DÖNÜŞ İLİ, YOXSA NÖVBƏTİ "EHTİYATLI NİKBİNLİK"?
ATƏT-ə sədrlik edən Astana Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail ola biləcəkmi?
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Fevralın ortalarında Qazaxıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev Cənubi Qafqaza səfər edib. Səfərdə məqsəd situasiya ilə yerindəcə tanış olmaq, regiondakı münaqişələrin, ilk növbədə, deyildiyi kimi, Dağlıq Qarabağ probleminin həllindəki gələcək fəaliyyət üçün kursun müəyyənləşdirilməsi idi.
Bakı və Yerevanda dövlət rəsmiləri ilə görüşlər keçirən K.Saudabayev bildirib ki, o, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Qarabağ münaqişəsinin həllinə dair təkliflərini İlham Əliyev və Serj Sarqsyana təqdim edib. Bununla yanaşı, o, təkliflərin təfərrüatlarını açıqlamayıb, yalnız orada münaqişənin həlli mexanizminin göstərildiyini, hər iki tərəfin maraqlarının nəzərə alındığını söyləyib. Qazaxıstan XİN başçısının dediyinə görə, onun ölkəsi ATƏT-ə sədrlik edəcəyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli bu qurumun prioritet məqsədi olacaq. Saudabayevin sözlərinə görə, münaqişə tərəfləri razılaşmalara sadiqlik nümayiş etdirsə, bu il postsovet məkanının ən köhnə probleminin həlli baxımından dönüş ili ola bilər.
Saudabayev regiona səfərini başa çatdırdıqdan sonra, ATƏT Parlament Assambleyasının üç ümumi komitəsinin Vyanada keçirilən birgə toplantısındakı çıxışında deyib ki, Qazaxıstan ATƏT-ə sədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı "yol xəritəsi" hazırlamaq niyyətindədir. O, münaqişə tərəflərinin həll prosesində irəliləyişlərə nail olduğunu da söyləyib: "Razılaşmalar çərçivəsində gərginliyin aradan qaldırılmasına kömək edəcək, münaqişə zonasında qarşılıqlı inamı artıracaq istənilən mümkün addımlar nəzərdən keçirilməli və dəstəklənməlidir".
O, ATƏT-ə üzv ölkələrin parlamentariləri arasında əməkdaşlığın möhkəmləndirilməsinin vacib olduğunu, bunun regional problemlərin həlli baxımdan əhəmiyyətini qeyd edib. "Mən parlamentariləri dövlətlər və insanlar arasındakı inamsızlığı aradan qaldırmaq üçün parlament diplomatiyasından daha effektiv istifadə etməyə çağırıram. Sizin sözləriniz və qənaətləriniz münaqişələrə cəlb olunmuş bütün tərəflərdə insanları qarşıdurmanın aradan qaldırılmasının, əməkdaşlıq və sülhün qurulmasına çalışmağın vacibliyinə inandıracaq", - deyə Saudabayev bildirib.
Beləliklə, Astana göstərir ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə çox ciddi şəkildə məşğul olmaq fikrindədir.
Amma əsas məsələ odur ki, onun buna gücü çatacaqmı? Daha dəqiq desək, regionda ciddi geosiyasi maraqları olan fövqəldövlətlər Astanaya belə bir imkan verəcəklərmi? Son 15 ildəki hadisələrin inkişaf dinamikası, bunun elə də asan olmadığını göstərir.
Astananın münaqişəni beynəlxalq hüquq və normalar çərçivəsində həll etməyə səmimi şəkildə çalışdığı şübhə doğurmur. Amma o, bu işin öhdəsindən gələ biləcəkmi? Doğrudur, BMT-də keçirilmiş səsvermələrin hamısında Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Amma BMT-də səsvermə ilə ATƏT sədri kimi prinsipial mövqe ortaya qoymaq fərqli məsələlərdir. Bu məsələdə Astananın, ilk növbədə, Kremlə tərəf boylanacağını nəzərə almamaq olmaz. Üstəlik, Qazaxıstanın həm Rusiya, həm də Ermənistanla Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı kimi siyasi birlikdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi hərbi blokda müttəfiqlik razılaşmaları var. Ermənistana səfəri zamanı Saudabayevə bunun xatırladılması da təsadüf deyil.
Daha bir məqamı yada salaq. Hələ bir neçə ay əvvəl KTMT-nin baş katibi N.Bordyuja bildirmişdi ki, Ermənistana qarşı təcavüz (söhbət Azərbaycanın işğal altındakı torpaqlarını güc yolu ilə azad etməsindən gedirdi - red.) bütünlükdə KTMT üzvlərinə qarşı təcavüz kimi qiymətləndiriləcək. Həmin vaxt, Qazaxıstan da daxil olmaqla, birlik üzvlərindən heç biri bu bəyanata reaksiya vermədi.
Saudabayev heç Ermənistana səfəri zamanı Qarabağ separatçılarının rəhbəri Bako Saakaşyanın ona "DQR prezidenti" kimi təqdim edilməsinə də etirazını bildirmədi.
"Yol xəritəsi" ideyasına gəlincə, bu da cəlbedici görünmür. Əslində, Madrid prinsiplərinin yenilənməsi elə "yol xəritəsi"dir və Azərbaycan prinsipcə onu imzalaya bilər. Amma yenə də Ermənistanın destruktivliyi buna mane olur. Bu halda "velosiped ixtirası"na ehtiyac varmı?
Münaqişənin tarixi və səbəbləri haqda daha yaxşı məlumata malik olan Astananın ATƏT-ə rəhbərliyinin onun həllində daha ciddi rol oynaya biləcəyi haqda fikir də ciddi arqument sayılmamalıdır. Çünki hazırda dünya mərkəzləri Dağlıq Qarabağ münaqişəsi haqda heç də Astanadan az məlumatlı deyillər. Onlar bu çətin məsələdə diplomatik uğurun Qazaxıstanın adına yazılmasına, çətin ki, razı olalar. Qazaxıstanın ATƏT-ə sədrliyindən gözləniləsi mümkün olan ən böyük nəticə, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytral mövqe nümayiş etdirməsidir. Münaqişənin həlli üçün isə neytrallıq yox, prinsipial mövqe tələb olunur - həm ATƏT sədri, həm də ümumilikdə dünya ictimaiyyəti tərəfindən.
ATƏT-ə sədrlik edən ölkələrin bir-birinin ardınca nikbin bəyanatlar səsləndirməsinə baxmayaraq, qısa analiz bu qurumun Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyətinin o qədər də yüksək səviyyədə olmadığını göstərir.
2006-cı ildə Belçikanın xarici işlər naziri Karl de Quht ATƏT sədri postundakı fəaliyyətinə kifayət qədər ümidverici başlamışdı. BMT Təhlükəsizlik Şurasında çıxış edən Quht bu il Dağlıq Qarabağ probleminin ATƏT üçün prioritet məsələlər sırasında olacağını, onun həlli üçün əlverişli şəratin yaradılacağını bəyan etmişdi. K.Quht regiona səfəri zamanı tərəfləri dialoqun davam etdirilməsinə şirnikləndirəcəyini, onları konstruktivliyə, ziddiyyətlərin azaldılmasına sövq edəcəyini bildirmişdi. Özünün regiona ilk səfərindən öncə isə diplomat bildirmişdi ki, "Uzun illərdən sonra ilk dəfə Ermənistan və Azərbaycanın münaqişəni həll edə biləcəklərinin əlamətləri görünür". Belçikalı nazir regiona ATƏT müşahidəçiləri və sülhməramlı missiyasının göndərilməsi ilə bağlı razılaşmanın əldə olunacağını da istisna etməmişdi. Lakin artıq fəaliyyətinin sonunda Quht BMT TŞ-nin tribunasından, sadəcə, sülh danışıqlarında müəyyən irəliləyişlər və silahlanmanın azalması haqda ümumi fikirlərlə kifayətlənmişdi. Sonda o, yalnız bir konkret işlə yadda qaldı - ATƏT Dağlıq Qarabağda keçirilmiş "konstitusiya" referendumunun nəticələrini tanımadı.
2007-ci ildə ATƏT sədri postu Belçikadan İspaniyaya keçdi. Bu ölkənin xarici işlər naziri Migel Anhel Moratinos dərhal "işə girişməyə" qərar verdi. O, əsas hədəfi kimi xalqlar arasında səddin aradan qaldırılması, münaqişə tərəflərinin bir-birinə inamının bərpasını göstərmişdi. Moratinos bildirirdi ki, bunun üçün iki ölkə prezidentləri arasında görüşlərin intensivliyi artırılmalıdır. Onun fikrincə, istənilən görüş münaqişənin həlli istiqamətində atılmış addımdır: "Ermənistan və Azərbaycan prezidentlərinin mütəmadi əlaqələri ilə prosesdə müsbət dinamika yaradılıb və onu itirmək olmaz". Moratinos əmin idi ki, tərəflər münaqişənin həllinə heç zaman həmin dövrdəki qədər yaxın olmayıb: "Ermənistan və Azərbaycana münaqişənin həlli üçün imkan yaranıb. Tərəflər prosesdə irəliləyişə nail olmaq üçün bu imkandan istifadə etməlidir".
İspaniyanın xarici işlər naziri həmin dövrdəki çıxışlarının birində etiraf etmişdi ki, bir sənəddə həm ərazi bütövlüyü, həm də müqəddəratı təyinetmə prinsiplərinin yer alması kifayət qədər çətin məsələdir. Amma "Madrid prinsipləri" adlı sənəd məhz onun ATƏT-ə sədrliyi dövründə meydana çıxdı. Bu sənədin taleyi isə hər kəsə yaxşı məlumdur. Moratinosun ATƏT-ə sədrliyinə nikbinliklə başlamasına baxmayaraq, 2007-ci ilin sonunda BMT TŞ-nin toplantısında o, Dağlıq Qarabağ münaqişəsinin həllində nəzərəçarpacaq irəliləyişlərə nail ola bilmədiyini təəssüflə etiraf etdi. İndi Moratinos həmin uğursuzluğunu Avropa İttifaqının sədri kimi "kompensasiya" etməyə çalışır.
ATƏT-in növbəti sədri (2008-ci il) Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb da müəyyən nikbin bəyanatlar səsləndirsə də, bir qədər təmkinli təsir bağışlyırdı. ATƏT Parlament Assambleyasının 17-ci sessiyasında o, fəaliyyətinə bu sözlərlə başlamışdı: "ATƏT-in əsas vəzifələrindən biri münaqişələrin həllidir. Mən, ilk növbədə, Qafqazdakı münaqişələri nəzərdə tuturam. Hesab edirəm, ATƏT yalnız münaqişələri idarə etməməli, həm də onların həlli ilə məşğul olmalıdır. Belə problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir. Bizim Dağlıq Qarabağda xüsusi nümayəndəmiz var və bu problemin həlli bizimçün prioritetlərdən biridir".
Amma hamı ondan nikbin bəyanat gözləyirdi və bu özünü o qədər də çox gözlətmədi. Bir müddət sonra A.Stubb bəyan etdi ki, Azərbaycanla Ermənistan Dağlıq Qarabağ münaqişəsində "dondurulmuş mərhələ"dən həll mərhələsinə keçib. Hətta 2008-ci ilin dekabrında (onun sədrliyinin son ayı) Stubb tərəflərin münaqişənin həllində irəliləyişə nail olduğunu da bildirdi. O, ATƏT-in tezliklə münaqişə ilə bağlı regional bəyannaməni imzalayacağına ümid etdiyini də söylədi.
Ədalət naminə qeyd edək ki, cənab Stubb bir neçə dəfə xüsusi olaraq vurğulamışdı ki, möcüzələrə ümid bəsləməyə dəyməz.
Nəhayət, ötən il ATƏT-ə Yunanıstan sədrlik etdi. Bu ölkənin xarici işlər naziri Dora Bakoyannis dərhal bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş anının olacağına ümid bəsləyir. Onun sözlərinə görə, iki ölkə prezidentlərinin mütəmadi görüşləri münaqişə tərəfləri arasında qarşılıqlı inamın yaranmasına kömək edir. Xatırladaq ki, Bakoyannis ATƏT sədri postunda Dağlıq Qarabağ münaqişəsindən çox, Türkiyə-Ermənistan münasibətləri və Kipr probleminin həllinə diqqət ayırıb (bunun kimlərin marağı ilə baş verdiyini anlamaq çətin deyil).
Daha bir maraqlı məqam ondan ibarətdir ki, tərəfləri münaqişənin həllinə nail olmaq üçün ortaq məxrəcə gəlməyə çağıran Yunanıstan XİN başçısı Yerevana səfəri zamanı Ermənistanı Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında vacib rol oynayan subyekt (?!) adlandırmışdı. Maraqlıdır, əgər təcavüzkar ölkə ATƏT tərəfindən, az qala, regionun təhlükəsizliyinin qarantı adlandırılırsa, onda stabilliyi pozan kimdir?
Beləliklə, ATƏT sədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyətinin analizi göstərir ki, bu işdə onlar, ilk növbədə, fövqəldövlətlərin maraqlarına zidd addımlar atmaqdan çəkinirlər. Məhz bu səbəbdəndir ki, onlar ümumi bəyanatlar səsləndirməklə kifayətlənir, bütün açıqlamalarında ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiklərini bildirirlər. Bu qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini monopoliyaya götürməsi, onu bitib-tükənmək bilməyən melodiyaya çevirdiyi isə heç kəsə sirr deyil. Görünən odur ki, ATƏT də öz tərəfindən bu məsələni Minsk qrupunun həmsədrlərinin iltizamına verməyə şaddır. Minsk qrupunun həmsədrləri isə hər məqamda həll prosesindəki uğursuzluğa görə məsuliyyəti münaqişə tərəflərinin üzərinə qoyur, onları mövqeləri razılaşdıra bilməməkdə günahlandırır.
Və nə qədər ki ATƏT-ə sədrlik edən şəxslər hər şeyi öz adı ilə çağırmayacaq, təcavüzkara və müdafiə olunan tərəfə diferensial yanaşmanı nümayiş etdirəcək, bu işdə ciddi dəyişikliklərə ümid etməyə dəyməz. Belə getsə, biz hər il ATƏT sədrlərinin regiona nəticəsiz səfərlərini müşahidə edəcək, heç bir nəticə verməyən görüşlər, diskussiyalar, süni vasitəçilik addımlarına tamaşa etməklə kifayətlənəcəyik.
MƏSLƏHƏT GÖR:




501

