VAXT YEREVANI SIXIR
Azərbaycan Madrid prinsiplərinə Ermənistandan cavab gözləyir
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqlar prosesi həlledici mərhələyə qədəm qoyub. Xatırladaq ki, 6 il əvvəl danışıqların Praqada başlanmış raundunda vasitəçilər "mərhələli" və "paket" variantlarının müsbət məqamlarını birləşdirmək təklifi ilə çıxış etmişdilər və bununla da Madrid prinsipləri meydana çıxmışdı.
2007-ci ildə bu prisiplərdən ibarət layihə tərəflərin müzakirəsinə verilib və artıq bir neçə ildir onların ətrafında dialoq aparılır.
Fikir ayrılıqlarının aradan qaldırılmasına və münaqişə tərəflərinin mövqeyində yaxınlaşmaya cəhdlər iki ölkə prezidentləri, həmçinin, xarici işlər nazirlərinin çoxsaylı görüşlərində davam etdirilib. Eyni istiqamətdə işlər Minsk qrupu həmsədrlərinin regiona səfərləri zamanı da davam etdirilir. Nəticədə, Madrid prinsiplərinin yenilənmiş variantı ötən ilin sonlarında Azərbaycana, bu ilin əvvəllərində isə Ermənistana təqdim olunub. Onun əsasını ATƏT-in baza prinsiplərinin reallaşdırılması təşkil edir: ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, həmçinin, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi.
Beynəlxalq ictimaiyyət də "G8"in Akvildə keçirilmiş sammiti zamanı ABŞ, Rusiya və Fransa prezidentlərinin simasında Bakı ilə Yerevanı razılaşdırılmamış məqamlarla bağlı da fikir ayrılıqlarını aradan qaldırmağa, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Madrid prinsipləri əsasında birgə razılaşma üzərində işləri yekunlaşdırmağa çağırmışdı. ATƏT XİNŞ-in ötən ilin yayında Afinada qəbul etdiyi bəyanatında da analoji çağırış və dəstək yer almışdı.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Madrid prinsiplərinin məzmunu haqda danışarkən bildirib ki, münaqişənin həlli prosesinin ilk mərhələsində Ermənistan silahlı qüvvələri işğal altındakı 5 rayon və Laçının 13 kəndini boşaltmalıdır. Bundan sonra erməni tərəfinin kommunikasiyaları bərpası nəzərdə tutulur. Yollar isə erməni qüvvələrinin Laçın və Kəlbəcərdən çıxarılmasından sonra açılacaq. Növbəti mərhələdə azərbaycanlı qaçqınların öz torpaqlarına qaytarılması və bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlanması nəzərdə tutulub.
E. Məmmədyarov bildirib ki, Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantına müəyyən düzəlişlər edilməsinə razılıq verib. Müəyyən düzəlişlərin vurğulanması isə lazım gələcəyi təqdirdə, danışıqlarda mövqelərin uzlaşdırılması məqsədini güdən taktiki gediş ola bilər. Başqa sözlə, Azərbaycan tərəfi, sadəcə, Ermənistanın hansısa tələblər irəli sürəcəyi təqdirdə, əks tələblərə malik olmaq üçün ehtiyat görür.
Azərbaycan Prezidenti İlham Əliyev də Bakının Madrid prinsiplərini qəbul etdiyini açıq şəkildə söyləyib.
"Danışıqların əsas hissəsi başa çatıb. İrəli sürülmüş təkliflər, cüzi istisnalar olmaqla, ümumilikdə Azərbaycanın maraqlarını, ərazi bütövlüyünü, bütün işğal altındakı torpaqların geri qaytarılmasını təmin edir. Beləliklə, hesab edirik ki, qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif olunan variantla razılaşarsa, biz münaqişənin həlli istiqamətində daha sürətlə irəliləyə bilərik", - deyə İ.Əliyev Novruz Bayramı münasibətilə xalq qarşısında etdiyi çıxışında bildirib.
Azərbaycanın məsələylə bağlı mövqeyi kifayət qədər aydın şəkildə ortaya qoyulduğu halda, Ermənistan haqda eyni fikri söyləmək hələ ki çətindir. Martın ortalarında Minsk qrupunun həmsədrləri Madrid prinsiplərinin yenilənmiş variantına Yerevanın münasibətini öyrənmək məqsədilə Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir araya gəliblər. Lakin Yerevandan dəqiq cavabın gözlənildiyi bir məqamda Ermənistan özünü elə aparır ki, sanki adi işçi proses gedir. O, suallara nə "hə", nə də "yox" cavabını verir, düzəlişlər, yersiz təşəbbüslərlə məsələni "batırmağa" çalışır.
E. Nalbandyan Madrid prinsiplərinin danışıqlar masası üzərində olduğunu və bu prinsiplər əsasında müzakirələrin davam etdirildiyini söyləyib: "Biz danışıqları Madrid prinsipləri əsasında davam etdiririk. Minsk qrupunun həmsədrləri bütün bu proses boyunca işçi təkliflərlə çıxış edib və indi də onlar belə təkliflər irəli sürür". Nalbandyan onu da bildirib ki, Ermənistan Madrid prinsiplərinin hələ 2007-ci ildə irəli sürülmüş ilk variantı ilə razılaşsa da, guya o zaman Bakı bunu qəbul etməmişdi. Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, Yerevan Madrid prinsiplərinin hazırkı yenilənmiş variantı ilə razı deyil, sadəcə, onu açıq şəkildə rədd etməkdən çəkinir.
Hiss edilir ki, Azərbaycanın Minsk qrupunun son təklifləri ilə razılaşması Ermənistan üçün gözlənilməz olub. Əvvəllər Azərbaycanın prinsipial tələblər irəli sürdüyünü bilən ermənilər saxta konstruktivlik nümayiş etdirirdisə, indi Bakının təkliflərə "hə" deməsi Yerevanın vurnuxmasına səbəb olub. 1998-ci ildə Levon Ter-Petrosyanı kompromislərə hazır olduğu üçün devirmiş Sarqsyan (Köçəryanla birlikdə) Azərbaycana qarşı ərazi iddialarından imtina edə bilmir. Bununla yanaşı, Ermənistan hakimiyyəti anlayır ki, Minsk qrupunun dünyanın aparıcı dövlətləri tərəfindən də dəstəklənən təkliflərindən imtina edilməsi, onsuz da iqtisadi baxımdan çətin vəziyyətdə olan və maliyyə yardımına ehtiyac duyan Yerevan üçün ağır nəticələr verə bilər. Bu səbəbdən də ermənilər "1915-ci il soyqırımı"nın tanınması prosesinin reanimasiyası vasitəsilə ona mərhəmət göstərilməsinə çalışır, digər yandan isə dünya KİV-də müxtəlif təbliğat aksiyaları təşkil edirlər.
Buna son misal kimi, S. Sarqyanın "Euronews" telekanalına müsahibəsini göstərmək olar. Bu müsahibədə Ermənistan prezidenti Azərbaycanı güc tətbiq etməmək haqda razılaşmaya imza atmağa çağırıb. O, hesab edir ki, məhz bu, "Ermənistanda və Qarabağda Bakıya inamın yaranmasının əsasını qoyacaq, insanları Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməyə çalışdığına inandıracaq".
Şübhəsiz, Sarqsyan bu cür primitiv demaqoq addım atarkən, heç də müsbət cavab alacağına ümid etmir. Ermənilər üçün vacib olanı yalançı "sülhsevərlilik"lərini nümayiş etdirməkdir. Axı geniş ictimaiyyət Madrid prinsiplərinin yenilənmiş variantında elə həmin güc tətbiq etməmək haqda öhdəliyin, digər təhlükəsizlik addımlarının atılması, həmçinin, ordunun geri çəkilməsi və s. yer aldığını bilmir. Ermənilər isə bu məsələlərə dəqiq və aydın cavab vermək əvəzinə, əslində, özlərinə sərf edən formada yeni danışıqlara başlanmasını təklif edir.
Ermənistan bu demaqogiyasına Azərbaycanın Xarici İşlər Nazirliyindən dərhal lazımi cavabı alıb. XİN rəsmisi Elxan Poluxov bildirib ki, "əvvəlcə Ermənistan işğal altındakı torpaqları boşaltmalıdır".
Amma ermənilərin bütün bu manevrlərinə baxmayaraq, Madrid prinsiplərini arxivə göndərmək hələ tezdir. Ehtimala görə, Moskva ilə Paris Yerevana Minsk qrupundan gələn təkliflərin qəbulunu israrla tövsiyə edir. Yaxın vaxtlarda isə S.Sarqsyan nüvə təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak etmək üçün ABŞ-a yollanacaq. O, yəqin ki, Vaşinqtonda amerikalıların "erməni soyqırımı"nı tanıma perspektivini araşdırmaqla yanaşı, həm də Vaşinqtonun Madrid prinsiplərini qəbul etdirmək üçün hansı addımlar ata biləcəyini müəyyənləşdirəcək. Bundan, həmçinin, şəxsən özünə siyasi dəstək, ölkəsi üçün isə maliyyə yardımı alıb-almamasından asılı olaraq, Sarqsyan aprelin sonunadək Madrid prinsipləri ilə bağlı mövqeyini də müəyyənləşdirəcək.
Bakı isə hələ də Ermənistanın müsbət cavabına ümid edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, Yerevan Madrid prinsiplərinin yenilənmiş variantını qəbul edib-etmədiyini açıqlamalıdır. Nazir bildirib ki, yalnız bundan sonra Bakı növbəti addımlarının nədən ibarət olacağını müəyyənləşdirəcək: "Amma sizi ona da əmin edirəm ki, biz Xarici İşlər Nazirliyində müxtəlif variantları müzakirə edirik".
Artıq indidən bəllidir ki, ermənilərin süründürməçilik yolunu seçəcəyi təqdirdə, Azərbaycan bu səmərəsiz diplomatik oyunda iştirak etməyəcək. Azərbaycan ərazisinin sonsuzluğadək işğal altında qalması ilə barışmaq niyyətində deyil və bu mövqeyini həm Ermənistanın, həm də onun himayədarı olan fövqəldövlətlərin nəzərinə açıq şəkildə çatdırıb. Hər halda, tərəflər, hətta Minsk qrupunun vasitəsi ilə belə, baza prinsipləri ətrafında razılığa gələ bilmirsə, münaqişənin beynəlxalq hüquq normaları əsasında necə həll edilməli olduğunu göstərəcək qurum var.
Bu, BMT-dir.
Əslində, BMT Dağlıq Qarabağ münaqişəsinin həll prinsiplərini çoxdan müəyyənləşdirib. Bu, BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində, həmçinin, BMT Baş Assambleyasının 2006-cı il sentyabrın 7-si qəbul etdiyi 60/285, 2008-ci il martın 14-də qəbul olunmuş A/62/L.42 saylı qətnamələrində ("Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət") öz əksini tapıb. Problem ondadır ki, bu qərarlar Ermənistanın xoşuna gəlmir və o, beynəlxalq aləmin fəaliyyətsizliyi fonunda qətnamələrə əməl etməkdən kobud şəkildə bo-yun qaçırır.
Yerevanın Madrid prinsiplərinin yenilənmiş variantı əsasında aparılan danışıqları ləngitmək və ona mane olmaq istəyində olduğu aşkar şəkildə özünü büruzə verərsə, Bakı BMT Təhlükəsizlik Şurası qarşısında münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun səylərinin heç bir nəticə verməməsi məsələsini qaldırmaq hüququna malikdir. Yaxın zamanlarda BMT TŞ-yə sədrlik Türkiyəyə keçəcək. Odur ki, Ankaranın qurumda əvvəllər qəbul edilmiş qərarlara əsasən, prosesin irəliləməsinə dəstək verəcəyinə ümid bəsləmək olar. Əks halda, regionda sülh üçün əməlli-başlı təhlükə yaranacaq.
Bununla yanaşı, ermənilərin təcavüzkar iddialarının qarşısını almaq üçün diplomatik səylər yeganə vasitə deyil. Prezident İlham Əliyev Novruz Bayramı ilə əlaqədar elə həmin çıxışında açıq şəkildə deyib: "Azərbaycan diplomatik səyləri artırır, danışıqlarda konstruktiv mövqe tutur. Bununla yanaşı, biz imkanlarımızı səfərbər edir, gücümüzü artırırıq. Bu güclənmə özünü həm iqtisadiyyatda, həm siyasətdə, həm də hərbi sahədə göstərir və biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Dövlət xərclərimizin əsas hissəsinin müdafiə məqsədlərinə xərclənməsi də təsadüf deyil. Bu təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra, əlbəttə ki, bu dərəcədə böyük həcmdə müdafiə xərclərinə ehtiyac olmayacaq. Biz hər il müdafiə xərclərimizi artıracaq, ordunu gücləndirəcək, yeni silahlar alacağıq. Elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmrini istənilən vaxt qısa müddətdə icra edə bilsin".
Münaqişənin həllində güc yolunun seçilməsi ən yaxşı variant deyil. Lakin Azərbaycanın artan hərbi imkanları və onun lazım gəldiyi təqdirdə ən son tədbirlərə əl atmaq niyyətində olması Ermənistan və onun himayədarlarını konstruktivliyə, reallaşdırılması mümkün olmayan iddialardan əl çəkməyə təhrik etməlidir.
Bunun üçün vaxt hələ ki var.
MƏSLƏHƏT GÖR:




534

