MÜTTƏFİQLİKDƏN MEHRİBAN DÜŞMƏNÇİLİYƏ
Avropanın yeni təhlükəsizlik arxitekturasının yaradılması məsələsi ABŞ-la Avropa arasında fikir ayrılığına səbəb olub
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Fevralın ilk ongünlüyü Qərblə Rusiya arasında müasir təhlükəsizlik sistemi ilə bağlı aşkar fikir ayrılığının meydana çıxması ilə yadda qaldı. Beynəlxalq Münhen təhlükəsizlik konfransını hər iki tərəf hələ ki "yumşaq" qarşıdurma baxımından əlamətdar hadisə hesab edir.
Konfrans ərəfəsində prezident Dmitri Medvedevin təsdiqlədiyi Rusiyanın yeni hərbi doktrinasında bildirilir ki, ölkəyə, hətta adi silahlarla hücum olunarsa belə, Moskva nüvə silahına əl atmaq hüququna malikdir. Ötən il dekabrın əvvəllərində isə ATƏT Xarici İşlər Nazirləri Şurasının Afinada keçirilmiş toplantısında Avropanın təhlükəsizliyinə dair yeni müqavilə layihəsi nümayiş etdirilmişdi. Xatırladaq ki, o zaman layihə dəstək tapmamışdı.
Qərbdə hesab edirlər ki, bu plan NATO-nun zəiflədilməsinə yönəlib. Bəzi ölkələr isə Rusiyanın bu səylərini münaqişə zonalarında (xüsusilə postsovet məkanında) status-kvonun saxlanmasına cəhd kimi qəbul edirlər. Onların fikrincə, Moskva həmin problemlərin həllinə dair ziddiyyətli mexanizmlərin qəbulu ilə məhz buna çalışır.
Təqdim olunan sənədlə diqqətlə tanış olan zaman Qərbin narahatlığının əsaslı olduğu görünür. Məhz buna görə Şərqi Avropa ölkələrindən birinin xarici işlər naziri bildirib ki, Moskva bu yolla Avropaya aid məsələlərdə daha bir veto hüququ əldə etmək istəyir. "Onun BMT Təhlükəsizlik Şurasında belə hüquqa malik olması bizə kifayət edir", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sözügedən planı Münhendə də "işə keçirməyə" çalışıb. O, ölkəsinin mövqeyini belə izah edib: "Artıq Vankuverdən Vladivostokadək ərazini əhatə edən ATƏT Rusiyanın təklifinə lazımi alternativ deyil. Çünki ATƏT-ə üzv ölkələrin əksəriyyəti 1999-cu ildə Kosovoda yaşanan hərbi münaqişədə iştirak edib və bununla da ümumi təhlükəsizlik prinsipini pozub".
Lavrovun bu mövqeyi konfrans iştirakçılarında heç də nikbinlik yaratmayıb. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçovun çıxışı isə vəziyyəti daha da qarışdırıb. "NATO hələ də Rusiyanı ciddi qəbul etmir. Rusiyaya yalnız alyansın yeni strateji konsepsiyasının müzakirəsi haqda məlumatlar verilir. Diskussiyalara isə bizi dəvət etmirlər. NATO-nun fəaliyyəti yalnız öz ərazisini əhatə etsəydi, hər şey qaydasında olardı. Amma bu təşkilat bütünlükdə dünyada fəallıq göstərir. Bu səbəbdən də Rusiya NATO-nun yaxın gələcək üçün plan və məqsədlərinin müzakirəsi zamanı səs hüququna malik olmalıdır. NATO-nun seçdiyi yol bizdə ciddi narahatlıq yaradır", - deyə Kosaçov bildirib.
Onun ardınca Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO-nu Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradan qurum kimi təqdim edib.
Qərbin ayrı-ayrı təmsilçiləri isə Moskvanın bu bəyanatlarına özlərinəməxsus reaksiya veriblər: "Moskva NATO-ya "soyuq müharibə"dən salamat çıxmasını, Varşava paktının isə bunu bacarmadığını heç zaman bağışlamayacaq. Amma hazırkı şəraitdə bu lazımsız qısqanclıq münasibətlərə xüsusi təsir göstərir. İlk növbədə, NATO üçün - bu ölkənin Şərqi Avropadan olan yeni üzvləri əvvəlkitək Rusiyadan təhlükə gözləyirlər. Gürcüstanla yaşanmış münaqişədən sonra isə bu qorxu hissi daha da artıb. Və indi onlar Rusiya faktorunun alyansın yeni konsepsiyasında açıq şəkildə əks olunmasını tələb edirlər".
Münhen konfransı ərəfəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon Vaşinqtonun da Medvedev tərəfindən Avropanın təhlükəsizliyinə dair təqdim olunmuş yeni planına şübhə ilə yanaşdığını bildirib. O deyib ki, ABŞ Rusiyanın təşəbbüsündə əks olunmuş prinsipləri qəbul edir. Lakin yeni təhlükəsizlik sisteminin yaradılmasına yox, mövcud sistemin müasirləşdirilməsinə tərəfdardır.
Bir sözlə, Vaşinqton göstərib ki, Moskva öz təşəbbüsü ilə bağlı xülyalara dalmamalıdır.
Bütün bunların fonunda, ABŞ-la Avropanın aparıcı fövqəldövlətləri arasındakı fikir ayrılığı Vaşinqtona baha başa gələ bilər. Məsələn, Afinada hamının Rusiyaya qarşı çıxmasına rəğmən, İtaliyanın Baş naziri Silvio Berluskoni bildirmişdi ki, Roma Moskva tərəfindən irəli sürülən sənədi müzakirə etməyin əleyhinə deyil. Bu o deməkdir ki, Avropa fövqəldövlətləri Moskva ilə mövqeləri üst-üstə düşən zaman onunla müəyyən razılığa gedə bilər. Bu isə əlbəttə ki, Vaşinqton tərəfindən narazılıqla qarşılanacaq.
Ümumiyyətlə, bəzi hallarda, xüsusilə Rusiyaya aid məsələlərdə, ABŞ-la Avropa arasında daha ciddi fikir ayrılıqlarına rast gəlinir. Bu, ayrı-ayrı avropalıların Lavrovun Münhen çıxışına reaksiyasında da özünü göstərib: "Əlbəttə, biz təhlükəsizlik sahəsindəki maraqlarımızı ruslarla açıq şəkildə müzakirə etməliyik. Lakin bu yalnız bir halda nəticə verə bilər: Rusiya etiraf etməlidir ki, onun maraqları, ilk növbədə, köhnə "əlaltıları" olmuş Ukrayna və Gürcüstan kimi ölkələr üzərində nəzarətin saxlanılmasına yönəlib".
Bu bəyanat göstərir ki, bəzi məsələlərdə ABŞ-la Avropanın baxışları tam fərqlənir. Bunun isə bir neçə səbəbi var.
"Soyuq müharibə"də qalib gəlmiş Vaşinqton yarıyolda dayanmaq niyyətində deyil və Moskvanın postsovet məkanına təsirini azaltmaq üçün əlindən gələni edir. Güman ki, Avropanın güclü dövlətləri Vaşinqtonun siyasətinə dəstək verməyə o qədər də həvəs göstərmir. Çünki onlar ABŞ-ın Avropada mövqelərini tam möhkəmlətməsinə imkan vermək istəmirlər. Belə görünür ki, bunun üçün onlara Moskvanın Avropanın işlərinə qarışmayacağına, təhlükəsizliyinə problem yaratmayacağına zəmanət verməsi kifayətdir. Bunun əvəzində Avropa nəinki Rusiyanın postsovet məkanında aparıcı rolunu qəbul etməyə, hətta NATO və Avropa İttifaqının genişlənməsinə dolayısı ilə mane olmağa da hazırdır. Odur ki, NATO-nun köhnə və yeni üzvləri arasında fikir ayrılıqları hər dəfə güclənəndə və ya Rusiyanın alyans üzvlərinə qarşı, həmçinin, üzv olmağa can atan Gürcüstan və Ukraynaya qarşı demarşlarından sonra strateji konsepsiyaya dair diskussiyalar yenidən qızışır. Təbii ki, Moskva ABŞ-la Avropanın "qocamanlar"ı arasında bu cür mövqe uyğunsuzluğunu diqqətlə izləyir və belə situasiyalardan maksimum dividend qazanmağa çalışır. Qeyd edək ki, Vaşinqtonun Ukrayna ilə Gürcüstanı NATO-ya qoşmaq işində uğur qazanmasına məhz Almaniya ilə Fransanın ciddi müqaviməti imkan verməyib.
Vaşinqtonla Avropa arasında fikir ayrılığının daha bir səbəbi də aydındır. Məsələ bundadır ki, artıq ABŞ Rusiyaya qarşı apardığı oyunda əsas ümidini Şərqi Avropa və postsovet ölkələrinə bağlamağa başlayıb. Həmin dövlətlərin öz təhlükəsizliklərini təmin etmək üçün Qərbin qanadı altına sığınmağa hazır olduqları da məlumdur. Amma hər halda, Qərbin iki qanadı (ABŞ və Avropanın aparıcı dövlətləri) arasında gedən gizli mübarizə bu prosesə daha çox intriqa gətirir və Moskva bundan məharətlə yararlana bilir. Berlin, Paris və Roma ABŞ-la Aİ-nin yeni üzvləri arasında möhkəm münasibətlərin qurulmasından o qədər də məmnun deyillər. Çünki bu, Vaşinqtona Köhnə Qitəyə təsir imkanlarını daha da artırmaq imkanı verir. Onlar özləri Avropada təsir imkanlarını artırmağın və ABŞ-ın təsirlərinə qarşı durmağın heç də əleyhinə deyillər. Bu məsələdə Amerika "heç nəylə hesablaşmadan irəliləmək" taktikası yürütdüyü halda, avropalılar fərqli taktikadan çıxış edirlər. Onlar Rusiya ilə uzun-uzadı "oynamaqla", bəlkə bundan hansısa qazanc əldə edəcəklərinə ümid bağlayırlar. Avropa İttifaqının lobbiçilik etdiyi "Şərq Tərəfdaşlığı" proqramı da məhz bu taktikanın elementlərindən biridir. Fikrimcə, bu taktikanın nəticəsizliyi də avropalıları bir o qədər üzmür. Çünki ən pis halda Moskva MDB-də öz təsir imkanlarını gücləndirməklə məşğul olacaq və bu, onun diqqətini Avropadan yayındıracaq.
Bu siyasətin ən bariz nümunəsi 2008-ci ilin avqustunda Cənubi Qafqazda baş verən məlum hadisələrdir. 5 günlük Rusiya-Gürcüstan müharibəsinin lap başlanğıcından indiyədək ABŞ-ın mövqelərinin dəyişmədiyini görən Avropa, daha doğrusu, Avropanın aparıcı dövlətləri ritorikasını 180 dərəcə dəyişərək Rusiyanın ünvanına sərt bəyanatlardan yayınmağa başladı. Bununla da Avropa sanki kənara çəkilərək, məsələnin həllində Vaşinqtonla Moskvanı tet-a-tet qoydu.
Fransa prezidentinin iflasa uğrayan diplomatiyası onunla bitdi ki, ATƏT baş vermiş münaqişəyə görə, günahı Moskva ilə Tbilisi arasında yarıbayarı böldü. Bir müddət əvvəl isə məlum olub ki, Sarkozi öz "diplomatik missiyası"nın məhsulu sayılan sənədi imzalamaq üçün Gürcüstan prezidenti Mixail Saakaşviliyə son dərəcə ciddi təzyiqlər edibmiş.
Bundan başqa, o da məlum olub ki, sən demə, ABŞ Rusiya ilə Gürcüstan arasındakı hərbi münaqişəyə ciddi müdaxilə haqda da düşünürmüş. Lakin müəyyən hesablamalardan sonra bunun məqsədəuyğun olmadığı qənaətinə gəlinib.
Güman ki, Vaşinqtonun fikrindən daşınmasının əsas səbəbi Avropanın aparıcı dövlətlərinin ona dəstək vermək istəməməsi və hərbi yardımdan imtina etməsi idi. Yeri gəlmişkən, bu, ekstremal vəziyyətlərdə avropalıların ilk belə addımı deyil. Balkan hadisələri zamanı da eyni taktika ortaya qoyulmuşdu. Hələ bilmək olmaz ki, Vaşinqton Balkan hadisələrinə NATO-nun müdaxilə etməsinə nail olmasaydı, Avropanın mərkəzində yaşanan bu olaylar nə ilə başa çatardı. Amma bu da Bosniya müsəlmanlarını etnik təmizləmədən xilas etmədi. O zaman Hollandiyadan olan sülhməramlıların hadisə yerindən qaçması nəticəsində təpədən-dırnağadək silahlanmış serb hərbi birləşmələri Srebrenisada Bosniya müsəlmanlarına qarşı qətliam törətdilər. Onlar bir neçə günə bu kəndin 30 min əhalisindən 8 minini qətlə yetirdilər. Bir sözlə, Avropanın "qocaman"larından biri o zaman serblərə girov düşmüş 30 hərbçisini məhz bu dinc sakinlərin qanı hesabına xilas etdi. Bəs buna Avropanın aparıcı dövlətlərinin reaksiyası necə oldu? Heç necə! Bu cinayətkar əməl haqda dünyanı postkommunist Polşasının ilk baş naziri (fikir verin, Şərqi Avropa ölkəsinin vətəndaşı - red.) T. Mazovetski 1992-ci ildə BMT-nin keçmiş Yuqoslaviyada insan haqları komissiyasının xüsusi nümayəndəsi təyin olunduqdan sonra xəbərdar etdi. Bu ifşadan sonra o, Balkan regionunda Avropa və ABŞ-ın siyasətinə etiraz olaraq, 1995-ci ildə bu postunu tərk etdi. Mazovetski onları Balkanlarda kütləvi insan tələfatının qarşısını ala bilməməkdə günahlandırdı. Amma belə bir vəziyyətdə də Avropanın aparıcı fövqəldövlətləri hadisələrin bu cür inkişafına səbəb omuş səhvlərini (yalnız səhvlərinimi? - red.) etiraf etməyə özlərində cəsarət tapmadılar.
ABŞ-la Avropanın aparıcı dövlətləri arasında fikir ayrılığı həm də alternativ enerji layihələri ilə bağlıdır. Vaşinqton bu sahədə Şərqi və Mərkəzi Avropa ölkələrinin maraqlarına uyğun layihələrə israrla lobbiçilik edir. Avropanın Almaniya, Fransa və İtaliya kimi dövlətləri isə Moskva ilə gizli danışıqlar aparmaqla, Rusiyanın layihələrinə lobbiçilik edir, alternativ layihələrin iflasa uğramasına çalışırlar. Onlar, hətta mütəmadi olaraq alternativ layihələri sözdə dəstəkləməklə, oraya ABŞ-ın əsas antaqonistləri olan ölkələrin cəlb olunması təklifi ilə çıxış edirlər.
Avropa ilə Birləşmiş Ştatlar arasındakı növbəti fikir ayrılığı Vaşinqtonun Çexiya və Polşada Hava Hücumundan Müdafiə (HHM) sistemləri yerləşdirmək planı ilə bağlı meydana çıxıb. Vaşinqtonun bu planından o qədər də məmnun olmayan avropalıların süst reaksiyası fonunda Moskvanın plana qarşı son dərəcə sərt təpkisi hadisələrə xüsusi çalar verib. Maraqlıdır ki, ABŞ administrasiyasının Avropada üçüncü mövqe rayonunun yaradılması ideyasından imtina etməsindən sonra, ciddi hərbi-sənaye potensialına malik olan Fransa Avropanın raketdən müdafiə sistemindəki "boşluqları" öz hesabına "qapamaq" niyyətində olduğunu açıqlayıb. Və o, buna nail olub. Bu məsələdə Çexiya və Polşa səhifələrini qapayan Vaşinqton analoji sistemin Rumıniyada yerləşdirilməsi məsələsini də gündəmə gətirib. Beləliklə, söyləmək olar ki, NATO daxilində ABŞ-ın bu və ya digər məsələyə dair mövqeyi ilə razılaşmayan ölkələr öz narazılıqlarını birbaşa yox, dolayısı ilə - üstüörtülü mübarizə şəklində ortaya qoyurlar. Bu, öz növbəsində NATO-nun birliyinə gizli təhlükədir.
Avropa İttifaqı XX əsrlə XXI əsrin sərhədində transatlantik əməkdaşlıqla qitədə milli maraqlarının reallaşdırılması arasında balanslaşdırma siyasəti aparmaqla, özünün kollektiv təhlükəsizlik sisteminin yaradılmasının da qeydinə qalıb. Söhbət Təhlükəsizlik və Müdafiə Sahəsində Avropa Siyasəti (TMSAS) adlı sistemdən gedir. TMSAS-da əsas rola malik olan Fransa bu işi Almaniyanın fəal dəstəyi ilə həyata keçirir. O, bu strukturun böyük gələcəyinin olacağına ümid edir.
Zaman keçdikcə onların bu sistemdə Rusiyaya da yer tapacaqları istisna edilmir. Yəqin ki, İtaliyanın baş naziri tərəfindən bir müddət əvvəl Aİ-nin vahid silahlı qüvvələrinin yaradılmasına dair irəli sürülmüş təklifi də bu məqsədə xidmət edir. Xatırladaq ki, onun təklifini Almaniya kansleri Angela Merkel dərhal dəstəkləmişdi.
İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Monro doktrinasından imtinası onların Ümumavropa işlərinə müdaxiləsinə, sonradan isə planetin, demək olar ki, bütün regionlarına təsirinin artmasına səbəb olub. Avropanın aparıcı qüvvələrini isə hadisələrin belə gedişi o qədər də məmnun etmir. Çünki onlar özləri Amerika qitəsinə doğru hərəkətə keçməyin heç də əleyhinə deyillər. Bu səbəbdən də Avropa bəzi hallarda "Latın Amerikası kartı" ilə də oynamağa başlayıb. Venesuela prezidenti Uqo Çavesin ötən ilin sentyabrında Rusiya, Fransa və Portuqaliyaya səfərləri də bunu bir daha sübut edir. Qeyd edək ki, həmin səfərlərdə əsas məqsəd Rusiya ilə hərbi və enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, Fransa ilə "qeyri-adi strateji ittifaq"ın dərinləşdirilməsi, həmçinin, Portuqaliya ilə enerji sahəsində əməkdaşlıq idi. Rusiya ilə Aİ-nin Venesuela, həmçinin, digər Latın Amerikası ölkələri ilə yaxınlaşması ABŞ-ın Latın Amerikasından tədricən uzaqlaşması fonunda baş verir. Rusiya ilə Aİ situasiyadan istifadə edərək, Latın Amerikası ilə əməkdaşlığı gücləndirməyə çalışır. Onların bu səyləri artıq Latın Amerikasının bir sıra dövlət rəhbərləri tərəfindən müsbət qarşılanıb.
ABŞ ilə Avropanın aparıcı dövlətləri arasında fikir ayrılığının olduğu daha bir məsələ - Türkiyənin Aİ-yə qəbuludur. Vaşinqton bu məsələyə fəal şəkildə lobbiçilik etməyə başlayan zaman, Parislə Berlin Ağ evə son dərəcə kobud şəkildə Avropanın işlərinə qarışmamağı məsləhət görür.
ABŞ-la Avropanın İslam dünyasına fərqli münasibətinin əhəmiyyəti də az deyil. ABŞ prezidenti Barak Obama hələ inauqurasiya çıxışı zamanı bütün ciddi problemlərin həllində 1,5 milyardlıq İslam dünyasının mövqeyini nəzərə alacağını bildirmişdi. Təəssüf ki, Avropa tərəfindən analoji yanaşmaya hələ də rast gəlinmir. Birləşmiş Ştatlarla hansısa İslam ölkəsinin münasibətlərində gərginlik yaranan zaman isə onlar Vaşinqtona istənilən hərbi dəstəyi göstərməyə hazır olur.
Sadalanan ciddi fikir ayrılıqlarına baxmayaraq, Avropa əsas məqamlarda təhlükəyə qarşı ABŞ-ın müdafiəsinə bel bağlayır. Amma o, eyni zamanda Amerikanın qəyyumu olmağı da yaxın buraxmır. Avropa, sanki ABŞ-a belə bir mesaj göndərir: çətin anlarda sizdən kömək gözləyirik. Amma bu yardımın müqabilində Avropanın işlərinə qarışmaq haqda düşünməyin!
Hətta Haitidəki zəlzələdən sonra amerikalıların xilasetmə işlərində həddindən artıq fəal iştirakı belə, Fransanın narazılığına səbəb olmuşdu. Paris Vaşinqtonu humanitar yardım adı altında, əslində, Haitini işğal etməkdə günahlandırmaqdan da çəkinməmişdi.
Avropanın ABŞ-ın güclü təzyiqindən qurtulmağa çalışdığını bu sətirlərin müəllifi ilə qeyri-rəsmi söhbətində Avropa Beynəlxalq Münasibətlər İnstitutunun (Belçika) prezidenti İrnerio Seminatore də etiraf edib. Bununla yanaşı, Avropa "qocamanlar"ı bütün çirkli işləri ABŞ-ın boynuna qoymağa çalışır. Onların 2009-cu ildə Nobel sülh mükafatını tələm-tələsik Barak Obamaya vermələrinə də məhz bu prizmadan yanaşmaq lazımdır.
Avropanın fövqəldövlətləri bu işdə Rusiyaya ən müasir hərbi texnika verməyə də hazırdır. Məsələn, Fransa Rusiyaya nəhəng "Mistral" hərbi gəmisini (o, Fransa donanmasının böyüklüyünə görə ikinci gəmisidir. Vertolyotdaşıyan gəminin uzunluğu 200 metr, çəkisi 21 min tondur. O, ağır nəqliyyat vertolyotlarını, desant gəmilərini, tankları və 900-dək əsgəri daşımaq iqtidarındadır) satmağa hazır olduğunu açıqlayıb. Parisin bu qərarı ABŞ Konqresi tərəfindən sərt tənqidlə qarşılanıb. Qeyd edək ki, Konqresdə bəziləri, ümumiyyətlə, NATO ölkələrinin Rusiyaya silah-sursat satmasına qarşıdır.
Ötən ay isə Almaniya Rusiyaya sualtı qayıqlar üçün lisenziya verməyə hazır olduğunu açıqlayıb. Əksər ekspertlər bu qayıqların köhnəlmiş olduğunu söyləsə də, çətin ki, Berlinin bu qərarı da Vaşinqtonun ürəyincə olsun.
Bütün sadalanan məqamlar sübut edir ki, ABŞ-la Avropa arasında mövcud olan fikir ayrılıqları - strateji olmasa da belə - Rusiyaya Qərb üzərində geosiyasi üstünlük əldə etmək üçün kart-blanş verir. Moskva isə çətin ki, belə şansı əldən buraxsın. Çox güman ki, Kreml Avropada yeni təhlükəsizlik müqaviləsi konsepsiyasının reallaşdırılmasına məhz bu səbəbdən belə cəhd edir. Amma Rusiya istəyinə nail ola biləcəkmi?
Bu suala cavabı Qərbin özü verməlidir.
MƏSLƏHƏT GÖR:



459

