ELLADA DÜNYANI LAXLATDI
Yunanıstandakı böhran AI-nin gələcəyi ilə bağlı narahatlıq yaradıb
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Artıq bir neçə ildir, Yunanıstanı siyasi təlatümlər və sosial etirazlar dalğası bürüyüb. Amma indi bu ölkənin iqtisadiyyatı əsl defol yaşayır. Dünyanın aparıcı paytaxtları Yunanıstanı üzləşdiyi bu uçurumdan çıxarmağın yolları haqda düşünür. Və bu, təsadüfi deyil. Axı bu ölkədə yaşananların digər ölkələrdə təkrarlanmayacağına zəmanət yoxdur. Xüsusilə, hələ də qlobal maliyyə böhranı ilə bağlı vəziyyətin qeyri-müəyyən qalması bu təhlükənin istisna olmadığını düşünməyə əsas verir.
"Avroailənin dələduzları" "vicdansız alverçilər"ə qarşı
Yunanıstanda 2007-2008-ci illərdə yaşanmış siyasi böhran iqtisadi böhranla əvəzlənib. 2010-cu il martın ortalarına bu ölkənin xarici borcu, təxminən, 300 milyard avroya çatıb və bu, nə az, nə çox - ümumi daxili məhsulun düz 140%-i deməkdir. Ötən əsrin ortalarından sonra Avropada bu həcmdə borca rast gəlinməyib.
Amma Avropa İttifaqının (Aİ) özü bilərəkdən və ya bilməyərəkdən, Yunanıstanı uçuruma doğru itələyib. Ötən əsrin 70-80-ci illəri ərzində Aİ Yunanıstan iqtisadiyyatının turizm, xidmət, yol tikintisi kimi sahələrinə ciddi yardım göstərib və nəticədə onlarca ağır sənaye müəssisəsi bağlanılıb və ya əyləncə mərkəzinə çevrilib. Bundan başqa, Aİ-nin yardımı Yunanıstana lazımi nəzarət olmadan axıb və bu, ölkədə korrupsiyaya, yerlibazlığa əsaslanan siyasi və iqtisadi sistemin formalaşmasına səbəb olub.
90-cı illərdə Yunanıstan rəhbərliyi Aİ-ni ölkənin inkişafda olduğuna böyük məharətlə inandıra bilib. 2002-ci ildə isə Yunanıstan hökuməti 1 milyard avro kredit götürüb və onu büdcənin ümumi balansına daxil etməyib. Bu, Afinaya Aİ-nin ölkənin xarici borclarının ÜDM-nin həcminin 60%-ni ötməməsi haqda tələbinə "əməl etməsinə" imkan verib.
Yunanıstanda real vəziyyət ötən il - qlobal iqtisadi böhranın yaşandığı vaxt Afinanın turizm və bank sektorundan gəlirlərinin ciddi şəkildə azalmasından sonra üzə çıxıb. Bir müddət sonra isə məlum olub ki, Yunanıstan artıq öz borcunu ödəmək iqtidarında deyi.
Defolt sosialist Georgios Papandreunu ölkə iqtisadiyyatında çətin istahatlara qərar verməyə məcbur edib. Afina Avropa Komissiyasına büdcə kəsirinin azaldılacağına söz verib.
Lakin Yunanıstan hökumətinin əməkhaqlarının və istehlak vergilərinin artımının dayandırması tədbirləri Aİ üçün kifayət etməyib. Bu səbəbdən də Papandreu hökuməti büdcə kəsirini daha 4,8 milyard avro ixtisar etməyə qərar verib. Bu, pensiyaların indeksləşdirilməsi, yanacaq, tütün və spirtli içkilərin aksizlərinin artırılması, dövlət qulluqçularına mükafatların azaldılması, ƏDV-nin 21%-dək artırılması yolu ilə həyata keçiriləcək.
Yunanıstan hökuməti Avropa İttifaqının Elladanı xilas edəcəyini gözləyir. Axı Brüssel Afinaya yalnız büdcə kəsirinin aradan qaldırılmasından sonra yardım etməyə söz verib. Yunanlara isə yardım olduqca vacibdir. Çünki hər hansı "şok terapiyası", ən yaxşı halda, 1 ildən sonra nəticə verməyə başlayacaq. Buna qədər isə Afinaya büdcə kəsirini qapamaq üçün yeni kreditlər lazım gələcək.
Papandreu da bu səbəbdən avropalı tərəfdaşlarından yardım istəyib. Amma Avropanın, əsasən, almanların nəzarətində olan Mərkəzi Bankı yunanlara yardım göstərməkdən imtina edib. Almaniya hökumətindən bildirirlər ki, Aİ-dən Afinaya 1 avro belə, yardım kimi daxil olmamalıdır. Berlinin bu mövqeyi, əsasən, iki faktorla bağlıdır. Birincisi, Almaniya Aİ-də maliyyə siyasətinin həyata keçirilməsində vacib rol oynayır. Çünki ümumi avro məkanı büdcəsinin doldurulmasında bu ölkənin payı, təxminən, 15% təşkil edir.
İkincisi, almanlar açıq şəkildə bildirir ki, Yunanıstanı bu vəziyyətə dövlət sistemini təpədən-dırnağadək bürümüş korrupsiya salıb.
Bundan başqa, yunanlar Avropa Komissiyası və Avropa Mərkəzi Bankına yanlış məlumatlar verməkdə də ittiham olunurlar. Almaniya mətbuatı ortastatistik yunanın 1 ildə 1355 avro rüşvət ödəməsi faktından çox narahatdır. Münhenin "Focus" jurnalında çap olunmuş bir kollaj böyük rezonansa səbəb olub - burada məşhur qolsuz Veneranın üzərində "Avroailədə fırıldaqçılar" yazılmış sözlər təsvir edilib.
Kollajın nəşrinə cavab olaraq, Yunanıstanda istehlakçıların hüquqlarını müdafiə təşkilatı əhalini alman mallarını boykot etməyə çağırıb. Yunanıstanın siyasi dairələri isə Almaniyanın milli-sosializm dövründə yunan xalqına qarşı həyata keçirdiyi cinayətə görə, hələ də heç nə ödəmədiyini bəyan edib. Söhbət həmin vaxt həyata keçirilmiş işğal və faşistlər tərəfindən aparılmış xəzinələrə görə ödənişin edilməməsindən gedir.
Maraqlıdır ki, Yunanıstan üzləşdiyi böhrana görə digər ölkələrin və qlobal maliyyə mərkəzlərinin məsuliyyət daşıdığını düşünür. Afina Aİ-ni avronun sabitliyi paktına ciddi nəzarət etməməkdə günahlandırır. Papandreu bununla əlaqədar olaraq bildirib ki, Avropanın statistika idarəsi ayır-ayrı üzv dövlətlər üçün məlumatları açıq etməlidir. "Biz artıq bu təkliflə çıxış etmişik. Lakin belə şəffaflığı heç də bütün ölkələr istəmir", - deyə o, Almaniyanın "Schpiegel" jurnalına müsahibəsində bildirib.
Bundan başqa, Yunanıstan hökuməti müxtəlif hec-fondların yarıtmaz fəaliyyətindən də gileylənib. (Yunanıstanın maliyyə naziri Georgios Papakonstantinunun bəyanatından).
Papandreu ABŞ-a səfəri zamanı xarici bankları da tənqid edib. Baş nazir hesab edir ki, bu qurumlar onun ölkəsinin problemləri hesabına varlanmaqdadır: "Vicdansız alverçilər Yunanıstandakı defoltdan hər gün milyardlar qazanır". Yunanıstan xüsusi xidmət orqanlarının diqqətini xarici bankların iştirakı ilə aparılan genişmiqyaslı spekulyasiyalar da cəlb edib. ABŞ və Böyük Britaniyanın maliyyə institutlarının saysız-hesabsız yunan istiqraz vərəqəsi alması Yunanıstan Dövlət Təhlükəsizlik Xidmətinə şübhəli gəlib.
İstənilən halda, Yunanıstanda baş verənlərin günahkarı kim olsa da, yanlışlıqlara görə əziyyəti adi vətəndaşlar çəkir. Georgios Papandreu xalqı çətin qurbanlara hazır olmağa çağırıb. Hökumət başçısı hesab edir ki, ölkənin çətin vəziyyətdən çıxarılması üçün bu vacibdir. Baş nazirin sözlərinə görə, Yunanıstan, faktik olaraq, müharibə şəraitindədir və milli yaşam uğrunda mübarizə aparır. Hakim Sosialist Partiyasının təcili toplantısında çıxış edən Papandreu bildirib ki, struktur islahatlarının aparılması üçün zamana ehtiyac var, kreditorlar isə gözləmək istəmir.
Yunanıstanın həmkarlar ittifaqları isə ölkə siyasətçilərinin ünvanına sərt tənqidlər yağdırır. Onlar ölkə rəhbərliyinin, işləyən əhalinin 1/3-nin cəmləşdiyi büdcə təşkilatlarında əməkhaqlarının azaldımasını, həmçinin, ilin yekunlarında məzuniyyət müavinətlərinin və bonusların ödənilməsindən imtinanı "müharibə elan olunması" kimi qəbul ediblər.
Afina küçələrində xeyli vaxtdır etiraz aksiyaları davam edir. İqtisadi problemi həll etməyə çalışan Yunanıstan yenidən siyasi təhlükə ilə üz-üzə qalıb. Hələ 2008-ci ilin sonlarında nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmalar Yunanıstan şəhərlərində ölkədə ciddi böhranın olduğunu üzə çıxarmışdı. O vaxtdan indiyədək Yunanıstan gəncləri ilə asayiş keşikçiləri arasında toqquşmalara səbəb olmuş problemləri aradan qaldırmaq mümkün olmayıb. Ölkədə hazırda yaşananlar da bunun sübutudur.
Avropa və bütün dünya üçün dərs
Bütün bunlarla yanaşı, Yunanıstanda yaşananlar, ümumilikdə, Aİ-nin gələcəyi ilə bağlı təhlükə yaradıb. Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer Amerikanın "Project Syndicate" nəşrində yer almış "Avropa üçün yunan dərsi" adlı məqaləsində bildirir ki, Aİ "Yunanıstanı Milli iflas yolunda sürünməsinə yol vermək olmaz".
çünki avroməkanın digər üzvləri - konkret olaraq, Portuqaliya, İspaniya və İtaliya maliyyə bazarının hücumuna məruz qalan növbəti ölkələr ola bilər. Bu halda avro iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalacaq və Avropaya inteqrasiya layihəsinin özü tarixdə ilk dəfə ciddi təhlükə ilə qarşılaşacaq". Fişer düşünür ki, "Aralıq dənizi regionunda avro böhranı dərinləşərsə və vahid valyutanın xilası üçün maliyyə yardımı tələb olunarsa, Almaniya və Fransa hökumətləri, hətta bir, iki və ya üç addım irəli atsalar belə, əvvəlkitək böyük siyasi risklə qarşılaşacaqlar. Çünki bu ölkələrin əhalisi bu cür qurbanlar verməyə hazır deyil və bu, avroskeptizmin daha da güclənməsinə təkan verəcək".
Baş verənlərin fonunda Almaniya və Fransada Yunanıstan kimi dövlətlərə yardım etmək məqsədilə Avropa Valyuta Fondunun yaradılmasına dair müzakirələrin başlanması təsadüf deyil. Bunu "yaxşı və maraqlı ideya" hesab edən Almaniya kansleri Angela Merkelin fikrincə, Beynəlxalq Valyuta Fondunun Avropa versiyasının yaradılması Aİ-nin 27 üzvü arasında yeni razılaşmanın imzalanması şərtini meydana çıxara bilər. Çünki hazırda qüvvədə olan Maastrixtski müqaviləsinə görə, Avropa məkanı daxilində istənilən dövlətlərarası maliyyə yardımının göstərilməsi qadağandır.
Yunanıstanda yaşanan böhran dünya miqyasında kifayət qədər əhəmiyyətli hadisələrin müjdəçisi ola bilər. London Siti analitikləri bildirir ki, Qərbin aparıcı sənaye ölkələrində nəhəng büdcə kəsirlərinin yaşanması üzündən dünya maliyyə sistemi milli valyutaların iflası ilə qarşılaşa bilər. Belə perspektivin qarşısının alınmasına yönəlmiş tədbirlər isə vaxtilə qloballaşma fenomenini yaratmış proseslərin, tərsinə inkişaf etməsinə səbəb ola bilər. Başqa sözlə, dünya yeni hadisənin şahidi olur - dünya iqtisadiyyatının deqloballaşması.
Bugünkü qlobal reallığın konseptual xarakteristikasından asılı olmayaraq, dünya iqtisadi sistemində ciddi dəyişikliklər anı yetişib. Almaniya kansleri A.Merkel ABŞ-ı da analoji tədbirlər görməyə çağırıb.
Fransa da oxşar mövqedədir. Vaşinqtonda ABŞ Prezidenti Barak Obama ilə görüşmüş Yunanıstanın Baş naziri Georgios Papandreunun sözlərinə görə, Ağ ev sahibi də avropalıların narahatlığını bölüşür
Bundan başqa, məlum olub ki, Obama artıq Konqresə svop əməliyyatları üzrə yeni təşəbbüs irəli sürüb və orada riskli manipulyasiyaların qarşısının maliyyə alətləri vasitəsilə alınması təklif olunur. Təkliflər arasında ticarət sövdələşmələri qaydalarının sərtləşdirilməsi də var.
Papandreu onu da bildirib ki, dünya iqtisadi meydanlarındakı vəziyyətdən öz mənafeyinə görə istifadə edən alverçilərin məsələsi "Böyük iyirmilik"in iyunda Kanadada keçiriləcək növbəti görüşünün gündəliyinə salına bilər.
MƏSLƏHƏT GÖR:



646

