"QANLI" BAZAR ERTƏSİ
Rusiya paytaxtında terror aktları: birdəfəlik qisas aksiyası, yoxsa yeni terror dalğasının başlanğıcı?
Müəllif: Ramin ABDULLAYEV Bakı
Martın 29-da kamikadze qadınlar Moskva metropolitenində 2 partlayış törədib. Nəticədə, ən azı 39 nəfər ölub, 70-dən artıq insan yaralanıb. Rusiya KİV-in məlumatına görə, hüquq-mühafizə orqanlarında nəqliyyat vasitələrində yeni aktlarının törədilə biləcəyinə dair məlumatlar var imiş. Şahidlərə istinadən xəbər verilir ki, metroda törədilmiş partlayışdan bir qədər əvvəl metropoliten milisi kütləvi şəkildə sərnişinlərin sənədlərini yoxlamağa başlayıb. Lakin buna baxmayaraq, nümayişkaranə şəkildə qara geyimdə olan kamikadze qadınlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mərkəzi ofisi yaxınlığında yerləşən "Lubyanka" stansiyasına gedib çıxa bilib. Versiyalardan birinə görə, terror məhz bu qurumun xüsusi əməliyyatlardan birinə "cavab"dır.
İlk partlayış yerli vaxtla səhər saat 7:56-da "Qırmızı ox" qatarında törədilib. "Lubyanka" stansiyasında maşinist qatarın qapılarını açan zaman vaqonda olan qadın özünü partladıb. Həmin vaxt kamikadzenin yanında olan və platformaya çıxmış 20 nəfər yerindəcə həlak olub. Partlayışın dalğası o qədər güclü olub ki, kamikadzenin yanında dayanmış və oturmuş şəxslərin başları bədənlərindən ayrılıb. Digərlərini isə qəlpələr yaralayıb.
İstintaq müəyyənləşdirib ki, ilk terror zamanı ikinci kamikadze artıq digər stansiyaya çatırmış. Partlayışdan dərhal sonra xətdə olan bütün qatarların hərəkəti "texniki səbəb"lərdən dayandırılıb. Bir qədər sonra isə qatarlar asta sürətlə yaxınlıqdakı stansiyalara doğru hərəkətə başlayıb. Məqsəd insanları tunellərdən və ümumiyyətlə, metrodan çıxarmaq olub. Saat 3:39-da qatarlardan biri "Park kulturı" stansiyasına çatıb. Maşinist qapıları açaraq, sərnişinlərdən vaqonları tərk etmələrini istəyib və bu zaman ikinci "canlı bomba" işə düşüb. Partlayışın gücü 1,5 kiloqram trotil ekvivalentində olub.
Güc strukturları partlayışların məhz kamikadzelər tərəfindən törədildiyinə əmindirlər. İstintaqçılardan birinin sözlərinə görə, onlar kamikadzenin bədən hissələrini sanki mozaika kimi hissə-hissə toplamalı olublar.
"Qafqaz izi" versiyası isə terror aktının təşkilatçılığı və həyata keçirilməsinə dair hər hansı dolayı dəlilin əldə edilməsindən əvvəl meydana çıxıb. Nəzərə alsaq ki, "Qafqaz əmiri" Doku Umarov son zamanlar Şimali Qafqaz regionundan kənarda terror aktlarının hazırlandığını bəyan edib, bu təbiidir. "Ruslar düşünür ki, müharibə haradasa uzaq Qafqazda gedir və bunun onlara aidiyyəti yoxdur. Biz müharibəni onların evlərinə daşımaqla, bunun belə olmadığını sübut etməyə hazırlaşırıq", - deyə Umarov bildirib.
Gözlənildiyi kimi, terror aktları dərhal Rusiyada Qafqaz milləti və müsəlmanlara qarşı əhval-ruhiyyənin artmasına səbəb olub. Bunun ilk nəticəsi partlayışlardan bir qədər sonra elə Moskva metrosunda iki müsəlman qadının döyülməsində özünü göstərib.
Digər tərəfdən, Qərb və Rusiya ekspertləri hesab edir ki, terrorçuların yaratdığı vahimə Rusiyanın sərt üsul və qanunlarla, hər hansı demokratik "ifratçılıq" olmadan idarə edilməsinin vacibliyini yenidən gündəmə gətirəcək.
Rusiyanın müxalif mətbuatı isə partlayışların hökumətin ictimai nəzarəti gücləndirilməsi üçün vasitə ola biləcəyini istisna etmir. Müxalifət KİV hesab edir ki, bu yolla, məsələn, vətəndaşlar haqda bütün mümkün məlumatların, hətta barmaq izləri və genetik məlumatların toplanması mümkündür. Onlar xüsusilə son aylarda müxalifət partiyaları tərəfindən təşkil olunan etiraz aksiyalarına ictimaiyyətin daha çox maraq göstərməsi fonunda bu versiyanı inandırıcı sayır.
Bu versiyanın tərəfdarları bildirir ki, Kreml demokratik islahatların pozulması və hakimiyyətin möhkəmləndirilməsi üçün dəfələrlə terror təhlükəsindən istifadə edib. "Məsələn, Vladimir Putin vaxtilə məhz bu məqsədlə regionlarda qubernator seçkilərinə dair qanunu ləğv edib", - deyə "Washington Post" yazır.
Qərb mətbuatı Moskvada baş vermiş partlayışları "Medvedevə birbaşa çağırış" kimi də qiymətləndirib: "İndi Medvedevə sələfi Vladimir Putinin 1999-cu ildə Çeçenistanda separatizmə qarşı apardığı rəhmsiz müharibəni təkrarlaması üçün təzyiqlər olunacaq".
"The Times" yazır ki, Rusiyanın sabiq prezidenti Vladimir Putin tərəfindən terror mübarizəsinin "çeçenləşdirilməsi" taktikasının seçilməsi və onun aparılmasının Çeçenistan prezidenti Ramzan Kadırova həvalə olunması müəyyən nəticələr verib. Lakin bu, qonşu Dağıstanda və İnquşetiyada müqavimətçilərin birləşməsinə də səbəb olub. Bundan başqa, Dmitri Medvedevin Abxaziya və Güney Osetiyanın müstəqilliyini tanıması da separatçıların fəallaşmasına təsir göstərib.
"New York Times" isə hesab edir ki, Putin son terror aktlarına əvvəlki üsulda cavab verəcək. Qəzet xatırladır ki, 2004-cü ildə Rusiya şəhərlərində qanlı terror aktları dalğasının ardınca Putin hakimiyyət strukturlarında dramatik yenidənqurma işləri aparıb və bunu terrorla mübarizə sahəsində birləşməyin vacibliyi ilə əsaslandırıb.
Bütün bunlarla yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da tənqiddən yaxa qurtara bilməyib. Məsələn, "Moskovski komsomolets" hüquq-mühafizə orqanlarının əvvəlki hadisələrdən heç bir ibrət dərsi götürmədiyini yazır. Qəzet bildirir ki, hərbi əməliyyatların gedişi haqda verilən geniş məlumatlara, generalların əmin etmələrinə baxmayaraq, Rusiyanın xüsusi xidmət orqanları ictimaiyyəti terrorçulardan qorumaq iqtidarında deyil. Partlayışlardan birinin məhz hər kəsə yaxşı tanış olan "Lubyanka" stansiyasında, üstəlik, DİN-də miqyaslı islahatların aparıldığı vaxt baş verməsi təsadüf deyil. "Paqonlu insanlar korrupsiya və intriqalara o qədər qurşanıb ki, onların əsas işləri ilə məşğul olmağa vaxtları yoxdur", - deyə qəzet bildirir.
Son terror aktlarında bəzi ekspertlər Soçidə keçiriləcək Olimpiadaya, həmçinin, Rusiya rəhbərliyinin digər nəhəng beynəlxalq layihələrinə təhlükə görür. "Moskvada baş vermiş partlayışlar Rusiya rəhbərliyinin reallaşdırmaq istədiyi meqalayihələri şübhə altına salır. Söhbət, ilk növbədə, Soçidə keçirilməsi nəzərdə tutulmuş Olimpiadadan gedir", - deyə ekspert Vadim Muxanov "Rosbalt"a açıqlamasında bildirib.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, həm Rusiyada, həm də ondan kənarda analitiklərin və KİV-in əksəriyyəti xarici işlər naziri Sergey Lavrovun son partlayışlarla bağlı səsləndirdiyi versiyanı dəstəkləmir. Qeyd edək ki, Lavrov baş verənlərdə "xarici qüvvələrin əli"ndən danışıb. "Yejednevni jurnal" isə hesab edir ki, bu tipli terrorlar Rusiyaya "Əl-Qaidə" və ya digər beynəlxalq terror təşkilatı tərəfindən gətirilmir, qadın kamikadze ilə terror isə ilk dəfə heç də Fələstində yox, 2000-ci ilin iyununda Çeçenistanda baş verib. Söhbət 11 il əvvəl iki çeçen qadının Alxan-Yurtdakı bazanı partlatmasından gedir: "Bu hadisələrin yerli kökləri var və xüsusi xidmət orqanları qadın kamikadzelərin nə vaxtsa paytaxta yenidən qayıdacaqlarını dərk etməlidir".
Bütün bunlarla yanaşı, Rusiyanın əksər jurnalistləri və siyasətçiləri hesab edir ki, baş verən son hadisələr ölkədə terrorla mübarizəyə yanaşmada dəyişikliyə səbəb olmayacaq. Onların fikrincə, metroda törədilmiş partlayışlar hakimiyyətdə yox, xalq arasında ümumi şüura təsir edir, həyəcan yaradır və fobiyanın güclənməsinə təkan verir.
Moskva metrosunda baş verənlərlə əlaqədar olaraq, Rusiya Prezidenti Dmitri Medvedev Rusiya Cinayət Məcəlləsində terrorla bağlı maddələrin sərtləşdiriləcəyini istisna etməyib.
MƏSLƏHƏT GÖR:




543

