İsrailin bir qədər fərqli düşüncədə olduğunu göstərib. Hər halda, İsrail hökumətinin başçısı Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin genişləndirilməsi planından imtina etmək fikrində olmadıqlarını göstərib: "Yəhudi xalqı Qüdsü 3000 il əvvəl qurub və bu gün də qurur. Qüds yaşayış məntəqəsi deyil. Bu bizim paytaxtımızdır".

Bir sözlə, İsrail 1967-ci il müharibəsi zamanı, işğal edilmiş ərəb rayonları da daxil olmaqla, Qüdsü özünün "yeganə və bölünməz" paytaxtı sayır. Beynəlxalq hüquqda isə Şərqi Qüds də İordan çayının qərb sahili kimi, işğal olunmuş ərazi hesab olunur və onların statusu münaqişə tərəfləri arasında aparılan danışıqlar vasitəsilə müəyyənləşdirilməlidir. Bu səbəbdən də dünya ictimaiyyəti Təl-Əvivi statusu müəyyənləşməmiş ərazilərdə yaşayış məntəqələri tikdiyi üçün beynəlxalq hüquq normalarını pozmaqda günahlandırır. 

Artıq bu pozuntu ilə uzun illərdir beynəlxalq strukturlarda İsrailin əleyhinə qərarların qəbuluna imkan verməyən Birləşmiş Ştatlar da barışa bilmir. Nəticədə, İsrail, faktiki paytaxtı, Qüdsü dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan yeganə dövlətdir.

Doğrudur, İsrail rəhbərliyi Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin administrasiyası ilə birbaşa danışıqlara hazır olduğunu bildirir. Lakin ona danışıqlar masasına hər hansı ilkin şərt irəli sürmədən əyləşməsi təklif olunur. Fələstinin əsas tələblərindən biri isə İsrailin qeyri-qanuni yaşayış məntəqələri tikintisindən imtinasıdır. Nəticədə elə vəziyyət yaranıb ki, dalandan çıxmağın yeganə yolu, H.Klintonun da dediyi kimi, İsrailin "çətin, lakin zəruri qərar" verməsidir.

İsraili bu "çətin" seçimi etməyə "Yaxın Şərq dördlüyü"nün digər üzvləri - BMT, Avropa İttifaqı və Rusiya da çağırır. "Dördlük" Moskvada səsləndirdiyi son bəyanatında İsraillə Fələstini dərhal birbaşa danışıqları bərpa etməyə çağırıb. Bununla yanaşı, vasitəçilər Fələstin dövlətinin maksimum 2 ilə elan edilməsində qərarlı olduqlarını da bildiriblər.

Beynəlxalq vasitəçilər birbaşa və ya dolayı yolla bildirirlər ki, Yaxın Şərq münaqişəsinin uzanması, ilk növbədə, İsrailin öz maraqlarına ziddir. Fələstinlə sülh danışıqları inkişaf etmədən müsəlman dünyasında getdikcə qızışan antiisrail əhvalının qarşısını almaq mümkün deyil. Misal kimi, bu günlərdə Səudiyyə Ərəbistanının səsləndirdiyi sərt bəyanatı göstərmək olar. "Ər-Riyad dördlüyü" İsraildən "beynəlxalq hüququn pozulması və dünya ictimaiyyətinin çağırışlarına etinasızlıqla bağlı" hesabat tələb etməyə çağırıb. Səudiyyə Ərəbistanı İsrail hökumətini "Qüdsdə ərəb və müsəlmanların hüquqlarını kobud şəkildə pozmaqda" günahlandırıb. Bu səbəbdən də o, dünya ictimaiyyətinin Təl-Əvivə təzyiq göstərməsini vacib sayır. Bəyanatda bildirilir ki, dünya ictimaiyyəti İsraili "sülh prosesinə mane olan birtərəfli addımlardan çəkinməyə məcbur etməlidir".

Hər halda, qlobal təhlükəsizliyə problem olan ərəb - İsrail münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət yekdil rəyə malikdir. Söhbət bu münaqişənin yaratdığı sivilizasiyalararası qarşıdurmadan gedir - bu, bütünlükdə bəşəriyyətin gələcəyini təhlükə altına qoyur.

Barak Obamanın İsraillə aralarında fikir ayrılığının olduğunu etiraf etməsi, həmçinin, general Petreusun səs-küylü bəyanatı sübut edir ki, belə qaranlıq perspektiv özünü beynəlxalq təhlükəsizlikdə aparıcı qüvvə sayan ABŞ-ın maraqlarına cavab vermir. Axı bu, müsəlman Şərqində yalnız antiisrail deyil, həm də antiamerika əhvalının güclənməsinə səbəb olur. Səbəb isə sadədir: İsrailin əsas müttəfiqi və təhlükəsizliyinin qarantı kimi məhz Vaşinqton çıxış edir.

Onu da qeyd edək ki, ABŞ-ın bu yarımrəsmi statusu Birləşmiş Ştatların yeni administrasiyasının qarşıya qoyduğu hədəflərə o qədər də uyğun gəlmir. Axı Vaşinqton beynəlxalq imicini yaxşılaşdırmağa, müsəlman dünyası ilə yaxşı münasibətlər qurmağa çalışır.

Odur ki, iki strateji məqsəd - İsrailin müdafiəsi və müsəlman dünyası ilə dostluq arasında qalmış Vaşinqton, müttəfiqinə təsir göstərmək qərarına gəlib. Və bu, qətiyyən, təəccüblü deyil: yaranmış vəziyyətdə dost olmayanlara təzyiq göstərməyin heç bir mənası yoxdur, çünki buna cavab olaraq, münaqişənin genişlənməsinə görə bütün ittihamlar məhz sənə qarşı yönələcək...



MƏSLƏHƏT GÖR:

589