
AFRODİTA ADASI ÜÇÜN BÜTÖVLÜK PLANI
Pan Gi Munun Türk Kiprinə səfərinin yaratdığı ajiotaja baxmayaraq, onun təşəbbüsünü baş tutmuş saymaq olar
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Artıq yarım əsrdir ki, Kipr problemi Avropanın ən ciddi başağrılarından biridir. Qarşıdakı bir neçə ildə onun uzunmüddətli həllinə müəyyən ümidlər yaranıb. BMT-nin Baş katibi Pan Gi Munun bölünmüş adaya səfəri də bunu təsdiqləyib. Lakin bu, Kiprin yunan və türk icmaları arasında gedən danışıqlar prosesinin asan olduğunu düşünməyə də əsas vermir.
Pan Gi Munun çağırışı
Kiprdə səfərdə olan Pan Gi Mun adanın cənub və şimal hissəsi rəhbərliyinin tezliklə razılığa gələ biləcəklərinə ümidini ifadə edib. O bildirib ki, bunun üçün "cəsarət, çeviklik, uzaqgörənlik və kompromisə cəhdlər" tələb olunur. "Sülh danışıqları heç zaman asan olmayıb. Lakin artıq onu irəli aparmağın vaxtı çatıb. Ümid edirəm, hər iki lider tərəfləri qane edən birgə qərar qəbul edə biləcək. Onilliklərdir ki, dünya Kipr problemi haqda eşidir. Artıq məsələnin həlli zamanı çatıb", - deyə BMT-nin Baş katibi bildirib.
Bununla əlaqədar olaraq, Pan Gi Mun hər iki tərəfin liderləri - Mehmet Əli Tələt və Dimitris Xristofiası adanın birləşdirilməsi istiqamətində danışıqları sürətləndirməyə çağırıb.
Qeyd edək ki, Kipr probleminin həlli planı ikiicmalı, ikiməkanlı federasiyanın yaradılmasını, federal hökumətin qurulmasını və beynəlxalq arenada vahid nümayəndəlikdə təmsilçiliyi özündə əks etdirir. Əslində bu, hələ 2003-cü ildə BMT-nin ozamankı Baş katibi Kofi Annanın təklif etdiyi həll variantının müasirləşdirilmiş formasıdır. Onun planı Kiprdə iki bərabərhüquqlu dövləti - yunan və türk dövlətini özündə birləşdirən konfederasiyanın yaradılmasını təklif edirdi. Lakin 2004-cü il aprelin 24-də keçirilən referendumda Kiprin türk əhalisi Annan planını dəstəkləsə də, yunanlar onun əleyhinə çıxdılar. Bundan sonra beynəlxalq aləmin Kipr Respublikası kimi tanıdığı yunan Kipri Avropa İttifaqına tamhüquqlu üzv qəbul edildi. Adanın şimal hissəsinin statusu isə hələ də qeyri-müəyyən olaraq qalır.
İndi Pan Gi Munun adaya səfəri Kipr probleminin nizamlanması prosesinə dəstək nümayişi sayılmalıdır. Baş katibin tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri ətrafında ajiotajın yaranmasına baxmayaraq, onun təşəbbüsü baş tutub. Qeyd edək ki, səfər proqramına əsasən, ŞKTC lideri Mehmet Əli Tələt Baş katibi evində qəbul etməli olsa da, sonradan onunla qonaq arasında görüş Prezident İqamətgahında keçirilib. Yunan Kiprinin rəhbərliyi bunu türklərin BMT-nin Baş katibinə qurduqları "tələ" kimi qiymətləndirib. Onların fikrincə, türklər bununla "psevdodövlət"in dolayısı ilə olsa da, tanınmasına nail olmağa çalışıblar.
Adanın müxtəlif tərəflərində bütün bu hadisələrin fərqli qarşılanması da bir daha münaqişənin həllinin, sülh yolu ilə çözümə nail olmağın çətinliyini göstərir. Lakin bu, tərəflərin kompromisə gəlməsinin mümkünlüyünü tam inkar etmir. Çünki tərəflər arasında sülh danışıqları BMT Baş katibinin dəstəyi ilə yeni stimul qazanıb.
Xristofias - Tələt danışıqları
Kiprin hər iki tərəfinin liderləri arasında birbaşa danışıqlara 2008-ci ilin sentyabrından başlanılıb. Mehmet Əli Tələt ilə Dimitris Xristofias arasında mütəmadi olaraq ikitərəfli danışıqlar keçirilir. Bu görüşlər BMT Baş katibinin Kiprdəki xüsusi nümayəndəsi, Avstraliyanın sabiq xarici işlər naziri Aleksandr Daunerin iqamətgahında keçirilir. Danışıqların başlanmasına rəmzi təkanı isə adanın yunan və türk icmalarını bir-birindən ayıran divarın 2008-ci ilin aprelində sökülməsi verib. Kipr paytaxtı Nikosiyada - adanı yunan və türk hissələrinə bölən BMT-nin "yaşıl zonası"nda son onilliklər ərzində ilk dəfə nəzarət-buraxılış məntəqəsi yaradılıb. Bu hadisə böyük, bəlkə də tarixi əhəmiyyət daşıyırdı. Axı Nikosiya Avropanın bölünmüş formada olan son paytaxtı idi. Kiprin şimalı ilə cənubu arasında açılmış nəzarət-buraxılış məntəqəsi Ledrdə yerləşir. Bu, Nikosiyanın mərkəzi küçəsidir. Xatırladaq ki, bu küçə 1974-cü ildə Türkiyə ordusunun Kiprə daxil olması nəticəsində adanın bölünməsinin rəmzinə çevrilib. Onu da xatırladaq ki, o zaman türk ordusu burada yaşa-yan türkləri adanı Yunanıstandan ayırmaq uğrunda mübarizə aparan yunanların təqibindən müdafiə etmək üçün Kiprə ordu yeritmişdi.
Yeri gəlmişkən, Ledrdə nəzarət-buraxılış məntəqəsinin açılmasına dair siyasi qərar məhz Xristofiasla Tələt tərəfindən verilib. 2004-cü ildə Annan planının qəbulu istiqamətində keçirilən referendumun iflasa uğramasından sonra dondurulmuş danışıqlar prosesinin bərpası da bu şəxslərin adı ilə bağlıdır. Xüsusi olaraq qeyd edilməlidir ki, 2008-ci ilin fevralında yunan Kiprində hakimiyyətə gələn Xristofias adanın birləşdirilməsi və kiprli türklərlə federativ münasibətlərin qurulmasına tərəfdardır. Məhz onun hakimiyyətə gəlişindən sonra, o zamanadək Nikosiyanın qəbuledilməz mövqeyində dəyişiklik baş verib. Bu siyasətçi kiprli türklərin yunanlara tabe etdirilməsinin qeyri-mümkünlüyünü dərk edir və dövlətin vahidliyi naminə adanın federallaşdırılmasını vacib sayır. Məhz Xristofias Kipr Respublikasının prezidenti seçildikdən dərhal sonra, Şimali Kipr liderinə illərdir davam edən münaqişənin həlli razılaşmasının hazırlanması üçün ekspert qrupunun yaradılmasını təklif edib.
Bütün bunlarla yanaşı, aparılan danışıqlarda hələ ki yalnız adanın birgə idarə olunması məsələsində nəzərəçarpacaq irəliləyiş əldə edilib. Sərhəd, mülkiyyət, təhlükəsizliyin təmini kimi məsələlərdə isə tərəflər hələ həldən çox uzaqdır. 2010-cu il iyunun 15-də isə BMT-nin Kiprdə sülhə dəstək üzrə müvəqqəti missiyasının mandatının müddəti başa çatır. Xatırladaq ki, bu missiya 1964-cü il martın 4-də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə əsasında yaradılıb. Məqsəd adanın türk və yunan icmaları arasında toqquşmaların bərpasına imkan verməmək, asayişin qorunmasını dəstəkləmək idi. Missiyanın müddətinin bitməkdə olması da ali qurumun vasitəçilik missiyasını daha fəal həyata keçirməsinə təkan verən faktorlardandır. Üstəlik, Avropa İttifaqı da danışıqlar prosesinin sürətləndirilməsini tələb edir. Lakin bu qurum hələ də problemə birtərəfli - Türkiyəni tənqid etməklə yanaşır.
Türkiyənin əhəmiyyəti və Avropanın "boş bəhanələri"
Kipr problemi Türkiyənin Avropa İttifaqına üzvlüyü yolunda əsas maneələrdən biri olaraq qalır. Bu günlərdə Aİ-nin xarici məsələlər komitəsi böyük səs çoxluğu ilə Türkiyə ilə bağlı məruzə qəbul edib. O, Avropa Parlamentinin Hollandiyadan olan nümayəndəsi Ria Omen-Royten tərəfindən hazırlanıb. Sənəddə Ankaradan öz qoşunlarını Kiprdən çıxarması israrla tələb olunur. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə Brüsselin mövqeyini şərh edərkən deyib: "Avropa İttifaqı Türkiyə ilə danışıqlarda etdiyini heç bir digər dövlətə qarşı etməzdi. İrəli sürülən bütün şərtlər, sadəcə, boş bəhanələrdir".
Ankara hesab edir ki, Kiprin yunan və türk icmaları arasında aparılan hazırkı danışıqlar problemin sülh yolu ilə həlli üçün son şansdır. Bu, hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) sədrinin müavini, Türkiyə parlamentinin xarici məsələlər komitəsinin üzvü Suat Kiniklioğlunun ötən ilin sentyabrında "Project Syndicate" analitik saytında yerləşdirilmiş məqaləsində də qeyd olunurdu. Rəsmi Ankaranın məsələyə dair mövqeyini açıqlayan Kiniklioğlu avratlantik cəmiyyəti bu danışıqların tarixi imkan olduğunu anlamağa çağırıb: "Ada ya BMT-nin hər iki tərəfdən qəbul edilən planı əsasında birləşəcək, ya da status-kvonu hansısa başqa yolla dəyişmək lazım gələcək". Hazırkı status-kvonun dəyişməsi Türkiyə üçün Şimali Kiprin təcridinə son qoyulması baxımından vacibdir. Ankara tam ədalətli olaraq diqqəti bir məqama çəkir: Kipr türkləri beynəlxalq ictimaiyyətin bu münasibətinə ən azı ona görə layiq deyillər ki, yunanlardan fərqli olaraq, onlar 2004-cü ildə keçirilmiş referendumda problemin sülh yolu ilə həllinə dəstək veriblər. Türkiyə bildirir ki, türk icmasının bu mövqeyinə etinasızlığın göstərilməsi bütünlükdə Balkanlarda, Qara dəniz və Şərqi Aralıq dənizi regionunda təhlükəsizlik sisteminə mənfi təsir göstərə bilər. Bunlar isə "ABŞ və Avropa İttifaqının həyati maraqlarının olduğu regionlardır".
Şübhəsiz, Türkiyə Qərbin Şimali Kipri heç zaman tanımayacağını yaxşı anlayır. Bu səbəbdən, hətta "Kosovo presedenti"nin yaranmasından sonra belə, Ankara xülyalarla yaşamır. Bununla yanaşı, Ankara ümid edir ki, Kipr probleminin həlli onun Aİ-yə qəbulla bağlı apardığı danışıqlarda ciddi uğur qazanmasına imkan yaradacaq. Üstəlik, adanın birləşməsi halında türk Kipri Aİ-nin bir hissəsinə çevriləcək, bu isə onun nümayəndələrinin Avropa Parlamentinə düşməsinə, orada Ankaranın maraqlarını müdafiə etməsinə imkan yaradacaq. Türkiyə əsaslı olaraq, onu da düşünür ki, problem çözüləcəyi təqdirdə, Kipr yunanları ilə yanaşı, Afina da onun Aİ-yə qəbuluna maneə yaratmaqdan əl çəkəcək.
Qərbin mövqeyinə gəlincə, həm Aİ, həm də ABŞ Kiprin hər iki icmasının barışdırılmasına böyük maraq göstərir. Qərb üçün NATO üzvləri olan Türkiyə və Yunanıstanın qarşıdurması qəbulolunmazdır. Vaşinqton üçün də "qaynar" Yaxın Şərqə bitişik Aralıq dənizi regionunda qeyri-sabitliyin qalması sərf etmir. Birləşmiş Ştatlar Türkiyənin tezliklə Aİ-yə qəbulunda da maraqlıdır. Vaşinqton hesab edir ki, bu, Brüsselin siyasətində amerikapərəst xətti gücləndirəcək. Ankaranın İraqın şimalında apardığı antiterror əməliyyatları da daxil olmaqla, Yaxın Şərqdə yaşanan son hadisələr amerikalıları əmin edib ki, güclü Türkiyə buradakı əvəzolunmaz müttəfiqdir - onlar məhz Ankaraya arxalanaraq Avropada və Avrasiya dəhlizindəki maraqlarını daha effektiv şəkildə reallaşdıra bilərlər.
Şübhəsiz, Kiprdə möhkəm sülhə aparan yol asan olmayacaq. Danışıqlar prosesində uğur əldə edilməsini asanlaşdıran məqam isə bəlkə də münaqişə tərəflərinin artıq "Afrodita adası"nın bölüşdürülməsinin perspektivsizliyini qəbul etmələridir.
MƏSLƏHƏT GÖR: