"YAZIQ" VƏ "BAŞIBƏLALI XALQA" KİM KÖMƏK EDƏCƏK?..
Yəhudi lobbisi ətrafında intriqa toru hörməyə çalışan Erməni diasporu, qondarma soyqırımın tanınmasında onun dəstəyinə ümid edir
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Erməni diasporu qondarma "soyqırım"ın tanınmasına nail olmaq üçün səyləri dayandırmır. Bu istiqamətdə fəal şəkildə aparılmış işin daha bir göstəricisi ABŞ Konqresi Numayəndələr Palatasının Xarici əlaqələr komitəsi və İsveç Parlamentində qəbul edilmiş qətnamələrdir/.
Bu dəfə ermənilər Türkiyə ilə İsrailin qarşılıqlı münasibətində yaranmış gərginlikdən maksimum yararlanmağa və ABŞ-ın yəhudi lobbisini öz tərəfinə çəkməyə çalışıb. Görünən odur ki, onlar bu niyyətlərinə müəyyən qədər nail ola biliblər.
Lakin erməniliyin yəhudi lobbisinə qarşı mübarizəsinin tarixinə kiçik ekskursiya göstərir ki, ermənilər məşhur niyyətlərini gerçəkləşdirmək üçün kimin dəstəyinə bel bağlasalar da, yəhudilərdən belə dəstəyi gözləyə bilməzlər.
Ermənilərin yəhudi lobbisinə qarşı mübarizə tarixinə qısa ekskurs göstərir ki, onlar məqsədlərinin reallaşdırılması üçün heç zaman yəhudilərə arxalana bilməyiblər. Dünyada gücünə görə, yəhudi lobbisindən sonra ikinci olan erməni diasporu imkansızlıq üzündən (lobbiçilik və maliyyə çatışmazlığı) uzun illər yəhudi diasporuna qarşı açıq mübarizə aparmaqdan çəkinsə də, zaman-zaman onların bu sahədə təxribatlarına rast gəlinib.
Ermənilərin fikrincə, ideyaların gerçəkləşdirilməsi üçün bu yoldakı 2 əsas maneəni neytrallaşdırmaq və nüfuzdan salmaq lazımdır: İsraili və yəhudiləri, daha doğrusu, yəhudi diasporunu. Məhz bu üzdən, İsrailin Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək cəhdləri əksər erməni ekspertlərini hiddətləndirir. Onlar bu regionda baş verən bütün hadisələrə görə, Azərbaycan-Türkiyə-Gürcüstan-İsrail ittifaqını, həmçinin, bu "dördlük"ün müttəfiqi olan ABŞ-ı günahlandırır. İsrail Gürcüstan və Azərbaycana hərbi dəstək verməkdə də ittiham olunur. Ermənilər regionda bu siyasətin əsas əleyhdarı kimi İranı görür.
Erməniliyin müasir ideoloqları iddia edirlər ki, bəzi İsrail təşkilatları və erməni elminin "satın alınmış" nümayəndləri ABŞ və Avropadakı elmi-tədqiqat mərkəzlərinə ayaq açaraq, erməni etnosunun yəhudi xalqı ilə oxşarlığı haqda yalançı nəzəriyyəni əsaslandırmağa çalışırlar. Ermənilərin fikrincə, İsrail bu nəzəriyyəni yaymaqla ABŞ-ın erməni icmasının "soyqırım"ın tanınması istiqamətindəki fəaliyyətinə maneə yaradır, Qafqazın, kiçik Asiyanın erməni xalqının doğma torpaqları olmadığı haqda rəy formalaşdırır.
Nəhayət, həmin qüvvələrin fikrincə, İsrail ABŞ və Avropada erməni və yəhudi diasporunu kütləvi şəkildə qarışdırmaqla, erməni icmasının böyük kapitalı üzərində nəzarəti ələ almağa çalışır.
Erməni ekspertlər iddia edir ki, ABŞ və Avropa erməniliyinin "yəhudiləşdirilməsi" layihəsi 1930-cu illərdə türk və yəhudi tarixçiləri ilə psixoloqları tərəfindən hazırlanıb. Bu layihəni "ifşa edənlər"in fikrincə, erməni cəmiyyətində kosmolit və açıq-aşkar yəhudipərəst (?) əhval-ruhiyyənin artması böyük təhlükə deməkdir; çünki bu əhval-ruhyyənin təsiri altına düşən gənc təbəqə ermənilərin "qədim millət və dövlət" kimi dirçəlməsinə yönələn milli strategiyanı deyil, Türkiyə və Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin qurulmasını əsas götürür.
Sən demə, tarixi faktları araşdırmağa çalışan yəhudi tarixçilər, əslində, erməniləri yəhudilərlə eyniləşdirməyə, onları "doğma vətən"dən mərhum etməyə çalışırlar. Yəhudi diasporunun son məqsədi isə erməni lobbisinin "böyük varidatını mənimsəmək" imiş. Turklər, azərbaycanlılar, yəhudilər və digər xalqlarla qardaşlıq münasibətlərinin qurulmasına cəhdlərə gəlincə, beyni "milli eynilik, keçmiş qüdrətin, böyük erməni xalqı və dövlətinin dirçəlməsi" haqda nağıllarla zəhərləndirilən gənclər, başqalarına qarşı necə dost münasibət göstərə bilər?
Hətta Ermənistanın yəhudi icmasının tam ermənipərəst mövqedə olan rəhbəri R. Varjapetyan da (bu vəzifə üçün kifayət qədər qəribə soyad deyilmi?) 2003-cü ilin mayında Ermənistan xarici işlər nazirinin müavini R. Şuqaryana məktubla müraciət edərək, ölkədə antisemitizm əhvalının artdığını bildirmişdi. Bundan əvvəl - 2002-ci ilin fevralında isə Yerevan yazıçılar evində R. Yepiskoposyanın "Milli sistem" kitabının təqdimetməsi keçirilmişdi. Qeyd edək ki, erməni və rus dillərində nəşr olunmuş bu kitabda türklər "qatil xalq", yəhudilər isə "dağıdıcı xalq" kimi göstərilir. "XX əsrin böyük saxtakarlığı" fəslində müəllif bildirir ki, Holokost mifdən başqa bir şey deyil. Varjapetyanın Ermənistan prezidentinin məsləhətçisi R.Davoyana milli ayrı-seçkilik yaradan bu kitabın pislənməsi, onun satışdan yığışdırılması ilə bağlı müraciəti isə təəccüb, hətta ironiya ilə qarşılanıb.
İsrailin bəzi rəsmilərinin "erməni soyqırımı"nı tanımadıqları haqda bəyanatlarından sonra isə yəhudilər həm Ermənistanda, həm də erməni diasporu arasında daha güclü antisemitizm meyilləri hiss edib. Holokost qurbanlarının xatirəsinə Yerevanda ucaldılmış abidəyə və yəhudi icmasının yerləşdiyi binanın qapılarına faşist svastikası çəkilib, telefon vasitəsilə hədələr səsləndirilməyə başlanılıb, hətta mətbuatda antiisrail və antisemitizm fikirlərini əks etdirən şərhlər də yer alıb. Bu aksiyalarda "daşnaksütun" partiyası tərəfindən idarə olunan gənclər də fəal iştirak ediblər.
Ermənistanın ozamankı xarici işlər naziri Vardan Oskanyan, onun müavini R. Şuqaryan və prezidentin məsləhətçisi R.Davoyan tələm-tələsik bildirmişdilər ki, ayrı-ayrı gənclərin emosional addımları bütövlükdə ermənilərin mövqeyi deyil. Onlar ermənilərin yəhudi xalqına və yəhudi vətəndaşlarına daim hörmətlə yanaşdıqlarını iddia ediblər.
Amma erməni rəsmilərinin bu sözləri həqiqətə nə qədər yaxındır? Gəlin faktlara nəzər salaq.
Yepiskoposyanın "Milli sistem" kitabının təqdimetmə mərasimində iştirak edən müəllimlər (gənc nəsli tərbiyə edən şəxslər) bu "şedevr"ə belə qiymət veriblər: "Nəhayət, gənc nəsli tərbiyə etmək üçün lazım olan kitabımız var ". Bu fikirləri, çətin ki, ayrı-ayrı emosional ifadə, səhlənkarlıq, savadsızlıq və ermənilərin yəhudilərə sevgisi ilə əsaslandırmaq mümkün olsun.
Hələ 2002-ci ildə "Qolos Armenii" qəzetində "Keçmişin əlamətləri: onlar, sadəcə, mövcud olmaq deyil, dünyanı idarə etmək istəyirlər" başlıqlı yazı dərc edilmişdi. Yazıda müəllif İsrail siyasətçilərini Ermənistanın yəhudi icması ilə şübhəli əlaqələrdə günahlandırırdı. Lakin o, bununla kifayətlənməyərək, "antierməni" addımlara görə, İsrailin ünvanına bir sıra iddialar da səsləndirirdi: söhbət "İsraildə hökm sürən ermənifobiya"dan, yəhudi siyasi və ictimai dairələrinin "ermənilərin soyqırımını" tanınmasına qarşı çıxmasından, Ermənistana qarşı yönəlmiş "türkpərəst siyasət"dən gedir. Məqalə müəllifinin fikrincə, "soyqırım" zamanı Türkiyə hökumətində yəhudilər də təmsil olunurdular və bu gün İsrailin "soyqırımı" tanımaqdan imtina etməsi, həm də bununla əlaqədardır. "Tədqiqatçı" "Sionizm ağsaqqallarının protokolları" və gənc türklər haqda da danışır: "Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasında aparıcı mövqe tutmuş "Gənc türklər" təşkilatının müxtəlif millətlərin nümayədələrindən təşkil olunması Türkiyə hökumətinin Ermənistana qarşı cinayət törətməsi ilə birbaşa bağlıdır.
Məlum olduğu kimi, pantürkizmin əsas ideoloqu və rəhbəri türk deyildi. Bununla bağlı olaraq, erməni soyqırımının tanınmasına qarşı çıxan müasir sionist ideoloqlara demək istəyirəm: sizin hərəkətləriniz də, dünyanı öz uydurmanız olan Holokosta inandırmaq cəhdləriniz qədər həyasızlıq və mənəviyyatsızlıqdır".
Qeyd edək ki, vaxtilə elə bu qəzet A. Şvarantsın "Pantürkizm və Türkiyənin Qafqazdakı strateji strategiyası" kitabından hissələr dərc edirdi. Kitabda müəllif sevinclə "pantürkizm və sionizm ittifaqı"nı ifşa etdiyini yazır və bildirir ki, ittifaq "Azərbaycanı müdafiə edən ABŞ-ın rəhbərliyi ilə fəaliyyət göstərirmiş". Orada İsrail dövlətinin yaradılması "digər insanların qarəti və alçaldılması" kimi qiymətləndirilir, pantürkizmin köklərinin "sionist nəzəriyyə"sinə əsaslandığı iddia olunur.
Ermənistan rəsmiləri ölkədə antiyəhudi əhvalının kütləvi olmadığını iddia etsələr də, nəinki Ermənistanda yaşayan ermənilər, bütünlükdə erməniliyin əksəriyyəti (xüsusilə, xarici diaspor və "daşnaksütun") 1915-ci il hadisələrində, birmənalı olaraq, yəhudiləri günahlandırır. Bu məsələdə tarixi faktları "böyük erməni xalqı"nın xeyrinə saxtalaşdıran erməni alim və ekspertlərinin "xidməti" də danılmazdır - söhbət "böyük Ermənistan" və bütün bəşəriyyətə nəzarət ideyası ilə xəstələnmiş şəxslərdən gedir.
Ermənilərin beyninə bu millətin müstəsnalığını yeridən Eçmiədzinin rolunu da unutmaq olmaz. Kilsə "avtoritet"lərinin iddialarına görə, 1915-ci il hadisələri zamanı yəhudilər Osmanlı İmperiyası ilə birbaşa əlbir olublar və bunun əvəzində onlara Fələstində yəhudi dövlətinin əsasını qoymağa razılıq verilib. Sən demə, Ermənistanın türklərə verilməsi əlverişli sövdələşmə imiş - razılaşmaya əsasən, Türkiyə Fələstindən Britaniya mandatının xeyrinə imtina etdi, britaniyalılar isə öz növbəsində, Balfur bəyannaməsi ilə yəhudi dövlətinin qurulmasına zəmin yaratdılar.
Məhz bu səbəbdən ermənilər hesab edirlər ki, İsrail dövləti yalnız fələsinlilərin deyil, həm də milyonlarla erməninin qanı hesabına qurulub.
Bundan başqa, əksər erməni "tədqiqatçılar"ının iddiasına görə, Türkiyə ilə bolşevik Rusiyası arasında da razılaşma var idi. Bu razılaşmanın baş tutması isə, Oktyabr inqilabından sonra Rusiyada hakimiyyətə gələn yəhudi inqilabçılarının səyi nəticəsində mümkün olub. Sən demə, Lenin-Bronşteynin bolşevik hökuməti 1918-ci ildə Almaniya və Türkiyə ilə biabırçı Brest sazişinə imza atmaqla, qədim rus torpaqlarından imtina etməklə yanaşı, həm də qardaş erməniləri osmanlılara "qurban" veribmiş.
Amma bütün bunlarla yanaşı, ermənilər bəzi xırda, amma məntiqi sualların üzərindən sükutla keçir: əgər belədirsə, bolşeviklərin sıralarında çoxlu sayda erməninin olması nə ilə izah edilir? Onlar hansı məqsədə qulluq edirdilər? Onlar qəddarlığı sovet Rusiyasının, yoxsa daşnak Ermənistanının maraqlarına görə həyata keçiriblər? Ermənilər 1918-ci ildə Azərbaycanın dinc sakinlərinə, həmçinin, yəhudilərə qarşı Stepan Şaumyan tərəfindən təşkil olunmuş soyqırım haqda niyə susur? Əgər bolşevik hakimiyyəti ermənilərə bu qədər düşmən münasibətdə idisə, niyə indiyədək Ermənistan Şaumyan, Mikoyan, Kamo, Karaxan, Myasnikyan və digər inqilabçı ermənilərin ifşa olunması üçün heç bir addım da atmayıb?
Bu suallara, təbii ki, cavab almayacağıq.
Tarix göstərir ki, ermənilər əsrlərboyu yəhudiləri özlərinə rəqib və düşmən gözündə görüblər. Elə həmin Osmanlı İmperiyasında yəhudilər ermənilərdən yaxşı vəziyyətdə idi və bu, sonuncuları son dərəcə qıcıqlandırırdı. Hakimiyyətin həm ticarətdə, həm də sənətkarlıqda xristianlara rəqib olan yəhudilərə üstünlük verməsi erməniləri narazı salırdı və onlarda antiyəhudi əhvalının artmasına səbəb olurdu. Məsələn, 1545-ci ildə Amasda bir erməni uşağının itməsindən sonra, onun yəhudilər tərəfindən öldürülməsinə dair şayiələr yayılmışdı. Ermənilərin təzyiqi ilə yerli hökumət yəhudi icmasının bir neçə üzvünü həbs etdi, işgəncə verərək cinayəti onların boynuna qoydu və edam etdi. Talanla üzləşəcəklərindən ehtiyat edən digər yəhudilər isə qonşu Tokata köçdülər.
Lakin bir müddət keçdikdən sonra itmiş oğlan tapıldı...
Təxminən, XIX əsrin ortalarınadək Osmanlı İmperiyasında maliyyə sahəsində əsas dövlət vəzifəsini yəhudilər tuturdular və bu da erməni icması rəhbərliyini son dərəcə qıcıqlandırırdı. Nəticədə, ermənilər yəhudilərin hörmətdən salınması üçün onlara qarşı intriqalar qurmaqla məşğul idi.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, ermənilərin yəhudilərə qarşı mübarizə apardıqları vaxt elə həmin Osmanlı İmperiyasında türklər İspaniyadan qovulmuş yəhudilərə sığınacaq verirdi. Müasir münasibətlərin əsası da bütün bu məqamlarla bağlıdır.
İranda və Rusiyada antisemitizmin yaranmasında da erməni icmasının rolu az olmayıb. Rusiyada ilk böyük miqyaslı qırğınlar erməni general Mixail Loris-Melikovun (1881) himayəsi altında baş verib. Təbrizdə isə yerli ermənilərin təhriki ilə, 4 mindən artıq yəhudi öldürülüb.
Ermənilərin özlərini dünyanın "mərkəzi" elan etməsinin daha bir nümunəsi 2004-cü ildə ortaya çıxdı - Moskvada "Ermənilər - qurucu xalq" adlı kitab buraxıldı. İngilis dilində dərc olunmuş kitabın müəllifi Devid Lenq, tərcüməçisi isə Levinadır. "Prezumpsiya" hüquq müdafiə təşkilatının direktoru A.Qayamyan bununla əlaqədar Rusiyanın baş prokuroruna müraciət edərək, kitabın adının düzgün tərcümə olunmaması ilə bağlı araşdırmaya başlanılmasını istəyib. Onun iddiasına görə, kitab ingilis dilindən hərfi tərcümədə "Ermənistan - sivilizasiyaların beşiyi" adlanmalıdır. Amma Levina (milliyyətcə yəhudi) onu "Ermənilər - qurucu xalq" kimi tərcümə edib. Qayamyan tərcüməçinin bunu bilərəkdən etdiyini düşünür. O, hesab edir ki, Levina "sivilizasiyaların beşiyi hüququnu monopoliyaya götürmüş" İsrailə Ermənistanın timsalında "rəqib" görmək istəməyib/.
Bu gün Ermənistanın İsraili məhv etmək niyyətində olan terrorçu təşkilatlarla əlaqələrinə heç kəsin şübhəsi yoxdur. Məsələn, 2009-cu ildə İtaliyanın "Corriere della sera" qəzeti yazmışdı ki, Tehran-Yerevan marşrutu ilə uçarkən qəzaya uğramış "Tu-154" təyyarəsinin göyərtəsində silah və çoxlu sayda detonator olub. Bu silah-sursat "Hizbullah" üçün nəzərdə tutulubmuş.
Fələstin təşkilatları tərəfindən törədilmiş bir sıra terror aktlarının, əslində, etnik ermənilər tərəfindən planlaşdırıldığı və törədildiyinə dair də çoxsaylı faktlar var.
"1972-ci ildə Münhendə keçirilən Olimpiada zamanı "Qara sentyabr" təşkilatının üzvləri tərəfindən İsrail idmançılarının girov götürülərək öldürülməsi, ASALA-nın yaradıcılarından olmuş Akop Akopyanın fəal iştirakı ilə baş verib", - deyə Day.Az agentliyinə müsahibəsində NANA İnsan Hüquqları İnstitutunun böyük elmi əməkdaşı Moisey Bekker bildirib. Onun sözlərinə görə, 1987-ci ildə "MOSSAD" əməkdaşları erməni ASALA ilə "Hizbullah" arasında sıx əməkdaşlığın olması faktını da üzə çıxarıblar. Bekker bu haqda deyir: "İki terror təşkilatı səylərini birləşdirərək dəqiqliklə işlənmiş əməliyyat hazırlayıb. Məsələn, 2001-ci il mayın 11-də şimali Təl-Əvivin bir neçə kilometrliyində İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri "Sessna" təyyarəsini vurublar. "Hizbullah"ın press-relizində yer almış məlumata görə, onu Stefan Oqanes Nikolyan idarə edirmiş. Milliyyətcə erməni olan bu şəxs terroçu kamikadze idi. Onun məqsədi İsrail ərazisindəki yaşayış məntəqələrindən birini məhv etmək imiş. Bu, müəyyən mənada, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş məşhur terror aktını xatırladır!".
Bütün bunlar, həmçinin, çoxlu sayda digər faktlar bu gün İsrailin Ermənistana etibar etməməsi üçün əsas yaradıb. Sübutsuz danışmamaq üçün Ermənistanın baş naziri Tiqran Sarkisyanın İsrailə səfərinin təxirə salınması səbəblərinə nəzər yetirək. Mətbuatda yer almış məlumatlara görə, Sarkisyan İsraildə həbs edilə biləcəyindən ehtiyatlandığı üçün səfərə getməyib. Sən demə, o, Ermənistan milli bankına rəhbərlik edən zaman bank sistemi vasitəsilə Ermənistanda nəhəng həcmdə "çirkli pullar" yuyulub ki, onun da bir hissəsi ərəb ölkələrinə "axıb". Nəzəri baxımdan həmin pulların beynəlxalq terrorun maliyyələşdirilməsinə yönəlməsi də mümkündür. "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının prezidenti, İsrail parlamentinin sabiq deputatı İosif Şaqalın bu haqda düşüncəsi isə fərqlidir: "Tiqran Sarkisyanın İsrailə səfərinin təxirə salınmasına səbəb İsrailin yüksək-rütbəli siyasi xadimlərindən birinin onunla görüşmək istəməməsidir".
Yeri gəlmişkən, Sarsqsyanın İsrail səfərinin təxirə salınmasına baxmayaraq, bütün ermənilərin katolikosu II Qaregin yəhudi dövlətinə yollanıb. Bu səfərdən sonra Yerusəlimin eks- Latın Patriarxı Mişel Sabbah və Ümumdünya Kilsə Şurası proqramının rəhbəri Mişel Niseyra Kilikiya katalikosu Birinci Arama Yerusəlim Kilsələri adından nota təqdim edib. Sənəddə İsraildə xristianlara qarşı ayrı-seçkilik edildiyi bildirilir və dünya ictimaiyyətində yəhudi dövlətinə sanksiyaların tətbiq olunması istənilir. Görünür, sənəd müəllifləri intriqanın canlanması üçün kimə müraciət etməli olduqlarını yaxşı bilirlər.
MƏSLƏHƏT GÖR:





591

