5 Dekabr 2025

Cümə, 23:58

"ANTARKTİDAYA QAPI" "CƏNUBİ ATLANTİKA KÜVEYTİ"ndən KEÇİR

Və ya Argentina - Britaniya münaqişəsindən hansı nəticələri çıxarmaq olar?

Müəllif:

15.03.2010

Divarda tüfəng asılıbsa, o, istənilən an açıla bilər. Həll olunmamış ərazi mübahisələri də belədir - situasiya  hər an nəzarətdən çıxa bilər. Son zamanlar Atlantik okeanının cənub hissəsindən həyəcanlı məlumatlar gəlməkdədir və onlar dünyaya, təxminən, 30 il əvvəl baş vermiş hadisələri xatırladır. Söhbət həmin illərdə Argentina ilə Britaniya arasında Folklend adaları uğrunda yaşanmış müharibədən gedir.

1982-ci ildə hərbi xuntanın hakimiyyəti altında olan Argentina Folklendə gələn zaman Marqaret Tetçerin hökuməti sərt cavab addımları atmağa qərar verdi. Tərəflər arasında başlayan hərbi münaqişə 650 argentinalı və 258 britaniyalı hərbçinin həyatına son qoydu. Sonda Buenos-Ayres sarsıdıcı məğlubiyyətlə üzləşsə də, hələ də adaları özününkü sayır. Hazırda Argentina ilə Böyük Britaniya arasında münasibətləri pis adlandırmaq mümkün olmasa da, son hadisələrin də göstərdiyi kimi, Folklendlə bağlı məsələ istənilən vaxt iki ölkə arasında yenidən gərginlik yarada bilər.

Argentinalıların Malvin adaları (Islas Malvinas) adlandırdıqları Folklend adaları 2 nəhəng və təxminən, 200 kiçik adadan ibarət arxipelaqdır. O, Atlantik okeanın cənub hissəsində Argentinadan, təxminən, 400, Britaniyadan isə 13 min kilometr aralıda yerləşir. 1833-cü ildən arxipelaqa London nəzarət edir (1983-cü ildən isə Argentinanın ada ilə heç bir əlaqəsi yoxdur). Folklenddə yerli əhali yoxdur. Görünən odur ki, onun əhalisi (əksəriyyəti əslən İngiltərədən olan, təxminən, 3000 nəfər) Birləşmiş Krallığın tabeliyində olmaqdan məmnundur. Əhali əsasən balıqçılıq, qoyunçuluq və turizm biznesi ilə məşğul olur.

Ada ətrafında situasiyanın yenidən gərginləşməsinə isə Britaniyanın "Desire Petroleum" neft şirkətinin adalardan 100 kilometr aralıda kəşfiyyat işlərinə başlaması ilə əlaqədardır. Argentina dərhal sınaq qazmalarının BMT-nin sözügedən problemlə bağlı qətnamələrinə zidd olduğunu bəyan edib. Buenos-Ayresin bəyanatında "koloniya yanaşması" kimi ifadələrə də rast gəlinib. Argentina prezidenti Kristiana Kirşnerin həmin anda verdiyi qərara əsasən, Folklend adalarına Argentinanın ərazi suları vasitəsi ilə getmək istəyən istənilən gəmi bunun üçün Buenos-Ayresdən icazə almalıdır. Argentina hökumətinin başçısı Anibal Fernandesin sözlərinə görə, bu qərar "yalnız Argentinanın suverenliyini deyil, həm də bu rayonda bütün təbii resursların müdafiəsinə imkan yaradacaq".

London buna cavab olaraq, bə-yan edib ki, Folklend adaları Britaniya Hərbi Dəniz Qüvvələri tərəfindən "etibarlı şəkildə qorunur" və həmin qüvvələr tam hərbi hazırlıq vəziyyətinə gətirilib. Böyük Britaniyanın Baş naziri Qordon Braun bildirib ki, cənubi Atlantika bölgəsində yerləşdirilmiş Britaniya hərbçiləri adaların ətraf mühitlə əlaqəsinə maneə yaratmağa çalışacaq istənilən qüvvəyə lazımi cavab verəcək. "Düşünmürəm ki, Buenos-Ayresə istədiyi addımı atmağa imkan verməliyik. Çünki bunun nəyə aparıb çıxardığını ötən dəfə görmüşük", - deyə Britaniya Parlamentinin Folklend adaları ilə iş komitəsinin katibi Endryu Rosindell bildirib.

Maraqlıdır ki, Argentina problemin həllində ABŞ-dan vasitəçilik etməsini istəyib, ABŞ Dövlət Departamenti isə buna hazır olduğunu bəyan edib. Amma London ABŞ-ın istənilən vasitəçiliyinə ehtiyac duymadığını açıqlayıb. Britaniya hökuməti əmindir ki, onun fəaliyyəti heç bir beynəlxalq hüququ pozmur və bu üzdən danışıqlara ehtiyac yoxdur.

Amma Böyük Britaniya ilə Argentina arasında mübahisə dünya ictimaiyyətini narahat etməyə bilməz. Xüsusilə dünyada kifayət qədər dondurulmuş (və heç də tam dondurulmamış) münaqişələrin olduğu hazırki dövrdə bu narahatlıq daha ciddidir. Bununla yanaşı, əksər ekspertlər hesab edir ki, tərəflər arasında mübahisənin aradan qaldırılması üçün bir neçə yol tapmaq mümkündür və Londonla Buenos-Ayres, güman ki, razılığa gələcəklər: razılaşma yəqin ki, adanın şelfindəki neftin hər iki tərəfə gəlir gətirməsi yolu ilə həllini tapacaq.

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Kris Brayant xüsusi olaraq qeyd edib ki, Argentina Londonun "vacib tərəfdaşı"dır və tərəflər G20 çərçivəsində əməkdaşlıq edir. Məsələ ondadır ki, hətta ekspertlər belə, Folklend adaları yaxınlığındakı neftin hasilatının iqtisadi baxımdan səmərəli olub-olmayacağını söyləməkdə çətinlik çəkir. Çünki burada həm hasilat, həm də daşımalarla bağlı problemlər var.

Argentinalı siyasətçilər isə buradan neft hasilatının Britaniya üçün daha çətin və bahalı olması üçün məqsədli şəkildə addımlar atdıqlarını gizlətmir. Üstəlik, hər şey, hətta Londonun planına uyğun getsə belə, adalar yaxınlığında neft hasilatına başlanması yalnız gələcəkdə mümkün olacaq.

Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Folklend yaxınlığındakı neft yataqlarına çatmaq uğrunda səylər daha nəhəng planların müqəddiməsidir (burada neft ehtiyatlarının kifayət qədər böyük olduğu - 60 milyard barrelədək - bildirilir və bu səbəbdən ərazi hətta "cənubi Atlantika Küveyti" adlandırılır). Mübahisəli adaların nəqliyyat baxımından əhəmiyyətini də unutmaq olmaz. Bura yalnız "cənubi Atlantika Küveyti" yox, həm də "Antarktidaya qapı"dır. Alimlərin proqnozları isə Antarktidada əfsanəvi dərəcədə müxtəlif faydalı qazıntıların olduğunu göstərir. 

Bundan başqa, Yerin bu hissəsində nəhəng həcmdə şirin su ehtiyatı da var. Şirin su isə artıq indidən bir çoxları üçün cah-cəlal deməkdir.

Beləliklə, adalar yalnız Atlantik okeandan Sakit okeana gedən yolda əhəmiyyətli yükboşaltma məntəqəsi deyil. O, həm də cənubi Atlantikaya nəzarət  etməyə, Antarktidaya keçidə imkan yaradır. Məhz bu məqamlar Britaniya ilə Argentinanın Antarktidada mövcud olmaq iddialarının əsas səbəbləridir. Şübhə yoxdur ki, bu, son dərəcə gizli oyunda maraqlı olan digər tərəflər, məsələn, Avstraliya, Yeni Zelandiya və Çili hazırda nəfəsini çəkərək gözləmə mövqeyindədir/.

Yeri gəlmişkən, bəzi müşahidəçilər hesab edir ki, adalar ətrafında vəziyyətin gərginləşməsi hətta Argentina prezidenti Kristina Kirşnerin xeyrinə də işləyə bilər. Məsələ ondadır ki, Argentina növbəti prezident seçkisi ərəfəsindədir, hazırkı dövlət başçısının reytinqi isə o qədər də yüksək deyil. Ölkə iqtisadiyyatının durumu, həmçinin prezidentin adı ilə bağlı bir neçə korrupsiya qalmaqalı vəziyyətin köklü şəkildə dəyişməsini çətinləşdirir. Belə olan şəraitdə seçicilərin diqqətini adaların kimə mənsub olması məsələsinə çəkmək ideal variant olardı - demək olar ki, bütün argentinalılar Malvin adalarının məhz onlara məxsus olduğunu düşünür.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, 1982-ci ildə Folklend ətrfında baş vermiş müharibə Marqaret Tetçer üçün də göydəndüşmə omuşdu - o zaman Britaniya əhalisi dünyaya məhz müharibə tüstüsündən baxdığı üçün, hamıda müəyyən vətənpərvərlik əhval-ruhiyyəsi artmışdı. Və məhz bu amil "batmaqda" olan M.Tetçerə yenidən siyasi olimpin zirvəsinə qalxmağa şərait yaratdı. 

O zaman, Tetçerlə yanaşı, krallığın Hərbi Dəniz Donanmasına da "ikinci nəfəs" gəlmişdi. Həmin vaxt Argentinanın başında dayanan hərbi xunta da müharibədən "qazanmağa" çalışsa da, qüvvələr açıq-aşkar qeyri-bərabər idi və bu, İngiltərənin qələbəsini təmin etdi.

Daha bir maraqlı məqam isə odur ki, Folklend adaları ətrafında yaranmış gərginlik ABŞ-la bəzi Latın Amerikası ölkələri arasında münasibətlərin bəzi tərəflərini yenidən üzə çıxardı - dövlət katibi Hilari Klintonun bölgəyə səfəri məhz bu fonda baş verdi. Və aydındır ki, bu səfər Vaşinqtonun BMT-də İrana qarşı sərt sanksiyaların qəbulu məsələsində özünə tərəfdaş axtarması baxımından çox önəmli idi. Ağ ev xüsusilə BMT Təhlükəsizlik Şurasında səs hüququna malik olan Braziliyanın Vaşinqtonun İranla bağlı planlarına dəstək verməsinə çalışırdı. Amma Braziliya prezidenti Luis İqnasio Lula da Silva bu məsələ ilə bağlı Vaşinqtonun mövqeyindən fərqli düşündüyünü gizlətmədi. Braziliya nəinki Tehrana qarşı sanksiyaların sərtşədirilməsini istəmir, hətta İranla münasibətlərini genişləndirməyə və möhkəmləndirməyə hazırlaşır - Lula da Silva tezliklə İrana səfər etmək niyyətindədir. 

Latın Amerikasının bəzi digər ölkələri də İranla bağlı eyni mövqedədir.

Kankunda bu yaxınlarda keçirilmiş sammitdə isə Latın Amerikası və Karib adaları dövlətləri yeni regional blokun (Latın Amerikası və Karib hövzəsi ölkələri birliyi) yaradılması haqda razılığa gəliblər. ABŞ və Kanadanın bu blokda iştirakı nəzərdə tutulmayıb. Meksika prezidenti Felipe Kalderon bildirib ki, yeni yaradılacaq qurum üzv ölkələr arasında daha geniş iqtisadi əməkdaşlığın (vahid valyutanın yaradılmasınadək) qurulması yollarının axtarışı ilə məşğul olacaq. O, beynəlxalq səviyyədə qrupun regional maraqlarından çıxış etməyi də nəzərdə tutur. Enerji sahəsində əməkdaşlıq, ümumi infrastrukturun inkişafı, sosial və mədəni inteqrasiya, həmçinin təbii fəlakətlər və digər fövqəladə hallarda birgə fəaliyyət mexanizminin yaradılması da əsas diqqət ayrılacaq məqamlardandır.

Bütün bunlar hələ sadəcə niyyətdir. Amma  Kanada və ABŞ yeni qurumun vaxt keçdikcə Amerika Dövlətləri Təşkilatının (ADT) mövqelərinə mənfi təsir göstərə  biləcəyindən rahatsızlığını gizlədə bilmirlər. Bu qurumda isə məhz Vaşinqton söz sahibidir. Bu narahatlığı Dövlət Departamentinin Latın Amerikası ilə münasibətlərə məsul olan əməkdaşı Arturo Valensuela açıq şəkildə dilə gətirib.

Latın Amerikası ölkələri ümumi maraqlarının olduğunu anlayaraq, mövqelərinin yaxınlaşdırılması üçün açıq səylər göstərməkdədir. Onlar kənardan hansısa siyasi və ya iqtisadi təsirdən yaxa qurtarmağa çalışır. Son zamanlar bu prosesə Barak Obama administrasiyasının Hondurasdakı dövlət çevrilişinə münasibəti də öz təsirini göstərib. Latın Amerikasının bir çox dövlətləri Vaşinqtonun bu münasibətində ikili standartlar görüb və ABŞ-ı qeyri-səmimilikdə ittiham edib. Latın Amerikasının bəzi dövlətləri Kubaya Amerika tərəfindən tətbiq olunan embarqonu, həmçinin 10 il əvvəl Haitidə baş vermiş hadisələri də müsbət qiymətləndirmir. Bundan başqa, bu ölkələr iqtisadi baxımdan getdikcə ABŞ-dan asılılığı aradan qaldırır,  digər oyunçular - Aİ, Rusiya və Çinin regiondakı mövcudluğu isə artır. 

Yeri gəlmişkən, Latın Amerikası dövlətləri Folklend adaları ilə bağlı mübahisədə sözdə və heç bir öhdəliksiz olsa da, Argentinaya dəstək nümayiş etdirib.

Beləliklə, Latın Amerikası ölkələrinin ABŞ-ın qanadı altından çıxması prosesi başlayıb və əksər müşahidəçilərin hesab etdiyi kimi, proses artıq dönməz xarakter alıb. Amma əlbəttə ki, Ağ Evin bu regiondakı mövqeləri hələ möhkəmdir və Klintonun səfərini də uğursuz adlandırmaq olmaz. Həm də unutmaq lazım deyil ki, Latın Amerikası ölkələrinin heç də hamısı bir-birinə dost münasibətdə deyil.


MƏSLƏHƏT GÖR:

565