GÜC SSENARİSİ, YOXSA SANKSİYALARIN SƏRTLƏŞDİRİLMƏSİ?
Maraqlı tərəflərdən hər biri iran böhranı ətrafında incə və təhlükəli diplomatik oyun oynayır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
İranın nüvə proqramı ətrafında gərginlik artmaqdadır. İslam respublikasının prezidenti Mahmud Əhmədinejat müəyyən miqdarda uranın 20%-dək zənginləşdirilməsi üçün (ondan tədqiqat reaktorunda istifadə olunur) Rusiya və Fransaya verməyə hazır olduğunu sözdə bəyan etsə də, eyni vaxtda Tehranın uranı bu dərəcəyədək zənginləşdirməkdə olduğunu da açıqlayıb. Bununla yanaşı, prezident öz ölkəsini "nüvə dövləti" də adlandırıb.
"Azadlıq" radiosu İranın nüvə idarəsinin rəhbəri Əli Əkbər Salehiyə istinadən xəbər verir ki, martın sonunda İranın dağ rayonunda (mümkün hücumdan qorunmaq üçün) uranın zənginləşdirilməsi ilə məşğul olacaq 2 yeni mərkəzin tikintisinə başlanılacaq. Tehranın nüvə yanacağı istehsal edəcək 10 yeni müəssisə inşa etmək kimi iddialı planı da var.
MAQATE-nin məruzəsində isə de-yilir: "İran bilərəkdən özünü elə aparır ki, MAQATE İrandakı hissələrə ayrılan materialların miqdarı və təyinatını dəqiq müəyyənləşdirə bilmir. Bu isə həmin materialların qeyri-sülh məqsədləri üçün istifadəsi təhlükəsini yaradır".
İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Ramin Mehmanpərəst MAQATE-nin bu məruzəsindən təəssüfləndiklərini bildirib. O, qurumun baş direktoru Yukio Amanonu siyasiləşməkdə və ayrı-ayrı dövlətlərin istəyini həyata keçirməkdə günahlandırıb.
İran parlamentinin spikeri, vaxtilə nüvə sahəsində aparılan danışıqlarda Tehranın əsas təmsilçisi olmuş Əli Laricani isə daha da irəli gedərək, MAQATE-ni "qurumun nüfuzunun artmasına xidmət etməyən dezinformasiya yaymaqda" ittiham edib. "Bəzi Qərb dövlətləri diqqəti MAQATE-nin yeni rəhbərinin iddialarına yönəltməklə, dünya ictimaiyyətində İranın nüvə proqramının dincxarakterli olmaması haqda rəy yaratmağa çalışır. Amma bu, İranın seçdiyi yolla irəliləməsinə mane olmayacaq", - deyə Laricani qeyd edib.
Beləliklə, aydındır ki, İran rəhbərliyi yenə də həmişəki kimi, dünya ictimaiyyətinin fikri ilə hesablaşmamağı düşünmür. Heç kəsin onunla müharibə etməyə hazır olmadığına əmin olan İran, sanksiyaların effektivliyinə də inanmır.
Görünən odur ki, Barak Obama administrasiyasının barışdırıcı jestləri ciddi nəticə verməyib. "Sarsıdıcı" sanksiyalar haqda bitib-tükənməyən söhbətlər isə sözdən əmələ keçməməklə, vəziyyəti daha da qəlizləşdirir, hərbi ssenari ehtimalını artırır. Bu haqda nəinki İsrail və Qərb dövlətlərində, hətta Moskvada da danışmağa başlayıblar. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nikolay Makarov amerikalı həmkarı Maykl Mallenə istinad edərək bildirib ki, ABŞ-ın İrana zərbə endirmək planı var.
Amma söhbət heç də belə situasiyalarda hazırlanması adi məsələ olan planlardan yox, onun reallaşdırılmasına praktiki hazırlıqdan gedir. Bu baxımdan Rusiyanın hərbi rəhbərliyi hadisələrin bu ssenari ilə inkişafının yalnız Yaxın Şərq üçün yox, bütünlükdə dünya üçün mənfi fəsadlar verəcəyi ilə bağlı xəbərdarlıq edir. "İrana hərbi müdaxilə gündəmdədər - ABŞ və İsrailin bu addımı atması ehtimalı yüksəkdir. Amma bu məsələdə Rusiya və Çindən çox şey asılıdır", - deyə Geosiyasi Problemlər Akademiyasının prezidenti Leonid İvaşov bildirib. Onun fikrincə, hazırda söhbət tərəflərdən hansınınsa nüvə silahından istifadə etməsindən getmir: "İsrail, hətta məhdud şəkildə nüvə silahının tətbiqinə gedərsə belə, o, İranla həmrəy olan və ABŞ - İsrail diktatına qarşı çıxan bütün qüvvələrin əl-qolunu açacaq".
ABŞ isə regionda diplomatik və hərbi fəallığı artırır. İran faktik olaraq, ABŞ və NATO-nun hərbi bazaları tərəfindən mühasirəyə alınıb. Bu qüvvələr Fars körfəzində, Türkiyədə, Əfqanıstan, İraq və Küveytdə yerləşdirilib. ABŞ-ın Fars körfəzi ölkələrində (Qətər, Bəhreyn, Küveyt və BƏƏ) "Patriot" raket-zenit komplekslərinin yerləşdirilməsi ilə bağlı artıq açıqlanan planına yalnız müharibəyə hazırlıq kimi baxmaq olmaz. Bu, həm də İranın nüvə silahına gedən yolunu bağlamaq üçün indiyədək həyata keçirilən strategiyada dəyişikliyin olduğundan xəbər verir.
Vaşinqton hərbi ssenarini istisna etməməklə yanaşı, gücü sanksiyaların ağırlaşdırılmasına və İran hakimiyyətini daxildən transformasiya etməyə verir. Bu zaman İran rəhbərliyinin daha radikal qanadının təcrid duruma salınması və dəstəkdən məhrum edilməsi əsas məqsəd kimi qarşıya qoyulur. Bu baxımdan ABŞ Əhmədinejat hakimiyyətinə qarşı çıxan müxalifəti həm mənəvi, həm də informasiya cəhətdən dəstəkləyir. Amma bu, İranın mövcud rejiminin daha da sərtləşəcəyini istisna etmir. Fevralda Qətərdə etdiyi çıxışında ABŞ-ın dövlət kaibi Hillari Klinton da etiraf edib ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusundan olan daha aqressiv qüvvələr nüfuzlu ruhaniləri hakimiyyətdən kənarlaşdıraraq, o postları ələ keçirə bilər.
Klinton İrana qonşu ölkələrə nüvə zəmanəti verilməsinin mümkünlüyünü də bəyan edib. ABŞ bununla, şiə İranının millətçiliyindən narahatlığını gizlətməyən ərəb dövlətlərini öz ətrafında birləşdirməyə çalışır. Amerikanın "nüvə çətiri" İranın "dayandırılması" strategiyasının da vacib elementinə çevrilə bilər.
Başqa bir məqam da var: bəlkə də ABŞ-ın İrana hərbi müdaxilə haqda informasiyaları mətbuata sızdırması, əslində, Tehrana qarşı sanksiyalara yanaşmada tərəddüd edən ölkələri, bu sanksiyalara "hə" deməyə sövq etmək üçündür. Söhbət, ilk növbədə, Rusiya, Çin və Türkiyədən gedir. Çünki sözügedən problemlə bağlı Moskva, Pekin və Ankaranın mövqeyində hələ də kifayət qədər qeyri-müəyyənlik var.
Moskva sanki artıq sözdə Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə razılaşmağa başlayıb. Amma iş konkret addımların atılmasına gələn zaman o, xeyli şərt irəli sürür. Vaşinqtonla Təl-Əvivin ciddi israrlarından sonra Moskva İrana C-300 raket komplekslərinin satışını dayandırsa da, Tehranla hərbi əməkdaşlıqdan tam imtinadan hələ ki yayınır.
Tərəflər arasında fikir ayrılığının digər predmeti neft məhsullarına embarqonun qoyulmasındadır. Amerika hesab edir ki, bu, təsiredici addım ola bilər: İranın köhnəlmiş neft emalı zavodları ölkənin benzinə olan daxili tələbatını ödəməyə qadir deyil. Moskva isə hesab edir ki, sanksiyalar əhaliyə təsir göstərməməlidir.
Rusiya manevrlərə yol verərək, bir-biri ilə o qədər də əlaqəsi olmayan 3 məsələni həll etməyə çalışır. Birincisi, İranla ABŞ arasında münasibətlərin tezliklə həllinə imkan verməmək; bu, Rusiyanın enerji sahəsində və regiondakı mövqelərini zəiflədə bilər. İkincisi, İranın enerji, ilk növbədə, isə qaz potensialının inkişafını ləngitmək. Və nəhayət, üçüncüsü, Vaşinqtonla xüsusi münasibətlər qurmaq üçün ABŞ-ın İran məsələsində Rusiyanın dəstəyinə olan ehtiyacından istifadə etmək.
Rusiya diplomatik oyunu çox ustalıqla oynamağa çalışır. O, İrana hərbi müdaxiləyə yol verməməklə yanaşı, həm də problemin həllinin sürətlənməsini də istəmir. Moskva İrana qarşı sanksiyaların tətbiqinə qoşulacaq; lakin bunu o dərəcədə edəcək ki, Tehran məqsədlərindən əl çəkməsin və Qərbə qarşı müqaviməti davam etdirsin. Bu siyasətin Rusiya üçün uğurunun meyarı neft və qazın qiymətindəki artım və ya onun istədiyi səviyyədə saxlanmasıdır. Amma İranın islam dünyasının lideri iddiasında olan nüvə dövlətinə çevrilməsi də Rusiyanın marağında deyil. Çünki bu, Moskvanın manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Pekinin durumu fərqlidir. O, daha çox geosiyasi oyunlar haqda yox, ilk növbədə, öz iqtisadi-ticari maraqlarının qorunması, sürətlə artan iqtisadiyyatının neftlə təmin edilməsi barədə düşünür. Çin İranın nəhəng ticarət tərəfdaşıdır. Bu ölkələr arasında ticarət dövriyyəsi 10 milyard dollarlarla ölçülür. Son dövrlərədək Pekin İran mövzusunda diskussiyalardan qaçmağa çalışırdı və müəyyən mənada bu məsələdə Rusiyanın arxasında gizlənirdi. Rusiyanın İrana qarşı sanksiyaların tətbiqinə dəstək verə biləcəyi haqda məlumatlar, Çini daha açıq danışmağa vadar edib. İndi Pekin açıq şəkildə bildirir ki, o, Tehranla bağlı yeni sanksiyaların qəbuluna heç bir ehtiyac görmür. Analitiklərin fikrincə, Rusiya BMT Təhlükəsizlik Şurasında sanksiyalara qarşı çıxarsa, Pekin ona qoşulacaq. Tək qalacağı təqdirdə isə Çin, güman ki, səsvermədə bitərəf qalacaq.
Vaşinqton Pekinin İrana qarşı sanksiyaların tətbiqinə "hə" deməklə bağlı çətinlik yaşadığını başa düşməyə bilməz. ABŞ-ın dövlət katibi Hillari Klinton Yaxın Şərq səfəri zamanı Pekinin etirazını, az da olsa, yumşaltmaq niyyəti ilə Səudiyyə Ərəbistanından Çinə neft satışı ilə bağlı zəmanət almağa çalışıb. Hazırda Pekin Tehrandan sutkada, təxminən, 400 min barrel neft alır. İrana sanksiyaların tətbiq olunacağı təqdirdə, bunun kompensasiyası çətin və baha olacaq. Amma Çin üçün ən dəhşətlisi İranın nüvə obyektləri və neft strukturuna zərbələrin endirilməsi olardı. Çünki Tehran bu halda cavab addımı kimi Fars körfəzindən neftdaşımalarını dayandıracağını bildirir. İran bunu Hörmüz körfəzini bağlamaqla həyata keçirməyi düşünür. Nəzərə alsaq ki, dünyanın neft ixracının, az qala, yarısı məhz buradan keçir, Çin, Hindistan, Yaponiya kimi ölkələrin iqtisadiyyatına dəyəcək zərərin miqyasını təsəvvür etmək elə də çətin deyil.
İran problemi ilə məşğul olan "altılıq"a daxil olmayan Ankara da artıq bu prosesdə səsi yaxşı eşidilən oyunçuya çevrilib. Bu, Türkiyənin İranla sərhədə malik yeganə NATO üzvü olması ilə əlaqədardır. Bundan başqa, Ankaranın islam dünyasındakı nüfuzu da son vaxtlar nəzərəçarpacaq dərəcədə artıb və bununla Tehran da hesablaşır. Üstəlik, Türkiyə hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biridir, İrana qarşı yeni sanksiyaların müzakirəsi isə məhz bu qurumda aparılacaq. Fevralın ortalarında Madriddə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib: "İranın nüvə proqramı hərbi xarakterli olarsa, əlbəttə ki, Ankara buna qarşı çıxacaq. Çünki biz qonşumuzda nüvə silahının olmasına qarşıyıq".
Bununla yanaşı, Ərdoğan deyib: "Ankaranın rəsmi mövqeyi belədir: İran problemi birmənalı olaraq, sülh və diplomatiya yolu ilə həll olunmalıdır. İran bizim qonşumuzdur, bizim strateji münasibətlərimiz var və bu səbəbdən də danışıqların davam etdirilməsində maraqlıyıq. Amma problem başqa vasitələrlə həll olunarsa, regionu hansı faciələrin gözlədiyini, hətta təsəvvür belə edə bilmirəm".
Təxminən, eyni vaxtda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tehran-Qərb münasibətlərindəki gərginliyi yumşaltmaq məqsədilə İrana səfər edib. Bu, Davudoğlunun son 5 ayda İrana 4-cü səfəri idi. Məhz bu amil Ankaranın problemin dinc yolla həllində nə qədər maraqlı olduğunu göstərir. Burada, söhbət yalnız Türkiyənin İranla qərbli müttəfiqləri, ilk növbədə, ABŞ arasında çətin seçim etməli olmasından getmir. İrana qarşı yeni sanksiyaların tətbiqi (xüsusilə də hərbi müdaxilənin olacağı təqdirdə) İranla Türkiyənin iqtisadi-ticari münasibətlərinə ciddi zərər vuracaq. Qeyd edək ki, iki ölkə arasında iqtisadi-ticari münasibətlərin həcmi ildə 10 milyard dollara çatıb. Odur ki, Türkiyə vasitəçi rolunu gücləndirməyə çalışır.
Onu da qeyd edək ki, tərəflərin rədd etmədiyi bu vasitəçilik hələ ki ciddi nəticə verməyib.
Azərbaycanın da vəziyyəti asan deyil. İrana qarşı sanksiyaların sərtləşdirilməsi, xüsusilə hərbi müdaxilə bizim maraqlarımıza da son dərəcə ziddir. Bu məsələ ilə bağlı ABŞ, NATO və digər fövqəldövlətlərin nümayəndələri Bakı ilə daim müzakirələr aparır. Azərbaycan isə problemlə bağlı prinsipial mövqeyindən bir addım da geri çəkilməyib: onun ərazisindən qonşu dövlətə heç bir təhlükə yaranmayacaq. İrana qarşı sanksiyaların tətbiqinə dəstək perspektivi də bizim üçün arzuolunmazdır. Amma bununla yanaşı, Bakı öz təhlükəsizliyini möhkəmləndirmək üçün xarici tərəfdaşlarla hərbi-texniki əməkdaşlığı genişləndirir; bu münasibətlər Tehranın xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, ABŞ və İsraillə də qurulur.
Azərbaycan-İran münasibətləri ümumilikdə yüksələn xətt üzrə inkişaf edir. İrana Azərbaycan qazının nəqlinə başlanılıb, Bakı-Ənzəli marşrutu ilə birbaşa reyslər bərpa olunur, Tehran İrana qısa müddətə (15 günədək) səfər edən azərbaycanlılar üçün vizasız rejim tətbiq edib. İranın Bakıdakı səfirliyinin yeni binası açılıb, orada konsulluq şöbəsi, mətbuat xidməti və mədəniyyət mərkəzi yaradılıb. Sistematik olaraq, həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr aparılır. Fevralın sonlarında Milli Məclisin spikeri Oqtay Əsədov da Tehranda səfərdə olub.
Amma Azərbaycanın İrandakı səfirliyi qarşısında, az qala, hakimiyyət tərəfindən təşkil olunan aksiyaların keçirilməsi kimi təəssüfləndirici insidentlər də baş verir. Qeyd edək ki, həmin aksiyalar Bakı ilə Təl-Əviv arasında münasibətlərə etiraz xarakteri daşıyır. Buna cavab olaraq, İranın Azərbaycandakı səfirliyi qarşısında partiyalar və ictimai təşkilatlar tərəfindən keçirilən etiraz aksiyaları isə, yəqin ki, Tehranın bəzi dairələrini bu cür metodlarla Azərbaycanı balanslaşdırılmış xarici siyasətinə təzyiq göstərmək niyyətindən döndərə biləcək.
MƏSLƏHƏT GÖR:






645

