5 Dekabr 2025

Cümə, 23:59

ATUR ÖVLADLARI

Azərbaycan xalqının yaranma tarixi haqqında faktlar

Müəllif:

01.03.2010

Müəllif oxuculara hələ başa çatdırmadığı kitabından bir neçə fəsil təqdim edir. Kitab rəvayət, yəni tarixi publisistika janrında yazılır.  Mətn xüsusi olaraq «Region plus»un formatına uyğun şəkildə ixtisarla təqdim edilir   (Son)

 

Xun - zer - Albana- Al-Baxus - Bxaqa - Baxau - Baruka - Baqvan - Baquan - Ateşi-Baquan - Baqu- Bade-Kube - Bakı.

Bakının çox adları olub! Və hər birində onun tarixi taleyi əks olunub. Və demək olar ki, hər birində İlahi təyinatı göstərilib. 

Xun-zer - Kaspilər şəhəri. Polşa tarixçisi Ayc                 ekoviç tərəfindən XVIII yüzillikdə yazılmış primitiv əfsanəyə görə, şəhər bu adı onun əsasını qoymuş ilk sakininin adından alıb. Əfsanəyə görə, o, arvadı ilə bu odlu sahilə böyük gəmidə üzüb gəlibmiş. Arvadı bəyan edib ki, o ilahədir və əmr edib, ona tapınmaq üçün qüllə tikilsin.  Ümumiyyətlə, «arvad» sözü həmin zamanlarda «qadın» mənası da verə bilərdi. Yəni Xunzar qülləni tikib və ilahə də ora yerləşib. Xunzar  da ona qulluq göstərib. Qülləni də və sonra şəhəri də  «Xunzar» adlandırıblar.  

Əgər türk dilinə müraciət olunarsa, onda bu ad «Günəş parıltılı» kimi tərjümə olunar.  Şəhər «Albana» adını sonra soyuq Arktika çöllərindən ari-albanların gəlməsi ilə qazanıb. Bu, sonradan Qafqaz Albaniyasının başında durmuş ari tayfalarından birinin adı ilə bağlıdır. Bu torpaqlara gəlmiş antik yunanlar Albananı «Al-Baxus» adlandırıblar və şəhərin himayəçisinin şərabçılıq tanrısı Baxus olduğunu iddia ediblər. Uzun səfərdən geri dönən  Zaratuştra Avestayla birgə onun təlimini birinci qəbul etmiş hindlilərin dili sanskriti gətirib. Bundan sonra şəhər yeni «Bxaqa» adını alır ki, bu da sanskritcə Tanrı deməkdir. 

Ari dinini qəbul etmiş pars tayfası şəhəri fars fonetikasına uyğun şəkildə eyni məna verən «Baxau» adlandırıblar. Misirin qədim «Ölülər kitabı»nın əlyazmalarında Bakının adı məhz bu cür çəkilir. Albanların özlərinin ifadəsində isə şəhərin adı  «Baq-Van» kimi, yəni Tanrı şəhəri və ya «ilahi şəhər» anlamı verir. Azacıq sonra Baquan adına  kaspi-türk «Atəşi», yəni «odlu» sözü də əlavə olunur. Müəyyən müddət Baquan adı «Atəşi-Baquan» kimi səslənir. Ümumiyyətlə, şimali ari dili ilə kaspi-türk dilinin bu jür qarışması Arran ərazilərində həmin çağlarda yetərincə geniş yayılmış hal olub.  

Təkcə Arranda deyil, həm də Avrasiyanın çox ərazilərində buna rast gəlinib. Albanların bir hissəsinin xristianlığı qəbul etməsindən sonra, şəhər  «Baruka» adını alıb («Barux»  Bibliya dilində Tanrıya müraciət ifadələrindən biridir). Şəhərin adı Bibliyada məhz bu cür keçir. Ümumiyyətlə, albanların zərdüşti hissəsi şəhəri Baquan və ya qısaldılmış «Baqu» şəklində adlandırmaqda davam edirdilər. Ərəblərin gəlişi və İslamın yayılması ilə şəhərin adı «Bade-Kubə»yə dəyişdirilir ki, bu da «küləklər şəhəri» kimi tərcümə edilir. Zərdüştiliyin dağıdılmış ruhani mərkəzinin adının bu cür dəyişdirilməsi siyasi və dini məna daşıyırdı. Beləliklə, Tanrı şəhəri külək şəhərinə çevrildi. Sonra Məsudi və əl-Müqəddəsinin şəhadətinə görə, X-XI yüzillilklərdə fars sözü «Bade-Kubə» dəyişdirilərək Bakıya çevrilir. Bununla yanaşı, bir sıra ərəb qaynaqlarında şəhərin adı «Ba - kuh», «Bakuya», «Bakuyə» kimi, Avropa qaynaqlarında isə «Baki», «Bakxi» kimi, rus qaynaqlarında isə «Baka» və hətta «Buka» kimi çəkilir.  

«Ateşi-Baquan» isə od Tanrısının şəhəridir. Qafqaz Albaniyasının ruhani mərkəzi, mömin zərdüştilərin ibadət yeridir. Bəlkə də ruhani mərkəz mövqeyinə görə şəhər öz yerləşdiyi əraziyə borcludur?  Küləklərin tüğyan etdiyi yüksəklik üç tərəfdən dəniz suları ilə yuyulur. Neftin və təbii qazın üzə çıxdığı yerlərdə öz-özünə yanan alovları var. Yəni bu yer parçasında zərdüştiliyin dörd ruhani stixiyası - Od, Su, Torpaq və Külək (hava) qovuşur. Böyük geopatogen zonanın xüsusi energetikası isə bu zonaya mənəvi cazibə verərək, onu «müqəddəs torpaq» ərazisinə çevirirdi. Mümkündür ki, hər şey əksinə idi. 

Şəhər əsl məbəd şəhəri idi, ilk başdan kaspilərin tanrılarına həsr edilmiş dini tikililərinin kompleksi kimi yaradılmışdı. Qobustan qayalarında bu qurğular həkk edilmişdi  (şəkil əlavəsində) və bu barədə bir çox antik müəlliflər yazıblar. Təəssüf ki, bu tikililər günümüzə qədər gəlib çatmayıb. Təbii ki, onların çoxunun taleyi islamdanəvvəlki məbəd tikililərinin başına gələnlər kimi oldu, çoxu ərəblərin hücumları, qalanları isə sonrakı dövrlərdə fars şahlarının hüjumları nəticəsində yerlə-bir edildi. Məbədlərin yaxınlığında qədim dinin qulluqçularının, yəni kahinlərin - muğların kiçik məskənləri yerləşirdi. 

Yeri gəlmişkən, Azərbaycan xalqının qədim ənənəvi musiqisi - muğam incəsənətinin mənşəyi də qədim magiya biliklərinin qoruyucusu olan kahinlər - muğlarla bağlıdır. Özü də bu yalnız etimoloji bağlılıq deyil. Zaman keçdikcə, Baquan zərdüştilərin - albanların ruhani mərkəzinə çevrilir.  Qədim zamanlarda dünyanın bütün yerlərindən unudulmuş qədim dinə iman gətirmişlərin təfəkküründə ali nur tanrısının rəmzi olan qutsal odlara tapınmaq üçün zəvvarların can atdığı şəhər olur. O vaxt hamı istisnasız olaraq ona tapınırmış. 

Atəşi Baquan -  beşməbədli («beşqülləli») olub.  Mərkəzi ibadət yeri «qızıl sifət» Ahura Mazdaya və altılara - ölümsüz qutsal möminlər «Ameşa Spenta»ya həsr edilmiş səkkizmərtəbəli, yeddimehrablı qüllə məbədi (indiki Qız qalası) olub (mehrab sayı uyğun gəlir). Onun ətrafında isə dörd məbəd yerləşib. Onlardan biri yaşıl Veqa ulduzunun ilahəsi olan Vanant Veqanın qülləli Zummuriada məbədi idi (bizim eradan əvvəl V-IV minilliklərə aiddir). Daha sonra suda neft ilahəsi Apam Napata məbədi gəlir (yaşı bizim eradan əvvəl III-II minilliklərə gedir). Həmçinin, Ahura Mazdanın oğlu, yanan hava tanrısı Arta Vaxiştanın (bizim eradan əvvəl III-II minilliklərə aid) məbədi və müdrik fikir Voqu Mana məbədi də bu sıradandır. 

Qədimlərdə bildirirdilər ki, təlimin əsasını qoyanın özünün - Zaratuştranın külü səkkizmərtəbəli, yeddimehrablı sərdabənin altında basdırılıb. Qədim şəhərciyin qala divarlarının arxasında aşağıdakılar yerləşirdi: mərkəzdə üçpilləli zikkuratı olan dini qala Sa-ba-il və ikinci Bakı qalası Qaytara varmış; yəqin ki, kahin muğların məskəninin yerində tikilibmiş.  Zərdüştilərin müqəddəs şəhəri Baquanda İran şahənşahlarının tacqoyma mərasimi keçirilirmiş. Sasani sülaləsindən olan  I Ərdaşir də (224-239-cu illər) burada taxta çıxıb və hər il bu müqəddəs yerlərə piyada zəvvarlıq edirmiş, bu barədə yazılı sübutlar da var. 

Şəhər şöhrətli, varlı və inkişaflı günlər yaşayıb. O, dağıntılı və acı günlər də yaşayıb, şöhrətli oğulları - xeyirli Günəş tanrısı Ahura Mazdanın döyüşçülərinin və Zərdüştün ardıcıllarının qula çevrildiyini də öz gözləri ilə görüb. Hər acıdan sonra bu müqəddəs şəhər yenidən dirçəlib. Onun tarixi hissəsi bu gün də qala divarları içində - İçərişəhərdə qalır.  Hətta YUNESKO tərəfindən qorunur. Amma son zamanlar getdikcə daha çox qədim görkəmini itirir. Onun gizli sirləri yeni «Bakı memarlığı»nın zövqsüz tikililəri altında basdırılır. 

 

Qız qalası

XIX yüzilliyə aid rus qaynaqlarında tikilinin adı «Xonzar-kalıs» kimi göstərilir. İndi o, «Qız qalası»  kimi tanınır. Azərbaycan ərazisində ən qədim və ən sirli tikilidir. Onun yaranma tarixi və təyinatı barədə artıq bir neçə yüzillikdir, mübahisə aparılır (bu barədə kitabda daha müfəssəl verilib). Mən onun adını bir səbəbə görə xatırladım. Məndə həmişə sual yaranırdı ki, niyə nə vaxtsa uca zərdüşti tanrısı Ahura Mazdaya həsr olunmuş məbəd tarixə «Qız qalası» kimi daxil olub? Bu nədir - tarixi unutqanlılıq? Yoxsa əksinə - yaxşı genetik yaddaşdır? 

Ola bilər ki, zərdüştilikdən əvvəlki çağlarda, yəni qədim Arran tanrıları panteonunda yeni  personaj Ahura Mazdanın peyda olmasına qədər bu məbəd doğrudan da qadın ilahəyə həsr edilibmiş. Məsələn, elə həmin Anna-nneyə? Özü də o, Arran torpağını, hətta sonrakı zərdüştilik dövründə də tərk etməmişdi. Doğrudur, zərdüştilik panteonunda artıq o, yeni adla - Anahit adı ilə tanınırdı. Əlbəttə, başlanmış pədərşahlıq dövründə yeni mövqedə bir qədər arxa plana keçərək, yerini kişi cinsindən olan tanrılara - altı «ameşa spenta»lı Ahura Mazdaya, nurlu Mitraya və hətta buğaya -  Qauş Urvana verib. Arxa plana «itələnmiş» ilahənin xarakterində də müəyyən dəyişikliklər yaranıb. 

Anahit artıq pozğunluq ilahəsi yox, özünə layiq ərin həsrətində darıxan günahsız bakirə qızdır. Onun döyüşkənliyi də bir qədər yumşalır, amma vəzifələri elə əvvəlki kimi qalır - nəslin davam etdirilməsi məsələsində insanlara yardım etmək, təbiətin dirçəlişinə kömək verməkdir. Həmçinin, ariləri onların əleyhinə şər törətmək istəyən ari olmayanlardan xilas etməkdir. Bəli, indi bütün təmiz su qaynaqları onun sərəncamındadır,  çünki indi o, həm də Ardvisura (saf) rolundadır. Bolluq da, mal-qaranın məhsuldarılığı da onunla bağlıdır. Baxmayaraq ki, önəminə və dərəcəsinə görə bir qədər geriləyib, xalqın ona olan sevgisi və bəlkə də alışqanlığı onun özünün səxavətindən geri qalmır. 

Bu da mümkündür ki, məhz onun üçün əfsanəvi Xunzar nə vaxtsa  dənizin içinə girən qaya parçası üzərində bu qəribə daş qurğunu tikib?  Öz daş sarsılmazlığı və memarlıq dayanıqlığı ilə birgə həm də kontrforsa söykənib?  Kontrforsun özü də iki daş silindirə söykənir və onların təyinatı hələ də memarlar arasında çox sayda mübahisəyə səbəb olur. Bir qülləyə bu qədər ifrat dayanaqlılıq nəyə lazımdır? Səbəbi aydın deyil. İçəridən boş səkkiz çağdaş mərtəbə. İlk başdan heç bir mərtəbə örtüyü olmadan tikilib və örtüklər yetərincə sonra peyda olub. Qapısı və pəncərəsi də olmayıb. 

Bu qalaya qapıları da yetərincə sonra açacaqlar. İç qapıları və quyusu,  naməlum yerə aparan yolun olduğu bilinməyən lağımı da var. Divarların qalınlığı 5 metrdir və onun içərisində salınmış pilləkənlərin hündürlüyü yuxarı qalmasında bir qədər çətinlik yaradır. Aydındır, məbəd heç də «kiçik insanlar» üçün tikilməyib, heykəlvari gözəl - ilahə - «atəş qızı» üçün inşa edilib. Qədim əfsanələrə görə, o, mütəmadi olaraq bu qüllədən müxtəlif işlər üçün uçurmuş. Bəzən arilərə təhlükə törədən düşmənlərlə vuruşmağa gedirmiş. 

Zaratuştra tərəfindən yeni personajın- Ahura Mazdanın qəbul edilməsi və onun yüksək tanrı sayılması qədim din tərəfindən elə də sadə qəbul edilməyib. Qədim kahinlər və öz köhnə tanrılarına alışmış xalq narazı idi və onları yenilərdən üstün tuturdu. Və bu narazı kahinlərdən birinin, kürəyinə xaincəsinə bıçaq soxmuş Spitamanın əlindən Zara-tuştra da öz ölümünü qəbul edir. 

Ola bilər ki, bu qüllənin Ahura Mazda məbədi olduğu müddət onun bütün arilərin anası və xanımı olan qədim ilahəyə malik olduğu uzun müddətdən xeyli qısa olub?..  Zərdüştilik Arranda ərəblər tərəfindən məhv edildikdən və əvvəlki tanrıların adının çəkilməsinə qadağa qoyulduqdan sonra, Ahura Mazdanın bu səkkizmərtəbəli məbədə elə də uzun olmayan aidiyyəti asta-asta xalqın yaddaşından  silinib?..  Və yalnız daha əvvəlki uzun minilliklər boyunca daha möhkəm oturuşmuş xatirə yadda qalıb?..  Və bu tikilinin ilkin mənası yerinə qayıdıb. Adını yaddaşlardan zamanın yavaş-yavaş sildiyi qızın məbədi kimi. 

 

Odlu xronologiya

Abşeronun və Bakının yanan odları haqqında xatırlatmalar qədim qaynaqlarda yetərincədir. Onlardan ən qədimi, ingilis misirşünası  Flinders Petrinin fikrincə, bizim eradan əvvəl III-II minililklərə aiddir və qədim Misirin «Ölülər kitabı»nda qutsal Tanrı şəhəri  «Baxau»nun (Vakhau) təsviri ilə bağlıdır.  Bakının odları haqqında Bibliya və İncildə də bəhs edilir. Odlar Yurdu onu görən hər bir adamı heyrətə salıb, sönməz alovları qarşısında onların qəlbində ehtiramlı heyrət və hə-yəcan yaradıb. 

Antik dövrlərdə isə Qafqaz Albaniyası və çağdaş Bakının yerində olan şəhərlərin - Qaytara və Barukinin alovları haqqında  Apollon Rodoslu "Arqonavtların səfəri"ndə (bizim eradan əvvəl III əsr) və Polibi  "Ümumi tarix"də  (b. e. ə. II ə.),  Stefan Bizanslı "Tayfaların təsviri"ndə (b. e. ə. II ə.)  və Strabon  öz "Coğrafiyası»nda, Dionisi "Məskun torpaqların təsviri"ndə və Korneli Tasit  "Annal"larda ( bizim eranın I əsri), Sekst Yuli Frontin  "Hərbi fəndlər" də (b. e. I ə.)  və Kvint Kursi Ruf "Böyük İsgəndərin tarixi"ndə (b. e. I ə.), həmçinin, Plutarx,  Plini, Ptolemey və başqaları bəhs ediblər.  

«Yanan torpaq» haqqında sonrakı tarixi dövrlərin də müəllifləri bəhs ediblər. Bunlardan biri bizim eranın 395-ci ilində döyüşkən hunların Ön Asiyaya, o cümlədən, Midiyaya gəlişi barədə yazmış naməlum müəllifdir. Orada döyüşkən midiyalıların hunların hücumlarının qarşısını aldığı «odlu nizələr»dən bəhs edilir. Qədim tarixçilər Makedoniyalı İsgəndərin Hirkan (Xəzər) dənizinə bizim eradan əvvəl 331-ci ildə etdiyi hərbi səfərlərdən yazıblar.  Həm də İsgəndərin qoşunlarına məlum olmayan yanan maddəni gil küpələrlə atan qurğulardan - «naffatin»lərdən də yazıblar, qalaların qoruyucuları bununla Böyük İsgəndərin qoşunlarının hücumunu dəf edirmişlər.  Çağdaş napalmın, yəni odsaçan silahlar üçün içində qatı benzin olan qatışığın xüsusiyyətlərinə malik bu maddə Abşeron neftinin kükürd, çaxırdaşı, ağac qatranı və xörək duzu ilə qatışığından ibarət olub, sonradan onu «İsgəndər», yaxud da «yunan» odu adlandıracaqlar. Tarixçilər həm də albanların odlu zərdüştiliyindən, məbədlərdə və bu dinə tapınanların evlərində yanan «dəniz qatranı»ndan bəhs edirlər. 

Qafqaz Albaniyasının «əbədi odları»ndan və torpağın üzündən yığılan şəfalı «Midiya yağı»ndan Bizans tarixçisi Prisk Poniyski də yazıb. Kalankatlı Musanın alban salnaməsində isə Kürün yuxarı axarlarında duz və neft çıxarılmasından bəhs edib. Orta yüzilliklərdə bu ərazilərdə İslamın qəbul edilməsi ilə Bakı və Abşeron haqqında daha çox ərəb tarixçiləri yazmağa başlayıblar. 754-cü ildə Əl-Bəzuri Şirvanın duz göllərindən və o qədər də dərin olmayan çalalardan suiti tuluqları ilə çıxarılan neftindən danışıb. Nefti araba təkərlərinə sürtməklə və evlərdə gil çıraqlarda yandırmaqla təsərrüfatda, həmçinin, tikintidə istifadə edirmişlər. 

IX yüzillikdən isə daha çox Abşeronda boz və ağ neftlərin olduğu barədə məlumatlar yaranmağa  başladı.  Tarixçilər Abşeronda neft çıxarılması üsulları barədə də yazıblar - o qədər də dərin olmayan quyulardan onu taxta vedrələrlə çıxarırmışlar. Həm də yazıblar ki, 1594-cü ildə Nur adlı Abşeron sakini tərəfindən dərinliyi 35 qulac, yəni  17,5 metr olan ilk neft quyusu qazılıb. Eşşəklərə, arabalara və dəvələrə yüklənmiş neftin müxtəlif ölkələrə daşındığından da bəhs ediblər. O vaxt neftli Abşeronun rəmzi olan neft fontanlarından və yanan qaz sütunlarından, isti mineral bulaqlardan və palçıq vulkanlardan da yazıblar. Bu barədə Məsudi və Müqəddəsi, əl-İstəxri, Yaqut Həməvi,  Balazuri  və Əbu Dulaf,  Zəkəriyyə əl-Qəzvini  Əbdürrəşid Bakuvi də bəhs edib. 

Son çağ orta yüzilliklərdə neftli Abşeron torpaqları barədə Avropa səyyahları da - venesiyalı Marko Polo, alman Adam Oleari, holland Yan Streys da yazıb. Fransız missioner rahib  Jurden Katalani de Severak odlu stixiyanın əzəmətindən və sadə insanların mehribanlığından heyrətə gəlib, bunu odlu şəhər barədə xatirələrində təsvir edib. Bakı və Abşeron haqqında italyanlar  Allessandri və Vekyetti, ingilislər A.Cenkinson, Edvards və Deket, fransızlar J.Şarden, Rafael, Düma və Sanson da yazıblar. «Odlar şəhəri» barədə rus səyyahı  Afanasi Nikitin və Fedot Kotov da bəhs ediblər. Yəni bütün qaynaqları sadalamağa imkan yoxdur. 

Abşeronun odları bu torpaqlara yalnız səyyahları və tarixçiləri cəlb etməyib. «Odlu torpaq»a böyük səxavətlə Göylərdən bəxş edilmiş var-dövlət uzun illər ona sahib olan xalq üçün böyük sınağa çevrilib, bura çoxsaylı işğalçıları cəlb edib. Abşeron  və Bakı öz əzabkeş tarixində dəfələrlə dəhşətli işğalçılıq savaşlarının və saysız siyasi oyunların teatrına çevrilib. Bu sıraya köçəri tayfaların, Makedoniyalı İsgəndərin yunan qoşunlarının, Tiberinin romalı legionerlərinin, ərəb işğalçılarının, Səfəvi qoşunlarının, monqol xanlarının və Nadir şahın, Osmanlı İmperiyasının türk işğalçılarının və  I Pyotrun qoşunlarının hücumlarını aid etmək olar. 

Bu torpaq iki dəfə rus-türk və rus-fars müharibələrinin maraq mərkəzində olub. Son müharibə nəticəsində Azərbaycan ərazisi iki yerə bölünüb - şimal tərəfi Rusiyaya, cənub tərəfi isə İrana keçib. Keçən yüzilliyin 18-ci illərində Bakı, eyni zamanda, ingilis və türk qoşunları tərəfindən işğal edilib. XXI yüzillikdə isə tarixi Arranın ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Və bu gün bu ərazilərdə kaspi və arran mədəniyyətinin qədim abidələri vəhşicəsinə məhv edilir! Bu regionun, ağsaçlı Abşeronun bütün tarixinin yenidən yazılmasına cəhd göstərilir. 

 

Son söz. Əfsanə

Qutsal Baquanın mühasirəsi 90 gün çəkdi. Qaranlıq düşən kimi Tanrı şəhərinin bütün sakinləri Qulzum dənizinin sahilindəki qızıl sifət Ahura Mazda məbədinin qapıları ağzına yığıldılar. Orada ali kahin - atropat Yegerband müqəddəs ayin icra elədi və odları sönən məbədin tanrılarına dua oxudu. Böyük Xeyir və Müdriklik tanrısına üz tutaraq, yalnız bir şey - müqəddəs şəhərin xilasını və onun gəmiləri cərgəyə düzülərək şəhərə sabah hücumuna hazırlaşan işğalçı qoşundan qurtarmasını dilədi.      

O, həm də Mazdaya yalvardı ki, müqəddəs alov dinsizlərin əlləri ilə kirlənməsin, tanrıların mömin qullarının evlərindəki müqəddəs atəşgahlar sönməsin. O, başqa tanrılarla da danışdı və onların da diqqətini cəlb elədi. Buna görə də məbəddən səhərçağı öz xalqının - atəşpərəstlərin qarşısına çıxan mobedan Yegerband tanrıların iradəsini elan etdi - düşmən öldürülməlidir. Və bu, günahsız od qızının əlindən olacaq. Səhərçağı məbədin başında alov şəfəqləri ilə çevrələnmiş gözəl qız peyda oldu. Onun paltarı alovdan idi, gözəl alov saçları qətiyyətdolu sifətini çevrələyirdi. Qızın əlində alovlu qılınc vardı. Baş kahin dilədi ki, səni də yaratmış od tanrısının məbədini və müqəddəs şəhərini xilas et! Odlu qız havaya qalxdı və əllərində qılınc güclü düşmənin - sərkərdə Nurəddin şahın üstünə getdi.  Tanrıların buyruğunu yerinə yetirərək, onu ölümcül yaraladı. Ancaq qılıncı düşməninin sinəsinə sancan anda onun gənc və gözəl sifətinə vuruldu. Qız kədərdən qılıncı öz sevgi və ağrı ilə dolu odlu ürəyi döyünən gəncin sinəsinə yeritdi. Od qızının ruhu bu gözəl bədəni tərk etdi və məbədə qayıtdı. Yeddi gün və yeddi gecə güclü küləklər - xəzri və gilavar əsdi. Və məbədin müqəddəs odları söndü. Amma oradan yeddi fərsəng aralıda yandı. Və məbəd odsuz qaldı. Həmin vaxtdan o, Qız qalası adlanır. Hərdən qızın odları sönmüş məbəddə yaşayan ruhu yüngül küləklə birgə dənizə sevgilisini aramağa uçur. Onu tapmayanda dənizi dalğalandıran dəli küləklər qaldırır. 

Bizim eradan əvvəl VII-VI yüzilliklərdə Bakı şəhəri ətrafında güclü zəlzələ baş verdi. Bu, Nurəddin şahın qoşunlarının şəhəri mühasirə alması ilə eyni vaxta düşür. Bakı ərazisində qruntun yerdəyişməsi ilə bir neçə yerdə qazın səthə çıxmasının qarşısı alındı. «Məbədin müqəddəs odları söndü və yeddi fərsəng aralıda yandı», - həmin yer indiyə kimi qədim «Sura - xanı», yəni Ay və Su məbədi adını daşıyır. Və hətta bu gün, bütpərəst tanrılarına ibadətdən odlu zərdüştilkdən keçməklə tək Yaradan dininə qədər yol gəldikdən sonra da.  

Yaşayış məntəqələrinin adları hələ də yollarından dönməmiş Atur övladlarına Abşeronun neft hopmuş torpaqlarının çoxdan  unudulmuş odlu keçmişindən xəbər verir. Odlar Yurdu xalqının qədim mənşəyinin tarixi faktlarını yada salır... 



MƏSLƏHƏT GÖR:

605