
QARA ZOLAQ
Yaxın Şərqdə gedən böyük geosiyasi oyunun real nəticələri Ankara ilə Təl-Əvivi getdikcə bir-birindən daha da uzaqlaşdırır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Türkiyə-İsrail münasibətləri heç cür qara zolaqdan çıxa bilmir. 2008-ci ilin sonları, 2009-un əvvəllərində İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlardan sonra, Ankara ilə Təl-Əviv arasında yaranmış gərginlik o vaxtdan davam edir və mütəmadi olaraq yeni çalarlar alır. Türkiyənin İsrailə qarşı mövqeyini getdikcə sərtləşdirməsi isə Ankaranın xarici siyasi strategiyasında müəyyən dəyişikliyin olduğunu düşünmək üçün əsas verir. Özü də Türkiyənin bunun fonunda müsəlman dövlətləri ilə yaxınlaşmaq siyasəti yürütdüyü də göz önündədir.
İki ölkə arasında münasibətlərin soyuduğunu göstərən (xatırladaq ki, bu, Ankaranın İsrail tərəfindən Qəzzada həyata keçirilmiş "Ərimiş qur-ğuşun" əməliyyatını sərt tənqid etməsi ilə başlayıb) son hadisə "səfir qalmaqalı" oldu. Xatırladaq ki, söhbət İsrailin xarici işlər nazirinin müavini Danni Ayalonla Türkiyənin bu ölkədəki səfiri Oğuz Çelik arasında keçirilmiş son dərəcə qeyri-adi görüşdən gedir. Bu görüşə isə iki məqam səbəb olub. Birincisi, Türkiyə televiziyası ilə yayımlanan bir serialda İsrail xüsusi xidmət orqanları agentlərinin hərbi cinayətkarlar kimi qələmə verilməsi. İkinci səbəb isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın yəhudi dövlətini regionda sabitliyi pozmaqda ittiham etməsi, xüsusilə, Livanın hava sərhədlərini pozmaqda və Qəzzanı bombardman etməkdə günahlandırmasıdır.
Ayalonla görüşdə Türkiyə səfirinə nota verilib. Bundan başqa, danışıqlar masası üzərindən Türkiyə bayrağı yığışdırılıb, türkiyəli diplomat isə nazir müavini ilə müqayisədə çox alçaq kresloda əyləşdirilib. Baş verənləri yerli KİV-ə şərh edən Ayalon ivritcə deyib: "Biz istərdik ki, masanın üzərində yalnız bir bayrağın olduğu və onun alçaq kresloda əyləşdirildiyi hiss edilsin".
Ankara baş verənləri Türkiyə səfirinin təhqir edilməsi, diplomatik ənənələrə hörmətsizlik kimi qiymətləndirib. Məhz bu səbəbdən Ankara İsrailin ondan üzr istəməsini tələb edib. Prezident Abdullah Gül, hətta, əks təqdirdə Türkiyə səfirinin İsraildən geri çağırılacağını da bildirib. Amma Ayalonun hərəkətinə İsrail rəhbərliyi də etiraz edib. Prezident Şimon Peres və Baş nazir Benyamin Netanyahu Xarici İşlər Nazirliyindən Türkiyə səfirinin məruz qaldığı təhqirlə əlaqədar üzr istəməsini tələb edib.
Bundan az müddət sonra qalmaqalın müəllifi Türkiyədən üzr istəyib: Dani Ayalon qarşı tərəfdən rəsmən üzr istəyərək bildirib ki, guya onun səfiri təhqir etmək niyyəti olmayıb. Nazir müavini bundan sonra "mövqeyini diplomatiyada qəbul olunan vasitələrlə çatdıracağına" söz verib.
Türkiyə XİN İsrailin üzr istəməsini razılıqla qarşılayıb və bunun ardından yəhudi dövlətinin müdafiə naziri Ehud Barak Ankaraya səfər edib. Səfər zamanı mehriban qarşılanma və xoş sözlərə baxmayaraq, Türkiyə - İsrail münasibətlərində gərginlik azalmayıb. Elə Türkiyə prezidenti və baş nazirinin Barakla görüşdən imtina etmələri çox şeydən xəbər verir. Hətta səfər zamanı iki ölkə arasında əldə edilmiş razılaşmalar da Ankara ilə Təl-Əvivin ötən əsrin 90-cı illərinin ortalarında mövcud olmuş strateji müttəfiqik səviyyəsinə yüksəlmələrinə, çətin ki, səbəb olsun.
Qeyd edək ki, razılaşmaya əsasən, Türkiyə İsraildən 10 pilotsuz təyyarə alacaq. Bundan başqa, "İsrail müdafiə sənayesi" konserninin Türkiyə tanklarını müasirləşdirməsinə dair də razılıq əldə olunub.
Söhbət, əlbəttə ki, İsrail XİN-in bəyan etdiyi kimi, Ərdoğanın antisemitizmə dolayı dəstək verməsində deyil. Hər halda, Ərdoğan müxtəlif beynəlxalq tədbirlərdə antisemitizmin bəşəriyyətə qarşı cinayət olduğunu dəfələrlə bəyan edib. O, daim Türkiyənin yəhudilərə göstərdiyi yardımları da xatırladır. Məsələ ondadır ki, Türkiyə ilə İsraili bir-birindən getdikcə daha çox uzaqlaşdıran Yaxın Şərqdə oynanan böyük geosiyasi oyunların reallıqlarıdır. Burada Ankaranın ilk rollardan birini ələ almağa çalışdığı hər kəsə bəllidir. Bununla yanaşı, iki ölkə arasında münasibətlərin sərinləşməsinin ideoloji səbəbini 2002-ci ildə Türkiyədə Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (ƏİP) hakimiyyətə gəlişində axtarmaq lazımdır. Özünü orta islamçı qüvvə kimi göstərən Türkiyənin hakim partiyası xarici siyasətdə getdikcə islam dünyası ilə yaxınlaşma siyasətini gücləndirir. Bu isə öz növbəsində Ankaranın İsraillə bağlı siyasətində dəyişikliklərə səbəb olur.
Bu, xüsusilə, regionda baş vermiş son hadisələrdən sonra daha aydın görünür. Xatırladaq ki, İsrail HƏMAS-ı öz ərazilərini atəşə tutmaqda günahlandıraraq, Qəzzada əməliyyata başlasa da, dünya ictimaiyyətinin əksəriyyəti bildirir ki, yəhudi dövləti həmin əməliyyatlarda qeyri-proporsional qüvvədən istifadə edib. Xalqının tarixi və mədəni dəyərlərini əsas götürən Ərdoğan hökuməti isə hesab edir ki, İsrailin Fələstinə qarşı yürütdüyü siyasətə göz yummaq olmaz. Özü də beynəlxalq arenada sərbəstliyini nümayiş etdirən Ankara, İsrailə münasibətini açıqlayarkən özünün əsas müttəfiqi, İsrailin isə əsas himayədarı olan Birləşmiş Ştatların mövqeyinə önəm vermədiyini də gizlətmir.
Bu mənada Ankaranın İranın nüvə proqramına yanaşmasının da Vaşinqtonla Təl-Əvivin yanaşmasından fərqləndiyini qeyd etmək lazımdır. Tehranın nüvə silahı əldə etməyə çalışdığına əmin olan ABŞ-la İsrail buna yol verməmək üçün bütün vasitələrdən, hətta, hərbi müdaxilədən belə istifadə etməyə hazır olduqlarını bildirirlər. Türkiyə isə İranın nüvə proqramının dinc xarakterli olduğunu düşünür. İslam respublikasının nüvə dövlətinə çevrilməsində maraqlı olmadığını bildirən Ankara, bununla yanaşı, dünya ictimaiyyətinin diqqətini İsrailin artıq nüvə ölkəsi olmasına çəkir. Türkiyə hesab edir ki, məhz bu səbəbdən Təl-Əviv Tehrandan daha çox tənəyə layiqdir.
Türkiyə siyasətinin istiqamətini dəyişdiyini göstərən digər amil onun ərəb dövlətləri ilə dialoqu son dərəcə gücləndirməsidir. Ərdoğanın Suriya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfərləri, həmçinin, Ankarada Livanın Baş naziri Səəd Həriri ilə apardığı danışıqlar Türkiyənin ərəb dünyasına dair "vahid strategiya" hazırladığının göstəricisidir.
Baş nazirin Səudiyyə Ərəbistanına səfəri zamanı səsləndirdiyi bəyanat ciddi səs-küyə səbəb olub. Ərdoğan bildirib ki, Türkiyə üçün "iki Müqəddəs məscidin yerləşdiyi" ölkə ilə münasibətlər Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən heç də az əhəmiyyət daşımır. Baş nazirin sözlərinə görə, Ankaranın Aİ-yə üzv olmaq cəhdləri heç də ölkənin müsəlman dünyasından üz döndərdiyi anlamına gəlməməlidir: "Çünki Ankara Avropa İttifaqına dinə əsaslanan təşkilat yox, siyasi və iqtisadi birlik kimi baxır".
Ər-Riyadda Ticarət-Sənaye Palatasında çıxış edən Ərdoğan deyib: "Tarix, bizim inancımız, ümumi mədəniyyətimiz, ənənələrimiz, taleyimiz və ideallarımız bizi qardaş edib. Allah xətrinə deyin, İstanbul və Ankaranın taleyi ər-Riyadın taleyindən ayrı ola bilərmi? Məkkənin, Mədinənin, Ciddənin, Taifin, Təbukun taleyinin Konya, Adana, Diyarbəkirin taleyindən ayrı olması mümkündürmü?".
Bütün bunlarla yanaşı, Türkiyənin ərəb ölkələri ilə belə qardaşlığı heç də yalnız dini məqamla bağlı deyil. Söhbət ondan gedir ki, Ankaranın özünün beynəlxalq arenadakı əhəmiyyətini artırmağa çalışması, əsrlərboyu bir nömrəli müsəlman ölkəsi olmuş Türkiyənin fövqəldövlət dünyagörüşünə qayıdışına səbəb ola bilər. Hazırda Türkiyənin yeni xarici siyasi doktrinası elan olunmuş "neo-osmanizm" isə, bu dünyagörüşün əsasını təşkil edə bilər.
Ötən il noyabrın sonlarında etdiyi çıxışda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib: "Osmanlı İmperiyasından qalmış miras var. Bizi "neoosmanlılar" adlandırırlar. Bəli, biz "yeni osmanlılar"ıq. Biz qonşu ölkələrlə məşğul olmaq məcburiyyətindəyik. Hətta Afrikaya da gedib çıxırıq. Böyük fövqəldövlətlər isə bunu çaşqınlıqla müşahidə edirlər".
Davudoğlu ABŞ-ın sabiq prezidenti Bill Klintonla görüşü haqda da danışaraq bildirib ki, amerikalı siyasətçi ondan Ankaranın xarici siyasi fəallığının qəflətən yüksəlməsinin səbəblərini soruşub. Nazirin Klintona cavabı isə belə olub: "Xəritədə Türkiyənin ətrafına diametri 1000 kilometr olan dairə çəkin. Buraya 20 ölkə daxil olacaq. Dairənin diametrini 3000 kilometr etsəniz, onların sayı 70-ə yüksələcək. Bəs ABŞ ətrafına çəkilən dairəyə necə ölkə düşər? Odur ki, Türkiyə öz ətrafı ilə maraqlanacaq".
Ankaranın bütün son addımları onun yeni strategiyasına uyğundur. Bu isə Türkiyənin fövqəldövlətlərin siyasətində istifadə olunmasını qətiyyən nəzərdə tutmur, söhbət, hətta, Birləşmiş Ştatlar kimi yaxın müttəfiqdən getsə belə. Ankarada Türkiyənin vaxtı ilə Vaşinqtonun İraq əməliyyatlarına dəstək verməməsi, indi isə İran, Suriya və hətta Rusiya (Türkiyə 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş vermiş və Qərbin ciddi narazılığına səbəb olmuş hadisələrə ümumiyyətlə əhəmiyyət vermir) ilə bağlı öz mövqeyini ortaya qoyması da məhz bununla izah olunur. Məsələyə neoosmanizm kontekstində yanaşsaq, aydındır ki, mühafizəkar Ərdoğan Türkiyəsi üçün özünü islam dünyasının müttəfiqi kimi göstərmək daha vacibdir, nəinki İsrailin dəstəyi. Axı sonuncu islam dünyasının böyük hissəsi tərəfindən o qədər də müsbət qarşılanmır. Üstəlik, İsrailə qarşı bu cür siyasət yürüdən ƏİP hökuməti öz elektoratının mövqeyini də nəzərə alır. Onun elektoratı isə hələ də öz dövlətini yarada bilmə-yən Fələstin xalqının faciəsinə son dərəcə həssas yanaşır.
O da nəzərə alınmalıdır ki, Ərdoğan hökumətinin Ermənistanla yaxınlaşma cəhdləri və qalmaqallı "demokratik təşəbbüslər"in reallaşdırılması ölkə daxilində hakim partiyanın reytinqinə xeyli mənfi təsir göstərib. Müxtəlif yerli mənbələrin məlumatına görə, ƏİP-in reytinqi 30%-ə düşüb.
Xatırladaq ki, 2007-ci ildə keçirilmiş parlament seçkisi zamanı partiya 47% səs qazanmışdı.
Ankaranın siyasətinin dəyişdiyi haqda danışarkən o da qeyd olunmalıdır ki, Türkiyə, hətta, Qərb və İsrailin maraqlarının əksinə olsa da belə, ərəb dünyası ilə əlaqələri möhkəmləndirməklə, özünün bir missiyasını reallaşdırmaq imkanını artırır. Bu missiyanı isə elə Qərbin özü də böyük sevinclə Türkiyənin üzərinə qoyardı. Söhbət onun sivilizasiyalararası dialoqa böyük töhfə vermək potensialından gedir. Bu isə beynəlxalq terrorizmlə mübarizənin getdikcə daha sərt xarakter aldığı dövrdə son dərəcə aktual məsələdir. ABŞ və Avropa Türkiyəyə birmənalı olaraq, Qərblə islam dünyasının yaxınlaşmasının vacib elementi kimi baxır. Bu mənada Türkiyənin yenidən islam dünyasının birinci dövlətinə çevrilmə iddiaları avratlantiklərə çox sərf edir. Çünki onlar bu rolun Tehran və Dəməşq kimi mənfur rejimlərin, və hətta, Fars körfəzinin neft monarxlarının oynamasını əsla istəmirlər.
Ankara ilə Təl-Əvivin münasibətlərində davam edən gərginlik mövzusuna qayıdaraq, onun, heç olmasa, nisbətən aradan qaldırılması imkanlarına nəzər salan zaman Azərbaycan faktorunu qeyd etmək lazımdır. Bakı Azərbaycanın müttəfiqləri kimi çıxış edən Türkiyə ilə İsrail arasında normal tərəfdaş münasibətlərin saxlanılmasında maraqlıdır. Odur ki, Ankara ilə Təl-Əviv arasında intensiv dialoqun yaradılmasında Azərbaycanın vasitəçiliyi üzərinə götürəcəyini istisna etmək olmaz. İsrail-Azərbaycan münasibətləri tarixində yəhudi dövlətinin xarici işlər nazirinin Bakıya ilk səfəri zamanı bu perspektivin də müzakirə edilməsi tamamilə mümkündür. Qeyd edək ki, Aviqdor Libermanın fevralın ilk ongünlüyündə Bakıya səfəri nəzərdə tutulub.
MƏSLƏHƏT GÖR: